Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Nümayəndə heyətinin Cənubi Koreya səfəri faydalı oldu

 

Nümayəndə heyəti Seul şəhərinin ürəyi sayılan "ARİSU" mərkəzinin işçiləri ilə Ölkəmizdə təhsilin inkişafı və yüksək ixtisaslı kadrların hazırlanması sahəsində xarici investorlar tərəfindən müxtəlif təqdirəlayiq layihələr həyata keçirilir. Bu layihələrdən biri də Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dövlət investisiyaları üzrə kadr potensialının yüksəldilməsi" çərçivəsində  həyata keçirilən layihədir. Bu layihə üzrə 22.10.2011-ci il tarixindən 06.11.2011-ci il tarixinə kimi Azərbaycan Memarlıq və İnşaat Universiteti, "Azərsu" ASC və "Azərdövlətsutəslayihə" İnstitutunun əməkdaşlarından ibarət bir heyətlə Koreya Respublikasına ezam edildik. Layihə çox geniş bir proqramı əhatə edirdi. İkihəftəlik ezamiyyət ərzində biz Cənubi Koreyanın paytaxtı Seul, Busan və Daejon şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri ilə tanış olmalı, onların təbii və çirkli su təmizləmə məntəqələrinə səfər etməli idik. Bundan başqa, proqram üzrə hidrotexniki qurğulara, SES və kanallara, eləcə də bərk tullantıların emalı obyektlərinə səfərlər nəzərdə tutulmuşdu. Bunlarla yanaşı Koreyada fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliyində, Ekologiya Nazirliyində, Seul və Busan Dövlət universitetlərində, Daejon meriyasında görüşlər keçirməli və Daejon şəhərində Seulun Konkunq Universitetində görüş zamanıhər il keçirilən  "Water Korea-2011" beynəlxalq elmi konfransda iştirak etməli idik. Bu konfransda heyət üzvlərindən Yaşar Qəhrəmanlı və Nüsrəddin Əliyev elmi məruzə ilə çıxış edəcəkdilər.

Layihənin əsas mahiyyəti səfər edəcəyimiz obyektlərdə tətbiq edilmiş yeni texnologiya və qurğularla real şəraitdə yaxından tanış olmaq, lazımi material toplamaq və bu materiallardan təhsildə, eləcə də istehsalatda kadr potensialının səviyyəsinin yüksəldilməsində istifadə etmək idi.

Səfərə çıxmazdan əvvəl universitetimizin rektoru, professor Gülçöhrə Məmmədova heyət üzvlərini qəbul edib, bu səfərin mahiyyəti, dəyəri və məsuliyyəti haqqında ətraflı məlumat verdi. O, universitetlərdə görüşlər keçirən zaman oradakı təhsil sistemi, təhsilin səviyyəsi, laboratoriyalar, orada aparılan elmi tədqiqat işləri və magistr dissertasiyaları ilə yaxından tanış olmağı, lazımi materiallar toplamağı və gələcəkdə ikitərəfli əlaqələr yaratmaq üçün ilk növbədə oxşar fakültələr arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalamağı tövsiyə etdi.

Layihənin qabaqcadan tərtib edilmiş proqramına əsasən birinci gün - 24 oktyabr 2011-ci il tarixdə ilk olaraq Seul şəhərinin Qanbuk təbii su təmizləmə mərkəzinə səfər etdik. Heyəti mərkəzin prezidenti cənab Baik Yonq Min digər rəhbər işçilərlə birlikdə qarşıladı. Çox səmimi və mehribancasına keçən qarşılanma və tanışlıqdan sonra cənab Min Qanbuk STM barədə məlumat verərək qeyd etdi ki, əhalisi 11 milyon nəfər olan Seul şəhərinə 5 belə təmizləmə mərkəzindən təmiz su verilir. Bunlardan böyüyünün məhsuldarlığı 1 milyon 200 min м3/sutka, kiçiyinin isə 400 min м3/sutkadır. Şəhər fasiləsiz olaraq içməli su ilə təmin edilir. Sutkada 4 milyon м3-dən artıq su işlədən şəhərin su itkisi cəmi 7%-dir. Şəbəkə çəkilişində istifadə olunan borular paslanmayan metaldandır və 30 il müddətinə layihələndirilib.

Həmin gün növbəti səfərimiz Paydan su anbarına oldu. Anbar Seul şəhərinin kənarında olduqca səfalı bir sahədə yerləşir. Dəmirbetondan tikilmiş bəndin uzunluğu 525 m, inşaat hündürlüyü 29 m-dir. 1977-ci ildə Fransadan gətirilmiş 4 ədəd turbin yeraltı SES-lərə aid olan binanın 11,5 m dərinliyində yerləşdirilib.  Paydan SES binasının altında 11 ədəd suyığıcı (saxlanc) mövcuddur ki, bu da şimal və cənub çaylarının səviyyəsini tənzimləmək üçündür.

Oktyabrın 25-də səfər etdiyimiz Gihinq-qu çirkli su təmizləmə məntəqəsi özünəməxsus xüsusi bir özəlliyə malikdir. Təmizləyici qurğular süni örtüklü idman meydançasına, tennis kortlarına, körpələr üçün müxtəlif əyləncə qurğularına malik olan, başdan ayağa gül - çiçək və yaşıllıqlarla əhatə olunmuş bir istirahət mərkəzinin altında yerləşdirilib.

Təmizləyici məntəqənin məhsuldarlığı 30 min м3/sutka-dır. Bu suyun 10 min м3-i təkrar istifadəyə, 20 min м3-i isə çayda suyun səviyyəsini tənzimləmək üçün çaya axıdılır.

Oktyabrın 26-da səfərimiz çox zəngin keçdi. Həmin gün maraqlı və yaddaqalan görüşlərdən biri "ARİSU" su işləri mərkəzində oldu. Bizi Seul metropoliten departamentinin prezidenti Tonq Yu Çen rəhbər heyətlə birlikdə qarşılayıb, müşavirə zalında geniş tərkibdə təqdimat mərasimi keçirdi. Tanışlıqdan sonra mərkəzin idarəetmə otağında bizə Seul şəhərinin ürəyi sayılan mərkəz haqqında məlumat verildi.

Görüşün sonunda  cənab Tonq Yu Çen tədbiq etdikləri bu  sistemin bizim üçün müəyyən əhəmiyyət kəsb edərsə, bizimlə qarşılıqlı əməkdaşlığa məmnuniyyətlə hazır olduqlarını bildirdi.

Təbii və çirkli su  təmizləyici məntəqələr, eləcə də hidrotexniki qurğular və kanallarla  tanışlıqdan sonra proqrama uyğun olaraq bir sıra rəsmi idarə,  nazirlik və təşkilatlarla da  maraqlı və yaddaqalan görüşlərimiz oldu.

İlk rəsmi görüşümüz Azərbaycanın  Koreyadakı  səfirliyində keçirildi. Səmimi tanışlıqdan sonra səfir Rövşən Cəmşidov səfirlik işçilərinin  tərkibi, fəaliyyəti və həyata keçirdikləri yaddaqalan tədbirlər  haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, Cənubi Koreyada cəmi 80 nəfər azərbaycanlı var ki, onlar da əsasən dövlət hesabına  təhsil alan  tələbələrdir.  Bunlar bir növ bu ölkədə lobbimizi təşkil edirlər.

Bu gün Azərbaycan-Koreya  dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etməkdə olduğunu deyən səfir səfərimizin, keçirdiyimiz görüşlərin vacibliyi və dəyərini xüsusi qeyd  etdi və belə  səfər və görüşlərin gələcəkdə Koreya -Azərbaycan münasibətlərində öz müsbət bəhrəsini verəcəyinə əmin olduğunu bildirdi.

Koreya  Respublikasının cənubunda yerləşən və 3,5 milyon əhaliyə malik Busan şəhərində görüşlərimiz də maraqlı və səmərəli oldu. Öncə şəhər ekologiya idarəsinin tərkibində olan və Çunquanda yerləşən sənaye çirkli sularını təmizləyən məntəqədə, sonra Busan su idarəsində olduq. İdarədə "Sehirli su" adlanan maraqlı bir muzey mərkəzi yaradılıb. Muzey mərkəzi ilə nümayəndə heyətini mərkəzin əməkdaşı Kim Su xanım tanış etdi. Muzey mərkəzdə 1910-2008-ci illəri əhatə edən su təchizatı sistemlərinin inkişafı ardıcıllıqla fotostendlər və videoçarxlar şəklində əks etdirilmişdir.

Burada bizi "Ekologiya" fakültəsinin dekan əvəzi Çpnıq Von Kim, "Ekologiya mühəndisliyi" kafedrasının müdiri Te Holi, 3 nəfər elmlər doktoru professor, 5 nəfər ixtisas dərsləri tədris edən fəlsəfə doktoru, laborantlar və bir neçə magistrdən ibarət geniş tərkibdə bir heyət qarşıladı. Tanışlıqdan sonra "Ekologiya mühəndisliyi" kafedrasının müdiri Te Holi universitetləri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, Cənubi Koreyada 20 milli və 140 özəl universitet fəaliyyət göstərir. Bu universitetlər arasında Busan Universiteti öz yüksək göstəricilərinə görə 2-ci yerdədir. Elmi məqalələrin nəşrinə görə universitet 5-ci yerdədir. Universitet bir neçə layihədə iştirak edir ki, tələbələr bu layihələrdə iştirak edərək yüksək təqaüd alırlar. Bunlardan biri də "Brain Korea -21"-dir. Universitetdə tələbələr 4 departamentdə hazırlanır. Bu departamentlərdə 230 professor- müəllim çalışır.

Tədris hazırlığına gəldikdə qeyd edək ki, tələbələr I kursda riyaziyyat, təbiət elmləri və kompüter proqramları keçirlər. II kursda ixtisasa giriş fənləri tədris edilir. III - IV kurslarda ali ixtisas fənləri keçilir. Bakalavrlar buraxılış işi, magistrlər isə magistr dissertasiyası yazıb müdafiə edirlər.

Universitetin tədris korpusları, tələbə və subay müəllim yataqxanaları, yüksək səviyyədə maddi - texniki bazaya malik olan laboratoriyaları ilə tanışlıqdan sonra ilk olaraq Busan Universiteti ilə AzMİU arasında fakültələr səviyyəsində bir razılaşma memorandumu imzalandı. Sonrakı mərhələdə isə daha yüksək səviyyədə, yəni hər iki universitetin rektorları səviyyəsində anlaşma imzalanacağı razılaşdırıldı.

Noyabrın 2-də axşam sürət qatarı ilə Daejon şəhərinə yola düşdük. 2 milyon əhalisi olan bu şəhər də öz gözəlliyi, memarlıq abidələri, heyrətamiz göydələnləri ilə heç də Seul və Busandan geri qalmırdı. Bu şəhərdə bizi "Kolon" şirkətinin vitse-prezidenti cənab Kuk müşayiət edirdi. Nəzərdə tutulmuş plana görə, bu şəhərdə "Koreya su işçiləri assosiasiyası" tərəfindən təşkil olunmuş "Water Korea-2011" beynəlxalq elmi konfransında iştirak etməli idik. Konfrans başlamazdan əvvəl ölkənin nasos - nasos avadanlıqları, su çənləri, böyük diametrli plastik borular, membran filtrlər, bərk tullantıları emal edən qurğular, təbii və çirkli suları təmizləyən kiçikhəcmli qurğular və su təchizatı - kanalizasiyaya aid digər avadanlıq və qurğular nümayiş etdirilən sərgi povilyonları ilə tanış olduq. Yüksək səviyyəli bu sərgidə "Siemens", "Samsung", "Kumsul Plastik pipe", "Koreyaseals", "Kolon" və s. kimi məşhur 158 şirkət özlərində elm və texnikanın son nailiyyətlərini əks etdirən avadanlıq və qurğularını baxışa çıxarmışdı.

"Water Korea - 2011" beynəlxalq konfransının açılışından sonra bölmələr üzrə məruzələrin dinlənilməsinə başlandı. "B-6" bölməsi üzrə ilk məruzəçi Yaşar Qəhrəmanlı oldu. O, öz məruzəsində Azərbaycan, onun tarixi, bugünki sürətli inkişafı, Azərbaycanın su ehtiyatları, tarixi abidələri, flora və faunası haqqında ətraflı məlumat verdi. Dosent Y.Qəhrəmanlı həmçinin 20 ildən çoxdur ki, erməni qəsbkarları tərəfindən işğal edilmiş Qarabağ torpaqlarından qovulmuş 1 milyon qaçqın və köçkünün başına ermənilər tərəfindən gətirilən müsibətlərdən, işğal edilmiş Qarabağ torpaqlarında erməni vandallarının tarixi abidələri, flora və faunanı necə məhv etmələrindən, su mənbələrini necə çirkləndirmələrindən ətraflı danışdı.

Natiq bu həqiqətləri şərh etdikcə konfrans iştirakçılarının simasında bir təəccüb, heyrət və bu vəhşiliyə qarşı nifrət hiss olunurdu.

İkinci məruzəçi dosent Nüsrəddin Əliyev idi. O, özünün sırf texniki  xarakterli, bilavasitə konfransın mövzusuna uyğun olan məruzəsində Azərbaycanın su təchizatı və kanalizasiya sistemləri haqqında geniş məlumat verib, bu sistemin özəllikləri, tətbiq olunmuş qurğular, onların iş prinsipi və üstünlükləri dinləyicilərin nəzərinə çatdırıldı. Məruzə dinləyicilər tərəfindən maraqla qarşılanıb, müxtəlif sual-cavablarla sona yetdi.

Bölmələr üzrə iş bitdikdən sonra bizi qəbul edən "Koreya su işçiləri assosiasiyası"nın vitse-prezidenti səfərimizdən çox məmnun qaldıqlarını, hər il Daejonda keçirilən bu elmi konfransda növbəti illərdə də Azərbaycan mütəxəssislərinin iştirak etməsini qəlbən arzuladığını bildirdi.

Daejon səfəri bitdikdən sonra noyabrın 3-də yenidən Seul şəhərinə qayıtdıq. Həmin gün Seulun Konkunq Universitetində görüşdə olduq. Heyət üzvlərini beynəlxalq məsələlər üzrə rektor müavini Kim Younqdal və professor-müəllim heyəti qarşıladı. Cənab Kim universitet, orada təhsilin səviyyəsi, aparılan elmi tədqiqat işləri, çap olunmuş ədəbiyyat və s. fəaliyyət gostəriciləri haqqında ətraflı məlumat verdi. Görüşdə iştirak edən Azərbaycanın Koreyadakı səfirliyinin ikinci katibi Vaqif Cəfərov çıxış edərək Konkunq Universiteti ilə AzMİU arasında qarşılıqlı əlaqələrin qurulmasının məqsədyönlü olmasını bildirdi. Bu haqda nümayəndə heyətinin rəhbəri Zakir Musayev də öz fikirlərini bildirdikdən sonra, ilkin mərhələdə memorandumların imzalanması üçün hər iki universitetin rektorlarına məlumat vermək qərara alındı.

Növbəti gün bərk tullantıların təkrar emalı zavoduna səfər etdik. Bu zavod müasir texnologiyalar tətbiq edilmiş, beynəlxalq standartlara cavab verən bir müəssisədir. Zavodda bir - birinə bitişik şəkildə quraşdırılmış 3 ədəd soba işləyir. Birinci sobada ictimai - iaşə obyektlərində yaranan qida tullantıları yandırılır. İkinci sobada təbii və çirkli su təmizləmə məntəqələrində yaranan çöküntülər yandırılır. III sobada isə şəhərdə yaranan çeşidlənmiş zibillər yandırılır. Çeşidləmə zamanı ayrılmış şüşələrdən xüsusi şüşə məmulatları, metaldan - metal məmulatları istehsal edilir. Plastmas və əsgi materiallardan müxtəlif oyuncaqlar istehsal edilir.

Sobalarda yaranan küldən kərpic istehsalında istifadə edilir və müəyyən hissəsi basdırılır. Belə unikal bir zavodun doğma Bakımızda da tikilməsinə ürəkdən şad olardıq.

Səfərimizin sonundakı görüş bağlantı toplantısı kimi qeyd edildi. Ambassador Doksan Novhotelinin konfrans zalında təşkil edilmiş görüşdə iştirak edən, səfərlərimizin təşkilində xüsusi əməyi və xidmətləri olan "Kolon" şirkətinin vitse-prezidenti cənab Kuk-Nyun Kyunq səfərimizin müvəffəqiyyətlə başa çatması münasibətilə bizləri təbrik etdi.

Cavab nitqində nümayəndə heyətimizin rəhbəri  Zakir Musayev qeyd etdi ki, keçirdiyimiz görüşlərdə bizə göstərilən diqqət və qayğını bilavasitə cənab Kukun şəxsiyyətinə olan hörmət kimi qiymətləndiririk. Bizim ölkələrimiz bir-birindən xeyli uzaq məsafələrdə yerləşsələr də, qəribədir ki, tarix bizə oxşar tale yazıb. Mənfur müqavilələr və hadisələrdən sonra bir millət kimi iki yerə bölünmüşük. Biz də nankor qonşu təcavüzünə məruz qalmışıq. Lakin bu dözümlü və dəyanətli xalq özünün müstəqilliyini bərpa etmişdir. Hazırda ölkəmiz öz dili, sərhədləri ilə beynəlxalq aləmdə tanınır, sürətli inkişafı ilə dünyanın qabaqda gedən ölkələri sırasındadır. Bəlkə bu bir daxili yaxınlıqdır ki, Cənubi Koreyada ucaldılmış "Bölünmüş millət" abidəsinin müəllifi görkəmli Azərbaycan heykəltaraşı Ömər Eldarovdur. Hazırda ölkəmiz çox yüksək tərəqqi yolundadır. Nə qədər yüksək inkişafda olsa da, belə istənilən böyük bir ölkənin daim hər hansı bir sahədəsə dost köməyinə ehtiyacı var. Biz də bu gün ölkəmizdə su təchizatı və kanalizasiya sahəsində mövcud olan problemləri aradan qaldırmaq üçün bir dost köməyinə ehtiyac duyuruq.

Uzun illər yaddaşlarımızdan silinməyəcək bu unudulmaz və səmərəli səfərimiz 5 noyabr 2011-ci il tarixində başa çatdı. Elə həmin gün Türk hava yollarına məxsus "Boinq" təyyarəsi ilə İstanbula, oradan da doğma Bakımıza qayıtdıq. 

Vüsalə MƏMMƏDOVA,
Nüsrəddin ƏLİYEV,
Az.MİU-nun müəllimləri

Fotolar Jalə ƏLİYEVANINDIR

Bakı-Koreya-Bakı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov