Dünyanın
qabaqcıl ölkələrində olduğu kimi, hazırda
respublikamızda da bütün sahələrdə İKT-nin
tətbiqi prosesi gedir.
İKT-nin tətbiqi təlim prosesini həm əyaniliyi
ilə zənginləşdirir, həm də bilikləri praktik
şəkildə tətbiq etməyə sövq edir. İKT-dən
istifadə etməklə yanaşı, interaktiv təlim
üsulları, digər əyani vəsaitlər, təlim
materialları ilə də şagirdlərdə müasir dövrün
tələbinə uyğun bilik və vərdişlər formalaşdırmaq
mümkündür.
Mən də yeni təlim üsullarından, İKT-dən
istifadə edərək şagirdlərdə tədris etdiyim
coğrafiya fənninə maraq oyadıram. Bu sahədəki
təcrübəmi bölüşmək üçün apardığım "açıq
dərs"lərdən birini misal gətirmək istəyirəm. IX
"a" sinfində keçdiyim "açıq dərs" "Cənub-Qərbi
Asiya ölkələri" mövzusunda idi.
Uşaqlarla birlikdə əvvəlcədən coğrafiya
kabinetini qaydaya salmaq, bizə lazım olan
resursları, əyani vəsaitləri, stendləri,
kompüter, proyektor, bayraqlar, dərslik, xəritə
və atlas, kontur xəritə və s. hazırladıq.
Dərsdə qruplarla iş üsulundan istifadə etdim.
Sinfi 4 qrupa bölərək qrupları öyrənilən
ölkələrin paytaxtları ilə adlandırdım. Stolların
üstündə qrupların təmsil etdikləri ölkələrin
adları, bayrağı, gerbi, kiçik xəritəsi çəkilmiş
stendlər var idi. Uşaqlar "Bakı", "Təbriz", "Məkkə",
"Ankara" yazılmış stollarda əyləşdilər.
Şagirdlərin dərsə davamiyyəti haqqında məlumat
dinlənildikdən sonra təqdimatlara başladıq. Hər
bir şagird maraqlandığı ölkə haqqında təqdimat
hazırlamışdı. Mən onlara qabaqcadan öz
tövsiyələrimi vermişdim.
Gülşən Tağıyeva "Asiya" mövzusunda təqdimat etdi.
Asiyanın xəritəsi lövhədə nümayiş olundu.
Şagirdin verdiyi məlumatlara aid şəkillər,
sxemlər göstərildi.
Növbəti slaydda Arzu Əhmədzadə Cənub-Qərbi Asiya
ölkələri haqqında təqdimatla hamını tanış etdi.
Təqdimatda Cənub-Qərbi Asiya ölkələri haqqında
ümumi məlumat verildi.
Sonra Leyla adlı şagird həmin ölkələrin üzv
olduğu təşkilatlar (OPEK, İKT) haqqında
hazırladığı slaydları nümayiş etdirdi.
Rüfət Xamtayev Səudiyyə Ərəbistanı, Emin
Ələkbərli Birləşmiş Ərəb Əmirlikləri, onların
əhalisi, təsərrüfatının ümumi xarakteristikası,
sənayesi, kənd təsərrüfatı və hər bir ölkənin
əsas şəhərləri, turizmi, iqtisadi əlaqələri
haqqında həm şəkillər, həm də yazılarla maraqlı
təqdimatlar verdilər.
Regionda yerləşən ərəb olmayan ölkələr haqqında
Həqiqət Dadaşova məlumat verib təqdimatını etdi.
Cənubi Azərbaycan haqqında ardıcıllıqla
slaydlarını (orada Cənubi Azərbaycana - Təbriz
şəhərinə, iqtisadiyyatına, o cümlədən Təbriz
xalçalarına, görməli yerlərinə dair məlumatlar
əks olunmuşdu) təqdim etdi.
Türkiyə Respublikasının əhalisi, təsərrüfatı,
turizmdə seçilən bölgələri haqqında hər birinə
aid şəkillər, xəritələr Vüsalə İsgəndərli,
Qafqaz ölkələri haqqında isə Nəcməddin Təhməzov
və Firudin Salehzadə öz təqdimatlarını
göstərdilər.
Doğma ölkəmiz haqqında Aygün Qəhrəmanova geniş
məlumat verdi. Məlumatda Azərbaycan
Respublikasının sənayesi, kənd təsərrüfatı, əsas
istehsal sahələri, neft müqavilələri, neft
kəmərləri, ölkəmizdə son illər aparılan
quruculuq işlərinin iqtisadi nəticələri,
Azərbaycan Respublikasının görməli yerləri,
dünyada məşhur olan muğamımız, xalçalarımız
slaydlarla ardıcıllıqla təqdim edildi. Sonra
Azərbaycan Respublikasının tarixi abidələri -
İçərişəhər, Şirvanşahlar, Xan sarayı nümayiş
olundu.
İşğal altında olan torpaqlarımız və mənfur
qonşularımızın bizə qarşı yeritdiyi genosid
siyasəti də slaydlarda öz əksini tapmışdı.
Axırda "Mübariz İbrahimov kimi igidləri olan
ölkə heç bir vaxt məğlub ola bilməz" deyən
şagird öz doğma Zəngilanının da işğal olunduğunu
ürəkağrısı ilə qeyd etdi. Şagirdlər - "Bizim
respublikamız, Qafqaz ölkələri, həmçinin dünya
ölkələri arasında öz iqtisadiyyatı ilə
günü-gündən irəliyə gedir. İqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir" - qənaətinə
gəldilər.
Şagirdlərin təqdimatları hamının xoşuna gəldi.
Hər kəs bir anlıq özünü həmin ölkələrdə hiss
etdi. Hamıda maraq oyandı. Şagirdlər ölkəmizin
sürətlə inkişaf etdiyini bir daha əyani şəkildə
gördülər.
Sonra mən Venn diaqramı üsulundan istifadə etdim.
Fərqli dairələr çəkilmiş vərəqləri komandalara
verib işlədikləri ölkələri müqayisə etmələrini
tapşırdım. Şagirdlər dairənin kənarında
ölkələrin fərqli xüsusiyyətlərini qeyd etdilər,
müzakirə aparıldı və şagirdlər düzgün və düzgün
olmayan fikirləri tapıb qeyd etdilər.
Dərsin sonunda komandalar qiymətləndirildi. Ən
çox bal toplayan "Bakı" komandasına Azərbaycan
Respublikasının bayrağı təqdim olundu.
Dərsimiz Bakı Slavyan Universiteti Məktəb-Lisey
Kompleksinin "açıq dərs" verən müəllimləri,
təcrübədə olan tələbələri və başqa məktəblərdən,
təhsil müəssisələrindən gələn qonaqlar
tərəfindən müzakirə olundu. Onlar dərsi və
şagirdlərimin fəallığını vurğuladılar.
Kompleksin rəy və təkliflər kitabına öz ürək
sözlərini yazdılar.
Bənövşə NƏBİYEVA,
Bakı Slavyan Universiteti
Məktəb-Lisey Kompleksinin
coğrafiya müəllimi |