Bu günlərdə Naxçıvan Rəssamlar Birliyinin Bəhruz
Kəngərli adına sərgi salonunda Naxçıvan Dövlət
Universitetinin müəllimi, gənc və istedadlı
rəssam Həbibə Allahverdiyevanın fərdi sərgisi
keçirilib.
Giriş sözü ilə çıxış edən Naxçıvan Rəssamlar
Birliyinin sədri, Azərbaycan Respublikasının
əməkdar rəssamı Ülviyyə Həmzəyeva qeyd edib ki,
rəssamın sərgisinin bu salonda təşkil olunması,
əslində realist rəssamlıq məktəbinin banisi
Bəhruz Kəngərli məktəbinin davam etdirilməsi
deməkdir. O, gənc rəssamın natürmort, portret,
kompozisiya janrlarına daha çox üstünlük
verdiyini qeyd edib. Bununla belə, onun müraciət
etdiyi bütün janrlarda gözəl əsərlər yaratdığını
da vurğulayıb və gələcək yaradıcılığında rəssama
müvəffəqiyyətlər arzulayıb.
Mərasimdə Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəyli çıxış edərək
qeyd edib ki, bu gün belə bir sərginin təşkil
olunmasının 3 mühüm cəhəti var. Birincisi,
Həbibə Allahverdiyevanın sərgisinin sərgi
salonunda açılması mədəni mühitimizdə bir
hadisədir. İkincisi, bu, Naxçıvan Dövlət
Universiteti rəssamlıq məktəbinin mühüm bir
göstəricisidir. Üçüncüsü isə, bu sərgi artıq
Həbibə Allahverdiyevanın rəssamlıq məktəbinə
qoşulduğunun müjdəçisidir. Akademik gənc rəssamı
hələ tələbəlik illərindən tanıdığını və onun
sərgilərinin keçirildiyini xatırladıb.
Naxçıvan rəssamlıq məktəbində universitetin
rəssamlıq məktəbinin xüsusi yeri olduğunu qeyd
edən rektor həm də deyib ki, əgər yaradıcılıqda
fərqli deyilsənsə, kiminsə kölgəsisənsə, deməli
özünü tapmamısan. Həbibə Allahverdiyeva isə
artıq özünü tapıb.
Naxçıvan MR mədəniyyət və turizm nazirinin
müavini Məhəmməd Həsənov, Azərbaycan Rəssamlar
Birliyinin üzvü Əli Səfərli, rəssamın atası
Rəşad Allahverdiyev çıxış edərək ona
yaradıcılığında uğurlar arzulayıblar. Sonda isə
rəssam ona yaradılan şəraitə və fəaliyyətinə
verilən dəyərə görə öz minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Məmməd BABAYEV,
NDU-nun əməkdaşı |