Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Oktyabr 2011 - �40

 

Təşkilat Komitəsinin yığıncağında müsabiqələrin nəticələri haqqında təqdimat dinlənilib

 

Oktyabrın 8-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Təşkilat Komitəsinin növbəti yığıncağı oldu. Yığıncaqda son 4 il ərzində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri geniş təhlil olundu, 2011-2012-ci tədris ilində keçiriləcək növbəti müsabiqələrə hazırlıqla bağlı müzakirələr aparıldı.

Yığıncağı təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən artıq 4 ildir ölkədə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Təhsil nazirinin əmri ilə yaradılmış Təşkilat Komitəsi bu müddət ərzində ona həvalə olunmuş missiyanı şərtlərlə yerinə yetirməyə çalışmışdır.

Sonra təhsil naziri yığıncaqda "2008-2011-ci illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri haqqında" geniş təqdimat etdi. Nazir diqqəti öncə müsabiqənin keçirilməsi üçün hüquqi əsaslara cəlb edərək bu işin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamı ilə başlandığını bildirdi. Qeyd etdi ki, sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində bir sıra təşkilati tədbirlər həyata keçirilmiş, qısa müddət ərzində "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri, "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" hazırlanaraq cənab Prezidentin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur. Müsabiqələrin mütəşəkkil keçirilməsi və kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədi ilə 2008, 2010 və 2011-ci illərdə nazirlik üzrə müvafiq əmrlərlə ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin tərkibi 2008-2009-cu illərdə 25 nəfər, 2010-cu ildə 26 nəfər, 2011-ci ildə isə 28 nəfər müəyyənləşdirilmişdir. Müsabiqələrə təqdim olunmuş sənədlərin təhlili və göstəricilərin qiymətləndirilməsi üçün hər il nazirliyin əməkdaşlarından ibarət ekspert qrupları yaradılır.

Müsabiqələrin mərhələləri  və qiymətləndirilməsi haqqında söz açan nazir müsabiqələrin gedişi ilə bağlı bəzi rəqəmləri diqqətə çatdırdı. Qeyd olundu ki, "Ən yaxşı ümumtəhsil məktəbi" üzrə müsabiqədə 2008-ci ildə 126, 2009-cu ildə 139, 2010-cu ildə 113 və 2011-ci ildə 145 olmaqla cəmi 533 məktəb sənəd vermiş, onlardan II tura keçənlərin sayı müvafiq şəkildə 102, 105, 94, 108 olmaqla yekunda 409 təşkil etmişdir. Təhsil naziri müsabiqədə iştirak etmək istəyən məktəblərin sayının daha çox olmasını arzu etdiyini, bu halda seçimi daha yaxşı aparmaq imkanı olduğunu bildirdi.

2008-2011-ci illərdə sənəd verməyən və ən az sənəd verən rayonların adlarının əks olunduğu cədvəl yığıncaq iştirakçılarına təqdim olundu. Cədvəldən aydın oldu ki, Naftalan, Daşkəsən və Gədəbəy rayonlarından indiyədək heç bir  məktəb müsabiqəyə sənəd verməyib. Lerik rayonundan 1, Oğuz, Qobustan, Tərtər rayonlarının hərəsindən 2 məktəb sənəd verib. Nazir bunu təəssüfləndirici hal saydı.

Daha sonra məktəbləri II tura keçə bilməyən rayonların adları açıqlandı. Məlum oldu ki, 4 il ərzində Lerik, Astara, Siyəzən rayonlarının hər birindən 3 məktəb, Ağsu rayonundan isə 13 məktəb müsabiqəyə sənəd versə də onların heç biri II tura keçə bilməyib. Goranboy, Samux, Şabran, Xaçmaz, Göygöl rayonlarının isə hərəsindən 1 məktəb II tura keçib.

Nazir bu göstəricilərin digər rayonlara nisbətən əhalisinin, eyni zamanda da məktəblərinin sayı çox olan Goranboy, Xaçmaz kimi rayonlar üçün çox aşağı olmasını ciddi nöqsan saydı.

Sonra təqdimatda müsabiqələrdə daha çox məktəbi II tura keçən rayon və şəhərlərin adlarını əks etdirən cədvəl nümayiş olundu. Cədvəldən aydın oldu ki, 2008-2011-ci illərdə Bakı şəhərindən müsabiqəyə 171  məktəb sənəd vermiş, onlardan 157-si II tura keçmişdir. Quba rayonu üzrə sənəd vermiş 15 məktəbdən 15-i, İsmayıllı rayonu üzrə 14 məktəbdən 14-ü, Şirvan şəhərindən 14 məktəbdən 14-ü müsabiqənin II turuna vəsiqə qazanmışdır.

Sumqayıt şəhəri, nazirliyin tabeliyindəki ümumtəhsil müəssisələri, Ağdaş, Tovuz, Yevlax, Ucar, Gəncə, Masallı və bir sıra digər rayon və şəhərlər üzrə də həmin göstəricinin qənaətbəxş olduğu qeyd edildi. Nazir İsmayıllı, Ucar rayonları və Şirvan şəhəri üzrə göstəricilərin yüksək olmasını, onun fikrincə, həmin bölgələrin pilot rayonlar olaraq seçilməsi və bu çərçivədə aparılan işlərlə əlaqədar olduğunu söylədi.

Təqdimatda 2008-2011-ci illərdə IX və XI siniflər üzrə sınaq imtahanında şagirdləri zəif nəticə göstərən məktəblər də diqqətə çatdırıldı, onların keyfiyyət faizinin çox aşağı olması qeyd edildi. Eyni zamanda şagirdləri sınaq imtahanında yüksək nəticələr göstərən məktəblərin adları açıqlandı. Məlum oldu ki, Bakıdakı 6 nömrəli məktəb-lisey yüksək keyfiyyət faizi ilə (85%) belə məktəblərin siyahısına başçılıq edir. Zaqataladakı humanitar fənlər gimnaziyasının (84,6%), Sumqayıtdakı təbiət elmləri təmayüllü gimnaziyanın (84,1%), Bakıdakı 160 nömrəli "Klassik" gimnaziyanın (80,1%) göstəricilərinin də yüksək olması təqdir edildi.

Daha sonra 2008-2011-ci illərdə təqdimatları Təşkilat Komitəsi tərəfindən aşağı və yüksək balla qiymətləndirilən məktəblər və onların aldıqları ballar haqqında məlumat verildi. Bakı məktəbləri ilə yanaşı İsmayıllı rayonunun 3 məktəbinin də ən yüksək bal toplayan təhsil müəssisələrinin ilk onluğuna düşməsi xüsusi qeyd olundu.

Təhsil naziri təqdimatında 2008-2011-ci illərdə iştirakçı məktəblərindən qalib olmayan rayonlar haqqında məlumat verərək 15 rayondan indiyədək heç bir məktəbin müsabiqə qalibi olmadığını qeyd etdi, bunu çox pis hal saydığını bildirdi. Daha sonra qalib məktəbləri ən çox olan rayon və şəhərlərin adlarını əks etdirən cədvəl nümayiş olundu. Aydın oldu ki, bu sırada da öncül yerləri Bakı, Sumqayıt, Şirvan şəhərləri, İsmayıllı, Tovuz, Bərdə, Qax, Zaqatala, Salyan rayonları tutur. Müsabiqədə ən çox bal toplayan məktəblərin sırasına isə 28,5 balla Bakıdakı 6 nömrəli məktəb-lisey başçılıq edir. Bu göstəriciyə görə ilk 20 məktəb sırasına Bakı şəhərinin ümumtəhsil müəssisələri ilə yanaşı bölgələrdən də xeyli məktəbin olması, o cümlədən İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin 27,84 balla ikinci nəticə göstərməsi müsbət hal kimi dəyərləndirildi.

Müsabiqədə ən aşağı bal toplayan məktəblərin adları da yığıncaq iştirakçılarına təqdim olundu, onların müsabiqədən keçmədiyi bildirildi.

Sonra təqdimatda "Ən yaxşı müəllim" müsabiqəsi üzrə 2008-2011-ci illərin göstəriciləri təhlil olundu. Qeyd edildi ki, 2008-ci ildə 393, 2009-cu ildə 446, 2010-cu ildə 451 və 2011-ci ildə 415 nəfər olmaqla cəmi 1705 müəllim müsabiqədə iştirak üçün sənəd vermiş, onlardan orta hesabla təxminən 50 faizi, yəni 845-i II mərhələyə keçmişdir. Nazir müəllimlərin sayında artım olduğunu qeyd etdi. Nümayiş olunan cədvəllərdən aydın oldu ki, Naftalan, Kəlbəcər, Xocavənd rayonlarından heç bir müəllim 4 il ərzində müsabiqəyə sənəd verməyib, bir sıra rayonlar üzrə isə belələrinin sayı minimum - 1-2 nəfər təşkil edir. 5 rayondan isə sənəd verənlərin heç biri II tura keçə bilməyib. Müəllimləri II tura ən az keçən rayonların adları açıqlandı və məlum oldu ki, Ağstafa, Ağdaş, Balakən rayonlarının hər birindən 10-12 iştirakçı olsa da, hərəsindən 1 müəllim II tura keçə bilib.

Bu müsabiqə üzrə daha çox müəllimi II tura keçən və qalib olan, iştirakçı müəllimlərindən qalib olmayan şəhər və rayonların, müsabiqədə ən az və ən yüksək bal toplayan, dərsdə aşağı, təqdimatda isə yuxarı və əksinə, təqdimatda aşağı, dərsdə isə yuxarı balla qiymətləndirilən müəllimlərin sayını, iştirakçı müəllimlərin fənlər üzrə paylanmasını əks etdirən cədvəllər yığıncaq iştirakçılarına təqdim edildi, müvafiq müqayisə və təhlillər aparıldı.

Daha sonra təhsil naziri Misir Mərdanov təqdimatında Təşkilat Komitəsinin tərkibində, müsabiqələrin şərtlərində edilmiş dəyişikliklərlə yığıncaq iştirakçılarını tanış etdi. Bildirdi ki, 2011-ci ildə Təşkilat Komitəsinin tərkibinə nazir müavini Qulu Novruzov, şöbə müdirləri Həbib Zərbəliyev, İsmayıl Sadıqov, Xəyyam Fərəcov daxil edilmişlər. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin şərtlərindən "Məktəb direktoru və məktəb həmkarlar təşkilatının sədri müsabiqədə iştirak üçün Təşkilat Komitəsinə birbaşa da müraciət edə bilər" qeydi çıxarılmış, müsabiqədə iştirak etmək üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi barədə məlumata "Son üç ildə məktəbin XI sinif məzunlarının sayı" bəndi əlavə edilmiş, "Rayon (şəhər) miqyasında məktəbin qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması" ilə bağlı şərtə görə 10 il məhdudiyyəti qoyulmuşdur. Nazir habelə "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün müəyyən edilmiş şərtlərdə də bəzi dəyişikliklər edildiyini söyləyərək həmin dəyişikliklərin məzmunu ilə yığıncaq iştirakçılarını tanış etdi.

Yığıncaqda müsabiqələrin şərtlərində təklif edilmiş dəyişikliklərlə bağlı müzakirələr oldu. Təşkilat Komitəsinin üzvləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə, Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə, Britaniya Şurasının proqram direktoru Gülşən Hüseynova, Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova və başqaları söz alaraq müsabiqənin şərtlərinə, göstəricilərin qiymətləndirilməsinə təklif olunan dəyişikliklərə münasibətlərini bildirdilər, bir sıra təkliflər irəli sürdülər.

Yığıncaqda daha çox müzakirəyə səbəb olan müsabiqə iştirakçıları məktəblərin rəhbərlərinin və müəllimlərin təqdimatları çərçivəsinin hazırlanıb təqdim olunması və müzakirə edilməsi məqsədyönlü sayıldı. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov