Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Mənim unudulmaz müəllimim

 

Keçən yüzilliyin ortalarından başlayaraq bölgələrdə, kənd yerlərində elə bir ziyalı nəsli yetişdi ki, onlar həm doğulduqları, həm də fəaliyyət göstərdikləri yerlərdə qələmə sarılıb həm keçmişdən, həm də günümüzdən bəhs edən əsərlər yazmağa başladılar. Hərə Vətən divarına bir daş qoysa, bu, gələcəyin yaşayan abidəsinə çevrilə bilər.  Belə ziyalılardan biri də qədim Qazax qəzası, keçmiş Dilican nahiyəsi, Qaraqoyunlu dərəsində Çaykənd kəndindən olan 85 illik ömrünün 70 ilini şərəfli müəllim peşəsinə həsr etmiş Qurban Süleymanovdur.

Yadımdadı... 1941-ci ildə alman-sovet savaşı iki aydı başlamışdı. 18 yaşdan yuxarı hamı müharibəyə səfərbər olmuşdu. Bircə yaşlı müəllimimiz - Şəmşəd Əliyev qalmışdı, o, əlifbanı öyrədirdi, özü də çox yaxşı öyrədirdi. Sentyabrda  məktəbimizə çox gənc, bir az da çəlimsiz 14-15 yaşlı Qurban adlı bir müəllim gəldi. Qonşu Çaykənd kəndindən, yuxarı sinif şagirdlərindən az seçilirdi. Nə yaşda olur-olsun müəllim müəllimdir. Kəndin ağsaqqalları Şəmşəd müəllim kimi onun da əlini sıxır, hörmətlə yanaşırdılar. Həqiqətən yadımdan çıxmır, bizim kəndlərdə ən hörmətli adam müəllim sayılırdı, kənddə xeyir-şərdə, toyda, yasda, bayramlarda məclisə müəllim gələn kimi yer göstərilir, hörmət edilirdi. Biz uşaqlar kəndin ortasında müəllim görən kimi evə qaçırdıq, müəllimin gözünə görünmürdük...

Çox gənc Qurban müəllim də onlardan biri idi, yaşına görə çox hazırlıqlı idi. O zaman müəllim az olduğundan aşağı siniflərdə bir müəllim bir neçə fəndən dərs deyirdi. Fərqi yoxdur, ədəbiyyat müəllimi tarixi də, coğrafiyanı da, lazım gələndə riyaziyyatı da tədris edə bilirdi. Onlardan biri Qurban müəllim idi. Qurban müəllimin bacarığı-savadı tez üzə çıxdı və tezliklə məktəbin müdiri oldu. Üç ildən sonra doğulduğu Çaykənd məktəbinə direktor keçdi. O illərdə Qurban müəllim Qazax ikiillik Müəllimlər İnstitutunda da oxudu, təhsilini artırdı.

 Zaman etalondur, hər şeyi həll edir. İkinci Dünya savaşı qurtardı, yeniyetmələr böyüdü. Qurban müəllimin özü də, yetirdiyi şagirdlər də Gəncəyə, Bakıya üz tutub ali məktəblərə axışdılar, təhsil aldılar, əyanidə də oxuyanlar oldu, qiyabidə də. Qurban müəllim də Bakıda Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) (1950-1954) bitirib rayonun müxtəlif kəndlərində müəllim, tədris hissə müdiri və direktor vəzifələrində müəllimliyini davam etdirdi.

Bəzi maddi çətinliklər ortaya çıxsa da, Qurban müəllimin ayrı-ayrı qonşu kəndlərdə müəllim və ya direktor işləməsi maraq doğururdu, belə ki, müxtəlif kəndlərin əhvali-ruhiyyəsini, təhsilə marağını, uşaqların istedadını, hətta valideynlərin məktəbə,  müəllimə  münasibətini izləmək, öyrənmək,  müəllimin  özünün fərdi təcrübə toplaması üçün  diqqətçəkən  məsələ  idi. Qurban müəllim bu yerdəyişmədə  çoxlu uğurlar qazandı...

Bir dəfə Qurban müəllimdən söhbət zamanı soruşdum ki, kəndləri bir-birindən fərqləndirmək olurmu? Heç fikirləşmədən dedi - Sizin Əmirxeyir kəndinin adamları da, uşaqları da xüsusilə fərqlənir, yaşlıların sinəsi qədim söz-söhbətlə doludu, hər aşıq gəlib sizin kənddə oxuya bilməz. Uşaqdan böyüyə sinədəftərdirlər. Elə ona görə də hər evdə ali təhsilli var, hətta 40-a yaxın elmlər namizədi, 10 nəfər elmlər doktoru yetişib, hələ müxtəlif vəzifələrdə və hərbidə işləyənləri demirəm...

Qurban müəllim bir neçə il qonşu kəndlərdə məktəb direktoru işləsə də, 1965-ci ildə ta erməni vəhşilərinin köçürmələrinə (1988) qədər doğulduğu Çaykənd kəndində direktor və tədris hissə müdiri vəzifələrində işləmişdir. Maraqlısı odur ki, Qurban müəllim sadəcə direktor vəzifəsini yerinə yetirməmişdir. O xüsusi təşəbbüs göstərib 8 illik məktəbi 11 illik məktəbə çevirtdirdi. Məktəbə yeni binanın tikilməsinə nail oldu. Məktəbin önündə həmin kənddən olan və Azərbaycanda tanınmış dövlət xadimi, 1937-ci il repressiyasının qurbanı Bala Əfəndiyevin büstü qoyuldu, məktəb onun adını daşıdı...

Qurban Süleymanov öncə məktəbdə çox zəngin fondu olan kitabxana yaratdı, ayrıca ədəbiyyat odası təşkil elədi. Odanı öz şəxsi vəsaiti ilə ədəbiyyatla zənginləşdirdi. Eyni ilə də başqa fənlər üzrə kabinetlər yaratdı. Dərslər daha çox kabinetlərdə tədris edilirdi.

Məktəbdə Qurban müəllimin təşəbbüsü ilə radio qovşağı yaradılmışdı. Qovşaq Çaykəndlə yanaşı qonşu kəndlərə də ötürülür və çox rəngarəng elmi-pedaqoji bilgilər verilirdi. Məktəb dram dərnəyində müəllim və şagirdlər tamaşalar göstərdilər. Səməd Vurğunun "Vaqif" pyesi xüsusilə tez-tez göstərilirdi. Kəndin adamları bu tamaşalara maraqla baxırdılar. Axı tarix boyu Dilican və Qaraqoyunlu dərəsində 50-dən çox kənd Qazax qəzasına, Gəncə quberniyasına tabe idi. Bu bölgələrə erməni və malakanların köçürülməsi nəticəsində türk kəndləri köçürülüb dağıdılmış, cəmi 14 kənd qalmışdır. Qalan kəndlər bir-biri ilə qohumlaşmış, sıx birlik yaratmış, 1988-ə qədər özlərinə məxsus xüsusi bir ədəbiyyat və mədəniyyət ocağı yaratmışdılar. Belə bir ocağın genişlənib zənginləşməsində və bütün Azərbaycana  yayılmasında Qurban müəllimin böyük rolu olmuşdur.

Əyaniliyə xüsusi diqqət yetirən Qurban müəllim uşaqları həm qonşu kəndlərin məktəblərinə, həm də Qazax rayonunun məktəblərinə, xalq şairi Səməd Vurğunun Salahlıda ev-muzeyinə aparır, bu da şagirdlərin həyata baxışlarının zənginləşməsinə kömək edirdi.

Ümumiyyətlə, Qurban müəllimin pedaqoji fəaliyyəti və təşkilatçılığı zəngin və çoxşaxəli  idi. Qurban müəllim həm də yaradıcı ziyalı idi.

Qaraqoyunlu dərəsi erməni quldurları tərəfindən köçürüldükdən sonra kəndlər Azərbaycanın müxtəlif bölgələrinə səpələndilər. Qurban müəllim həmin vaxtdan Şəmkir rayonunun Günəşli kəndində müəllimliyini davam etdirirdi.

Qurban müəllim gəncliyindən ədəbiyyat həvəskarı kimi öz kəndləri və qonşu kəndlər haqqında topladığı zəngin ədəbiyyatı və kitabxananı da özü ilə köçürmüş, yaradıcılığa ciddi meyil göstərmişdir. Burada onun yeni bir keyfiyyəti üzə çıxdı. "Əzəli Oğuz yurdum - doğma Çaykəndim" adlı 444 səhifəlik kitabı doğulduğu kəndə həsr etdi. Kitabda kəndin tarixi, əkinləri, bitkiləri, əhalinin sosial durumu, məktəb direktorları və müəllimlər, alman-sovet savaşı illəri, kollektivləşmə, kəndin qabaqcıl adamları, çobanları, qadınları, elm adamları, uzunömürlülər, repressiya qurbanları, Qarabağ şəhidləri, nəhayət, erməni xəyanəti kimi vacib məsələlər Çaykənd haqqında kifayət qədər müfəssəl bilgi verir. Bununla Qurban müəllim doğma kəndinə çox dəyərli hədiyyəsini ortaya qoydu.

"Qaraqoyunlunun ilk təhsil ocağı" kitabı da (376 səh.) Çaykənd məktəbinin 100 illiyinə həsr olunmuşdur. Kitabda məktəbin ilk fəaliyyət illəri, yeni müəllim kadr axını, təhsilə müharibənin vurduğu zərbə, müharibədən sonrakı dirçəliş illəri, məktəbi bitirmiş alimlər, qadın müəllimlər, məktəbi bitirənlərdən müxtəlif ixtisas qazanmış məzunları, qonşu kəndlərdən Çaykənd məktəbində təhsil alanlar və s. məsələlər məktəbin fəaliyyəti haqqında mükəmməl təsəvvür yaradır.

Qurban müəllimin üçüncü dəyərli kitabı "Azərbaycan folkloru antologiyası" (VII), "Qaraqoyunlu folkloru" adlanır. Kitabda ilkin növ və janrlar, ənənəvi janrlar, əfsanələr, rəvayətlər, heyvanlar haqqında nağıllar, sehrli nağıllar, məişət nağılları, atalar sözü və məsəllər, tapmacalar, bayatılar, ağılar və el şairləri, digər örnəklər antologiyanın səhifəsini zənginləşdirir.

Qurban müəllimin çap etdirdiyi maraqlı kitablardan biri Səməd Vurğuna həsr edilmiş şeirlər toplusudur. Nəfis tərtibatla hazırlanmış bu kitaba 129 şairin 249 şeiri toplanmışdır. Şairə böyük ehtiramla hazırlanmış bu kitab xalqın Səməd Vurğuna məhəbbətindən doğmuşdur. Məncə bu şeir çələngi hələ tam deyil, həm də bunlar ancaq Azərbaycan şairləridir. Axı Səməd Vurğuna keçmiş sovetlər ölkəsinin ən çox tanınmış şairləri şeirlər və poemalar həsr etmişlər. Qurban müəllim bu natamamlığı ayrıca bir kitabda tamamlamış, sovetlər ölkəsinin ən tanınmış şairlərinin Vurğuna həsr etdikləri şeirləri cəmləmişdir.

Xatırladım ki, Səməd Vurğun 1920-ci illərdə dəfələrlə Dilican və Qaraqoyunlu dərəsində olmuşdur. O illərdə Qazaxa tabe olan bu bölgələr Qazaxın, Tovuzun, Ağstafanın yaylaqları idi. Qaraqoyunlu dərəsində Səməd Vurğuna xüsusi bir məhəbbət vardı. Qurban müəllim də böyük həvəs və məhəbbətlə şairə həsr olunmuş şeirləri toplayıb belə bir kitabı ərsəyə gətirmişdir.

Qurban müəllimin yaradıcılıq fəaliyyəti bunlarla qurtarmır. O "Analı-anasız illərim" kitabında özünün həyat salnaməsini, analı-anasız illərini varaqlayır, həm qüssələnir, həm də qürur duyurdu. "Analar başımızın tacıdır" kitabı da bu duyğulardan doğmuşdur...

"Qaraqoyunluda izi-sözü qalanlar" kitabçası isə bu torpağın tanınmış yetirmələrinə həsr olunmuşdur. Burada həqiqətən qürur hissi keçirirsən ki, bu irili-xırdalı 10-ca kənd böyük bir elm və mədəniyyət məktəbi, yaddaşlarda qalan ziyalılar nəsli yetirmişdir və onlar bu gün də Azərbaycanın müxtəlif bilik məbədlərində fəaliyyət göstərirlər.

Bütün bunların araşdırılıb üzə çıxarılmasında Qurban Süleymanovun dəyərli xidməti hörmət və ehtirama layiqdir. Bu yaxınlarda dünyasını dəyişmiş Qurban müəllimin 85 illik ömür yolu, 70 illik pedaqoji fəaliyyəti, yaradıcılığı, doğulduğu torpağa təmənnasız xidməti nümunə kimi nəsillərə, xüsusən də gənc müəllimlərə əsl örnəkdir.  

Qara NAMAZOV,
professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov