Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

"Mən kamançaya borclu qalmamışam"

Qüdrətli kaman ifaçısı Habil Əliyevlə söhbət

 

Deyirlər ki, musiqi insanla birgə doğulub birgə yaşayır. Fərq yalnız ondadır ki, insan qocalır, yaşa dolur, amma musiqi heç vaxt qocalmır. Bəlkə də elə buna görədir ki, musiqinin ömrünü insan nəslinin ömrünə bənzədib deyirlər ki, Yer üzərində nə qədər insan var, musiqi də olacaq.

İnsanın sevinc və kədərindən yaranan həmin musiqini istedadlı sənətkarlar daha da cilalayır, ona yeni həyat verib gələcək nəsillərə ərmağan edirlər. Azərbaycan musiqi sənəti tarixində belə sənətkarlar çox olub. Onlar qədim tarixli musiqimizin ömrünə ömür calayıb, onu həmişəyaşar ediblər.

Belə xeyirxah işdə Azərbaycanın xalq artisti, kamança ustası Habil Əliyevin misilsiz xidmətləri olub.

Habil sənəti minlərin, milyonların qəlbindən xəbər verən, sevincinə, kədərinə bələnən bir əvəzolunmaz sənətdir. Onun ifa etdiyi hər bir musiqi nömrəsi ötəri hisslərin yox, yaşanılmış hisslərin əks-sədasıdır. Belə hisslərdən doğan sənət isə uzunömürlü olur. Habil sənəti heç də birdən-birə belə yüksək zirvələri fəth etməyə qadir olmayıb. O, uzun illər çox ciddi yaradıcılıq axtarışları apararaq belə bir sənət zirvəsinə yüksəlib.

Elə bu günlər qüdrətli kaman ifaçısı Habil Əliyevlə görüşdük. O, bizi son dərəcə mehribanlıqla qarşıladı. 84 illik ömrünün sevincli, kədərli anlarının xatirələrini suallarımız əsasında bizimlə bölüşdü:

- Habil müəllim, istərdik ki, əvvəlcə oxucularımıza valideynləriniz, uşaqlıq illəriniz barədə qısaca bir məlumat verəsiniz.

- Mən 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gəlmişəm. Atam Mustafa, anam Nisəxanım kolxozda çalışıblar. Ailədə 11 nəfər olmuşuq. Dörd oğlan, beş qız. Anama "Qəhrəman ana" adı verilmişdi. Mən yeddi yaşımda ikən rayonun mərkəzindəki 3 nömrəli yeddiillik məktəbə getdim. Həmin illərdə məşhur xanəndə və musiqi müəllimi Əhməd Ağdamski bizim evdə kirayədə yaşayırdı. O, Ağdaşdakı musiqi məktəbində müəllim işləyirdi. İlk milli operamızda qadın rolunun gözəl ifaçısı olan Əhməd Ağdamski həmçinin milli musiqimizin alovlu təbliğatçısı idi. Elə buna görə də bizim evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə tarda, kamançada müəyyən hissəni, guşəni çalardılar. Kamançaçı Ağəli Ağdamskiylə daha simsar idilər. Buna görə də onlar bizim evdə tez-tez olurdular. Mən də uşaq marağı ilə onlara qulaq asardım. Elə həmin vaxtdan da mənim qəlbimə bu sənətin, necə deyərlər, közü düşdü. Anam isə qəlbimə düşmüş bu sənətə məhəbbət odunu öz ilıq nəfəsi ilə alovlandırdı.

Yaxşı yadımdadır, anamın bişirdiyi dovğa qazanının içindən çömçəni çıxarıb, silib təmizləyərək dizimin üstünə kamança kimi qoyub oxlovu da ona sürtürdüm. Bir dəfə anam bunu görüb təəccüblə dedi:

- Deyəsən axı oğlum kamança çalan olacaq...

Əhməd Ağdamski də anamın sözünə qüvvət verərək dedi:

- Nisə bacı, uşaq çalğıçı olmaq istəyir. Gəlsənə onu qoyaq bizim musiqi məktəbində oxusun...

Bu, anamın ürəyindən oldu. Nəhayət, mən Ağdaş musiqi məktəbinə qəbul oldum. Elə həmin vaxtdan da meylimi kamana saldım. Günümün çoxunu kamanla keçirirdim.

- Kamanla məşğul olmağınız əsas dərslərinizə mane olmurdu ki?

- Olurdu. Həmin vaxtdan mən dərsləri

mi zəif oxumağa başladım. Hətta bir dəfə valideyn iclasında məni o ki var danladılar... Amma iclasın sonunda konsert oldu, mənə dedilər, gəl kamança çal. Çaldım. Məni o ki var alqışladılar, təriflədilər. Bu təriflər mənim kamançaya olan həvəsimi daha da artırırdı...

- İlk müəllimlərinizi xatırlayırsınızmı?

- Elə xatırlayıram... Mənə birinci sinifdə Barikə və Saray müəllimlər dərs deyib. O qədər mehriban, qayğıkeş idilər ki, hətta dəcəllik edəndə, mənə yüngülcə şapalaq vuranda elə bilirdim ki, dünyanın ən xoşbəxtiyəm. O müəllim şapalağını özüm üçün ən böyük mükafat sanırdım.  Onu da deyim ki, Saray müəllim elə gözəl idi ki, hətta ona vurulmuşdum... Bu ilk müəllimlərim mənə valideynlərim qədər əziz idi... Necə də gözəl günlər idi o günlər... Müəllim deyiləndə ürəyim nanə yarpağı kimi əsir. Mənim bacım Rəşxəndə də sinif müəllimi olub. O, düz 44 il Ağdaşın Ləki kəndində dərs deyib. Anam deyərdi ki, ay qızım, sən daha öldün ki, bu uzaqlıqda yolu qarda, yağışda, palçıqda gedib gəlməkdən... Əşi, gəl elə bu Ağdaşın mərkəzində "zavuçdan", müdir müavinindən bir şey işlə də... Biz anamın bu sözlərinə gülərdik. Savadsız qadın idi də... Onu da qeyd edim ki, müəllim çox böyük addı. Bu adı ən yüksək vəzifəli insanlara deyirlər. Onu ucuz tutmaq olmaz...

- Habil müəllim, sizin uşaqlığınız o dəhşətli 1941-45-ci  müharibə illərinə təsadüf edib. Həmin illər ailəniz necə dolanırdı?

- Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra mən Ağdaş pedaqoji məktəbinə girdim. Müharibənin dəhşətləri getdikcə daha çox hiss edilirdi. Bizim ailəmiz də aclıq-qıtlıq keçirirdi. Onda bacım Səidənin də əri müharibəyə getmişdi. Onlar da bizim evə yığışmışdılar. Anam, Rəşxəndə, Səriyyə, Qabil, Tahir, Bəsirə çörək istəyirdilər. Ailənin dolanacaq ümidgahı mənə qalmışdı. Buna görə də mən pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar N.B.Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında işləyir, orada kamança çalırdım.

Onu da deyim ki, həmin illər qardaşım Məhəmmədiyyə də cəbhədə idi. Mən axşamlar eyvanımızda əyləşib heç nəyə məhəl qoymadan öz kamanımı işə salırdım. Bir də görürdüm ki, ərləri, oğulları, nişanlıları müharibədə həlak olmuş qonşu arvadların ah-naləsi kamanın fəryadına qoşulub. Kimisi ağı deyir, kimisi bayatı. Onda anam da ağlayıb şivən qoparırdı. Çünki qardaşım Məhəmmədiyyənin də ölüm xəbəri gəlmişdi. Çox qəribə idi. Onda mən ağlaya bilmirdim. Ancaq kaman çalırdım. Sanki dərdimi kamana deyirdim. Elə bil bütün anaların, bacıların dərdi, kədəri mənim kamançamın simlərinə hopmuşdu. Mənə elə gəlir ki, indi də kamanda o qəmli sədalar, o fəryadlar qalmaqdadır...

- Eşitdiyimə görə, siz yaxşı rəqs etməyi də bacarmısınız?

- Mən 1947-ci ildə Ağdaş Pionerlər Evində dərnək rəhbəri olmuşam. Burada rəqslə də məşğul olurduq. Hətta Bakıda keçirilən olimpiadada "Qaytağı" rəqsini ifa etdim. Mənə yaxşı ifama görə bir şalvar və bir cüt ayaqqabı verdilər.

- Bəs, Bakıya nə vaxt və necə oldu ki, gəldiniz?

- O vaxt mənim sinif yoldaşlarımın əksəriyyəti Bakıya gəlib müxtəlif institutlara qəbul olmuşdular. Onlar yay tətilində Ağdaşa gəlirdilər. Mənimlə söhbət etdilər, dedilər ki, sən niyə burada qalmısan. Dedim ki, axı mən Bakıda heç kimi, heç bir yeri tanımıram, hara gedim. Sinif yoldaşım Fikrət mənə kömək etdi. Onunla birlikdə 1952-ci ildə Bakıya gəldik. O, məni Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbi yerləşən binaya gətirdi. Həmin vaxt məktəbin müdiri Süleyman Ələsgərovun qəbuluna girdim. Dedim ki, istəyirəm bu məktəbin kamança şöbəsinə qəbul olub, burada oxuyub, təhsilimi başa çatdırdıqdan sonra gedib kəndimizdə dərs deyəm. Sözüm Süleyman müəllimin xoşuna gəldi. Məni musiqi məktəbinə qəbul etdilər. Burada görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənməyə başladım. Əsl yaradıcılıq məktəbi keçdim. Onlardan öyrənə-öyrənə əsl sənətkar kimi formalaşmağa başladım. Artıq ikinci kurs tələbəsi olanda bir musiqiçi kimi çoxlarının diqqətini cəlb etdim. İfaçılığım bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmadı. O, potensial imkanlarımı nəzərə alıb mənə filarmoniyada işləməyi məsləhət gördü. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov mənim ifamda bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə də mən 1953-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşahidəçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başladım.

- İlk konsertiniz nə vaxt olub?

- Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi  sənətkarların konsertlərində müşayiətçi ola-ola, onların ölməz irsindən bəhrələnə-bəhrələnə daha səylə çalışdım. Saatlarla məşqlər etməkdən usanmadım. Özümə inamım artdıqca, yeni xallar da çoxaldı, cilalandı.

Nəhayət, 1961-ci ildə televiziyada mənim ilk konsertim oldu. Yeni ifaçılıq texnikası ilə çaldığım "Segah" musiqiçilər arasında söz-söhbətə səbəb oldu.

Səhərisi gün görkəmli sənətkarlar Xan Şuşinski və Zülfü Adıgözəlov məni ürəkdən təbrik etdilər, dəyərli məsləhətlərini verdilər.

Bu müvəffəqiyyətimdən ruhlanaraq yaradıcılıq axtarışlarımı daha da artırmağa başladım. Bir çox muğamlarımıza kamançada yeni həyat verdim. "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Zabul" muğamlarının kamança həyatı başlandı.

Beləliklə, mən altmışıncı illərin əvvəllərində mahir kamança ifaçısı kimi formalaşaraq el arasında yeni şöhrət tapdım, hamının məhəbbətini qazandım. Bax, elə o vaxtdan da erməni kamança çalan Nefton Qriqoryanın bəxti bağlandı. Ona görə ki, mən əsl Azərbaycan mahnısı ifa edirdim...

- İndiyə kimi hansı xarici ölkələrdə qastrol səfərlərində olmusunuz?

- Mən dünyanın 40-dan çox ölkəsində, o cümlədən Türkiyədə, Amerikada, Almaniyada, İngiltərədə, Fransada, Hindistanda, Pakistanda, İranda, Misirdə, İsveçdə, Hollandiyada, Tunisdə, Yaponiyada, Suriyada, Mozambikdə və b. ölkələrdə qastrol səfərlərində olaraq Azərbaycan musiqisini onlara tanıtmışam.

- Tələbəniz olubmu?

- Əgər olsaydı, onlara zülm edərdim. Çünki bir musiqini bu gün bir cür, sabah isə başqa cür çalırdım. Bir gündə 10-12  saat məşğul olurdumsa, yenə də azdır, - deyirdim. Mənim tələbələrim olmayıb, amma mənim lent yazılarıma baxıb mənim kimi çalırlar. Kimsə deyib ki, əsl müəllim odur ki, o dərs demədən tələbələri olsun. Mənimki bu deyimə bənzəyir...

- Habil müəllim, sənətsevərlər sizi həm də yaradıcı bir sənətkar kimi tanıyır. Bəstələdiyiniz mahnılar hansılardır?

- İndiyə kimi 15-dən çox mahnı bəstələmişəm. Sənətsevərlər məni "Layla", "Vəfa", "Şəhla gözlüm",  "İlk məhəbbət", "Ürəkdir sevən səni", "Güləsən gərək" mahnılarının müəllifi kimi tanıyırlar. Bu gün də bu mahnıları başqa kamança çalanlar böyük həvəslə ifa edirlər.

Eyni zamanda mənim ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt disklərim də buraxılıb.

- Siz istedadlı bir kaman ustası kimi həmişə pərəstişkarlarınız tərəfindən sevilib alqışlanan və qiymətləndirilən sənətkarlardansınız. Bəs, dövlət tərəfindən necə qiymətləndirilmisiniz?

- Mənim sənətdə göstərdiyim xidmətlər "əməkdar artist", Azərbaycanın "xalq artisti" kimi fəxri adlara layiq görülüb. Ulu öndər Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə, Prezident İlham Əliyev tərəfindən "İstiqlal" ordeninə  layiq görülməyim, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mənə göstərdiyi qayğı, respublika Prezidentinin Fərdi təqaüdünün və dördotaqlı mənzilin verilməsi mənə verilən yüksək qiymətdir.

Ümummilli lider Heydər Əliyevlə olan görüşümü isə heç zaman unutmuram. Mənə ordeni təqdim edəndə söz istədim, dedi ki, Habil, sən sözünü kamançanla demisən. Buna baxmayaraq mənə söz verdi, minnətdarlıq elədim. Ümummilli liderin mənim haqqımda, sənətim haqqında dediyi sözləri olduğu kimi yazıb saxlamışam: "Bizim xalqımız kamançanı həmişə yüksək qiymətləndiribdir. Ulu babalarımızdan qalan musiqi alətimiz tar və kamançadır. Başqa sənətlərə çox adamlar gedə bilərlər. Hər adam mühəndis də, həkim də, müəllim də, tacir də ola bilər, amma tar, kamança çala bilməz. Hər adam kamança çala bilər, ancaq sənin kimi çala bilməz. Ona görə də sən bu sənəti seçməyinlə fəxr edə bilərsən. Biz də sənin kimi kamança çalan Habillə fəxr edirik".

Eyni zamanda mənə dövlət tərəfindən döş nişanları, fəxri fərmanlar da verilib. Haqqımda müxtəlif şairlərimiz onlarca şeir yazıblar, rəssamlarımız tablolar çəkiblər, heykəltaraşlarımız büstlər işləyiblər, xalçaçılarımız üzərində mənim portretim olan xalçalar toxuyublar, haqqımda kitablar yazıblar. Bütün bunlara görə mən Prezidentimizə də, xalqımıza da sonsuz minnətdarlığımı bildirirəm...

- Şagirdlərlə, tələbələrlə görüşlərinizi necə xatırlayırsınız?

- Çox görüşlərim olub. Bir görüşümü isə həmişə xatırlayıram: Bakıdakı teatrlardan birinin binasında Tibb Universitetinin professor və müəllim heyəti, tələbələri ilə görüşüm keçirilirdi. Əvvəlcə mənim yaradıcılığım barədə məruzə oldu, neçə adam söz dedi. Sonra keçdilər sual-cavaba. Salonda əyləşmiş tələbələr bir-bir yerlərindən durub suallarını verirdilər. Mən də elə səhnədəcə mikrofonla onlara cavab verirdim.

Orta cərgədə bir tələbə ayağa durub, amiranə bir şəkildə soruşdu:

- Yoldaş Əliyev, axı necə oldu ki, kamança çaldınız? Necə oldu ki, kamança alətini seçdiniz? Cavab verə bilərsinizmi?

Bunu deyib əyləşdi. Mən də bir müttəhim görkəmi aldım, büzüşüb məzlumlaşdım. Fağır, yazıq bir səslə dedim:

- Vallah, uşaq olmuşam, qanmamışam...

- Habil müəllim, övladlarınızdan, nəvələrinizdən sizin sənəti davam etdirmək istəyən olubmu?

- Əvvəla deyim ki, mən 1954-cü ildə sizin gördüyünüz bu bizim evə "müdir" təyin etdiyim Şərqiyyə xanımla ailə həyatı qurmuşuq. Üç qızımız və bir oğlumuz var. Qızlarım - Kəmalə, Vəfa, Rəna həkim, oğlum Rəvan isə hüquqşünasdır. Övladlarımın hamısı ailə həyatı qurub. İndi mənim 9 nəvəm, 2 nəticəm var. Oğlum musiqi sənətinə gəlmişdi. Amma mən onu bu yoldan çəkindirdim... Bu yaxınlarda öz hüquqşünas ixtisası üzrə işləyəcək...

-  Ən sevincli anınız nə vaxt olub?

- Övladlarım dünyaya gələndə.

- Kiməsə borcunuz varmı?

- Var. Bu dünyada yeganə borclu  olduğum bir insan varsa, o da anamdır. Ananın borcunu heç kəs qaytara bilmədiyi kimi, mən də qaytara bilməmişəm.

-  Kamança sizi ucaldıb, yoxsa siz kamançanı?

- Mən kamançaya borclu qalmamışam...

- Sənətdə hansısa bir arzunuz olubmu?

- Arzularım çox olub. Mən çox istəmişəm ki, dünya musiqi sənətini öyrənim. Buna isə ömür çatmaz... Bir arzum da odur ki, mən heç bir ehtiyac içində yaşamadığım kimi, xalqım da heç bir ehtiyac içində yaşamasın. Qarabağımız o murdar erməni tapdağından azad olsun!

- Sizi heç aldadan olubmu?

- Mən sadəlövh adamam, özüm yalan danışmadığıma görə məni aldatmaq çox asandır. Onu deyim ki, məni ən siftə elə aldadan arvadım olub. Ona görə ki, onu mən almasaydım, heç bəlkə onu alan olmayacaqdı.... (özü də bu sözünə bizimlə birlikdə ürəkdən gülür).

- Təkcə istedadla, Allah vergisi ilə məşhurlaşmaq olarmı?

- Əgər zəhmət çəkməsən, gecə-gündüz çalışıb bu istedadı inkişaf etdirməsən, heç nə mümkün deyil.

- Siz xarici ölkələrdə çox olmusunuz, həmin ölkələrdə sizin simanızda musiqimizi necə qiymətləndiriblər?

- İtaliyaya dünya musiqisinin beşiyi deyirlər. Mən orada qastrol səfərində olanda, konsertdən sonra musiqi biliciləri mənim yanıma gəlib kamançanı alıb təəccüblə baxırdılar. Deyirdilər ki, axı necə olub ki, bu musiqi aləti İtaliyada olmayıb. Bu alət gərək bizdə olaydı... Mənə orada qalıb işləmək təklif etdilər, qalmadım. İranda da mənə qalıb işləmək təklif etdilər... O ölkələr nə qədər zəngin olsa da, Azərbaycanı, bu doğma vətənimi heç nəyə dəyişmərəm... Bütün bunları görəndən sonra fikirləşmişəm ki, kamança mənim üçün dünyanın ən qiymətli musiqi alətidir. Bax, kamançanın sayəsində, bu sənətin sayəsində mən hər şeyə, ən uca zirvələr fəth etməyə nail oldum...

- Bir ustad sənətkar kimi, bugünkü gənc musiqiçilərə nə arzu edərdiniz?

- Arzum budur ki, gənclərimiz öz sahəsinin yaxşı bilicisi olsun...

- Habil müəllim, sizin məsələ çevirilmiş  satira-yumorlu ifadələriniz dildən-dilə gəzir. Həmin lətifələrdən bir neçəsini də bizim oxucularımız üçün danışmanızı xahiş edirik.

- Məsləhətdisə, danışım da...

Ömrünün son aylarında Xan Şuşinski filarmoniyaya gəlmişdi. Dəstələşib söhbətləşirdik. Ətrafda adamlar dolu, çoxu da cavanlar idi. Xan Şuşinski sağa-sola baxıb, qəlyana astaca qullab vurub, başını tərpədə-tərpədə üzünü mənə tutub dedi:

- Ay Habil, filarmoniyaya nə çox oxuyan yığılıb?

 Mən də elə o dəqiqə dedim:

- Xan əmi, bunlar rayonlardan gələnlərdir. İnstituta girə bilməyiblər, əlacları kəsilib, boş qalmamaq üçün filarmoniyaya "giriblər".

***

Bir dəfə evimizə zəng oldu. Dəstəyi qaldırdım. Xəttin o başındakı adam mənimlə təcili görüşmək istədiyini bildirdi. Bir azdan evə gələn tələbə onun atası ilə tanış olduğumu dedi və əlavə etdi ki, universitetin riyaziyyat fakültəsində oxuyur, imtahandan kəsiri var, ona qiymət yazdırmaq lazımdır.

Mən də soruşdum:

- Bala, de görüm, sənin kamança müəllimin kimdir...

***

Biz Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyanda tələbə yoldaşım Qulu Əsgərov dirijorluqdan dərs deyən İsrafilzadənin dərsinə girməzdi. Bir dəfə İsrafilzadə onu dəhlizdə yaxalayıb dedi:

- Qulu, sən mənim dərsimə bir dəfə də girməmisən,  imtahanda sənə qiymət yazmayacam.

Qulu Əsgərov onunla razılaşdı:

- Haqlısınız müəllim, gərək bir dəfə sizin dərsə girəm.

***

On iki, on üç yaşım olardı, Ağdaşda İrandan gəlmə bir Saab adlı  qadın vardı. Tez-tez ərə gedib ayrılırdı. Hər dəfə onun toyunu mənim kiçik musiqiçi dəstəm edirdi. Toyda bir özü olardı, bir ərə getdiyi kişi, bir də qohum-qonşu uşaqları. Hər toyda onun təzə ərə getdiyi kişi bizə 7-8 manat pul verərdi. Yeddinci toyda bizə cəmi 3 manat pul verdilər. Saab bizim üzümüzü turşutduğumuzu görəndə mənə dedi:

- Habil, ürəyini sıxma, gələn dəfə ərə gedəndə, toyumda kişimə deyəcəyəm sizə çox pul versin.

***

Mən İranda olanda məclislərin birində qarşımda əyləşmiş kişidən soruşdum:

- Qardaş, təvəllüdün neçədir?

- Ağayi Habil, hüzurunuzda ərz edim ki, 1421-ci ildə Təbrizdə doğulmuşam.

Mən də təəccüb içində kişinin üzünə baxaraq dedim:

- Vallah, yaxşı qalmısan.

***

Görkəmli sənətkar Əlibaba Məmmədov, mən və Lütfiyar İmanov "Space" telekanalında xalq sənətimizin incisi sayılan muğama həsr olunmuş verilişdə çıxış edirdik. Mən söhbətin bir yerində üzümü tamaşaçılara tutub dedim:

- İndiki oxuyanlarımıza baxanda yazığım gəlir. Get-gedə tamam lütləşirlər. Vallah, qorxuram ki, bunlara soyuq dəyə...

***

Günlərin birində səhərin gözü açılmamış qapımın zəngi aramsız çaldı. Qapıda orta yaşlı bir dilənçi qadını görüb dedim:

- İmkan verin, səhərin gözü açılsın də.

Dilənçi qadın kefini pozmadan, bir az da ədalı tərzdə mənə "notasını" verdi:

- Bu qədər yatmaq olar?! Vaxtında durun da!!!

Lətifələri dinləyib Habil müəllimə uzun ömür arzulayıb, - Musiqidən doymayan ürəyin var olsun! - deyib ondan ayrıldıq.

 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov