Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Fəal təlim metodları ilə işin bəhrəsi

 

Son illər təhsilimizdə uğurla həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri müəllimlər arasında canlanma yaratması, onları innovativ axtarışlara qoşması, dərslərində yeni təlim forma və üsullarının tətbiqi istiqamətində yaradıcı fəaliyyətinə təkan verməsidir.

Dərslərində fəal təlimdən, müasir interaktiv təlim metod və üsullarından səmərəli istifadə etməklə diqqətəlayiq uğurlar qazanan belə müəllimlərdən biri də 1981-ci ildən Bakıdakı 263 nömrəli məktəbdə riyaziyyat müəllimi işləyən  Məhburə Həsənovadır. O, həmkarları arasında yüksək biliyi, pedaqoji ustalığı, elmi-metodiki bacarığı ilə seçilir. İşinə yaradıcı münasibət, tədris etdiyi fənni şagirdlərə mənimsətməyin ən effektiv metodlarını düşünüb tapmaq onun pedaqoji fəaliyyətinin əsas qayəsidir.

 1996-1997-ci tədris ilində sinif rəhbəri olduğu 22 şagirdin hamısının ali məktəbə daxil olması faktı hələ o vaxt təhsilimizdə yüksək nailiyyət kimi qiymətləndirilmişdi. Onların çoxu dəqiq elmlər üzrə ixtisas seçən məzunlar idi. Qeyri-adi uğurda, sözsüz ki, Məhburə Həsənovanın zəhməti xüsusi qeyd olunurdu. Elə həmin il Məhburə müəllimin "Riyaziyyat dərslərində müstəqil işlərin təşkili" mövzusunda qabaqcıl iş təcrübəsinin rayon müəllimləri arasında yayılması və öyrənilməsi haqqında qərar qəbul olundu. Qərarda Məhburə Həsənovanın pedaqoji fəaliyyətində intensiv metodlardan hesab olunan kodlaşdırılmış kartoçkalarla təlim metoduna üstünlük verilməsi ən effektiv iş üsulu kimi qeyd olundu. Bu metod tədrisin keyfiyyət göstəricisində əhəmiyyətini hələ də qorumaqdadır.

Məhburə Həsənova tədris prosesində dərsliklərdən əlavə didaktik materiallardan da yaradıcılıqla bəhrələnir. Onun kartotekasındakı çalışmalar həm say zənginliyi, həm də məzmun genişliyi ilə diqqət çəkir. Texniki təlim vasitələrinin, tədris materialına uyğun plakat, tablo və cədvəllərin bolluğu mövzuların asan qavranılmasına kömək edir. O, şagirdlər arasında dərsin növünə, mövzunun tələbinə uyğun yarış xarakterli müstəqil işlər təşkil edir.

1970-ci ildən pedaqoji fəaliyyətdə olan Məhburə Həsənova ötən illərin şirin, unudulmaz xatirələrindən söz düşəndə Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib təyinatı üzrə doğma kəndində - Yevlax rayonu Varvara kənd orta məktəbində müəllimliyə başladığı ilk günün həyəcanını indi də unutmadığını deyir.

Ötən ilin dekabrında paytaxtın ümumtəhsil müəssisələrində keçirilən "Riyaziyyat aylığı" Məhburə müəllimin  fəal iştirakı ilə 263 nömrəli məktəbdə əsl bilik  bayramına çevrildi. O,  şagirdlərin iştirakı ilə iki sinifdə üç divar qəzeti çıxardı, riyaziyyat fənninin digər elm sahələri ilə əlaqəsinə həsr edilən müstəqil şagird işlərinin, referatların yazılmasına nail oldu. Aylığın sonunda məktəb üzrə "Riyaziyyat gecəsi"ni təşkil etdi, "Riyaziyyat və estetik tərbiyə" mövzusunda geniş məruzəsi  ilə tədbirə yekun vurdu.

Məhburə Həsənova dəfələrlə rayon təhsil şöbəsinin fəxri fərmanına, mükafatlarına layiq görülüb. İş təcrübəsi bu gün də həmkarlarına örnək göstərilir. Yetirmələrinin ölkəmizin ictimai həyatında fəal iştirakından qürur duyan Məhburə Həsənova bu gün də öz işinə yaradıcı yanaşır, təhsilin, tədrisin keyfiyyətini daha da yüksəltmək üçün innovativ axtarışlarını davam etdirir. 

Nazim ƏLİFOV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov