Noyabrın
17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ
rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta
məktəbin açılışında iştirak etmişdir.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, məktəbin yeni binası Heydər
Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.
Bildirildi ki, məktəbin 1930-cu ildə tikilmiş
əvvəlki binası son dövrdə tamamilə yararsız
vəziyyətə düşmüşdü. Təhsil ocağının yeni
binasının tikintisinə bu ilin aprelində
başlanılmışdır. Bunun üçün ayrılmış bir hektar
ərazidə qısa müddətdə müasir standartlara cavab
verən məktəb binası inşa olunmuşdur.
Dördmərtəbəli təhsil ocağının foyesində ulu
öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət
və qayğını əks etdirən fotoguşə yaradılmışdır.
Qeyd edildi ki, məktəbin 20 sinif otağında, iki
laboratoriyasında və müxtəlif təyinatlı digər
otaqlarda hər cür şərait yaradılmışdır. Sinif
otaqları müasir avadanlıq və ləvazimatla təmin
olunmuşdur.
Prezident İlham Əliyev sinif otaqlarında
yaradılan şəraitlə tanış oldu. Bildirildi ki,
təhsil ocağının idman zalı yüksək standartlara
cavab verir. Buradakı 200 nəfərlik akt zalında
müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür
şərait yaradılmışdır. İnformatika otağı tam
kompüterləşdirilmiş, sürətli İnternetlə təmin
olunmuşdur. Məktəbin ikinci mərtəbəsindəki
kitabxanada beş mindən artıq ədəbiyyat
toplanmışdır.
Təhsil ocağının həyətində futbol meydançası da
yaradılmış, abadlıq işləri görülmüş, yaşıllıqlar
salınmışdır.
Dövlət başçısı məktəbin açılışı münasibətilə
kollektivi təbrik etdi, uğurlar arzuladı.
AzərTAc |