DİA-nın Mətbuat xidmətindən aldığımız məlumatda
bildirilir ki, oktyabrın 13-də Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında Azərbaycanın dövlət
müstəqilliyinin 20 illiyinə həsr olunmuş "Müstəqil
Azərbaycanın 20 illik tarixi inkişaf yolu"
mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə akademiyanın rektor
əvəzi, professor Əlikram Abdullayev açaraq,
müstəqilliyimizin 20 illiyi münasibətilə tədbir
iştirakçılarını təbrik etmiş və bu bayramın
ölkəmizlə yanaşı, dünyanın bir çox ölkələrində
də qeyd edildiyini bildirmişdir. O, möhtərəm
Prezident cənab İlham Əliyevin müstəqilliyimizin
20 illiyi ilə bağlı imzaladığı Sərəncamın
ölkənin hər bir yerində, müxtəlif qurumlar,
ictimai-siyasi təşkilatlar tərəfindən əlamətdar
hadisə kimi dəyərləndirildiyini vurğulamışdır.
Ə.Abdullayev qeyd etdi ki, müstəqilliyimizin ilk
illərində xalqımız ümummilli liderimiz Heydər
Əliyev kimi görkəmli bir siyasətçinin siyasi
hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı
və buna nail oldu. "Müstəqilliyimiz dönməzdir,
əbədidir", - deyən ulu öndər Heydər Əliyevin
Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə
yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bütün Azərbaycan xalqı Heydər Əliyev
şəxsiyyətinə, ideyalarına, onun qoyduğu dəyərli
irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü
Heydər Əliyevin şərəfli və möhtəşəm fəaliyyəti
ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin
ideyaları Azərbaycan xalqını işıqlı gələcəyə və
yeni-yeni qələbələrə aparacaqdır.
Tədbirdə DİA-nın Geostrateji Araşdırmalar
Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, professor Əli Nuriyev "Azərbaycan
iqtisadiyyatı müstəqillik illərində: sürətli,
çoxşaxəli inkişaf və müasirləşmə", fəlsəfə
kafedrasının müdiri, professor Tofiq Rəsulov "Müstəqil
Azərbaycan Respublikası milli ideyanın və
dövlətçilik ideologiyasının təcəssümüdür",
tarix kafedrasının müdiri, dosent Firdovsiyyə
Əhmədova "Azərbaycan Respublikasında dövlətçilik
ənənələri" mövzusunda çıxışlar etmiş və dövlət
müstəqilliyinin bərpa edilməsindən sonra
ölkəmizin ictimai-siyasi həyatında baş vermiş
hadisələrdən və bugünkü müstəqil Azərbaycanın
sürətli tərəqqisində ümummilli liderimiz Heydər
Əliyevin müstəsna rolundan danışmışlar.
Şakir CƏFƏROV |
|