Mənə
belə gəlir ki, cəmiyyətdə fəal mövqe tutmuş,
əməlləri ilə hörmət və ehtiram qazanmış insanlar
haqqında söz demək o qədər də asan məsələ deyil.
Çünki barəsində söz açacağın insanın bütün həyat
yoluna, problemlərinə, uğurlarına gərək bələd
olasan. Bu bələdliyi isə kiminsə söhbəti,
kiminsə yazısı, hətta yazacağın insanın
tərcümeyi-hal məlumatları da mükəmməl şəkildə
verə bilmir. Bunun üçün gərək o insanın
həyatının, ömür yolunun şahidi olasan. Bu
baxımdan mənim üçün Yusif Əliyev haqqında yazmaq,
onun 60 illik ömür yoluna nəzər salmaq çətin
deyil. Çünki mən onu lap kiçik yaşlarından
tanıyıram.
Həsənəli kişinin ailəsi Salyan rayonunun
Qırmızıkənd kəndində yaşayırdı. Atası Həsən kişi
Şərq ədəbiyyatına bələd, Quran oxuyan maarifçi
bir insan idi. O, öz biliyini övladlarına,
nəvələrinə, tanıdığı, bildiyi gənclərə ötürməyə
çalışardı. Həsənəli kişi də atasının verdiyi
təhsili yaşadan, Qurani-Kərimə bələd bir insan
kimi tanınırdı. O, 1941-1945-ci illər Böyük
Vətən müharibəsində ağır bir döyüş yolu keçmişdi.
Cibinə sığışan kiçik bir Quran kitabını həmişə
öz yanında gəzdirmişdi. Bəlkə elə buna görə də
ağır döyüşlərdə ağır itkilərdən salamat
çıxmışdır. Onun övladları da babadan, atadan
qalma zəhmətsevərliyi, maarifçiliyi, halallığı,
səbrliliyi, şərəf və ləyaqətini qorumağı
özlərinə amal seçmişlər. Yusif Əliyev babasını
görməsə də, atasından çox şeyləri -
zəhmətsevərliyi, dostlara sədaqətli olmağı,
sadəliyi, təvazökarlığı, davranışda, ünsiyyətdə
mədəniyyət nümayiş etdirməyi əxz etmişdir. Bəlkə
elə buna görə də o, Qırmızıkənd orta məktəbinin
8-ci sinfini bitirdikdən sonra müəllimlik
peşəsinə yiyələnməyi qərarlaşdırdı. Onun bu
istəyində məktəbin direktoru, bacarıqlı
ədəbiyyat müəllimi Abuzər Ağayevin və əmisi,
ibtidai sinif müəllimi Səfərəli Məmmədovun da
payları olmamış deyildir.
Yusif sənədlərini Əli Bayramlı Pedaqoji
Texnikumuna təhvil verəndə qəbul komissiyasında
onu xüsusi qayğı və diqqətlə qarşıladılar. Çünki
8 illik məktəbi "əla" qiymətlərlə bitirmişdi.
Tələbəlik illərinin 1967-1971-ci zaman kəsiyi bu
təhsil ocağında keçdi. O, ilk kursdan başlayaraq,
təhsil əlaçısı kimi tanındı, ictimai işlərdəki
fəallığı ilə seçildi. Ona görə də şəkli şərəf
lövhəsini bəzədi, təşkilatçılığı ilə həyata
keçirilən tələbə tədbirləri məzmunca və formaca
zənginliyi ilə bütün iştirakçıların marağına
səbəb oldu. O, bu illərdə mükəmməl təhsil və
pedaqoji təcrübə keçərək, ibtidai sinif müəllimi
ixtisasına yiyələndi, fərqlənmə diplomuna layiq
bilindi.
Texnikumda keçən qaynar tələbə həyatı onu
insanlarla, cəmiyyətlə ünsiyyətə hazırlamışdı.
Rayon qəzetində və texnikumun divar qəzetində
dərc etdirdiyi məqalələr maraqla oxunurdu. Yusif
təhsilini davam etdirmək qərarına gəldi. Amma bu
dəfə müəllimlik ixtisasını deyil, jurnalist
olmağı seçdi.
Texnikumda olduğu kimi, Bakı Dövlət
Universitetində də Yusif Əliyevin sənədlərini
həvəslə qəbul etdilər. Ona bildirdilər ki,
texnikumu fərqlənmə diplomu ilə bitirdiyi üçün
yalnız bir fəndən - ədəbiyyatdan yazılı imtahan
verməlisən. O, tərəddüd etmədən bu sınağa
qatıldı. Bircə imtahandan "əla" qiymət alaraq,
jurnalistika ixtisasına yiyələnmək üçün şans
qazandı. Beşillik universitet həyatı, ali
məktəbdə tələbəlik illəri Yusifin şəxsiyyət və
mütəxəssis kimi yetişməsində mühüm rol oynadı.
Görkəmli jurnalist kimi tanınmış və jurnalistika
elminin tədqiqi ilə məşğul olan dəyərli
müəllimləri onun jurnalist peşəsinə mükəmməl
yiyələnməsinə xeyli əmək sərf etdilər. 1976-cı
ildə o, universiteti bitirdi. Harada işləmək
sualı yarananda o, pedaqoji mətbuatda çalışmaq
istədiyini bildirdi. Mən o zaman "Azərbaycan
məktəbi" jurnalının baş redaktoru vəzifəsində
çalışırdım. Gənc jurnalist Yusif Əliyevin
pedaqoji mətbuata maraq göstərdiyini eşitdim və
bunu təbii saydım. Çünki o, ilkin olaraq
pedaqoji biliklərə yiyələnmiş, müəllimlik
ixtisasına sahib olmuşdur. Mənim belə bir
jurnalist, kadr olaraq diqqətimi çəkdi. Ona görə
də Yusif Əliyevi universitet məzunları
sırasından "Azərbaycan məktəbi" jurnalının
redaksiyasında işləməyə dəvət etdim. Lakin
məsələ asanlıqla həll olunmadı. O zamankı
Azərbaycan KP MK-nın Elm və Təbliğat
şöbələrindən bildirdilər ki, Yusif Əliyevin
təyinat alması üçün MK-ya tələbnamə göndərmək
lazımdır. O zamanlar jurnalistlərin işlə
təminatında Azərbaycan KP MK-nın müvafiq
şöbələri əsas rol oynayırdı. Belə olduqda mən
MK-ya tələbnamə göndərərək, pedaqoji və
jurnalist təhsilli Yusif Əliyevin "Azərbaycan
məktəbi" jurnalı redaksiyasına göndərilməsini
xahiş etdim. Xahişimizə əməl olundu. Fikirləşdim
ki, Yusif Əliyev nə qədər istedadlı və pedaqoji
mətbuata uyğun kadr olsa da, hələ bu sahədə
mükəmməl praktik bacarıqlara malik deyil. Ona
görə də onu korrektor vəzifəsinə işə qəbul
etdim. İki il mətbəədəki korrektor otağında
əyləşərək, jurnalın korrektəsini həyata keçirdi,
eyni zamanda texniki redaktor bacarığına da
yiyələndi. Bundan sonra onu redaksiyada şöbə
müdiri vəzifəsinə irəli çəkdim. Sonrakı illərdə
o, məsul katib, baş redaktor müavini
vəzifələrində çalışdı. Bu zaman jurnalın baş
redaktoru Zəhra xanım Əliyeva idi. 1976-cı ildən
1992-ci ilə qədər "Azərbaycan məktəbi"
jurnalındakı fəaliyyəti Yusifi tanınmış qələm
sahibinə çevirdi. O, pedaqoji mövzuda yazdığı
sanballı məqalələri ilə həm jurnalist
həmkarları, həm də pedaqoji ictimaiyyət
tərəfindən rəğbətlə qarşılandı.
Yusif Əliyev kollektivdə sevilən, böyük hörmətə
layiq əməkdaş kimi tanınırdı. O, özünün
sadəliyi, qayğıkeşliyi, müəlliflərlə yüksək
mədəni münasibəti ilə çoxlarından seçilirdi.
Seçdiyi oçerk qəhrəmanlarının problemlərini özü
həll edirdi. Onun sağlam mənəviyyatlı, ləyaqətli
olması, olduqca zəhmətkeş və halallığa tapınan
amalı ona hamıda inam və etibar yaratmışdır.
İndiki kimi yadımdadır: Ordubad rayonunun Bist
kəndindən Sadıq Xanəliyev adlı bir müəllim
məktublaşdığı, Rusiyada yaşayan Böyük Vətən
müharibəsi qəhrəmanını redaksiyaya gətirmişdi.
Onların dostluğu haqqında məqalə hazırlamaq
lazım idi. Yusif Əliyev məqaləni hazırladı, mən
yazıda onların şəklinin də yerləşdirilməsini
təklif etdim. Səhəri gün S.Xanəliyev istənilən
şəkli mənə təqdim etdi. Dedi ki, sizin nə qədər
təvazökar, qayğıkeş əməkdaşınız var. O, bizi
fotoatelyeyə apardı, şəklimizi çəkdirdi, pulunu
ödədi, hələ bizi günorta yeməyinə də qonaq etdi.
Soruşdum: "Kimdir o?". Cavab verdi: "Yusif
Əliyev".
O, belə insandır, - dedim. Heç kəsdən minnət və
təmənna götürməz. Amma özü faydalı olmağa can
atar.
Təsadüfi deyildir ki, 1981-ci ildən baş redaktor
vəzifəsində işləyən Zəhra xanım Əliyeva onu
əvvəlcə məsul katib, bir neçə il sonra isə baş
redaktor müavini vəzifəsinə irəli çəkmişdi.
1990-cı illər təlatümlü oldu. Jurnal və qəzetlər
ya fasilələrlə nəşr olunur, ya da nəşrini
dayandırırdı. Jurnalistlər redaksiyalardan digər
sahələrdə işləməyə üz tuturdular. Yusif Əliyevin
problemi asanlıqla həll olundu. Çünki onun
müəllimlik peşəsi də vardı. 1992-ci ildən
1995-ci ilə qədər Bakıdakı 264 nömrəli orta
ümumtəhsil məktəbində əvvəlcə ibtidai sinif,
sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi
kimi fəaliyyət göstərdi. Bu müddətdə də o,
özünün səbri və təmkini, şagirdlərlə və
valideynlərlə yüksək mədəni davranışı, metodik
ustalığı ilə böyük hörmət qazandı.
1993-cü ilin sentyabrından "Azərbaycan müəllimi"
qəzeti nəşrini bərpa etdi. Yeni baş redaktor,
vaxtilə "Azərbaycan məktəbi" jurnalı
redaksiyasında məsul katib olmuş, tanınmış
jurnalist-publisist Məhəmməd Baharlı Y.Əliyevi
qəzetə şöbə redaktoru vəzifəsinə dəvət etdi. Bu
dəvət, bəlkə də M.Baharlının Yusif Əliyevə
verdiyi qabiliyyətli, bacarıqlı jurnalist
dəyərindən daha çox, onun insanlığına, həmkar,
dost fədakarlığına hörmət və ehtiramından irəli
gəlmişdi.
Məhəmməd Baharlı "Azərbaycan məktəbi" jurnalının
məsul katibliyindən o zaman yeni nəşrə başlayan
"Gənclik" jurnalına məsul katib vəzifəsinə dəvət
edilmişdi. Bu gediş nəticəsində Y.Əliyev məsul
katib vəzifəsinə irəli çəkilmişdi. İki il
işlədikdən sonra M.Baharlı yenidən "Azərbaycan
məktəbi" jurnalına qayıtmalı oldu. Belə
alındıqda Y.Əliyev baş redaktordan xahiş etdi
ki, onu şöbə müdiri vəzifəsinə keçirsin,
M.Baharlının isə məsul katib kimi işləməsinə
şərait yaratsın. Baş redaktor bu təklifə etiraz
etsə də, Y.Əliyev sözündə israrlı olduğunu
bildirdi. Beləliklə, bir çoxlarının etmədikləri
və ya edə bilməyəcəkləri humanizmi Yusif Əliyev
nümayiş etdirdi. Nəticədə iki jurnalist həmkarın
dostluğu daha da möhkəmləndi.
Yusif Əliyev "Azərbaycan məktəbi", "Azərbaycan
müəllimi", "Təhsil və zaman" jurnal və
qəzetlərində, eləcə də digər mətbuat
orqanlarında minə qədər müxtəlif səpgili
yazılarla çıxış edib. Bunların arasında operativ
xəbərlər, reportajlar, qeydlər, oçerklər və
digər irihəcmli publisist yazılar vardır. O, bir
sıra rubrikaların yaradıcısı və daimi aparıcısı
olmuşdur. Onun jurnalist müşahidəsi ölkənin
qabaqcıl təhsil ocaqlarından, maarif
xadimlərindən yan keçmir. Onlarla nümunə olan
insanların, pedaqoji kollektivlərin örnək iş
üslubunu, nailiyyətlərini, uğurlarını qələmə
alıb, oxucularına təqdim edib. Onun rəngarəng
mövzuları həm məzmunca, həm də təqdimat
formasına görə oxucularının marağını, rəğbətini
qazanır. Qeyd etdiyim kimi, müəllim-jurnalist
Yusif Əliyev təhsilin bütün növləri, sahələri,
pillələri, mərhələləri haqqında məharətlə yaza
bilən qələm sahibidir. Onun "Müəllim ömrü"
rubrikasında qabaqcıl müəllimlər haqqında
yazdığı məqalələrdə sanki haqqında bəhs edilən
insanların qəlbi döyünür, gördüyü işlər göz
önündə canlanır. "Müəllim təcrübəsi"
rubrikasında təqdim etdiyi dərslərdən, təlim
prosesindən, onun metod və texnologiyalarından,
müasirləşməsindən yazılar sadəcə informasiya
xarakteri daşımır, müasirləşmə yollarını
oxucusuna öyrədir, onu inkişaf etdirir.
Y.Əliyevin görkəmli təhsil xadimləri ilə
müsahibələri yalnız ölkə daxili ilə məhdudlaşmır,
yaxın qonşu ölkələrdəki görkəmli təhsil
təşkilatçılarının iş təcrübəsi, fikir və
ideyaları ilə təkcə jurnalistikanı deyil,
pedaqoji axtarışları zənginləşdirir. Ayrı-ayrı
tədbirlərdən - təqdimatlardan, görüşlərdən,
müşavirələrdən, konfranslardan, kollegiya
iclaslarından və s. yazdığı informasiyalar
həmişə dolğunluğu, məzmunu çatdıra bilməsi və
oxunaqlığı ilə diqqəti cəlb edir. Onun
müsahibləri sadə təhsil işçisindən təhsil
nazirinə qədər, adi tələbədən rektora qədər hər
bir fəal insan, lider şəxsiyyət ola bilir.
Yusif Əliyev o jurnalistlərdəndir ki, qəzet
səhifələrində imzası görünən kimi diqqəti cəlb
edir. Yazdığı məqalə təkcə maraqla deyil,
müəllifə məhəbbətlə oxunur. O, işlədiyi
redaksiyada və jurnalistlər arasında ən
təcrübəli yazar, ən mehriban, xeyirxah insan,
heç vaxt qeybət və şikayətin nə olduğunu
bilməyən sadə vətəndaş kimi yüksək
dəyərləndirilir. Onun sevinci də, kədəri də
ümumxalq sevinci və kədərindən doğur. Qələmini
torpaqlarımızı işğal edənlərə qarşı mübarizədə
şəhid olmuşların, köçkün və didərgin düşmüşlərin,
qaçqınlığa məcbur edilmişlərin həyatından bəhs
edən yazılar üzərində işlədəndə sanki özü də
onlara qoşulur, onların faciəsini yaşayır. Bəlkə
elə buna görə də ürək əməliyyatına məruz qalan
jurnalist digərlərinin qəlb arzularını, ürək
çırpıntılarını həssaslıqla duyur, xoş duyğular
oyadan sözləri ilə onlara məlhəm olmağa çalışır...
Yusif Əliyev oxucuları tərəfindən sevildiyi
qədər də dövlətimiz, hökumətimiz tərəfindən
qiymətləndirilir. 2007-ci ildə ölkə başçısı
Prezident İlham Əliyevin sərəncamı ilə o, "Azərbaycan
Respublikasının əməkdar jurnalisti" fəxri adına
layiq bilinmişdir. Buna qədər isə Təhsil
Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
və digər nüfuzlu qurumların fəxri fərmanları,
diplomları, pul mükafatları ilə əməyi
dəyərləndirilən Yusif Əliyev, eyni zamanda "Kamil
sənətkar" diplomu təqdim edilməklə, "Qızıl qələm"
mükafatının laureatı olmuşdur.
Yusif Əliyev vəfalı, sədaqətli həyat yoldaşı,
qayğıkeş ata kimi də ailəsində böyük nüfuz
sahibidir. Onun bir oğlan, iki qız övladı vardır.
Hər üçü yüksək ixtisaslı, ali təhsilli
mütəxəssisdir. Elin-obanın xeyir-şər işlərində
heç vaxt geridə qalmayan jurnalist, yurduna,
soy-kökünə bağlılığı ilə də örnəkdir.
Pedaqoji jurnalistikada öz dəst-xətti, izi olan
bu zəhmətkeş insanın 60 yaşı tamam olur. Düz
deyiblər ki, illər qanadlı quş kimi uçur.
1951-ci ilin noyabr ayının 20-də dünyaya gələn
Yusifin doğum gününü ap-aydın xatırlayıram. O
gün Qırmızıkənd kəndində hamı ata Həsənəli
kişini, ana Sayad xanımı təbrik edirdi. Uşağın
adını Yusif qoymuşdular. "Yusif peyğəmbər kimi
gözəl olsun, hörmətli, nüfuzlu olsun, tanınan,
məşhur olsun", - deyirdilər. Elin arzusu çin
olub. Yusif Əliyev 60 illik ömür zamanında
bitib-tükənməyən mənəvi sərvət qazanıb,
Azərbaycan jurnalistikasının fəxri ad daşıyan,
şöhrətli insanı kimi tanınır. Hər şeydən əvvəl,
ən gözəl keyfiyyətləri özündə cəmləşdirən
insanlıq mücəssəməsinə çevrilib. Biz onu
yubileyi münasibətilə böyük səmimiyyətlə təbrik
edir, ona yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Əjdər AĞAYEV,
Təhsil Şurasının sədri, pedaqoji
elmlər doktoru, professor,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü |
|