Biz
hamımız nə vaxtsa uşag olmuşuq. Uşaqlıq
dövründə ən çox nə ilə məşğul olmaq istəmişik?
Əlbəttə ki, oynamaqla! Biz hər gün müxtəlif
oyunlar fikirləşirdik, tapırdıq. Özümüz də
bilmədən bu oyunları fikirləşib tapdıqca,
oynadıqca, həm də inkişaf edirdik. Yəni biz
aləmi oynayaraq dərk edirdik və bu, bizim
xoşumuza gəlirdi.
Müasir təhsilin ən əsas prinsipi - hər uşağa
individual yanaşmaqdır. Oyun isə bu cəhətdən
müəllim üçün əvəzolunmaz köməkçidir. Oyunlar
ibtidai siniflərdə mütləqdir. Belə ki, oyun
çətini asan, darıxdırıcını isə maraqlı edir.
XX əsrin görkəmli dahilərindən biri Yoxan
Heydinq "oynayan insanı" məhz "dərk edən"
insan adlandırırdı. Doğrudan da yerində tətbiq
olunan oyun uşaqların dərketmə qabiliyyətini
artırır.
Oynayaraq uşaqlar diqqətini, yaddaşını, məntiqi
düşüncələrini genişləndirirlər. Onlar bir-birləri
ilə təmas qurur, digər uşaqların fikrini
eşitməyi öyrənirlər.
Məktəbəqədər dövrdə uşaqlar və onların
valideynləri oyunu adi bir hal kimi qəbul
edirlər. Uşaq məktəbə gedir və ondan təhsildə
nailiyyət gözləyirlər. Burada "birincilər"
həyatı təmiz vərəqdən başlayan insana
bənzəyirlər. Bu prosesi asanlaşdırmaq müəllimin
borcudur. Köməkçi kimi isə oyunlardan geniş
istifadə etmək olar.
Uşağın mövzunu dərk etməsi üçün əsas
şərtlərdən biri odur ki, dərs maraqlı və
yaddaqalan olmalıdır. O, bu prosesə qarışmaq,
iştirak etmək istəməlidir. Müəllim uşağın
gözündə təlimçi yox, yoldaş olmalıdır. Bunların
hamısını isə oyun zamanı həyata keçirmək
mümkündür. Belə halda uşaqlarda təhsilə maraq,
kollektivdə işləmək bacarığı, yoldaşlarını
eşitmək, özünə güvənmək kimi xüsusiyyətlər
formalaşır.
Lakin müəllim dərk etməlidir ki, oyun əsas yox,
köməkçi vasitədir. Oyundan yeni mövzunu başa
salanda da, təkrar edəndə də, əldə olunan
bilikləri inkişaf etdirəndə də istifadə
etmək olar.
Düzdür, oyun zamanı tez-tez səs-küy olur.
Mən bu səs-küyü çox sevirəm. Bu səs
emosiyaların qaynadığını, dərketmə dərəcəsinin
yüksəldiyini, mövzuya marağın artmağını
göstərir. Oyun dərsi darıxdırıcı bir prosesə
çevrilməyə qoymur.
Bu prinsipdən çıxış edib, mən öz dərsimi
oyunlar üzərində qururam və hər dərsdə bir və ya
bir neçə oyun həyata keçirirəm.
Məsələn, ana dili dərsində biz tez-tez "Cümlə
qur" oyununu oynayırıq. Oyunun şərti belədir:
ayrı-ayrılıqda bir neçə cümlələrin əvvəli və
davamı verilir. Cümlələrin əvvəlinə uyğun
olan davamını tapıb, cümləni qurmaq lazımdır.
Uşaqlar əvvəl səhvə yol versələr də, sonra
oyunun şərtlərinə riayət edərək daha sərbəst
cümlə qururlar.
Yazı dərsində uşaqlar "Sözü tap" oyununda
sözləri tapmalıdırlar. İlk baxışda bu oyun çox
sadədir. Verilən sözlərdə hecaların və yaxud
hərflərin yerini dəyişməklə şagirdlər sözlər
qururlar. Bu isə şagirdlər tərəfindən hərfləri
yaxşı tanımaq, böyük diqqət tələb edir.
Riyaziyyat dərsini mən ümumiyyətlə, oyunsuz
təsəvvür etmirəm. İndiki dövrdə, hər cür
texniki vasitələrin olduğu bir vaxtda, mən
elektron vəsaitlərdən geniş istifadə edərək
daha çox riyazi oyunlar tərtib edir və
keçirirəm.
İşlədiyim "Ankara məktəbi" məktəb-liseydə
maraqlı elektron dərs qurmaq üçün
müəllimlərə lazım olan hər cür texniki şərait
yaradılıb. Bu texniki imkanlardan istifadə
edərək daha çox oyun tərtib etmək olar. Hər
mövzuya uyğun bir oyun var: "Şən qatarı doldur
"(Sıra sayı), "Teremok", "Evcik" (ədədlərin
tərkibi), "Çətirlər" (toplama və çıxma
bacarıqları) və s. Bu oyunlar Microsoft Office
Power Point, Mimio Studio proqramlarında
yaradılmışdır. Əlbəttə, kompütersiz oyunlar da
var, lakin uşaqları ekrandakı hərəkətlər,
animasiya, səs effektlərı daha çox cəlb edir və
maraqlandırır.
Tədrisi yeni səviyyəyə qaldırmaq üçün yeni
texnologiyalardan istifadə edərək yeni bir dərs
modeli qurmalıyıq. Və bu prosesdə oyunun rolu
danılmazdır. İnternet resurslarından istifadə
edərək rəngarəng oyunlar vasitəsi ilə biz
müəllimlər uşaqların dərs anlayışını dəyişməli,
yeniləşdirməliyik.
Hər dəfə sabah üçün dərs hazırlayanda özüm uşaq
aləminə baş çəkirəm və bu, məni daha da çox
həvəsləndirir. Öz şagirdlərim üçün bir oyun
fikirləşəndə uşaqlıq dövrünü bir daha yaşayıram.
Uşaqlar məndən hər dəfə yeni bir oyun
istəyirlər. Mən də bütün bilik və bacarığımı bu
istiqamətə yönəldib, müasir texnikadan istifadə
edərək uşaqlara bilik verməkdən həzz alıram.
Sevinc MƏHƏRRƏMOVA,
"Ankara məktəbi" məktəb-liseyin ibtidai sinif
müəllimi |