Mehdiyeva
Sevinc İlham qızı 1994-cü il noyabrın 20-də
Bakıda ziyalı ailəsində anadan olub. O, Bakıdakı
64 nömrəli orta məktəbin XI sinif şagirdidir.
İdmana olan sevgisi uşaqlıq illərindən yaranıb.
Dediyinə görə, daha çox Van Damm, Brüs Linin və
digər kino ulduzlarının filmlərinə baxdıqdan
sonra idmanı daha çox sevməyə başlayıb. Sevinc
Azərbaycan dili, ədəbiyyat və tarix fənlərini
daha çox sevir. O deyir ki, "Hər bir kəs öz
xalqının tarixini və ədəbi irsini dərindən
bilməli, ona hörmətlə yanaşmalıdır. Hansı sənəti
sevib seçsən də mütləq Vətəninin tarixini,
xalqının mədəniyyətini öyrənməyə borclusan". 16
yaşlı Sevincin uğurları az deyil. Dərslərinə
həvəslə yanaşsa da, hələ kiçik yaşlarından bu
çevik və cəsur qızın arzuları ən çox idmanla
bağlı olub. Özünü ən güclü idmançı kimi görmək
istəyib. O, 5 yaşından başlayaraq Əhmədli
qəsəbəsindəki "Ruslan" idman sağlamlıq
mərkəzində idmanın karate növü ilə məşğul olub.
Sevinc Mehdiyeva özü haqqında bunları əlavə
etdi:
-İlk növbədə, idmanın yüksək inkişafına və bu
sahəyə göstərilən böyük diqqət və qayğıya görə
ölkə başçısı cənab İlham Əliyevə bütün
idmançılar və idmansevərlər adından öz
minnətdarlığımı bildirirəm. İdmanı sevən bir
gənc kimi onu deyə bilərəm ki, ölkəmiz
müstəqillik əldə etdikdən sonra bütün sahələrdə
olduğu kimi, idmanda da böyük uğurlara imza atdı.
Sevindirici haldır ki, bu gün dövlətimiz
tərəfindən biz idmançılar üçün hər cür şərait
yaradılıb. Respublikamızın bütün regionlarında
müasir standartlara cavab verən idman
kompleksləri, idman məktəbləri yaradılıb.
Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm
zəmin əsasında qurulur. Gənclərin asudə
vaxtlarını maraqlı və səmərəli keçirmələri, pis
vərdişlərdən uzaq olmaları üçün bu olduqca
vacibdir. Uğurlarım haqqında onu deyə bilərəm ki,
ilk dəfə "Ruslan" idman sağlamlıq mərkəzində
məşğul olsam da, sonra "Yüksək fərasət" idman
klubunda məşqlərimi davam etdirdim. Karate ilə
beş yaşından məşğul olmağa başlamışam. İdmanda
ciddi olmaq lazımdır. Müəllimlərin
tapşırıqlarına əməl edir və məşqlərə ciddi
yanaşırıq. Bütün uğurlarıma görə müəllimlərimə
minnətdaram. Xüsusən də məşqçi müəllimlərim
Vüqar Kərimov və Vüqar Məcidova təşəkkürümü
bildirirəm. Hər bir işdə ağıl və səbr ilə
hərəkət etmək lazımdır. Müəllimsiz sənin heç bir
uğurun ola bilməz. Yaxşı perspektivli bir
idmançı olmaq, böyük uğurlar qazanmaq üçün
zəhmət çəkmək lazımdır. Bir şeyi qeyd etmək
istərdim ki, beynəlxalq turnirlərdə iştirak
etmək üçün biz idmançılara maddi və mənəvi kömək
göstərən Karate Federasiyasının prezidenti
Yaşar Bəşirova, federasiyanın bütün
əməkdaşlarına təşəkkürümü bildirirəm.
Bu
çalışqanlığın və fitri istedadın sayəsində
Sevinc idmanda artıq kifayət qədər uğurlar
qazanmış, qələbələr əldə etmişdir. O, respublika
və beynəlxalq yarışlarda bir sıra yüksək
mükafatlara layiq görülmüşdür. İndiyədək
iştirakçısı olduğu yarışlarda Sevinc, ümumən, 14
qızıl, 6 gümüş, 10 bürünc medal qazanmışdır. O,
2003-cü ildə Azərbaycan Karate -do
Federasiyaları Assosiasiyasının keçirdiyi uşaq
və yeniyetmələrin respublika birinciliyində
qızlar arasında 10-11 yaş qrupunda ən yaxşı
nəticə göstərərək birinci yeri tutmuşdur. Bu,
Sevincin ilk çempionluğu idi. 2008-ci ildə isə
S.Mehdiyeva 14-15 yaşlılar arasında üçüncü yeri
tutmuş, 2009-cu ildə yeniyetmə və gənclər
arasında respublika çempionatında gümüş medala
layiq görülmüşdür. 2009-cu ilin mayında
Yaponiyanın məşhur karate ustası Hizokazu
Kanazava Bakıda gənc karateçilərə ustad dərsi
keçərkən Sevincin məşqlərini bəyənərək ona "Qara
kəmər" təqdim etmişdir. O, "Bakı Open"
yarışmasında 16-17 yaşlı qızlar arasında bütün
döyüşləri udaraq qızıl medalla təltif edilmiş,
Gürcüstanın Batumi şəhərində Qara dəniz və
Xəzərətrafı ölkələrin açıq çempionatında üçüncü
yeri tutmuşdur. 2010-cu ildə isə qadınlar
arasında keçirilən respublika çempionatında
fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq
qızıl medala layiq görülmüşdür. Onun ən böyük
uğuru 2010-cu ildə Türkiyənin İstanbul şəhərində
keçirilən 16-17 yaşlı qadınlar arasında Şotakan
karate üzrə birinci dünya çempionatında bütün
döyüşləri qələbə ilə başa vuraraq dünya çempionu
adını qazanmasıdır. Ümumiyyətlə, respublika və
beynəlxalq yarışlarda qazandığı qələbələrə görə
Sevinc qırxa yaxın diplom və fəxri fərmanla
təltif olunmuşdur. Sevinc bu ilin iyun ayında
Yunanıstanın Loutraki şəhərində keçirilən karate
üzrə dünya kuboku yarışlarında da
müvəffəqiyyətlə çıxış edərək Vətənə qələbə ilə
dönmüşdür.
Rafayıl Mehdiyev, 64 nömrəli orta məktəbin
direktoru:
-Sevinc
Mehdiyeva təhsilinə elə 64 nömrəli orta
məktəbdən başlayıb. 2006-cı ildə mən burada
direktor kimi fəaliyyətə başlayanda Sevinci adi
uşaqlardan biri kimi tanımışdım. Dərslərindən
həmişə "əla" qiymətlər alan, nizam-intizamı və
tərbiyəsi ilə müəllimlərinin hörmətini qazanan
Sevinc əsasən Azərbaycan dili, ədəbiyyat və
tarix dərslərini daha çox sevir. S. Mehdiyeva
idmanla bərabər, dərslərində də yaxşı nəticələr
qazanır. Onun şəkli məktəbin həm idman, həm də
şərəf guşəsindədir. O, həmişə dostları ilə
mülayim və tərbiyəli rəftar etməklə seçilir.
Sevinc çox vətənpərvər qızdır. O, idmanla yanaşı,
Azərbaycan tarixi ilə daha yaxından maraqlanır.
Məktəbdə keçirilən vətənpərvərlik mövzusunda
inşa yazı müsabiqələrində həmişə qabaqcıl
yerləri tutur. O, heç vaxt güclü idmançı
olduğunu büruzə vermir. Həmişə özünü sakit və
mədəni aparır. Məktəblərarası keçiriən idman
yarışlarında, "Şahin" hərbi-idman oyunlarında
Sevinc həmişə oxuduğu məktəbin adını uca edir.
Vətənimizi Sevinc kimi ləyaqətlə təmsil edən,
üçrəngli dövlət bayrağımızı beynəlxalq
turnirlərdə zirvələrə qaldıran gənclərimizlə
təkcə onların ata-anası deyil, biz hamımız fəxr
edirik.
Məşqçisi Vüqar Kərimovun sözlərinə görə, Sevinc
məşqlərə ciddi yanaşan, öz üzərində müntəzəm
çalışan, zəhmət çəkməkdən qorxmayan, işləməkdən
usanmayan perspektivli bir idmançıdır. Məşqçinin
dediklərindən: "Sevinc 5-6 yaşlarından bizim
zala gəlir. Gəldiyi ilk vaxtlardan hiss olunurdu
ki, bu uşaqda idmana böyük həvəs və sevgi var.
O, məşqlərdə verilən tapşırıqları məsuliyyətlə
yerinə yetirir, həmişə öz üzərində işləməyi çox
sevir. İlk vaxtlardan bu qızın gələcəyi barədə
rəy vermək mümkün idi. Çünki o, məşqçi
müəllimlərin hər bir hərəkətini, priyomları tez
qavrayırdı. Ailələrində müəyyən problemlərin
olması Sevincin əvvəllər məşqlərdə müntəzəm
iştirak etməsinə imkan vermirdi. Valideynləri
onun idmançı olmasını istəmirdilər. Ancaq
Sevincin bu idman növünə olan həvəsi ailəsini
razı saldı. İndi isə valideynləri Sevincin
idman uğurları ilə fəxr edirlər. S.Mehdiyeva
qısa vaxt ərzində klublar arasında keçirilən
yarışlarda birincilik əldə edərək Bakı və
Azərbaycan çempionatına vəsiqə qazanmağa nail
oldu. O, ilk dəfə 10 yaşlı qızlar arasında 8
yaşında respublika çempionu oldu. Baxmayaraq ki,
Sevincin 8 yaşı var idi, amma o bunun öhdəsindən
bacarıqla gəldi. Bundan sonra o, dəfələrlə
Azərbaycan çempionu oldu. Sevinc 2009-cu ildən
başlayaraq ölkəmizi beynəlxalq turnirlərdə
layiqli təmsil etməyə başladı, dəfələrlə dünya
və Avropa çempionatlarında II və III yerlərə
layiq görüldü. Onun ən böyük uğuru 2010-cu ildə
Türkiyənin İstanbul şəhərində keçirilən dünya
karate federasiyasının təşkil etdiyi dünya
çempionatındakı uğuru oldu. S. Mehdiyeva bu
beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil
edərək dünya çempionu oldu. O, Azərbaycan
bayrağını dünya turnirində zirvələrə qaldıraraq
bütün idmansevərləri və xalqımızı sevindirdi.
Komanda yarışlarında da çempion olaraq iki qızıl
medalla vətənə döndü. 2012-ci ilin fevral ayında
Sevinci Avropa çempionatı gözləyir. Mən və digər
məşqçilər ümid edirik ki, o, həmin beynəlxalq
turnirdə də öz sözünü deyərək ölkəmizi layiqli
təmsil edəcək. Sevincin uğurlarında mənimlə
bərabər baş məşqçi, dəfələrlə dünya və Avropa
çempionu olmuş Vüqar Məcidovun, yığma komandanın
məşqçiləri Şahin Xudaverdiyev və Anar
Allahverdiyevin zəhməti böyükdür. İnanırıq ki,
Sevinc bütün ümidləri doğruldacaq".
Rəşad ZİYADOV |
|