Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Acı taleli uşaqlar

Həyatdan gileyli, qayğıdan razıdırlar

 

Bu günlər yolumuz Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə düşmüşdü.  Öyrəndik ki,  müəssisə 1965-ci ildən fəaliyyət göstərir. Hazırda müəssisədə olan 20 uşağın təlim-tərbiyəsi ilə 12 müəllim və tərbiyəçi məşğul olur. Təhsil 9 illikdir. Müəssisəyə əsasən 8-14 yaşlı uşaqlar qəbul edilir. Buraya respublikamızın bütün regionlarından- yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı ilə müraciət edilir.

Bu açıq tipli müəssisə profilaktik müəssisə funksiyalarını yerinə yetirir və yetkinlik yaşına çatmayanların daim qanunazidd davranışı, psixoloji zorakılığın hər hansı formasına məruz qalmış, təhsildən yayınan, valideynlərlə ünsiyyətdə çətinlik çəkən, xırda oğurluq etmiş, siqaret çəkən, narkotikaya qurşanan,  müəyyən səbəblər üzündən evdən qaçıb küçələrdə yatıb qalan, dilənən və başqa uşaqlar cəlb edilir.

Müəssisədə psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Komissiya uşaqları hər 6 aydan bir müayinə edir. Müsbət dəyişiklikləri olan uşaqlar Xəzər Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarına əsasən evə buraxılır. Uşağın müəssisədən buraxılmasına iki ay qalmış müəssisənin müdiriyyəti tərəfindən valideynlərə (qanuni nümayəndələrə), şagirdin yaşayış yeri üzrə daxili işlər orqanlarına və yerli komissiyaya bu barədə məlumat verilir.

Müəssisədə təhsil prosesi ümumi təhsilin məzmunu üzrə dövlət təhsil standartları əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi proqramlarla təşkil edilir. Burada əlavə təhsil proqramlarına - idman, incəsənət, peşə məşğələlərinin həyata keçirilməsi üçün şərait yaradılır. Müəssisədən buraxılan zaman şagirdlərə onların təhsili haqqında müvafiq sənədlər, təhsilini bitirmiş şagirdlərə isə müəyyən edilmiş formada arayış verilir.

Biz müəssisə haqqında bu qısa məlumatları öyrənəndən sonra burada çalışan müəllimlər, tərbiyəçilər  və uşaqlarla görüşüb söhbət etdik... 

İki qardaşın acı həyat hekayəti 

Bizi qardaşlarla müəssisənin rus dili müəllimi və birinci qrupun tərbiyəçisi Sevda Əhmədova tanış etdi. O əvvəlcə bildirdi ki,  rəhbərlik etdiyi azyaşlılar qrupunda 10 uşaq var. Onların hər biri müxtəlif səbəblər üzündən bura düşüb. Demək olar ki, əksəriyyəti valideynlərinin günahı, laqeydliyi üzündən buradadır. Bax, elə sizi tanış etmək istədiyim bu qardaşlar kimi. Qardaşlardan biri Məhəmməd Abbasov, o biri isə Akif Nəsibovdur. Hər ikisi "Əcəmi" metro stansiyası ətrafından tutulub bizim müəssisəyə gətirilib. Siz təsəvvür edin, bu uşaqların heç birinin doğum haqqında şəhadətnamələri belə yox idi. Akifin yaşını müəyyən etmək üçün ekspertlərə müraciət etdik. Nəhayət, ona  ötən il doğum haqqında şəhadətnamə aldıq. Artıq onlar üç ildən çoxdur ki, buradadırlar. Yaxşısı budur bu uşaqlar öz acı taleləri barədə özləri danışsınlar... 

Məhəmməd Abbasovun dediklərindən:

- Mən iki yaşında olanda atam Rəfail bizi atıb gedib. Sonra anam Rasim adlı bir kişi ilə ailə qurub. Bu adam narkoman və içki düşkünü idi. Akif adlı  qardaşım dünyaya gəldi. Atalığım sayılan bu kişi bizim başımıza olmazın müsibətlər gətirməyə başladı. O, hər gün anam Arzunu da, bizi də döyüb-söyür, - "gedin pul qazanıb gətirin" deyirdi.  Evə pulsuz gələndə isə məni də, Akifi də o ki, var döyürdü. Artıq həyatımızdan belə bezmişdik, bir daha evə dönməmək qərarına gəldik. Beləliklə, Akif də, mən də küçələrdə, parklarda ac-susuz, əzablı günlər yaşayırdıq. Gecələr bizim kimi kolların dibində, istirahət parklarındakı oturacaqların altında, hisli-paslı iri boruların içində yatan itləri, pişikləri qovub onların yatdığı yerdə yatırdıq. Çox vaxt Akif gecələr qorxudan, soyuqdan məni bərk-bərk qucaqlayardı. Mən də balaca qardaşım soyuqdan xəstələnməsin deyə cırıq-sökük pencəyimi əynimdən çıxarıb ona bükərdim... Gündüzlər isə parkda ata-anası ilə gəzən, oynayıb-şənlənən uşaqlara həsrətlə baxardım. Gözlərim yaşla dolardı. Təxminən 3-4 yaşlı qardaşım göz yaşımı görməsin deyə ondan bir qədər uzaqlaşardım... Akifin bu acı taleyi məni çox qəhərləndirir. Onu çox istəyirəm. Atalarımız ayrı olsa da, axı anamız birdir... Biz "Əcəmi" metrosu yaxınlığından tutulub bura gətirilənə qədər bax beləcə dözülməz anlar yaşamışıq. Bu tərbiyə müəssisəsində bizə sahib çıxan, şirin həyat bəxş edən insanlara - başda Nadir müəllim olmaqla, Nizami, Xəqani və Sevda müəllimlərimizə təşəkkürümü bildirirəm. Bir də ona görə ki, çox çətinliklə də olsa atamı tapıb məni ona qovuşdurublar. İndi atam tez-tez yanıma gəlib mənə baş çəkir... 

Akif Nəsibovun dediklərindən:

- Atam da, anam da hər gün məni dilənməyə getmədiyim üçün  döyərdilər. Sonra da anam mənim qolumdan yapışib özü ilə "Əcəmi" metrosunun ərafında dayanan marşrut avtobuslarının yanına aparardı. Avtobuslara çoxlu adam yığılan kimi məni də marşruta mindirər, "uşağım ağır xəstədir kömək edin", - deyib dilənərdi. Yığdığı pullara da atamla özünə narkotik alardı. Mən isə bütün bunlara dözməyərək evdən qaçmaq qərarına gəldim. Artıq 3 ildən çoxdur ki, bu müəssisədəyəm. Bu müddət ərzində anam tək bircə dəfə mənə "dəyməyə" gəlib. Onun bu gəlişinin də əsas məqsədi məni apardıqdan sonra yenidən dilənməyə məcbur etmək idi. Anamın bu niyyətini yaxşı bildiyimə görə nə qədər yalvardısa, onunla getmədim. Evdə məndən başqa Arif adında bir kiçik qardaşım da var. Yəqin ki, indi anam onu da özü ilə dilənməyə aparır. İnanıram ki, o qardaşım da bir gün evdən qaçıb bizim yanımıza gələcək. Burada bizə gündə 5 dəfə yemək, paltar verirlər. Müəssisədə keçirilən  bir-birindən maraqlı tədbirlərdə iştirak edirəm. Günlərim mənalı keçir. Dərslərimi də pis oxumuram... 

"Mənim üçün küçələrdə yatmaq daha xoş idi" 

Sonra bizi buranın başqa bir sakini - Kənan Fətullayevlə müəssisənin rejim xidməti üzrə direktor müavini Xəqani Mürsəlov tanış etdi. Kənandan bura necə düşdüyünü soruşduq. O dedi ki,  şəhərin mərkəzində evimiz var idi. Atam həmin evi satıb Xəzər rayonu ərazisindəki Şaşaxuna bağları deyilən yerdən ev aldı. Atam Türkandakı daş karxanasında işləyirdi. Biz də bütün günü onun yanında olurduq. Günlərin birində atam ikinci bir arvad aldı. Əsl mərəkə də bundan sonra başlandı. Atam hər gün araq içib sərxoş olurdu. Anamı qəddarcasına döyürdü. Mən bütün bunlara dözməyib evdən qaçıb "Gənclik" metro stansiyası yerləşən ərazidə uşaq əyləncə qurğularının altında yatırdım. Maşınların şüşələrini silir, təkərlərini qaraldır, bəzən də maşınları yuyurdum. Sürücülər də mənə 30-40 qəpik pul verirdilər. Həmin pulla özümə şirin qoğallar alıb yeyirdim. Sözün doğrusu, mənim üçün  küçələrdə yatmaq daha xoş idi. Xeyli müddət belə yaşadım. Bir gün polislər məni tutub bu müəssisəyə təhvil verdilər. Bura mənim çox xoşuma gəlirdi. Müəllimlərim də, tərbiyəçilər də məndən razılıq edirdi. Heç bir dəcəllik eləmirdim. Bütün bunları nəzərə alıb məni evə buraxdılar. Onda VI sinifdə oxuyurdum. Həmin vaxt atam rəhmətə getdi. Çox keçmədi ki, bu dəfə anam başqa kişi ilə evləndi. O kişi də demək olar ki, hər gün anamı döyürdü. Mən də anamın bu vəziyyətinə dözməyib yenə evdən qaçıb küçələrdə yaşamaq fikrinə düşdüm. Sonra fikrimi dəyişərək Xəzər Rayon Polis İdarəsinə getdim. Onlar da bu müəssisənin direktoru Nadir müəllimə zəng edib xahiş etdilər ki, məni bu müəssisəyə qaytarsın.  Nadir müəllim çox sağ olsun, özü mənim dalımca gəlib  buraya gətirdi. Elə bil o, mənə yeni həyat bəxş etdi. İndi düz 7 ildir ki, bu müəssisədə həm təhsil alıram, həm də bütün qayğılarla əhatə olunmuşam. Burada rəsm çəkməklə də məşğul oluram. Mən həm anamı, həm də böyük qardaşım Orxanı çox istəyirəm... 

"Mənə bu müəssisədə çalışan xeyirxah insanlar sahib çıxdı..." 

Həmin gün bu təlim-tərbiyə müəssisəsində sonuncu tanış olduğum Anar Kazımovun dediklərindən:

- Atam Nazim Moskvaya getdikdən sonra orada bir rus qadını ilə ailə qurub və mən 1995-ci ildə dünyaya gəlmişəm. Mənim 2 yaşım olanda anam bizi atıb gedib. Sonra atam mənimlə birgə Bakıya qayıdib. Əmircan qəsəbəsindəki 1 nömrəli yataqxanada məskunlaşmışıq. Burada mənə bibim Kəmalə baxıb. 1-ci sinifdən 5-ci sinfə kimi Bakının Suraxanı rayonundakı 87 nömrəli məktəbdə oxumuşam. 2008-ci ildə atam rəhmətə gedib. Bundan sonra kimsəsiz qalmışam. Mənə baxan olmayıb. Məktəbdə tay-tuşlarımla ayaqlaşa bilmirdim. Onlar kimi dolana, geyinə bilmirdim. Az qalmışdı ki, məktəbi buraxıb küçələrə düşüm. Nəhayət, Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət etdim. Məni bu müəssisəyə göndərdilər. İndi burada VIII sinifdə oxuyuram. İdmanın boks və karate növləri ilə məşğul oluram. Arzum gələcəkdə Cəmşid Naxçıvanskı adına məktəbdə oxumaq və hərbiçi olmaqdır.  Onu da deyim ki, burada günlərim xoş keçir, hər cür qayğı ilə əhatə olunmuşam. Yanıma isə gəlib-gedənim yoxdur. Artıq 3 ildir ki, buradayam, bu 3 il ərzində bibim cəmi bir-iki dəfə yanıma gəlib. Burada mənə sahib çıxan insanların hamısına minnətdaram...

Müəssisədə bu acı taleli uşaqlarla söhbətimizi yekunlaşdırdıqdan sonra direktor müavini Nizami Əsgərov onları da bildirdi ki, burada musiqi, rəsm, idman və başqa dərnəklər fəaliyyət göstərir. Hazırda bu təlim-tərbiyə müəssisəsi dövlət vəsaiti hesabına yüksək səviyyədə təmir edilir. Şagirdlərin əməyə və təhsilə vicdanlı münasibətinə, nümunəvi davranışına görə həvəsləndirici tədbirlər müəyyən edilir, uşaqlara  yüksək qayğı və nəvaziş göstərilir.  Müəssisənin müdiriyyəti tərəfindən bütün fövqəladə hadisələr haqqında dərhal daxili işlər orqanlarına, müəssisənin yerləşdiyi ərazinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına, yerli təhsil orqanına, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat verilir.

Nizami müəllim müəssisədə tərbiyə alıb buradan buraxılan uşaqların sonrakı taleləri barədə, xüsusi ilə valideyn himayəsindən məhrum olan uşaqların təhsil almaları, işlə, evlə təminatı kimi həlli vacib olan məsələlərdən də söhbət açdı...

Biz də onlara xalqımızın balaları üçün göstərdikləri bu xeyirxah, çətin və şərəfli işlərində uğurlar dilədik. 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov