Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Fevral 2012 - №6

 

Beynəlxalq təhsil xəbərləri

 

İsveçdə xarici abituriyentlərin sayı artır

İsveç universitetlərində magistr proqramları üzrə təhsil almaq istəyən xarici tələbələrin sayı artır.  Son illər İsveç ali məktəbələrinin populyarlığının aşağı düşməsindən sonra ilk dəfə ölkənin təhsil sistemində ciddi tərəqqi müşahidə olunmaqdadır.  Upsala Beynəlxalq Universitetinin koordinatoru  Kay Svenssonun  sözlərinə görə, magistr proqramları üzrə təhsil almaq istəyən xarici tələbələrin sayı 20 faiz artıb. Bu rəqəm hələlik tam dəqiqləşməyib, lakin magistr proqramlarına meyil edənlərin sayının artması 80 faiz Avropa hüdudlarından kənardakı ölkələrin payına düşür. Buna səbəb isə yaxşı marketinq və cəlbetmənin yaxşı şəraitinin mövcud olmasadır. Xarici tələbələr həm də Lund Universitetinin magistr proqramlarına böyük maraq göstərirlər. Cari il ərzində bu universitetdə  magistr proqramları üzrə ərizə verənlərin sayı 20-25 faiz artıb. Bütövlükdə isə İsveçdə magistr kurslarında abituriyentlərin sayı 24 faiz artaraq 31233 nəfər təşkil edib.


Barak Obama cari təhsil planlarından danışdı

Amerika prezidenti Barak Obama Miçiqan Universiteti tələbələri qarşısında çıxışında ölkənin təhsil sisteminin möhkəmləndirilməsi üzrə cari planlardan danışıb. Tələbələrin böyük rəğbətini qazanmış çıxışında Barak Obama təhsilin əlyetərliyinin təmin olunması  üzrə başlıca vəzifələrdən bəhs edib.  Prezident bir sıra universitet və kolleclərdə təhsil haqlarının son 20 ildə 2 dəfə qaldırılmasından narazılığını ifadə edib. Onun sözlərinə görə,  keyfiyyətli təhsil milli iqtisadiyyatın bərpasının açarıdır. 

CNN agentliyinin məlumatına əsasən, prezident amerikalıların ali təhsil almaları üçün qiymətlərə nəzarət olunacağını vəd edib. Prezident qeyd edib ki, ildən-ilə təhsil qiymətlərinin artması Amerikada təhsilin ümumi vəziyyətinə neqativ təsir edir. "Biz qiymətlərin dəyişməsini izləyəcək və qiymətləri həddən çox artıran və ya bunu mütəmadi edən təhsil müəssisələrini məsuliyyətə cəlb edəcəyik. Universitetlər başa düşməlidir ki,  hər il qiymətləri artırmaq olmaz. Biz onlara yaxşılğa doğru stimul verməliyik",-deyə Barak Obama bildrib. O, tələbələrə kömək edəcəyini deyib.

Qeyd edək ki, Amerika hökuməti təhsil kreditlərinin həcmini  mütəmadi  olaraq artırmaq niyyətindədir. Bir neçə ildən sonra kreditlərin həcmi 8 milyard dollara çatacaq. Barak Obamanın təhsillə bağlı cari planlarında  təhsil kreditləri üzrə faiz dərəcələrinin qorunub saxlanması və təhsilalanlar üçün iş yerlərinin yaradılması vəzifələri də var. Prezident dövlət ali məktəbləri üzərində nəzarəti həyata keçirən ayrı-ayrı ştatların hökumətlərini təhsil sahəsinə maliyyə vəsaitlərini artırmağa çağırıb. Prezidentin təklifinə əsasən ali məktəblərə göstəriləcək federal yardımların həcmi bir neçə milyard dollar artmalıdır.

Amerikada tələbələrin təhsil və digər əsas ehtiyaclar  üzrə xərcləri orta hesabla 17500-32000 dollar arasında dəyişir. Tələbələrin əksəriyyəti iri həcmdə təhsil kreditləri götürməyə məcburdur ki, onların da qaytarılmasına on illərlə vaxt lazım gələ bilər.


Rusiyada pedaqoji ali məktəblər ləğv olunmayacaq

Rusiya Federasiyasında pedaqoji təhsil ayrıca fənn kimi qalacaq. Bu barədə Rusiyanın hökumət başçısı Vladimir Putin Tomsk Universitetinin tələbələri ilə görüşündə bildirib. "Mən əminəm ki, biz pedaqoji təhsili ayrıca istiqamət, ayrıca fənn  kimi inkişaf etdirməliyik. Bu, olduqca həssas və mürəkkəb prosesdir", - deyə V.Putin pedaqoji ali məktəblərin ləğv olunması  və onların akademik təhsil müəssisələrinə birləşdirilməsi barədə məsələyə münasibətini bildirib. O, pedaqoji təhsilin kifayət qədər spesifik sahə olduğunu deyib. "Yaxşı fizik və ya riyaziyyatçı olmaq kifayət deyil, həm də pedaqoq olmaq lazımdır, bundan ötrü psixologiyanı, pedaqogikanı bilmək lazımdır, bu ayrı ixtisasdır".

Hökumət başçısı bu məsələ barədə ölkənin təhsil naziri ilə məsləhətləşmələr apardığını və pedaqoji ali məktəblərin ləğv olunması kimi bir siyasətin gündəmdə olmadığını deyib.


Dünya universitetlərinin veb-saytlarının reytinqi

Dünya universitetlərinin yeni reytinq cədvəli (Webometrics Ranking of World Universities) açıqlanıb. Cədvəl  ali məktəblərin internet-saytlarının keyfiyyət göstəricilərinə əsaslanır. Siyahı ildə iki dəfə İspaniyanın tədqiqat qrupu olan  Cybermetrics Lab tərəfindən tərtib olunur.  İspaniyanın elmi tədqiqatlar üzrə ali şurası yanında Humanitar və İctimai Elmlər Mərkəzində (CCHS-CSIC) təmsil olunan  Cybermetrics Lab dünyanın 20372 universitetinə məxsus internet-saytları gözdən keçirib. Tərtibçilər təşkilatın saytında səhifələrin sayı,  digər resurslardan sitatgətirilmə, faylların (cədvəl, təqdimat, mətn) sayı və başqa kriteriyaları nəzərə alıblar.  Reytinqin ilk onluğuna aşağıdakı universitetlər daxildir: 1. Harvard Universiteti, 2. Massaçusets Texnologiya Universiteti, 3. Stenford Universiteti, 4. Miçiqan Universiteti, 5. Kaliforniya Berkli Universiteti, 6. Kornell Universiteti ,7. Miçiqan Ştat Universiteti, 8. Viskonsi Medison Universiteti, 9. Pittsburq Universiteti,10. Karnegi Mellon Universiteti.  İlk  20 universitet arasında Amerikadan olmayan cəmi 2 universitet yer alıb. 18-ci yerdə Kanadanın Toronto Universiteti, 20-ci yerdə isə Braziliyanın San Paulo Universiteti qərarlaşıb.


Amerika elektron dərsliklərə keçir

Amerikada 2017-ci ilə qədər bütün dərsliklər elektron dərsliklərlə əvəz olunacaq. Hazırda  ABŞ-ın Təhsil Nazirliyi və rabitə üzrə Federal Agentlik (FCC) tərəfindən çap dərslik məhsullarının elektron dərsliklərlə əvəz olunması imkanları araşdırılır.   Elektron dərsliklərin tədris prosesində istifadə olunması üçün   Kindle, iPad və bu kimi qurğuların alınması üçün hansı vəsaitlərin əldə olunması öyrənilir.

Layihənin tərəfdarları qeyd edir ki, elektron dərsliklərdən istifadə çap məhsullarından ucuz başa gələcək. Bundan əlavə, çap məhsullarında olan məlumatlar aktuallığını itirməklə daha tez köhnələ bilər.

ABŞ Təhsil Nazirliyində hesab edirlər ki, elektron dərsliklərdən istifadə  təhsil prosesini 30-80 faiz sürətləndirə bilər. 


Qazaxıstanın təhsil sistemi modernləşir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa illik müraciətində ölkənin təhsil sisteminin inkişaf etdirilməsi zəruriliyindən danışıb. Rəsmi "Kazinform" agentliyinin məlumatına görə,  prezident bəyan edib ki, Qazaxıstanın təhsil sisteminin səviyyəsini ölkədə uğurla fəaliyyət göstərən  Nazarbayev Universiteti və ya İntellektual Məktəb səviyyəsinə çatdırmaq lazımdır. N.Nazarbayev yaxın illərdə ölkədə insan kapitalının keyfiyyətinin gücləndirilməsi vacibliyini qeyd edib. Bu, ilk növbədə, təhsil sahəsi ilə bağlıdır. "Təhsil sisteminin modernləşdirilməsi gedişində biz aşağıdakı tədbirləri həyata keçirməliyik: birincisi, tədris prosesində müasir texnologiya və metodikalar tətbiq olunmalıdır. Bu gün beynəlxalq standartlar əsasında Nazarbayev Universiteti və İntellektual Məktəb uğurla inkişaf edir, qabaqcıl müəssisələr şəbəkəsi, texniki peşə təhsili  inkişaf edir. Onların təcrübəsini ölkənin bütün təhsil sisteminə yaymaq lazımdır, bütün təhsil müəssisələrinin səviyyəsi onların səviyyəsinə çatdırılmalıdır",-deyə prezident qeyd edib. Dövlət başçısı ikinci mühüm vəzifə kimi pedaqoji heyətin keyfiyyətinin artırılmasını vacib hesab edir. "Baza pedaqoji təhsilin standartları gücləndirilməlidir, ali məktəblər və ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisasının artırılmasına olan tələblər artırılmalıdır"deyən prezident əlavə edib ki, bütün regionlarda pedaqoqların ixtisasartırma mərkəzləri fəaliyyət göstərməlidir. O,  əhalini kompüter biliklərini artırmağa  və informasiya  texnologiyalarının mənimsənilməsində fəal iştirak etməyə çağırıb. 


Latviya təhsil sistemində təcili islahatlar

Latviya təhsil sistemində təcili islahatlar başlayır. Ölkənin təhsil və elm naziri Roberts Kilisə görə, onun öz sözləri ilə desək, təhsil sisteminin çökməsinə yol verməmək üçün dağılmaq mərhələsində olan  təhsildə təxirəsalınmaz islahatlar aparılması vacibdir.  Nazir qeyd edib ki, təhsildə  o qədər bərbad vəziyyət yaranıb ki, indi hər şey dağılma mərhələsindədir. İnsanları buna inandırmaq çox çətindir, çünki onlar bunu hələlik hiss etmirlər. Onun sözlərinə görə, vəziyyəti nizama salmaq üçün təcili islahatların aparılması  vacibdir. "Əgər islahatlar olmasa, təhsil sistemi sadəcə  dağılacaq", - deyə nazir jurnalistlərlə söhbətində bildirib.  Nazir orta və peşə təhsili sistemində ciddi dəyişikliklərin aparılmasının vacibliyini bildirib. Qeyd olunmalıdır ki, Latviya ağır iqtisadi böhran keçirir. Təhsil və Elm Nazirliyinin büdcəsi kifayət qədər azaldılıb, bir çox yaxşı müəllimlər xaricə yollanıb. Bu isə məktəb təhsilinin keyfiyyətinə təsir etməyə bilməz. Bundan əlavə, mütəxəssislər hesab edir ki, müəllimlərin çoxu öz vəzifələrinin öhdəsindən pis gəlirlər.   Nazirə görə məktəblərin mərkəzləşdirilmiş idarəçilik sistemi o qədər də effektli olmayıb. O əmindir ki, yerli bələdiyyələrə təhsil müəssisələrinin idarə olunmasında daha artıq səlahiyyətlər verilməlidir.


OECD təhsil sahəsində lider ölkələrin adlarını açıqlayıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) təhsil sahəsində lider ölkələrin adlarını açıqlayıb. Təşkilatın Education at a Glance 2011 adlı  hesabatında qeyd olunur ki, Kanada, İsrail, Yaponiya əhalinin təhsil səviyyəsinə görə dünyanın lider dövlətləridir. OECD-ə görə təhsil səviyyəsinə görə lider ölkə Kanadadır.  Daha təhsilli ölkələrin onluğuna Amerika, Yeni Zelandiya, Cənubi Koreya, Norveç, Böyük Britaniya, Avstraliya, Finlandiya daxildir. Birləşmiş Krallıq istisna olmaqla digər adıçəkilən ölkələr OECD-nin üzvüdürlər. Ekspertlərin məlumatlarına görə, İsraildə təhsilə ayrılan vəsaitlərin 78 faizi ictimai fondlardan gəlir. Əhalinin 45 faizi isə universitet və kollec məzunlarıdır. 

Hesabatda qeyd olunur ki, son 50 il ərzində inkişaf etmiş ölkələrin ali təhsil diplomuna malik olan əhalisinin sayı 200 faiz artıb. Daha təhsilli insanlar isə dünyanın ən zəngin, təhsilə daha çox investisiya ayrılan ölkələrdə yaşayırlar. 


Fransalı müəllim prezidentdən təzminat tələb etdi

Fransada işsiz müəllim ölkə prezidenti Nikola Sarkozinin avtomobil korteji ucbatından vakant müəllim yeri üçün elan olunmuş  müsabiqəyə çata bilməyib. "Fiqaro" qəzetinin yazdığına görə, fizika  və kimya müəllimi Nadya Lavuanya müsabiqənin keçirildiyi yerə vaxtında çata bilmədiyinə görə prezidentin kortejini günahlandırır və dövlət başçısından təzminat ödənilməsini tələb edir. Avtobusla müsabiqənin keçirildiyi Dijlin rayonuna çatmaq istəyən Lavuanyanın yolunda tıxac yaranıb. Nəticədə artıq bir neçə aydır ki, hazırlaşdığı müsabiqəyə 26 dəqiqə gecikən işsiz qadın ertəsi gün Fransa prezidentinə məktub yazaraq ona dəymiş mənəvi və maddi zərərin ödənilməsini tələb edib. "Mən müsabiqədən kənarlaşdırıldım. Mənə hətta yarışa bilmək imkanı belə vermədilər", - deyə müəllim yazır. Qeyd edək ki,  Facebook-da müəllimi dəstək qrupu da yaradılıb. Müəllim nəqliyyata çəkdiyi pulların geri qaytarılmasını tələb edir. O əmindir ki, onun təzminat ödənilməsi barədə tələbi qanunidir. 


İngiltərəli şagirdlər daha çox Oksforda üstünlük verirlər

İngiltərədə dövlət məktəblərini "əla" qiymətlərlə bitirən şagirdlərin Oksford Universitetində təhsil almaq şansları özəl təhsil müəssisələrini bitirmiş  şagirdlərə nisbətən aşağıdır. "Daily Mail" qəzetinin məlumatına görə, özəl məktəblərdən olan abituriyentlərin dünyanın ən məşhur universitetində təhsil alması imkanları digər məktəblərin şagirdlərinə nisbətən 25 faiz artıqdır. Bu rəqəm cəmiyyətdə məyusluq yaradıb. Bir qədər əvvəl isə hökumət universitetlərə təzyiq edərək onları cəmiyyətin müxtəlif təbəqələrindən tələbə qəbul etməyə çağırıb. Ən yüksək bal (A) toplayaraq Oksforda qəbul olmuş  5300 abituriyentin 29 faizi özəl məktəblərin, 23 faizi isə dövlət məktəblərinin məzunlarıdır.   Yüksək qiymətlər almış  3888 ağdərili şagirdin 28 faizi universitetə qəbul olunub. Afrikalı 67 tələbədən yalnız 13 nəfər buraxılış imtahanlarına buraxılıb. Çin, Hindistan və digər Asiya ölkələrindən olan tələbələr də eyni göstəriciyə malikdirlər. Banqladeş və Pakistandan olan tələbələrin yalnız 5 faizi imtahan komissiyasından keçib.


Çin məktəblərində hərbi dərslər gücləndirilir

Hərbi hazırlıq Çinin bütün  mülki ali məktəblərinin icbari təhsil planlarına daxil olunacaq. Bu barədə məlumat Çinin Təhsil Nazirliyinin rəsmi saytında yer alıb. "Ali təhsil müəssisələrində təhsil prosesinin təkmilləşdirilməsi üzrə bəzi təkliflər" adlanan sənədin hazırlanmasında Təhsil Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Çin xalq azadlıq ordusunun Baş Siyasi İdarəsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat şöbəsi, maliyyə və mədəniyyət nazirlikləri və Çin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin nümayəndələri iştirak ediblər.

Sənəd müəllifləri hesab edirlər ki,  ali məktəblərdə hərbi hazırlıq məşğələləri  vətənpərvərliyin inkişafına, gənclərin kollektivizm və inqilabi qəhrəmanlıq ruhundə tərbiyəsinə xidmət edəcək. Bundan əlavə, yeni fənn tələbələrə ağır döyüşlərə hazırlaşmağa və çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.

Daha geniş mənada tələbələr nəinki praktiki hərbi vərdişlərə yiyələnəcək, həm də ölkənin müdafiə doktrinası və milli təhlükəsizliyin təmin olunması konsepsiyası barədə təsəvvürlərə malik olacaqlar. Təşəbbüs reallaşdırılacağı təqdirdə Çin ordusunun zabitləri hərbi hazırlıq fənninin tədrisinə cəlb olunacaqlar. Sənəddə qeyd olunur ki, tələbələrin siyasi və hərbi hazırlığına xüsusi diqqət yetiriləcək.


Dünyanın ən yaşıl universitetləri

İndoneziya Universiteti (Universitas Indonesia) dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin ikinci illik reytinq cədvəlini -  UI GreenMetric Ranking of World Universities təqdim edib. Tərtibçilər  42 ölkədən 178 ali məktəbi gözdən keçiriblər. Seçim prosesində enerjidən ümumi istifadə, tələbələrin nəqliyyatdan  - ictimai, şəxsi avtomobil və ya velosipeddən istifadə etmə, ərazilərin səliqə-sahmana salınması, zibillərin yığılması, suya qənaət, kampus ərazisində yaşıllıqların sahəsi, təhsilalanlar və əməkdaşlar tərəfindən ətraf mühitin mühafizəsi prinsiplərinə əməl olunması  və s. kriteriyalar nəzərə alınıb.  Dünyanın ən yaşıl 10 universitetinin siyahısı: 1. Nottingem Universiteti (Böyük Britaniya), 2. Nordistern Universiteti (ABŞ), 3.Konnektikut Universiteti  (ABŞ), 4. İrlandiya Milli Universitet Kolleci (İrlandiya), 5. Linçepinq  Universiteti (İsveç), 6. Kaliforniya Berkli Universiteti  (ABŞ), 7. Kaliforniya Universiteti, Los-Anceles  (ABŞ), 8. Sent-Luis Vaşinqton Universiteti (ABŞ), 9. Kaliforniya Merced Universiteti (ABŞ),10. Bata Universiteti  (Böyük Britaniya).

Xarici mətbuat materialları əsasında hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov