İstanbuldan
ləngərlə buludları dələn aerobus bizi - məni və
səfər yoldaşım, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin dosenti coğraf Oqtay Alxasovu 10
saatdan sonra Cənubi Koreyaya çatdırdı. Uzun
yoldan sonra Seulun İnçon aeroportunun çıxışında
qarabəniz, ucaboy, məhrəm baxışlı oğlanın "xoş
gəlmisiniz" deyə doğma dili bütün yorğunluğumuza
son qoydu. Tanış olduq. Şəhərə gedən yolda
maraqlı olduğumuz bəzi sualları cavablandırdı:
Dedi ki, adı Eroldur. Gəncədə doğulub. 2007-ci
ildə Azərbaycan Dillər Universitetinin İngilis-Koreya
dilləri üzrə Tərcümə fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Bir müddət həmin
universitetdə Koreya dilinin qrammatikasını
tədris edib.
2008-ci ilin sentyabrında Cənubi Koreya
Respublikasının dövlət təqaüdü ilə Koreyanın ən
aparıcı universitetlərindən birində - Yonsei
Universitetində birillik təlim proqramından
sonra 2009-cu ilin sentyabrından dünyanın 50 ən
yaxşı universitetindən biri hesab olunan Seul
Dövlət Universitetinin Beynəlxalq əlaqələr və
Siyasi elmlər fakültəsinin magistr şöbəsində
təhsil almışdır. 2011-ci ildə ABŞ-ın "Midwest
Political Science Association Conference"-MPSA-nın
illik konfransının bu təşkilatın Elmi Metodoloji
sahədə yazılan ən yaxşı elmi iş mükafatını (The
Best paper on Research Methodology) alaraq
Çikaqo Universitetinin tədqiqat təqaüdünə layiq
görülmüşdür. 2011-ci ilin sentyabrından Seul
Dövlət Universitetində Beynəlxalq əlaqələr
fakültəsinin tədqiqat mərkəzində proyekt
üzərində işləyir. Arzusu təhsilini
ABŞ-ın aparıcı müəssisələrindən birində siyasi
elmlər üzrə doktoranturada davam etdirməkdir.
Erol danışdıqca fərəh hissi keçirirdim. 26 yaşlı
bir gəncin həyat eşqi, arzularının reallaşması
üçün inadkarlığı və əzmkarlığı məni valeh edirdi.
Sevinirdim ki, Azərbaycan təhsilinin simasını
belə gənclər uzaq və inkişaf etmiş ölkələrdə
layiqincə göstərə bilir. Bəli, bu, Azərbaycan
təhsilinin uğurudur. Bu gün məhz son illərdə
ölkəmizdən kənarda - dünyanın məşhur
universitetlərində təhsil alan gənclərimizin
artımlı sayı Azərbaycan dövlətinin təhsil
siyasətinin danılmayan, danıla bilinməyən
qazancı və nəticəsidir. Bəzən uğurlarımızı,
sadəcə görmək istəməyən və repetitorluğun
ayağına yazanlar bilməlidir ki, repetitor
müəllimlər də bizim təhsilimizin
yetişdirdikləridir və bunların çoxu müstəqillik
illərində təhsil alanlardır...
Bizi Seula Şimal - Şərq Asiya Tarix Fondu dəvət
etmişdi. Fondun prezidenti cənab Conq Ceconq
bizi eynən bizim kimi qonaqpərvərliklə qarşıladı.
Ölkə barədə, səfərlə bağlı təəssüratımızı
dinlədi və Azərbaycan haqqında, onun
problemləri barədə məlumatlı olduğunu bildirdi.
Qlobusu fırladıb Xəzəri tapdı və barmağını
Bakının üzərində saxladı. Söhbətimizdə eyni dil
ailəsinə - Altay dilləri ailəsinə
mənsubluğumuzdan, hər iki dövlətin - Azərbaycan
və Koreyanın ikiyə - şimala və cənuba
bölünməsindən, Azərbaycanın Qarabağ və Koreyanın
Dokdo adaları problemlərindən, nəhayət, hər iki
dövlətin müasir inkişaf yolundan, təhsilindən
söhbət açdıq. Bizi müşayiət edən Erolun Koreya
dilində təmiz danışığı fondun prezidentinin
diqqətindən yayınmadı və o bunu xüsusi qeyd
edərək Erola təşəkkürünü bildirdi.
Yeri gəlmişkən deyim ki, Dokdo adalarında
yaşayış yoxdur, iki çılpaq adadır. Bu adalar
vaxtilə Cənubi Koreya ilə birgə Yaponiyanın
idarəçiliyində olmuşdur. İndi Cənubi Koreyanın
nəzarətində olsa da, müəyyən problemləri var.
Bununla belə, bu adalara sahibliyi öyrənən
ayrıca Dokdo İnstitutu fəaliyyət göstərir.
Dokdoya mahnılar qoşulub. Xalqın canında bir
Dokdo məhəbbəti var...
Səfər müddətində Cənubi Koreyanın Təhsil və Elm
Nazirliyində Milli Kurikulum bölməsinin və
Dərslik və nəşr şöbəsinin işi ilə tanış olmaq
arzumuzu
bildirdik. Məmnuniyyətlə bizi təhsil sistemi və
dərslik hazırlığı ilə tanış etdilər. Burada
ümumtəhsil məktəbləri üçpilləlidir: I-VI
siniflər ibtidai, VII-IX siniflər orta təhsilin
birinci, X-XII siniflər isə ikinci pilləsidir.
IX sinfə qədər icbaridir və dövlət icbari
təhsilə aid olan I-IX sinif dərsliklərini pulsuz
verir. X - XII sinif dərslikləri isə pulludur.
Dərsliklərin yaranması qaydaları və 80 ballıq
qiymətləndirmə sistemi var. Qiymətləndirməni
nazirlik aparır.
Qeyd edim ki, xırda özəllikləri istisna olmaqla
dərslik hazırlığında bizdəkindən xüsusi
fərqlənən cəhətlər, demək olar ki, yoxdur.
Cənubi Koreya xalqı çox zəhmətkeş, keçmişinə
hörmətlə yanaşan, ona heykəl qoyan, onu
heykəlləşdirən xalqdır. 100 hektar ərazidə çox
təbii yaradılmış Koreya Folklor kəndinə
ekskursiyanın xoş təsirindən vəcdə gəlməmək
olmur. Bura daim turistlərlə doludur. XVI əsrin
məktəb modelini, məişətini, həyat tərzini əks
etdirən mikromühit adamı bir an "indi"dən alıb
uzaq keçmişə aparır...
Cənubi
Koreyanın Azərbaycandakı səfirliyi bizə çox
rəngarəng proqram hazırlamışdı. Proqramda
nəzərdə tutulduğu kimi, 26 oktyabrda Seuldakı
Kyonqbok oğlan məktəbində olduq. Qeyd edim ki,
məktəbdəki sakitlik adət etdiyimiz "stereotip"lərdən
kənara çıxırdı. Bu, bəlkə də məktəbdə yuxarı
sinif şagirdlərindən və yalnız oğlanlardan
ibarət olması ilə bağlıdır. Foyedə məktəbin
kollektivi bizi gözləyirdi. Divarda Azərbaycanla
bağlı yaradılmış guşədə bayrağımız, Qız qalası,
Şirvanşahlar sarayı və digər görüntülər
asılmışdı.
X sinfin coğrafiya dərsini dinlədik. Qeyd edim
ki, bütün şagirdlər uniformada idilər. Mövzu "Dokdo
adaları" idi. Şagirdlər çox fəal idilər. Sonda
müəllimin bir sualı bizim üçün Qarabağ sualı
kimi çox düşündürücü idi: Dokdo adalarını kim
qorumalıdır? Cavab: "Biz - Koreya gəncləri".
Əlbəttə, vətənpərvərlik, vətəndaşlıq hissləri
aşılamaq müəllimdən çox asılıdır.
Şagirdlər bizə, sözün əsl mənasında, sürpriz də
hazırlamışdılar. Müəllim bir şagirdi önə çağırdı.
O, kompüterə yaxınlaşdı və az sonra lövhədə
Azərbaycan Bayrağı dalğalanırdı. Şagirdlər ayağa
qalxdı - Himnimiz səslənirdi və mən sirli bir
fərəh
içindəydim. Sonra bayrağımız, onun rəngləri,
vətənimizin sərvətləri, neft səltənəti Bakı və
onun abidələri barədə koreyalı şagirdin
dilindən olduğu üçün daha qiymətli səslənən bir
təqdimat oldu. Biz çox məmnun halda məktəbdən
ayrıldıq.
Koreyaşünaslıq Akademiyası, bu akademiyanın
zəngin kitabxanası, burada dünyanın ayrı-ayrı
ölkələrinin, o cümlədən Azərbaycanın
dərsliklərindən nümunələr, yazılı mənbələrlə
bağlı hazırlanan sərgi, beynəlxalq konfransın
təşkili - hər şey koreyalıların həssaslığından,
elmilikdən və vətənə məhəbbətdən xəbər verirdi.
Bizi müşayiət edən Şin xanım çox nəzakətli və
diqqətli idi. Çalışırdı ki, Cənubi Koreya barədə
çox məlumat alaq. Onunla indi muzey kimi
fəaliyyət göstərən keçmiş kral sarayını da
gəzdik.
İki il bundan qabaq Bakıda səfirlikdə, indi isə
Cənubi Koreyanın Xarici İşlər Nazirliyində
çalışan dostum Si Hon Pakla görüşümüz, onun
Azərbaycan haqqında nostalji təəssüratlarını
dinləmək də çox xoş idi. Seulda qaldığımız bir
həftə müddətində bir an da bizi diqqətdən
kənarda qoymadı, ta İstanbula uçacaq təyyarəyə
minənədək. İstanbul isə Vətənə açılan qapıdır.
Cənubi Koreyanın Bakıdakı səfirliyinə, onun
bütün əməkdaşlarına bu maraqlı səfərə görə dərin
təşəkkürümüzü bildirməklə "Yenə də Vətən yaxşı"...
Faiq ŞAHBAZLI,
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat
şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru, əməkdar
müəllim
Bakı - Seul - Bakı |