Bakıdakı
69 nömrəli körpələr evi-uşaq bağçasında 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramına həsr olunan ədəbi-bədii,
əyləncəli tədbir keçirildi. Bağçanın müdiri
Solmaz Quliyeva balaca fidanları əlamətdar
bayram münasibətilə təbrik edib onlara
cansağlığı, firavan həyat, ata-ana nəvazişi ilə
böyüməyi arzu etdi. Sonra söz şənliyin
aparıcıları Əminə və Elcana verildi. Uşaqlar
da öz növbəsində ana, vətən, torpaq, məktəb və
Yeni illə bağlı öyrəndikləri şeirləri balaca
dostlarına ərməğan etdilər. Aparıcılar
uşaqlarla birlikdə "Təzə il", "Gəl barışaq", "Bu
gün bayramdır" şeirlərini söylədilər.
"Kirpinin alması" nağılı əsasında Ayət, İlham,
Əli, Mehti, Mədinə səhnəciklər nümayiş
etdirdilər. Balaca fidanlar al-əlvan bəzədilmiş
yolkanın ətrafında əl-ələ tutub dövrə vuraraq "Şaxta
baba", "Yeni il", "Yolkamız", "Bayramınız
mübarək" mahnısını ifa etdilər. Abuzər, Asiya,
Rafiq, Dilarə, Nigar, Elvira, Elmar, İnci,
Nəcibə, Dilan, Murad, Selcan və Hüseyn isə
milli və dünya rəqslərini məharətlə ifa
etməklə iştirakçıların alqışlarını qazandılar.
Musiqi müəllimi Umcahan Qocayevanın hazırladığı
"Qar dənəcikləri", "Qış","Məzəli rəqs" və s. şən
mahnılar uşaqlarda xoş ovqat yaratdı.
Şaxta babanın və Qar qızın gəlişi alqışlarla
qarşılandı. Şaxta baba "sehrli çubuğu" ilə
yolkanı işıqlandırdı. Onlar Yeni il bayramı
münasibətilə balaca dostlarını təbrik edib
hədiyyələr verdilər. Özlərini möcüzələr aləmində
hiss edən balaca fidanlar deyib-gülməkdən,
şənlənməkdən doymurdular. Uşaqların nümayiş
etdirdikləri kompozisiyalar, mahnılar, rəqslər,
səhnəciklər, söylədikləri şeirlər, nağıllar,
tapmacalar və yanıltmaclar şənliyi daha da
rövnəqləndirdi. Uşaqlar Şaxta baba və Qar qızla
xatirə şəkli çəkdirməyi də unutmadılar.
Şənliyin sonunda sevincini uşaqlarla bölüşən,
onların bir-birindən maraqlı çıxışlarından
məmnun qalan müdir Solmaz Quliyeva tərbiyə
ocağında pərvazlanan balaca fidanlara xoş və
səmimi arzularını bildirdi. Qeyd etdi ki,
bağçada istedadlı və bacarıqlı uşaqlar çoxdur.
Onların bir çoxu riyaziyyat, rəsm, mahnı və
rəqs nominasiyaları üzrə keçirilən müsabiqələrdə
fəallıq göstərərək fəxri fərman və diplomlara
layiq görülüblər. Sevindirici haldır ki, Bakı
şəhərinin məktəbəqədər tərbiyə müəssisələri
uşaqları arasında Respublika gününə həsr olunmuş
"Balaca bülbüllər" adlı mahnı müsabiqəsində ifa
etdikləri mahnıların "Uşaq bağçalarında tərbiyə
və təlim proqramı"nın tələblərinə uyğun
seçildiyinə, ifa zamanı yüksək məharət, səhnə və
geyim mədəniyyəti nümayiş etdirdiyinə görə
bağçanın xor kollektivi III dərəcəli diplomla
təltif olunub.
Sifai SƏFƏROVA |
|