Həyatda
hər kəsin ömür yaşantılarının özünə xas
məziyyətləri, parlaq nişanələri olur. Mənalı
həyat sürüb, xoşbəxt ömür sahibi olmaq insan
övladı üçün bəni-bəşərdən əzəmət, şücaət
mənbəyidir. Belələri şərəfli əməlləri,
xeyirxahlığı özlərinə peşə etməyi həyat idealı
bilib, bir qayda olaraq, öz xislətlərində həmişə
nikbin ruh, xoş ovqat, halal niyyət və ümidli
gələcək eşqi yaşadır, Vətənə, torpağa, millətə
gərəkli olmağa can atırlar.
Haqqında bəhs edəcəyimiz istedadlı alim, pedaqoq
həmkarımız Vidadi Paşa oğlu Bəşirov da məhz belə
bir müdrik ömrün cazibəsində yaşayıb, nəcib
insan, ləyaqətli vətəndaş həyatı sürür.
Altımış illik bir dövrün olaylarından keçib
gələn Vidadi dostumuz bu gün ömrünün ən kamil,
püxtələşmiş bir mərhələsini yaşayır. Ünsiyyət və
fəaliyyətində həmişə alicənablığı, şən ovqatı
üstün tutan bu gözəl insan onu tanıyanların
arasında rəğbət, hörmət və nüfuz qazanmışdır.
V.Bəşirov nəcib və şərəfli bir ömür yaşayıb.
Altımış illik bir ömrün mənəvi qüdrətindən güc
alıb, həyatını, yaradıcılığını gənc nəslin
təlim-tərbiyəsinə həsr edib, neçə-neçə tələbəyə
elmin çətin və şərəfli yollarında addımlamaqda
yardımçı olub.
V.Bəşirov həmişə müəllim nüfuzunu, müəllim
şərəfini qorumağa, öz əməlləri ilə bu adın daha
da şöhrətlənməsinə çalışıb.
Həqiqətdir ki, insanı xislətində səciyyələndirən
gözəl cəhət zəhmətsevərlik və iradədir. Kim ki,
bunun mənasını, əhəmiyyətini düzgün başa düşür,
həmin keyfiyyətləri özündə tərbiyə edir, onun
gücü, qüvvəsi, yaratmaq qüdrəti birə -on artır.
Vidadi Bəşirov da bu keyfiyyətlərə qovuşub.
14 yanvar 1951-ci il təvəllüdlü V.Bəşirov ilk
kövrək addımlarını Neftçala rayonunun doğma
Xəzər kəndində atıb. Orta məktəbi Xolqarabucaq
kəndində bitirib. Arzuları onu pedaqoji ali
məktəbin coğrafiya fakültəsinə gətirib. Gərgin
imtahanlardan sonra tələbə dünyasının romantik
aləminə qoşulub. Müəllimlik peşəsinin sirlərinə
yiyələnməklə yanaşı, mehrini elmə salıb. Tələbə
elmi cəmiyyətlərinin tədbirlərində fəal iştirak
edib. Elə ilk elmi çıxışını da tələbə elm
cəmiyyətinin tədbirində edib. Vidadinin elmə
marağı, tədqiqatçılıq duyumu müəllimlərinin
nəzərindən yayınmayıb. Haqqında eşitdiyi xoş
sözlər inamını daha da artırıb. 1974-cü ildə
indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini
bitirərək, təyinatla doğma rayonlarına gəlib.
Qırmızıkənd kəndində əmək fəaliyyətinə başlayıb.
Tezliklə valideynlərin və şagirdlərin
sevimlisinə çevrilib, lakin Vidadi müəllimi
həmişə bir istək heç vaxt tərk etməyib; elmi
yaradıcılıqla məşğul olmaq. Elə müəllim
işləyə-işləyə respublika mətbuatında
elmi-pedaqoji yazılarla çıxış edib. Bu yazılar
elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Az sonra bacarığını, işgüzarlığını görən
rəhbərlik onu Xəzər kəndindəki orta məktəbdə
tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə irəli
çəkib. Dərsdənkənar və məktəbdənkənar
tədbirlərin təşkilinə yeni ruh gətirib və
neçə-neçə ədəbi-bədii disputların, fənn
gecələrinin keçirilməsində gərgin əmək sərf edib.
Kəndin yerli toponimlərini və milli folklor
nümunələrini toplamaqda da öz səyini
əsirgəməmişdir.
Artıq o, məktəbdə tək müəllim kimi deyil, həm də
keçirilən bütün tədbirlərin "bədii rəhbəri" kimi
tanınırdı.
Elmə olan sonsuz marağı onu Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutu) aspiranturasına gətirib çıxardı. "XIX
əsrin ikinci yarısında Azərbaycanda pedaqoji
fikrin inkişafına mütərəqqi rus pedaqoji
ideyalarının təsiri" mövzusunda namizədlik
dissertasiyası üzərində işləməyə başladı. İndi o
yenə də bir vaxt aspirantura təhsili aldığı və
çalışdığı (1982-1999-cu illərdə) Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunda
elmi müxbir və doktorant kimi "Azərbaycan
maarifpərvərlərinin mütərəqqi pedaqoji ideyaları
və onun ictimai-siyasi fikrin sonrakı inkişafına
təsiri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)"
mövzusunda tədqiqat işi aparır. Elmi
məsləhətçisi pedaqoji elmlər doktoru, professor
Əjdər Ağayevdir.
Elm və təhsil yollarında inamla addımlayan
istedadlı qələm sahibinin sonrakı fəaliyyəti həm
də Azərbaycan Dillər Universitetinin pedaqogika
kafedrası ilə bağlıdır. Hazırda burada çalışır,
universitetin dosentidir. Vidadinin uğurlarında
kafedranın müdiri, pedaqoji elmlər doktoru,
professor, əməkdar elm xadimi Nurəddin Kazımovun
müstəsna əməyi olub.
Vidadi Bəşirov kafedrada aparılan elmi-tədqiqat
mövzularının müəyyənləşdirilməsində, pedaqoji
tədqiqat işlərinin aparılmasında yaxından
iştirak edir. Pedaqoji proses təcrübəsində
istifadə olunan "Azərbaycan Milli izahlı
ensiklopedik pedaqoji lüğət" (Bakı, "OKA-Ofset",
2005), "Pedaqogika kafedrası üzrə Təhsil
Proqramı (Kurikulum)" (Bakı, "ADU nəşriyyatı",
2005) vəsaitləri belə bir əlbirliyin nəticəsi
olaraq meydana gəlmişdir. Yaxın vaxtlarda
kafedra üzvlərinin (o cümlədən onun) kollektiv
əməyinin məhsulu olan "Seçmə fənlər" toplusu
işıq üzü görəcəkdir.
Elmi yaradıcılıq fəaliyyətinin əsas məhsulları "Azərbaycan
maarifpərvərlərinin yaradıcılığında
vətənpərvərlik tərbiyəsi məsələləri" (1994), "N.Nərimanovun
ictimai-tərəqqi ideyalarının tarixi əhəmiyyəti
və onun gənc nəslə aşılanması yolları" (1992), "Məktəbin
ailə ilə əlbir işinin demokratik əsaslar üzrə
təşkili" (1994), "Azərbaycan pedaqoji fikrində
milli tərəqqi ideyaları (XIX əsrin sonu, XX
əsrin əvvəlləri)", "Azərbaycan
maarifpərvərlərinin mütərəqqi pedaqoji
ideyalarının inkişafı (1870-1920-ci illər)" adlı
milli ruha, vətənpərvərliyə, mənəvi-tarixi
yaddaşın qorunmasına səsləyən kitabları pedaqoji
ictimaiyyət və oxucu kütləsi tərəfindən maraqla
qarşılanmışdır. O, milli pedaqoji mətbuat
tariximizin uğurlu ənənələrini davam etdirən "Milli
pedaqogika məktəbi" adlı elmi-nəzəri-metodik
jurnalın redaksiya üzvü kimi pedaqoji biliklərin
öyrənilməsi və tətbiqi istiqamətində səmərəli iş
aparır. Gərgin zəhmətin nəticəsi kimi
tamamladığı doktorluq dissertasiyası müdafiəyə
təqdim olunub.
Vidadi müəllim tədris və elmi işlərlə yanaşı,
respublikanın ictimai həyatında da fəal iştirak
edir.
Bir obyektiv münasibəti də bildirək ki, bizim
məsləkdaşımız, dostumuz Vidadi Bəşirov yaxşı
insan olmağı, xeyir əməllərdən yapışıb müqəddəs
amallar uğrunda mübarizə aparmağı özünə həyat
devizi seçən bir adamdır. Xarakterinə,
düşüncəsinə, mənəviyyatına yaxşı bələd
olduğumuz həmkarımız nəcib insan, qeyrətli bir
vətəndaş ömrü yaşayır. O, mahir pedaqoq, yaxşı
natiq, fəal ictimaiyyətçi kimi tanınır. Onunla
təmasda olanlarda həmişə xoş duyğular yaradır.
O, daim fəaliyyətdə, axtarışda, qaynar həyatın
qoynundadır. Sözü ilə əməli birdir. Fakt və
hadisələri düzgün qiymətləndirib nəticə
çıxarmağı bacarır. O, həmişə təhsil aldığı,
işlədiyi müəssisələrdə təşəbbüskarlığı, faydalı
təklifləri ilə həmkarlarının rəğbətini qazana
bilib. İdarə və müəssisənin, kollektivin,
yaşadığı məmləkətin milli mənafeyini həmişə uca
tutmuş, xalqın milli mənəvi dəyərlərinin
qorunması yolunda sidq-ürəklə çalışmışdır.
Akif ABBASOV,
pedaqoji elmlər doktoru, professor,
Oqtay ABBASOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
|