Artıq
on üç ildir ki, Azərbaycan təhsilində köklü
islahatlar və yeniliklər həyata keçirilir. Bu
proses öz ahəngi, dinamikası və məntiqi axarı
ilə dönməz xarakter almışdır. Əminliklə deyə
bilərik ki, artıq geriyə yol yoxdur, Avropa və
dünya təhsil məkanına inteqrasiya prosesləri,
ali təhsilimizin Boloniya sisteminə sürətli
keçidi ictimai şüurumuza əhəmiyyətli dərəcədə
sirayət edib. Həm ali, həm də orta təhsil
pillələrində çalışan təhsil işçisi kimi onu deyə
bilərəm ki, dövlətimiz, ölkə rəhbərliyi,
xüsusilə də Heydər Əliyev Fondu orta təhsilimizə
böyük diqqət göstərir. Təhsil Nazirliyi icra
orqanı kimi çox gərgin əmək sərf edir.
Dərsliklərin yazılması, nəşri, bu məsələdə
alternativliyin gözlənilməsi, tədris
vəsaitlərinin tərtibi və məktəblilərə
çatdırılması, məktəblərin, xüsusən də yeni tipli
qabaqcıl orta təhsil müəssisələrinin maddi-texniki
bazasının yenidən qurulması, İKT-dən istifadənin
dünya standartları səviyyəsinə qaldırılması,
yaradıcı müəllimlərin və aparıcı orta təhsil
müəssisələrinin rəğbətləndirilməsi mexanizminin
mövcudluğu, kadrların seçilməsi və
yerləşdirlməsi tədbirləri, ümumi orta və tam
orta təhsil pillələrində qiymətləndirmə və
monitorinqin cəsarətli tətbiqi, təhsil
sisteminin inkişafı və gələcək perspektivləri
ilə bağlı strateji təhlil və planlaşdırmanın
ardıcıllıq və varislik, sadədən mürəkkəbə keçid,
elmi-metodiki tədqiqatlara və ictimai rəyə
əsaslanma və s. prinsipləri əsasında qurulması
köklü dəyişikliklərə gətirib çıxarır. Müəllim
nüfuzu bərpa olunur. Müəllim əməyi, müəllim
peşəsi (söhbət orta məktəb müəllimindən gedir)
tələb və arzu edilən peşəyə çevrilir. Gənclərin
pedaqoji işə həvəsi artır, məktəbə maraq
güclənir. Valideyn-müəllim assosiasiyaları
şəbəkəsi genişlənir, qabaqcıl məktəblərimizin
idarəçiliyində şagird parlamentlərinin, şagird
elmi cəmiyyətlərinin (kiçik akademiyaların) rolu
güclənir.
Milli Kurikulumun tətbiqi ilə gələn məzmun və
forma dəyişiklikləri, şagird biliyinin
qiymətləndirilməsi və monitorinqində yeni meyar
və formaların gəlişi, kurikulumun tələblərinə
uyğun dərsliklərin, müəllim üçün vəsaitlərin
hazırlanması, müəllimlərin attestasiyası və
ixtisasartırmasının təşkili, onların qabaqcıl
texnologiyalara yiyələnməsinə nail olunması,
şagirdlərə yaradıcılıq və təşkilatçılıq
vərdişlərinin aşılanması və s. məsələlərin
ağıllı şəkildə reallaşdırılması bütov bir
orqanizm və ya harmonik kompozisiya təşkil edən
müstəqil Azərbaycan təhsilinin kulminasiya
nöqtəsinə doğru inamlı yüksəlişi üçün gözəl
şərait yaradır. Konkret olaraq bir daha
vurğulamaq istəyirəm ki, təhsilimizin inkişafı,
xüsusən orta təhsil pilləsinin ağıllı şəkildə
idarə olunması üçün lazımi qanunvericilik bazası,
icra mexanizmləri, səriştəli təhsil işçiləri
var. Son illərdə qəbul olunmuş bir sıra qanun və
qanunvericilik aktlarının adlarını qısaca olaraq
xatırlatmaq istəyirəm. 2008-2013-cü illərdə ali
təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi,
istedadlı və qabiliyyətli uşaqlara qayğının
artırılması ilə bağlı Prezident sərəncamları,
Təhsil qanunu, Nazirlər Kabineti tərəfindən
təsdiq olunmuş orta ümumtəhsil müəssisələrinin
Nümunəvi Nizamnaməsi, təhsil nazirinin sərəncamı
ilə birbaşa nazirlik tabeliyində olan bir sıra
məktəb və liseylərdə şagirdlərin təmayül və
maraqlarının düzgün istiqamətləndirilməsi ilə
bağlı pilot layihəsinə start verilməsi, ən
nəhayət, elə bu istiqamətdə fərdi tədris planı
ilə işləmək arzusunda olan məktəb və liseylərə
fərdi tədris planının tətbiqi, fənn
müəllimlərinin, bütövlükdə məktəbin
potensialının reallaşdırılması, şagirdlərin,
onların valideynlərinin arzu və təkliflərinin
nəzərə alınması üçün şəraitin yaradılması və s.
Görülən işlər, qazanılan uğurlar fonunda bəzi
çətinliklər də nəzərdən qaçmır. Bu mənada orta
məktəblərin yuxarı siniflərindəki tədris mühiti
ilə bağlı narahatlığı xüsusi vurğulamaq istərdim.
Belə ki, yuxarı sinif şagirdləri arasında geniş
yayılmış və hətta kütləvi psixoz halına
çevrilmiş, artıq cəmiyyətdə yalançı ictimai rəy
formalaşdırmış repetitor xidməti normal tədris
prosesinə ciddi maneələr yaratmaqdadır. Ortada
qəribə bir paradoks var: hər şeyin düşünülmüş,
planlaşdırılmış şəkildə və ardıcıllıqla həyata
keçirilməsi fonunda ciddi bir xaosla, psixoloji
baryerlə üz-üzə qalmışıq. Söhbət orta təhsil
pilləsini hörümçək toru kimi cənginə almış
repetitor xidmətindən gedir. Açığını desək,
yuxarı sinif şagirdləri arasında repetitor
xidmətinin kütləvi hal almasında və yalançı
ictimai rəyin formalaşmasında obyektiv
səbəblərlə yanaşı subyektiv səbəblər də var.
Bəzi müəllimlər öz fənninin keyfiyyətli
tədrisinə görə birbaşa cavabdehlik daşımağa
borclu olduqları halda, günahı dərsliklərin
qəliz şəkildə və çətin anlaşılan dildə tərtib
edilməsində, qəbul və mərkəzləşdirilmiş test
imtahanlarına düşən tapşırıqlar arasında ciddi
uyğunsuzluğun olmasında, ildən-ilə qəbula düşən
testlərin çətinləşdirilməsində görür, şagird və
valideynləri, hətta bəzən məktəb rəhbərliyini də
buna inandırmağa müvəffəq olurlar. Halbuki
yuxarı siniflərdə dərs deyən fənn müəllimləri
üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında
hər həftə seminarlar keçirilir, məktəb və qəbul
proqramlarında, test banklarındakı
uyğunsuzluqlar, materialların adaptasiyası
problemi ciddi şəkildə təhlil edilir, fənn
müəllimlərinə konkret tövsiyələr verilir. Əgər
fənn müəllimi "bunker" müəllimi, seminar
iştirakçısı kimi bu situasiyada abituriyentlərə
lazımi tövsiyələr verib, şagirdləri
istiqamətləndirmək və dərslərini bu səpgidə
qurmaq əvəzinə, onları və onların valideynlərini
qorxuya salırsa, deməli, şagirdlərin kütləvi
şəkildə repetitorluğa cəlb olunmasının səbəbini
elə məktəbin və valideynlərin özündə axtarmaq
lazımdır. Mən zərurətdən doğan, yetirməyən və ya
müəyyən proqram üzrə təşkil olunan
repetitorluğun əleyhinə deyiləm, yuxarı sinif
şagirdlərinin gündəlik tədris materiallarından
yayınmasına, sinifdə verilən dərslərin arxa
plana keçməsinə görə narahatam.
Valideynlərə reallığı başa salmaq, məktəbin
pedaqoji kollektivinin buraxılış siniflərinin
şagirdlərini seçdikləri ixtisas fənləri və
mərkəzləşdirilmiş test imtahanları üzrə
hazırlaşdırmaq iqtidarında olduğuna onları
inandırmaq müşkülə çevrilib. Təbii ki, söhbət
tədris planında seçmə fənlərə və fakültativ
məşğələlərə ayrılmış saatlardan bacarıqla
istifadə edən məktəblərdən gedir. Bizim Məktəb-Lisey
Kompleksində universitetimizin rektorunun
təşəbbüsü, Elmi şurasının qərarı ilə həm məktəb,
həm də lisey şöbəsində oxuyan yuxarı sinif
şagirdləri üçün dərsdənkənar vaxtda hazırlıq
kurslarının təşkilini də bura əlavə etsək, orta
təhsil müəssisələrinin kütləvi repetitorluqla
mübarizə imkanlarının mövcudluğunu görmüş olarıq.
Lakin bu mübarizəni təkcə məktəbin, ölkənin
təhsil sistemində çalışan insanların gücü ilə
aparmaq mümkünsüzdür. Birincisi, burada sinif və
məktəb valideyn komitələrinin, valideyn-müəllim
assosiasiyalarının işinin düşünülmüş şəkildə
qurulması vacibdir. İkincisi, geniş
ictimaiyyətin, o cümlədən pedaqoji ictimaiyyətin,
mətbuat orqanlarının, radio və televiziyaların,
sosial şəbəkələrin davamlı olaraq bu problemi
işıqlandırmasına, xalqı kütləvi psixoza, sosial
gərginliyə sürükləyən ziyanlı repetitorluq
hərəkatının qarşısının alınmasına ciddi ehtiyac
var. Üçüncüsü, bu işin içində olan məktəb
müəllimləri, məktəbdənkənar yerlərdə, o cümlədən
öz evində "məktəb" və "sinif" təşkil edən
pedaqoq-repetitorlar orta məktəb sisteminə
vurduqları ziyanı anlamağa çalışmalı, heç olmasa,
məşğələlərini dərs vaxtı yox, dərsdənkənar
vaxtlarda təşkil etməlidirlər. Biz, məktəb
rəhbərləri, illər boyu ünsiyyətdə olduğumuz
valideynlərlə münasibətimizi korlamaq, işbaz
repetitorların sıx iş qrafiki ucbatından on
birinci sinif şagirdləri ilə gərgin və əsəbi
şəraitdə işləmək, bəzən də valideynin yerinə
yetiriləsi mümkün olmayan arzuları, "bunker"
müəllimlərinin onlara təyin etdikləri cədvəllər
səbəbindən istedadlı şagirdin məktəbdən
çıxmasına razılıq vermək zorunda qalırıq. Qoy
hörmətli valideynlər, istedadlı və qabiliyyətli
uşaqlarla işləyən səriştəli və hazırlıqlı
müəllim və mütəxəssislər məni düzgün başa
düşsünlər. Repetitorluq Sovet məktəbi dövründə
də, müstəqilliyimizin ilk onilliyində də, beş il
bundan əvvəl də var idi. Xarici ölkələrdə də
müxtəlif təhsil proqram və layihələrinə baş
vurmaq istəyən məktəbyaşlı uşaqlar repetitor
xidmətindən istifadə edirlər. Açığını deyim ki,
hələ 3-4 il bundan əvvəl bizim lisey siniflərinə
uşaq gətirən valideynlər məhz repetitorluqdan
qurtulmaq və yuxarı siniflərdə normal dərs
şəraiti, bolluca tədbirlər, yaradıcılıq mühiti
olduğu üçün buraya gəldiklərini bildirirdilər.
Ən nəhayət, qəbul imtahanlarına və sınaq
yoxlamalarına düşən test tapşırıqlarının
açarının onların əlində olması barədə şayiələr
yayıb, "bunker" qrupları yaradaraq, onbirincilər,
onların müəllim və valideynləri arasında
çaşqınlıq yaradan şəxslərin ictimai qınağa tuş
gələcəyinə inanırıq. Gizlətmək lazım deyil ki,
bəzən hətta imkansız valideynlər belə bu
şayiələrə aldanaraq, bank kreditləri, borc
hesabına bir fənn müəlliminə hər aya görə
100-300 manat ödəməyə məcbur qalırlar. İnsaf
naminə deyək ki, son vaxtlar digər repetitorlar
da bu məsələdə "bunker" əhlindən geri qalmırlar.
Məktəbdə elə bir ağır psixoloji-pedaqoji mühit
yaranıb ki, onbirinci sinif şagirdi (qabağı
alınmazsa, bu məsələ geniş diskussiyaların
predmetinə çevrilməzsə, onuncuları və
doqquzuncuları da bu aqibət gözləyir) sinif
otağında ona verilən dərsi, izah olunan tədris
materialını qulaqardına vurur, bu şeyləri ancaq
və ancaq müəllimin repetitora çevrildiyi
şəraitdə (bəzən darısqal, lap belə iyirmi-otuz
nəfərlə bir qrupda olsa belə) öyrənə biləcəyini
iddia edir. Təbliğat maşınının öz işini
bacarıqla qurması səbəbindən belə iddiaçıların
sayı günbəgün, lap həndəsi silsilə ilə artır.
Əziz və hörmətli həmkarlarım arasında mənim
fikirlərimlə razılaşmayanlar da tapılacaq. Nə
səbəbdən narahatlıq keçirdiyimi anlamayanlar da
olacaq. İlk baxışdan müəllimlərin sosial
şəraitinin yaxşılaşmasına xidmət edən
repetitorluğa qarşı çıxdığıma görə məni
qınayacaqlar. Amma söhbət kütləvi və nizamsız
hala çevrilmiş, təhsildə gedən islahatların
xeyrinə deyil, ziyanına işləyən repetitorluqdan
gedir. İnanın, bu düşüncələr çoxlarının
ürəyindən keçir, istər Təhsil Nazirliyində,
istər yerli təhsili idarəetmə orqanlarında,
istərsə də respublikamızın tanınmış lisey və
gimnaziyalarında, qabaqcıl məktəblərində, təhsil
problemləri ilə məşğul olan elmi-tədqiqat
mərkəzlərində kütləvi repetitorluq deyilən
bəlanın bizə vurduğu maddi və mənəvi ziyandan
qurtulmağın çarəsi axtarılır. Gizlətmək lazım
deyil ki, kütləvi repetitorluq problemi hətta
respublikamızda uğurla fəaliyyət göstərən və
əsasən tam təhsil pilləsini əhatə edən türk
liseylərinin, respublika əhəmiyyətli yeni tipli
orta təhsil müəssisələrinin rəhbərliyi üçün də
ciddi başağrısına çevrilmişdir.
Yuxarı sinif şagirdlərinin sistemsiz şəkildə
məşğulluğu həm də valideynin tələbi ilə onların
fiziki tərbiyə və çağırışaqədərki hazırlıq
dərslərindən yayınmasına, gündəlik dərslərə
hazırlaşma, mütaliə və yazı vərdişlərinin
korşalmasına və itirilməsinə, sonda isə pis
tələbə, pis əsgər və pis işçi kimi
formalaşmasına səbəb olur. Digər tərəfdən,
məktəbdə keçirilənlərə biganə yanaşan, gündəlik
dərsə hazırlaşma vərdişi olmayan, doqquz il
səbirsizliklə onuncu sinifdən repetitorluğa
başlamağı gözləyən abituriyet, qısa müddətdə
tədris proqramını mənimsəməklə imtahandan sonra
tez bir zamanda (bəzən elə imtahanın özünədək)
hər şeyi unudur. Onun əzbərləmə yolu ilə əldə
etdiyi biliklər heç də vərdiş və bacarıqlar
formalaşdırmağa xidmət etmir. Repetitorlar
hazırlığı aşağı siniflərdən başladığından çox
vaxt yuxarı siniflərdə keçirilən materiallar
normal şəkildə əhatə olunmur. Onsuz da repetitor
yanına gedəcək deyə, 10-11-ci siniflərdə keçilən
dərs materialına sinif otağında məhəl qoymayan
abituriyent, bazası olmadığından çox itirir və
kifayət qədər bal toplaya bilmir.
Tətbiq edilməkdə olan mərkəzləşdirilmiş test
imtahanlarının əhatə etdiyi fənləri yuxarı sinif
şagirdləri pis-yaxşı öyrənmək məcburiyyətində
qalsalar da, imtahan verilməyən fənlərə elə də
maraq göstərmirlər. Fiziki tərbiyə, gənclərin
çağırışaqədərki hazırlığı, informatika, insan və
cəmiyyət, iqtisadiyyatın əsasları və s.
şəxsiyyətyönümlü və inkişafetdirici fənlərin
yuxarı siniflərdə tədrisi vəziyyəti, şagirdlərin
və onların valideynlərinin göstərilən fənlərə
münasibəti də ciddi narahatlıq doğurur.
Mən hələ ailələrimizin büdcəsinə, məktəbin
bacarıqlı fənn müəllimlərinin imicinə,
bütövlükdə məktəbin nüfuzuna dəyən maddi və
mənəvi ziyanı demirəm. Bu vəziyyət
toylarımızdakı israfçılıq və narahatlıqla
müqayisəyə gəlir. Hamı narazıdır. Hamı da köhnə
qayda ilə durub oturur.
On minlərlə abituriyent yaşadığı rayonda və
oxuduğu məktəbdə "bunker" müəllimi tapa
bilmədiyindən təklif olunmuş qrafiklərə uyğun,
şəhərin o başından bu başına, Bakı və Abşeron
kəndlərindən şəhərin mərkəzinə axışırlar.
Uşaqların və ailələrin istirahətinə, asudə
vaxtına, insanların davranışına, həyat tərzinə
ciddi ziyan yetirilir. Bu kütləvi psixoz halı
mətbuat orqanlarını, sosial tədqiqat mərkəzləri
və institutlarını narahat etməlidir. Bu cür
ciddi və düşündürücü məsələləri televiziya
ekranlarında məqsədli və sistemli şəkildə
işıqlandırmağa ehtiyac var. Axı televiziyanın
gördüyü işi heç bir təbliğat maşını görə bilmir.
Bununla belə, kütləvi repetitorluqdan qurtulmaq,
yuxarı sinif şagirdləri arasındakı çaşqınlığı
aradan qaldırmaqdan ötrü bir sıra tədbirlərin
həyata keçirilməsini vacib sayırıq:
1. Ümumtəhsil məktəblərinin yuxarı sinifləri
üçün təhsil standartlarına və tədris planlarına
müvafiq olaraq, məktəb rəhbərləri məcburi və
seçmə fənlərə, eləcə də fakültativ məşğələlərə
ayrılmış saatları hazırkı şəraitə və tədris
situasiyasına uyğun səmərəli şəkildə istifadə
etməlidirlər.
2. Yuxarı siniflərdə şagirdlərin repetitor
xidmətinə meyilliliyi hazırkı vəziyyətdə seçmə
fənlərə və fakültativ məşğələlərə ayrılmış
saatların onların seçdikləri ixtisaslara uyğun
paylanmasını zəruri etdiyindən 10-11-ci siniflər
üçün fərqli tədris planlarının tətbiqi üçün
zəmin yaranır. Seçilən ixtisas qrupuna və
təmayülə müvafiq olaraq həm də fərqli dərsliklər
yazılması məsələsi ortaya çıxır.
3. Təhsil qanunu, orta ümumtəhsil
müəssisələrinin Nümunəvi Nizamnaməsi və digər
yeni təhsil qanunvericilik aktları təhsilin
struktur və məzmununa yeniliklər gətirdiyindən
Milli Kurikuluma keçid mərhələsində ümumi orta
və tam orta təhsil pillələrinə aid tədris
standartları, proqram və dərsliklər harmonik
şəkildə bir-birini tamamlamalı, Milli
Kurikulumun mərhələli şəkildə həyata keçirilməsi
rejimi məktəb rəhbərlərinin, fənn müəllimlərinin,
orta məktəblərin müvafiq sinifləri üçün proqram
və dərslik müəlliflərinin, təhsil
təşkilatçılarının bu prosesə yaradıcı
münasibətilə şərtlənməlidir.
Mərkəzləşdirilmiş test imtahanları və qəbul
imtahanları üçün təklif olunan test bankları
şagirdlərdə lazımi şifahi və yazılı nitq
vərdişlərinin, digər bilik və bacarıqların
formalaşmasına istiqamətlənmiş məzmun
standartları və alt-standartların tələbinə
tədricən uyğunlaşdırılmalıdır.
4. Kütləvi repetitorluğu doğuran səbəblər
araşdırılmalı, bununla bağlı ictimai rəydə
stereotipə çevrilmiş fikirləri təftiş etməli,
yuxarı siniflərdə yeniyetmələrin sosial, fiziki
və psixoloji durumuna ciddi ziyan vuran
rejimsizlik mühitinin törədəcəyi fəsadları
valideyn komitələrinin, geniş ictimaiyyətin
müzakirəsinə çıxarmağa nail olunmalıdır.
Zənn edirəm ki, göstərilən məqamların nəzərə
alınması tədris müəssisələrinin işini xeyli
yüngülləşdirə, repetitorluğun kütləvi hala
çevrilməsinə mane ola bilər.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
20 illiyini qeyd etdiyimiz bir zamanda
ürəklərimizdə qürur hissləri yaşanır,
beyinlərimizdə işıqlı fikirlər dolaşır. Moskvada
çıxan "Literaturnaya qazeta"ya verdiyim
müsahibədə (2011, 28 sentyabr) qeyd etdiyim kimi,
müstəqillik müstəqil olmaq deməkdir, yəni
davamlı və köklü təhsil islahatları nəticəsində
əldə etdiklərimizi ümummilli mənafe, dövlət
maraqları, perspektivdə qazana biləcəklərimizin
işığında qoruyub saxlamalı və inkişaf
etdirməliyik. Ölkə Prezidenti möhtərəm İlham
Əliyevin 10-11 oktyabrda respublikamızda
keçirilən Beynəlxalq Humanitar Forumdakı
nitqində səsləndiyi kimi, Azərbaycanın xüsusi
coğrafi və geosiyasi mövqeyi, sürətli inkişafı
onu dünyanın diqqət mərkəzlərindən birinə
çevirmişdir. Formalaşmaqda olan geniş və
sərhədsiz humanitar məkanın, Avrasiya mədəni-tarixi
arealının əvəzsiz həlqəsinə çevrilməkdə olan
müstəqil Azərbaycanda təhsilin istənilən
problemi müzakirə meydanlarına çıxarılmalı,
ictimai rəydə həzm edilməli və ölkənin hər bir
vətəndaşına bu və ya digər formada dəxli olan
təhsil problemlərinin qabardılmasına görə heç
kəs heç kəsi qınamamalı, əksinə, ölkəmizdə
dönməz xarakter almış təhsil islahatlarına maneə
yaradan istənilən hala adekvat münasibət
bəsləməlidir.
Telman CƏFƏROV,
filologiya elmləri doktoru,
professor, Bakı Slavyan
Universiteti Məktəb-Lisey Kompleksinin direktoru |
|