Noyabrın
25-də "Avropa" otelində "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı"
çərçivəsində "2011-ci ilin yekunları və qarşıda
duran vəzifələr" mövzusunda beynəlxalq konfrans
keçirilib.
Konfrans iştirakçılarını salamlayan təhsil
naziri Misir Mərdanov ""Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)"nın icrası ilə bağlı
beşillik hesabat və qarşıda duran vəzifələr"
mövzusunda təqdimat-məruzə ilə çıxış edib.
Nazir dünyada və Azərbaycanda davamlı inkişaf
strategiyasının ən öncül istiqamətlərindən biri
kimi təhsil sahəsinə verilən önəmdən söz açıb və
bildirib ki, insan inkişafı konsepsiyasına görə,
hər bir uşağa onun fərdi qabiliyyətlərini,
potensial imkanlarını inkişaf etdirmək üçün
iqtisadi, sosial, mədəni sahələrdə əlverişli
mühit yaradılmalıdır. Ölkəmizdə təhsilin
səviyyəsinin yüksəldilməsinə, uşaqların
rifahının yaxşılaşmasına yönəlmiş 16 inkişaf və
dövlət proqramının həyata keçirilməsi barədə
məlumat verən Misir Mərdanov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən 2006-cı ildə təsdiq edilmiş "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)"nın uşaqların etibarlı
müdafiəsi baxımından mühüm əhəmiyyəti olduğunu
nəzərə çatdırıb.
Təhsil
Nazirliyinin Dövlət Proqramının həyata
keçirilməsində Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili
İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti
orqanları ilə sıx əməkdaşlıq etdiyini bildirən
nazir, həmçinin müxtəlif beynəlxalq və qeyri-hökumət
təşkilatlarının bu işə yaxından dəstək
verdiklərini söyləyib. Təhsil naziri deyib ki,
Dövlət Proqramı qəbul edilməmişdən əvvəl
Azərbaycan Respublikasının birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə
hazırlanmış "Uşaq evləri və internat
məktəblərinin İnkişaf Proqramı"na əsasən son 5
ildə ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsil aldığı 38 internat-məktəb və
uşaq evi yenidən qurulub, əsaslı təmir edilib,
ən müasir avadanlıqlarla təchiz olunub.
Ötən 5 il ərzində Dövlət Proqramının icrası ilə
bağlı həyata keçirilmiş tədbirlər, qarşıda duran
vəzifələr haqqında ətraflı məlumat verən Misir
Mərdanov illər üzrə görülmüş işləri nəzərə
çatdırıb, atılmış addımlar nəticəsində bir sıra
ümumtəhsil internat-məktəblərin ümumtəhsil
məktəblərinə çevrilməsini ciddi uğur kimi
dəyərləndirib. Dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi, onların
hüquqlarının qorunması və sosial müdafiəsinin
işlək mexanizmlərinin tətbiq edilməsi
məsələlərinə toxunan təhsil naziri Nazirlər
Kabinetinin 13 yanvar 2010-cu il tarixli
qərarına əsasən Təhsil Nazirliyinin nəzdində De-institutlaşma
və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasının
əhəmiyyətindən bəhs edib. Nazir bu qurum
yarandıqdan sonra Dövlət Proqramı çərçivəsində
uşaqların ailələrdə yaşamaq hüququnun təmin
edilməsi və onların müdafiəsi ilə bağlı həyata
keçirilən irihəcmli layihələr, pilot rayonlarda
valideyn himayəsindən məhrum olmuş uşaqların
bioloji ailələrə verilməsi, ailələrə dəstək
tədbirləri və alternativ xidmətlərin yaradılması
haqqında fikirlərini bildirib.
Dövlət uşaq müəssisələrinin transformasiyası
üzrə Baş plana əsasən, 4 günərzi qayğı və
reabilitasiya-inkişaf mərkəzinin yaradıldığını
vurğulayan nazir mərkəzlərə inkişafetdirici
təlim materialları, reabilitasiyayönümlü
avadanlıqlar və uşaqların daşınması üçün mini
avtobusların verildiyini qeyd edib. Misir
Mərdanov günərzi qayğı və reabilitasiya-inkişaf
mərkəzlərinin yaradılmasından ötən müddət
ərzində 298 uşağın dövlət uşaq müəssisələrinə
düşməsinin qarşısının alınmasını müsbət hal kimi
dəyərləndirərək bildirib ki, uşaqlar verilən
himayədar (foster) ailələrə maliyyə dəstəyinin
göstərilməsi də de-institutlaşma prosesinin
həyata keçirilməsində həlli vacib
vəzifələrdəndir.
Təhsil naziri dövlət uşaq müəssisələrində olan
uşaqların sayının artmasının qarşısını almaq
məqsədilə risk qrupundan olan uşaqlar və ailələr
arasında aparılan sistemli preventiv tədbirlərə
diqqət çəkib, Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili
İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, şəhər və rayon icra
hakimiyyətləri ilə sıx əməkdaşlıq edildiyini
söyləyib. Son 2 il ərzində Təhsil Nazirliyinin
övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş
siyahısında olan 12-17 yaş arası 13 uşağın
övladlığa verildiyini bildirən nazir 12 uşağın
övladlığa verilməsi ilə bağlı işlərə isə hazırda
məhkəmələrdə baxıldığını nəzərə çatdırıb.
Ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq
müəssisələrinə düşməsinin qarşısının alınması,
küçə həyatına məruz qalmış 38 uşağın təhsilə
cəlb edilməsi və təhlükəsizliyinin təmin
olunması məqsədilə dövlət uşaq müəssisələrinə
yerləşdirilməsi barədə məlumat verən Misir
Mərdanov 2011-2012-ci tədris ilində ölkəmizdəki
44 dövlət uşaq müəssisəsində 9776 uşağın təlim-tərbiyə
aldığını bildirib. Nazir onlardan 3750 nəfərinin
müəssisədə gecələdiyini, 6026 uşağın müəssisənin
yalnız təhsil və günərzi xidmətlərindən istifadə
etdiyini və gecəni ailəsi ilə birgə keçirdiyini
söyləyib. Son illərdə dövlət uşaq
müəssisələrində təlim-tərbiyə alan uşaqların
ilbəil azaldığını vurğulayan təhsil naziri
onların sayının 2008-ci ildə 14389, 2009-cu ildə
10055, 2010-cu ildə 9874, 2011-ci ildə isə 9776
nəfər olduğunu diqqətə çatdırıb.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
internat-məktəb və uşaq evlərindən məzun olan
uşaqlar haqqında fikirlərini bildirən Misir
Mərdanov sağlamlıq imkanları məhdud uşaqların
bütün təhsil pillələri üzrə digər uşaqlarla
birgə keyfiyyətli təhsillə (inklüziv təhsil)
təmin olunması üçün YUNİSEF-lə birgə həyata
keçirilən tədbirlərdən bəhs edib. De-institutlaşma
ilə bağlı əhalinin məlumatlandırılmasının
əhəmiyyətinə toxunan nazir mütəmadi olaraq
televiziya kanallarında təşkil olunan xüsusi
verilişləri və diskussiyaları yüksək
dəyərləndirib.
Ölkəmizdə de-institutlaşma və uşaqların
müdafiəsi sahəsində həyata keçirilən
islahatların Avropa Sosial Şəbəkəsi təşkilatı
tərəfindən yüksək qiymətləndirildiyini diqqətə
çatdıran təhsil naziri Heydər Əliyev Fondunun
dəstəyi ilə uşaqların müdafiəsi sahəsində
görülən işlər barədə hazırlanmış sənədli filmin
ingilis dilində səsləndirilən versiyasının
təbliğat məqsədilə bu qurumun saytında
yerləşdirildiyini bildirib. Nazir çıxışının
sonunda uşaqların müdafiəsi sahəsində
Azərbaycanda həyata keçirilən islahatlara hər
zaman dəstək göstərən YUNİSEF-ə və digər müvafiq
qurumlara təşəkkürünü bildirib.
Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı
nümayəndəsi Mark Herevard, Şimali Kipr Türk
Respublikası Baş nazirinin xanımı Gülin Küçük,
millət vəkili Qənirə Paşayeva, YUNİSEF-in
beynəlxalq eksperti Vesna Bosnjak, Türkiyə
Cümhuriyyəti Ankara Valiliyi İl Sosial Xidmətlər
müdiri Lale Öcal, Şimali Kipr Türk Respublikası
Əmək və Sosial Müdafiə Nazirliyinin şöbə müdiri
Aydan Başkurt, Gürcüstanın Sosial Xidmətlər
Agentliyi Övladlıq və qəyyumluq şöbəsinin baş
məsləhətçisi Lia Mamatsaşvili və başqaları
de-institusionalizasiya prosesi və uşaqlar üçün
sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini
bildirib, bu sahədə Azərbaycanda həyata
keçirilən davamlı tədbirləri yüksək
dəyərləndiriblər.
Bəşarət MƏMMƏDOV |