Ümummilli
liderimiz Heydər Əliyev uzaqgörənliklə demişdir:
"Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılıdır".
İndi Azərbaycanın təhsil sistemi dünya təhsil
sisteminə inteqrasiya olunduqca müasir
gənclərimizə nəyi daha çox öyrətməyin
istiqamətlərini görür və bir sıra əməli işlər
həyata keçiririk.
Qəti şəkildə deyə bilərik ki, bütün
cəmiyyətlərdə ictimai-siyasi quruluşundan asılı
olmayaraq müvəffəqiyyətli inkişafın əsasında
yüksək elmi bilik və sosial məzmunlu bacarıq
dayanır. İnsanların bilik və bacarıqlarının
səviyyəsi isə təhsil sisteminin məzmunundan və
onun dinamik şəkildə ictimai tələblərə
uyğunlaşdırılmasından asılıdır. Bu baxımdan
respublikamızın ali məktəbləri üzərinə böyük
məsuliyyət düşür.
Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər
Təşkilatının apardığı monitorinqlərin
nəticələri göstərir ki, yeni texnologiyalardan
və müasir elmi nailiyyətlərdən ardıcıl şəkildə
istifadə edən ölkələr daha sürətlə inkişaf edir.
Təbii ki, bu inkişafın əsasında nəyi öyrətməyin
anlaşılması xüsusi əhəmiyyətə malikdir.
Sevindirici haldır ki, Azərbaycanın təhsil
sistemində, o cümlədən ali təhsil
müəssisələrində təlim prosesinin
profilləşdirilməsinə, innovativ xarakterli
yanaşmaların tədrisə tətbiqinə, yeni təlim
metodlarından və texnologiyalarından istifadə
olunmasına geniş yer verilir. Bunun da
nəticəsində təhsil bazarında bilik və qabiliyyət
rəqabəti formalaşır, istehsalat sahəsində geniş
mütəxəssis seçimi imkanı yaranır. Beləliklə də
təhsilin keyfiyyət faktorları ictimai həyatın
inkişaf tempinə uyğun olaraq daim dəyişərək
yeniləşir.
Ölkəmizdə
təhsil sisteminə yeni innovasiyaların və
texnologiyaların tətbiqi prosesində Azərbaycan
Müəllimlər İnstitutunda təşkil olunan
ixtisasartırma təhsilinin xüsusi əhəmiyyəti
vardır. İnstitutumuzda 63 kateqoriya üzrə
ixtisasartırma təhsili həyata keçirilir. O
cümlədən respublikamızın ali təhsil
müəssisələrinin professor-müəllim heyəti də
Azərbaycan Müəllimlər İnstitutunda ildə iki dəfə
öz ixtisaslarını artırmaq imkanı əldə edirlər.
Onlar bir ay yarım müddətində elmi-nəzəri,
pedaqoji, psixoloji biliklərini zənginləşdirir,
ali məktəblərin tədris prosesinə tətbiq olunan
Boloniya sisteminin incəliklərini öyrənirlər.
Bir ayyarım müddətində isə hər biri öz
ixtisasına uyğun olaraq ayrı-ayrı ali
məktəblərin kafedralarında təcrübə keçir,
praktiki olaraq müəyyən yenilikləri mənimsəmək
imkanı əldə edirlər.
Hazırda institutumuzda 19 ali məktəbin 90-dan
çox müəllimi ixtisasartırma təhsilində iştirak
edir.
Ümumiyyətlə, ali məktəb müəllimləri üçün
mühazirə və seminarların təşkilinə daha böyük
məsuliyyətlə yanaşılır. Ali məktəb qruplarında
mühazirə söyləmək üçün respublikamızın tanınmış
akademikləri, professorları, görkəmli
mütəxəssisləri cəlb olunur. Mühazirəçilər
qrupunu seçərkən auditoriyanın arzu və istəkləri
nəzərə alınır. Bu məqsədlə də ali məktəb
müəllimlərinin ixtisasartırma təhsilində
həftəlik dərs cədvəllərinin tutulmasına üstünlük
verilir.
Sevindirici haldır ki, Təhsil Nazirliyinin
tabeliyində olmayan bir çox ali məktəblər də öz
müəllimlərini institutumuzun ixtisasartırma
təhsilinə göndərirlər. Azərbaycan Dövlət Tibb
Universiteti, Milli Aviasiya Akademiyası, Polis
Akademiyası və s. buna misal ola bilər.
Ali məktəb müəllimlərinin kredit siste
mini daha dərindən öyrənmələri üçün Azərbaycan
Dillər Universitetinin professoru Əfqan
Abdullayevi ildə ən azı 2 dəfə institutumuza
dəvət edirik. Azərbaycan Dövlət Pedaqoji
Universitetinin professoru, psixologiya elmləri
doktoru Qulam Əzimli, psixologiya elmləri
doktoru, professor Ramiz Əliyev, pedaqogika
elmləri doktoru Əjdər Ağayev, Sərdar Quliyev,
tarix elmləri doktoru, millət vəkili Musa
Qasımlı, millər vəkili Rasim Musabəyov, millət
vəkili Hadi Rəcəbli, hüquq elmləri doktoru,
professor Bəhram Zahidov və başqaları
ixtisasartırma təhsilinə gələn ali məktəb
müəllimləri qarşısında maraqlı mövzularla çıxış
etmişlər. İnformasiya texnologiyalarını
keçdikləri dərslərə tətbiq etməyin sirlərini
daha dərindən mənimsəmək üçün Azərbaycan Milli
Elmlər Akademiyası İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, professor Rasim
Əliquliyev rəhbərlik etdiyi müəssisədə ali
məktəb müəllimlərinə elmi-praktik məşğələlər
təşkil etmişdir.
Ali məktəb müəllimləri respublikamızın elmi
potensialının böyük bir hissəsi olduğundan
ixtisasartırmanın ayyarımlıq hissəsində onların
imkanlarından da istifadə olunur. Xüsusilə
buradakı tədqiqatçı alimlərin elmə gətirdikləri
yeniliklər ətrafında çox maraqlı diskussiyalar
təşkil edilir, müzakirələr keçirilir. Sumqayıt
Dövlət Universitetinin dosenti Şəhla Hüseynzadə,
AMİ-nin Sumqayıt filialının kafedra müdiri
Əliheydər Cəfərov, Azərbaycan Dövlət Neft
Akademiyasının dosenti Rahib Abbasov, Gəncə
Dövlət Universitetinin dosenti Sevinc Zeynalova
və başqaları seminarlar aparmış, mühazirələr
söyləmişlər.
Sentyabrın 19-dan ixtisasartırma təhsilinə
başlayan ali məktəb müəllimləri noyabrın 3-dən
artıq digər ali məktəblərdə stajkeçmə ilə məşğul
olurlar, təcrübədə olduqları ali məktəblərdə
mövcud olan yenilikləri öyrənməyə çalışırlar.
Dekabrın 19-da isə stajkeçməyə dair instituta
təqdim olunan müvafiq sənəd əsasında onlara
sertifikatlar veriləcəkdir.
Azərbaycan Müəllimlər İnstitutunda
ixtisasartırma təhsilini yüksək keyfiyyətlə
təşkil etmək üçün güclü maddi-texniki baza
yaradılmışdır. Altı il bundan qabaq instituta
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamı ilə rektor
təyin edilən professor Aqiyə Naxçıvanlı bərbad
vəziyyətdə olan institutu müasir dünya
standartları səviyyəsinə qaldıra bilmişdir. İndi
tədris prosesi müasir texnologiyalarla təchiz
olunur, innovasiya təminatı ardıcıl olaraq
gücləndirilir, tələbələr və ixtisasartırma
təhsili alanlar sürətli İnternet şəbəkəsindən
istifadə edirlər.
Şəxsən institutun rektoru, millət vəkili Aqiyə
Naxçıvanlının rəhbərliyi ilə ixtisasartırma
təhsilinin keyfiyyət artımını müasir dövrün
tələblərinə uyğun olaraq təmin etmək üçün AMİ-də
və onun filiallarında ardıcıl olaraq
monitorinqlər keçirilir, müxtəlif eksperimentlər
aparılır. Əldə olunan nəticələr təhlil olunur və
müəyyən əməli tədbirlər görülür.
Telman HAQVERDİYEV,
Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil
fakültəsinin dekanı,
fəlsəfə doktoru |