Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə
ölkəmizin bir neçə ümumtəhsil məktəbində dünya
kimya sənayesinin liderlərindən olan Almaniyanın
BASF şirkətinin "Uşaq laboratoriyası" tədris
layihəsi həyata keçirilir.
Məlumat üçün bildirək ki, "Beynəlxalq kimya ili
- 2011"in dünya üzrə sponsoru olan BASF şirkəti
uşaqlarda və gənclərdə kimyaya marağın
artırılmasına yönəldilmiş təşəbbüsləri fəal
şəkildə dəstəkləyir. "Uşaq laboratoriyası"
şirkətin belə təşəbbüslərindən biri və fərdi
layihəsidir.
Uşaqlar üçün laboratoriya BASF şirkətinin
Almaniyanın Lüdviqsxafen şəhərindəki
mənzil-qərargahında daimi rejimdə fəaliyyət
göstərir. Proqram dünyanın bir çox ölkələrində (Çin,
Almaniya, ABŞ, Belçika, Avstraliya, İndoneziya
və s.) tətbiq edilmişdir.
İlk dəfə olaraq Rusiya və MDB-nin bir neçə
ölkəsinin məktəblərində uşaqlar üçün kimya ilə
bağlı əyləncəli təcrübələr keçirilmişdir.
Nəticədə Moskva, Kiyev, Almatı, Bakı və Sumqayıt
şəhərlərindəki məktəblərin ibtidai sinif
şagirdləri maddələrin və maddələr arasında
əlaqələrin möcüzəli dünyasını - kimya adlanan
elmi ilk dəfə kəşf edərək özlərini həvəslə gənc
təcrübəçilər rolunda sınaqdan keçiriblər. Tədris
layihəsinin əsasını təşkil edən əyləncəli
təcrübələr, parlaq atributlar, virtual
köməkçilərin fantastik obrazlarının qurulması
kiçik uşaqları daha çox maraqlandırır, onlar
məmnunluqla əyləncəli kimya dərslərinə gəlir və
bununla da kimya barəsində ilkin biliklər əldə
edirlər.
Proqramın hazırlanmasında pedaqoqlar,
psixoloqlar, uşaqlarla iş üzrə mütəxəssislər,
ekspertlər iştirak etmişlər. Təcrübələr dünyada
ən qiymətli və həyati əhəmiyyətli resurs olan,
ehtiyatları getdikcə azalan suya, onun
xüsusiyyətlərinin araşdırılmasına həsr olunmuşdu.
"BASF Kaspian" şirkətinin baş direktoru Ümit
Başdaş hesab edir ki, "İnteraktiv dərslər
uşaqlara ən vacib təbii ehtiyat olan suya diqqət
və qənaətlə yanaşmağı öyrədir".
Azərbaycanda həyata keçirilmiş "Uşaq
laboratoriyası" layihəsi çərçivəsindəki
təcrübələrdə 350 uşaq iştirak etmişdir. Layihə
orta ümumtəhsil məktəblərindəki ibtidai
sinifləri əhatə etmişdir. Təcrübələr Sumqayıt
şəhərinin 24 və 31 nömrəli məktəblərində,
Bakıdakı 43 nömrəli liseydə, "British School"
məktəbində və Bakı Türk İbtidai məktəbində
keçirilmişdir. Təcrübələrin habelə Sumqayıt
şəhərindəki 1 nömrəli internat-məktəbdə
keçirilməsi də nəzərdə tutulmuşdur. Oyun
formasında keçirilən təcrübələr zamanı uşaqlar "Suyu
içmək üçün necə yararlı etmək olar", "Hansı
maddələr nəmi saxlaya bilərlər", "Suyun
xüsusiyyətlərindən gündəlik həyatda necə
istifadə olunur" və s. kimi sualların cavabları
ilə tanış olmuş, səmimi uşaq marağı ilə su
dünyasının xüsusiyyətlərinə aid praktik
əhəmiyyətli bilik və bacarıqlara yiyələnmişlər.
Uşaqlar təcrübələr üçün təhlükəsiz
inqrediyentlər, əsl laboratoriya qabları,
mühafizə geyimləri ilə təmin olunmuşlar. Əyani
vəsaitlər, laboratoriya jurnalları uşaqlara
materialları daha yaxşı qavramaqda kömək
etmişdir.
Yusif ƏLİYEV |
|