Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Qafqazda Azərbaycan xalqının daha qədimdən məskunlaşdığını sübuta yetirən böyük alim

 

Akademik Ziya Bünyadov xatirələrdə 

Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirib. Elə həmin ildən təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirməyə başlayıb. II Dünya müharibəsində düz Berlinə kimi döyüş yolu keçib.  27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı ilə mükafatlandırılıb.  1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olub. 1954-cü ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Azərbaycana dönüb. Vətəndə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarına davam edib. 1964-cü il martın 5-də "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda dissertasiya müdafiə etdikdən sonra elmi şura ona tarix elmləri doktoru elmi dərəcəsini verib. 1965-ci ildə SSRİ  Ali və Orta İxtisas Təhsili Nazirliyi yanında Ali Attestasiya Komissiyası Ziya Bünyadova professor adı verib. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1973-cü ildə isə akademiyanın həqiqi üzvü seçilib.

Ziya Bünyadov 1981-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib.  "Qırmızı bayraq", "Aleksandr Nevski", "II dərəcəli Vətən müharibəsi", "Qırmızı ulduz" ordenləri və müxtəlif adda medallarla təltif edilib. Tarixçi alim, Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi Ziya Bünyadov 21 fevral 1997-ci ildə dünyasını dəyişib.


 Yaqub MAHMUDOV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Milli Məclisin deputatı 

- Akademik Ziya Bünyadovun elmi fəaliyyəti Azərbaycan tarixşünaslıq elmində xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycan mənafeyinə xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin zəhmət bahasına əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün elmi fəaliyyətinin başlıca qayəsi idi. Həyatını həsr etdiyi Azərbaycan tarixşünaslıq elmini Ziya Bünyadov öz əsərləri ilə ən yüksək pilləyə qaldırmışdı. Mənim yaddaşımda, ömür salnaməmdə Ziya Bünyadovun öz yeri var. Ziya Bünyadovu tələbə vaxtımdan tanıyırdım. Ancaq onun elmi potensialına, zəkasına bələdçiliyim bir qədər sonra oldu. O vaxt şair Rəsul Rza dövründə Azərbaycan Sovet Ensiklopediyasının çapa hazırlanması prosesində məhz Azərbaycanın keçmişi, tarixi ilə bağlı bir çox elə prinsipial məsələlər qarşımıza çıxırdı ki,  bunlar doğru-düzgün araşdırılmamışdı.

Ən ağır vaxtda, kəsərli alim sözünə ehtiyac olan bir məqamda, məsələn, xalqımız hansı kökə mənsubdur, Qafqazda ilk aborigenlər kimlərdir və s. bu kimi milli mənafeyimizə toxunan suallara cavab axtararkən Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", həmçinin "Azərbaycan Atabəyləri dövləti" - (1136-1225) adlı monoqrafiyaları əlimizdə sanki bir tutya oldu. Bu əsərlərdəki təkzibedilməz faktlarla tariximizin bir çox qaranlıq səhifələrinə işıq tuta bildik. Ziya müəllimin gətirdiyi elmi dəlillərin, tarixi faktların, Azərbaycan xalqının təşəkkülündə türk etnosunun aparıcı rol oynamasını sübut etməsi tarixşünaslıqda bir hadisə oldu. 60-cı illərdə cavabını axtaran bir çox prinsipial məsələlərə Ziya Bünyadov əsərlərində tutarlı cavablar vermiş, ortaya çıxan suallara obyektiv aydınlıq gətirmişdi. O dönəmdə "Azərbaycan Qafqazda ən qədim dövlətdir, heç zaman unutmamalıyıq ki, ən böyük aborigen bizlərik" - müddəalarının müəllifi olmaq Ziya Bünyadov tərəfdən çox böyük cəsarət idi.

Təsəvvür edin ki, o dövrdə yazılan hər bir elmi əsər ya Moskvaya təftişə,ya da son nəticədə rəy almağa Yerevana (?!) göndərilirdi. Şimal qonşumuz - Rusiya imperiyası türk adı çəkməyə cəsarət edənləri "pantürkist", islam dinini dilinə gətirənləri isə "panislamist" damğası ilə mühakimə etməyə, cəzalandırmağa hazır durmuşdu. Qafqazın tarixi ilə bağlı Azərbaycan alimlərinin hər hansı bir müddəası ermənilərdə aqressiya, səs-küy yaradırdı. Bəs həmin dövrdə elmi araşdırmaların əsas mövzusu nə idi? Nə qədər gülünc olsa da, "beşilliklər", "beşilliklərdə klub işi" "beşilliklərdə kanalizasiya işi" və s. Hələ Stalin zamanında "rəhbər"in tezisi bu idi ki, Qafqazda ən qədim feodal-patriarxal dövlətlər Ermənistan və Gürcüstan olub. Türk adını eşidən kimi imperiya alimləri tarixi həqiqətlərə göz yumur, dodaq büzürdülər.

Bu tipli məsələlərdə Ziya Bünyadov bir alim kimi səsini ucaldır, güzəştə getmir, öz dediyinin və yazdığının üstündə durub onları sübut etməyə nail olurdu. Bayaq adını çəkdiyim "Azərbaycan Atabəyləri dövləti" (1136-1225) monoqrafiyası dövlətçilik tariximizdə qaranlıq gecəni nura boyayan bir şimşək kimi çaxdı. Atabəy dövlətinin Şəms-əd-din Eldəgəz (1136-1174), Məhəmməd Cahan Pəhləvan (1174-1186), Qızıl Arslan (1186-1191) kimi hakimləri haqqında Ziya Bünyadovun verdiyi bilgilər bir daha Qafqazda Azərbaycan xalqının daha qədimdən məskunlaşdığını sübuta yetirdi. Bu isə ermənilərin saxtalaşdırdığı tarixi yerlə-yeksan etmək, erməni tarixşünaslarının belini qırmaq demək idi. 50 minlik mükəmməl süvari ordusu olan, bir çox ölkə hökmdarları tərəfindən qəbul edilən Atabəylər dövləti Ziya Bünyadovun faktlarla işıq tutduğu keçmişin qaranlıq səhifələrindən daha inadla bu günə boy verdi.

Bir məqamı da xatırlatmaq istərdim. O illərdə xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün Heydər Əliyevə üz tutan, onu Bakıya dəvət edən, bundan ötrü Naxçıvana gedən birincilərdən biri də Ziya Bünyadov olmuşdu. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Ziya Bünyadov həmişə ulu öndərlə eyni cəbhədə fəaliyyət göstərdi. Heydər Əliyev də Ziya Bünyadovun Azərbaycan elminə gətirdiyi tapıntıları çox böyük qiymətləndirirdi. Naxçıvana səfərlərinin  birində cənab Heydər Əliyev Möminə xatın türbəsinin qarşısında dayanıb "Ziya təkcə bir alim, qəhrəman yox, həm də ən kəskin məqamlarda belə öz xalqının mənafeyini güdən bir şəxsiyyət, vətəndaşdır" - söyləmişdi.

Fikrimcə Ziya Bünyadovu gələcək nəsillərə tarixşünas alim, qəhrəman döyüşçü kimi tanıtmaqla yanaşı, həm də görkəmli ictimai xadim kimi təqdim etmək zəruridir.

Ziya Bünyadov xalqımızın düşmənlərinin qarşısında birmənalı olaraq həmişə düzgün mövqe tutması ilə seçilirdi.

Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına hələ çox gənc ikən layiq görülmüşdü. Həmişə döşündə gəzdirdiyi qəhrəmanlıq ulduzunun imtiyazlarından da şəxsi yox, milli mənafelərimizi qorumaq üçün istifadə edərdi. Onun elmdə göstərdiyi qəhrəmanlıqlar döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqların heç də kölgəsində qalmadı. Azərbaycan müstəqillik dövrünə qədəm basandan sonra da Ziya müəllimin haqq səsini xalq həmişə ucadan eşidirdi.

26 Bakı komissarının, Şaumyanın xalqımızın heç də xilaskarı olmadığını sübut edən arxiv materiallarının tapılıb üzə çıxarılması da məhz Ziya Bünyadovun xidmətidir. Ziya Bünyadovun monoqrafiyalarından bəlli oldu ki, ermənilər tarixən həmişə etibarsız, xain olublar.

Xalqımızın qədim dövlətlərinə tarixin istənilən dönəmində hansı tərəfdən bəla gəlibsə, ermənilər məhz bizə bəla gətirən tərəflə birləşiblər. Bu da tipik erməni xislətidir.

Ziya Bünyadovdan Azərbaycan tarixşünaslıq elminə böyük irs qalıb. Məncə, onun bütün külliyyatını seçilmiş əsərlər şəklində çap etməyin tam zamanıdır. Ziya Bünyadovun vətən tarixini dərindən bilən xeyli davamçısı bu gün elmi fəaliyyətdədir. AMEA-nın vitse-prezidenti Nailə xanım Vəlixanlı da məhz Ziya müəllimin yetirməsidir.

Bu gün Ziya müəllimin ömür yoluna nəzər salanda onun üç cəbhədə  eyni hünərlə döyüşdüyünün şahidi oluruq:

Birincisi, Böyük Vətən müharibəsində qazandığı ad xalqımızın adını ucalara qaldırmaq baxımından böyük qəhrəmanlıq idi.

İkincisi, xalqımızın türk kökündən olmasını elmi əsaslarla sübut etmək elmdə əvəzsiz qəhrəmanlıq idi.

Üçüncüsü, Ziya Bünyadov öz elmi tapıntıları ilə tarixşünaslıq elmində ermənilərə qarşı böyük bir cəbhə açmışdı və ömrünün sonuna kimi də bu cəbhədə öz hünərini göstərdi.

Ziya Bünyadovun nurlu xatirəsini həmişə ehtiramla yad edirəm.


Ziyad SƏMƏDZADƏ,

akademik, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı 

Ziya Bünyadov. İstedadlı alim. Görkəmli ictimai xadim. Mütəfəkkir. Qəhrəman. Şəxsiyyət. Sadə və gözəl İnsan. Bütün bunlar bir adama mənsub olsa da, hamısı böyük hərflə yazılmalıdır... Çünki Ziya Bünyadov, sözün əsl mənasında,  böyük alim, böyük insan, qeyrətli vətəndaş idi.

Ziya Bünyadov dünya miqyaslı alim idi. O, Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Azərbaycan EA Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada elmin inkişafı üçün var qüvvəsilə çalışdı.

Ziya Bünyadov ensiklopedik biliyə malik alimlərimizdən idi. Onu haqlı olaraq, bilik xəzinəsi adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi.

Ziya Bünyadov 50-ci illərin ortalarından ömrünün sonuna qədər ictimai elmlərin inkişafı, onun qorunması sahəsində əsl mübariz kimi çalışmışdı. O, Elmlər Akademiyasının vitse-prezidenti kimi respublikada ictimai və humanitar elmlərin inkişafı və onun inkişafının təkmilləşməsi, bu sahədə formalaşan alimlərin əsl vətənpərvər, əsl ziyalı kimi yetişməsi yolunda çox səy göstərirdi.

Müqəddəs "Qurani-Kərim"in ana dilimizdə səslənməsində də Ziya Bünyadovun əvəzsiz xidməti olmuşdur. Bu müqəddəs kitabı yalnız mükəmməl, ensiklopedik biliyə malik olan intellekt sahibi tərcümə edə bilərdi. Bu vəzifəni yerinə yetirmək üçün Şərq aləmini, islam tarixini dərindən öyrənmək, ərəb dilini səlis bilmək lazım idi. Bütün bunlar isə Ziya Bünyadovda var idi. Təkcə bu fakt, yəni müqəddəs kitabımız olan "Quran"ın Azərbaycan dilinə tərcümə edilməsinə başçılıq etməsi Ziya Bünyadovun adının, Azərbaycan xalqının tarixinin düzgün araşdırılması ilə qırılmaz vəhdət təşkil edirdi.

Ziya Bünyadov erməni millətçiləri üçün çox təhlükəli şəxsiyyət idi. Onun əsərlərində, hətta erməni mənbələrinə əsaslanaraq apardığı tədqiqatlarda ermənilərin yeritdikləri çirkin siyasətin mahiyyəti aşkar olunurdu. Tarixi saxtalaşdırmaqda, özlərini başqa millətlərdən üstün tutmaqda ad çıxarmış erməni tarixçiləri Ziya Bünyadov səddini aşa bilmir, yarı yolda ifşa olunurdular.

Ziya Bünyadovun böyük marağa səbəb olan "Azərbaycan VII-IX əsrlərdə" monoqrafiyası çapdan çıxanda kitabda gətirilən faktlar, çıxarılan elmi nəticələr erməni millətçilərinin Azərbaycana qarşı bir sıra fitnəkar fikirlərini alt-üst etmişdi.

Ona görə də erməni millətçiləri Ziya Bünyadova qarşı hər cür fitnəkarlığa əl atırdılar. Amma Ziya Bünyadova bata bilmirdilər.

Ziya Bünyadovun nəhəngliyi respublikamız müstəqillik əldə etdikdən sonra özünü daha qabarıq büruzə verdi.

90-cı illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının dağılmaq təhlükəsi meydana çıxanda Ziya Bünyadov bu müqəddəs elm məbədinin dağılmasını irəli sürən üzdəniraq, elmdən xəbəri olmayan, elmə təsadüfən gələn antimilli, antivətən mövqeyində duran bəzi "ziyalı"lara tutarlı cavablar verdi.

Ziya Bünyadov Azərbaycanı ən mötəbər, yüksək səviyyəli məclislərdə təmsil edirdi. O, Milli Məclisin deputatı kimi də böyük işlər görürdü. Ziya Bünyadovun tariximizin ağ ləkələri olan işləri açmaqda xidməti əvəzsizdir. O, Dövlət Təhlükəsizlik Komitəsinin arxivini araşdıraraq onun materiallarından istifadə etməklə, repressiya qurbanları haqqında respublika mətbuatında silsilə məqalələr dərc etdirmişdi.

Bu böyük insan hərdənbir də olsa, istirahət etməyi xoşlardı. Ziya Bünyadovun çox gərgin, məhsuldar, bəzən də əsəblə keçən iş günlərinin əzab-əziyyətini ömür yoldaşı Tahirə xanım öz diqqəti, qayğısı sayəsində bir qədər unutdururdu.

Ziya Bünyadovla Xəzərin sahilində gəzdiyim günləri xatırlayıram. O, dənizin qoynunda xəyala dalmağı çox xoşlardı. Saatlarla söhbət edərdik. Azərbaycanın  ictimai, sosial-iqtisadi problemlərinə dair məsələlərdən yorulmadan danışardıq. Mən Mərkəzi Komitədə, Dövlət Plan Komitəsində, Ali Sovetdə çalışdığım zamanlar onunla tez-tez təmasda olur, məsləhətlər alırdım.

O, bizim Buzovnadakı evimizdə, necə deyərlər, ata yurdumuzda da dəfələrlə olub. Ailəmiz onu çox sevirdi. Uşaqla uşaq, böyüklə böyük idi. Ziya Bünyadovun sadəliyi böyüklüyündən irəli gəlirdi.

İlk baxışdan sadə görünən bu insan hərdən çox zəhmli olurdu. Amma çoxları bilmirdi ki, bu böyük insanın geniş ürəyi, incə qəlbi var. Hərdən uşaq kimi ərköyün, hərdən də ağsaqqal kimi çox ciddi olurdu. Ziya Bünyadov ömrü boyu mübarizə aparmaq üçün doğulmuşdu elə bil. Heç nəyə biganə qala bilmirdi. Sərt çıxışları ilə Azərbaycan xalqının taleyilə oynayanları, xalqın sərvətini talayanları, müstəqilliyinə biganə olanları həmişə qamçılayırdı. Laqeydlik ondan uzaq idi. Axı vətəninə, xalqına, millətinin gələcəyinə necə laqeyd qala bilərdi?..

Ziya Bünyadovdan danışanda onun əsl qəhrəmanlığını qeyd etməmək ən azı günah olardı. Bəli,  o, hər şeydən əvvəl qəhrəman idi. Təkcə ona görə yox ki, Böyük Vətən müharibəsindən qalib kimi qayıtmışdı. Həm də ona görə ki, sonralar da həmişə, son nəfəsinə qədər vətəninin keşiyində durdu, son nəfəsinə qədər onun azadlığı uğrunda mübarizə apardı, son nəfəsinə qədər tutduğu mövqedən dönmədi...

Ölümü də ölümsüzlüyündən xəbər verir Ziya Bünyadovun.

Akademik Ziya Bünyadovun yoxluğu Azərbaycan elmində həmişə hiss ediləcək. Adı həmişə kamillik, ədalət, cəsarət kimi nəsillərə nümunə olacaqdır.


 Gövhər BAXŞƏLİYEVA,

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor, Milli Məclisin deputatı 

Ziya müəllimlə mənim ilk əyani tanışlığım o zaman S.M.Kirov adına ADU-nun şərqşünaslıq fakültəsində may ayında dövlət imtahanları zamanı baş verib. Adını çox eşitdiyim, özünü o vaxtacan görmədiyim Sovet İttifaqı Qəhrəmanı, akademik, məşhur alim Ziya Bünyadov o zaman biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünürdü.

Universiteti bitirəndən sonra Şərqşünaslıq İnstitutuna işə qəbul olundum. Ziya müəllim o vaxtlar orta əsr Şərq tarixi şöbəsinin müdiri idi. Onu yalnız institutun ümumi yığıncağında görürdüm, burada isə olduqca prinsipial, tələbkar, hətta sərt çıxışları onun haqqında məndə yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi.

İllər keçirdi, mən namizədlik dissertasiyamı müdafiə edib, baş elmi işçi vəzifəsində çalışırdım, artıq doktorluq dissertasiyamı tamamlamaqda idim. 1993-cü ilin yanvar ayı idi. Ziya müəllim qısa fasilədən sonra yenidən institutumuza rəhbərlik edirdi. Bir gün məni direktor kabinetinə dəvət etdi, əvvəlki müavinin başqa işə keçməsi ilə əlaqədar mənə bu vəzifəni təklif etdi. Beləliklə, mən Ziya müəllimlə sıx təmasda işləməyə başladım və onu yaxından müşahidə etmək imkanı əldə etdim. Çox keçmədən anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim təmamilə yanlış imiş. Tədricən, günbəgün qarşımda yeni, indiyəcən tanımadığım bir insan xarakteri canlanırdı. Və bu insan böyüklüyü qədər də sadə və səmimi idi. Riyakarlıq, ikiüzlülük, üzdə bir söz deyib, arxada başqa söz danışmaq ona tamamilə yad idi. Ziya müəllim mərdlik və cəsarət nümunəsi idi.

Ziya müəllim heç vaxt haqqı nahaqqa qurban verməzdi. Harada olsa, nə söyləsə, nə ilə məşğul olsa, nə yazsa, təbiətinin dərinliklərindəki ədalət hissini daim qoruyub saxlayırdı. Və bu hiss son nəticədə onun xarakterinin başqa cəhətlərinə qalib gəlirdi.

Ziya müəllim olduqca həssas və rəhmli, xeyirxah insan idi. Zəiflərə, kimsəsizlərə kömək etmək onun daxili tələbatı idi.

Çox sadə və operativ iş üsulu olan Ziya müəllim qəbuluna gələnləri heç vaxt gözlətməz, dərhal qəbul edib, məsələni yerindəcə həll etməyə çalışardı. Ümumiyyətlə, onun otağının qapısı heç vaxt bağlanmazdı. Hər kəs istənilən vaxt yanına gəlib, dərdini, problemini danışa bilirdi.

Ziya müəllim çox maraqlı həmsöhbət idi. Keçdiyi zəngin həyat yolu olduqca güclü hafizəsində möhkəm həkk olunmuşdu və o hər dəfə yaddaşının dərinliklərindən hansısa epizodu çıxarıb, bizə söyləyirdi.

Qarabağ məsələsini böyük yanğı və ürəkağrısı ilə yaşayırdı Ziya müəllim. Xatirimdədir, azərbaycanlılar qədim oğuz elindən - indiki Ermənistandan kütləvi şəkildə qovulduqda, o hamıdan öncə onların Dağlıq Qarabağa yerləşdirilməsinin vacibliyini o vaxtkı respublika rəhbərliyinə çatdırdı. Əfsuslar olsun ki,  böyük alimin bu təklifi qulaqardına vuruldu. Nəticə isə göz önündədir.

Ziya müəllim çox intizamlı idi. Nə vaxtsa cavanlıqda, cəbhədə xidmət etdiyi vaxt  xarakterində formalaşan daxili nizam-intizam onun canına sirayət etmişdi. Hər bir işində son dərəcə dəqiq idi. Həmişə eyni vaxt işə gəlib, eyni vaxtda da işdən gedirdi. Ziya müəllim deyirdi ki, yatmağı xoşlamır, çalışır mümkün qədər az yatsın. Deyirdi ki, atası Musa kişi yuxuda rəhmətə gedib, odur ki, belə aqibətdən ehtiyat edərək, az yatır.

Olduqca zəhmətkeş idi. Onun əqli qabiliyyəti məni elə valeh edirdi ki, özlüyümdə onu ən müasir kompüterə bənzədirdim.

Ziya müəllimin çox geniş elmi maraq dairəsi vardı. Tarixçi olmasına baxmayaraq o, daim Şərq ədəbiyyatı ilə də maraqlanırdı, bu sahədə də yeri gələndə böyük işlər gördü. Məsələn, Nizaminin müasiri, XII əsr Azərbaycan müəllifi Xosrov əl-Ustadın "Munisnamə" əsərinin əlyazmasını akademik Ziya Bünyadov Böyük Britaniya kitabxanalarında kəşf edib, surətini gətirərək, professor Rüstəm Əliyevə vermişdi.

Ziya müəllim rusca təhsil almışdı, uzun illər rusdilli mühitdə yaşamış, rusca yazıb-yaratmışdı. Buna baxmayaraq, Ziya müəllim yaşının ixtiyar çağında, respublikamız müstəqillik qazanandan sonra yazıda da, danışıqda da Azərbaycan dilinə keçmişdi. Bizə deyirdi: "Mən daha rusca yazmıram, keçmişəm Azərbaycan dilinə. Siz də Azərbaycanca yazın!". İnstitutumuzun çapa təqdim etdiyi kitablar arasında rusca olanları buraxmırdı, tələb edirdi ki, əsər mütləq ana dilimizə tərcümə olunsun.

Ailəsini çox sevirdi Ziya müəllim. Oğulları, nəvələri haqda fərəhlə danışırdı. Həyat yoldaşı Tahirə xanımdan söz düşəndə: "O, gözəl anadır!" - deyirdi. Yaxınlarda ailə həyatının əlli illik yubileyi olacağını deyirdi və təbəssümlə əlavə edirdi: "Əgər bir qadınla mən əlli il ailə həyatı sürmüşəmsə, deməli, o qədər də pis adam deyiləm!".

Bu gün böyük ehtiyac duyuruq Ziya müəllimə, onun müdrik məsləhətlərinə, maraqlı, duzlu, məzəli söhbətlərinə. Hətta keçmiş tənbehləri də indi bizə xoşdur. Deyirlər, ən yaxşı loğman - zamandır. Amma nədənsə vaxt keçdikcə o böyük insanın itkisindən bizə dəyən mənəvi-psixoloji zərbənin ağrısı-acısı azalmır.


Tahirə BÜNYADOVA,

həyat yoldaşı 

Ziya ilə tanışlığımız Moskvada Şərqşünaslıq İnstitutunda oxuduğumuz vaxtdan başladı. 1946-cı ildə dərslərin başlanma ərəfəsində institutun qapısı ağzında hərbi libaslı, ucaboylu, arıq bir oğlan dayanmışdı. Sinəsindəki Qəhrəman ulduzu diqqətimi cəlb elədi. O vaxt mən IV, Ziya isə I kurs tələbəsi idik. O da, mən də eyni tələbə yataqxanasının sakinləriydik.

1947-ci ilin mayında biz Ziya ilə rəsmi nigaha girdik.  Ziya təhsilimiz arasındakı fərqi tezliklə azaltdı. Bir ilin əvəzinə iki ilin imtahanlarını verdi.

Ziya idmanı sevir, əla voleybol oynayırdı. Özü də fakültə komandasının kapitanı idi. O, hər sahədə hər hansı bir oyunda qələbəni sevirdi, bu da xarakterinin bir detalı idi. Ziya xarici görkəmindəki sərtliyə baxmayaraq, daxilən çox mərhəmətli və yardımsevər bir insan idi.

1954-cü ilin avqust ayında Ziya Moskvadan Bakıya qayıtdı. Bir müddət sonra böyük oğlum Cəmillə mən Bakıya gəldik. Ziyanın qardaş-bacıları da bizi sevinclə qarşıladılar. Cəmil məktəbə gedirdi, ailəmizdə ikinci övladımız - Heydər (atamın adıdır) dünyaya gəldi. Ziya oğulları üçün həmişə vaxt tapar, onların bütün işlərindən hali olardı.

Ziya heç vaxt işsiz qalmazdı. Onun hər şeydə öz qayda-qanunu vardı. Əlyazmalarının, kitablarının yerini dəyişmək olmazdı. Bir dəfə yay vaxtı Zuğulbada külək açıq qapıdan içəri girib onun stol üstündəki əlyazmalarını havaya sovurdu. Bütün ailə kağızların arxasınca həyətə tökülsək də, nəticəsiz oldu. Pərişan halda evə qayıtdıq. Ziya bizi bu halda görüb - "Yaxşı, təzədən yazaram, onsuz da hamısı başımdadır", - dedi.

Bir saatdan sonra Ziya küləyin apardığı səhifələrin bərpa olunmuş variantını göstərib dedi:

- Burda bayaqkından da yaxşı yazmışam.

Ziya çoxlu rəssamlarla, xalçaçılarla, heykəltəraşlarla, qrafiklərlə, arxitektorlarla dostluq edirdi. Sultan Məhəmmədin miniatürləri və məktəbi, Əcəminin Möminə xatın abidəsi və Şərq ölkələrinə səpələnmiş digər əsərləri, arxeoloji qazıntılar zamanı tapılmış min illərlə yaşı olan şahtaxtı saxsı qabları barədə Ziyanın söylədikləri əsl elmi kəşflər idi.

Ziya həmişə deyərdi ki, bütün elmlər  bir-birilə qarşılıqlı əlaqədardır. O, zəlzələlər, kometalar, ulduzlar, meteoritlər, günəş və ay tutulmaları haqqında məqalələr yazmış, tərcümələr etmiş və onları Azərbaycan EA xəbərlərinin  Yer haqqında elmlər seriyasında dərc etdirmişdi. Ziyanın əsas silahı onun biliyi, alim nüfuzu, öz respublikasına sevgisi idi. Bir dəfə o mənə qəribə bir siyahı göstərdi: "Bu, ermənilərin özlərinə düşmən hesab elədiklərinin siyahısıdır. Fəxr eləmək olar ki, orada da lap öndə mənəm", - dedi.

...Şuşanın itirilməsi xəbərini eşidəndə Ziyanın gözlərində yaş gördüm:

- Bu əsl satqınlıqdır! Şuşanı heç bir düşmən belə asanlıqla ala bilməzdi - dedi.

Ziya bu fikrə tez-tez qayıdar və hər dəfə də deyərdi ki, nə indi, nə də yaxın gələcəkdə Heydər Əliyevin alternativi yoxdur. Bilikli, təcrübəli siyasətçi kimi Ziyanın Heydər Əliyevə böyük hörməti vardı. O deyərdi:

 - Əgər Heydər Əliyev kimi bir şəxs lap əvvəldən Azərbaycanda hakimiyyətdə olsaydı, heç bir Qarabağ məsələsi, ümumiyyətlə olmazdı.

Ziya yalnız alim yox, həm də siyasi xadim idi. O, millət vəkili seçilmiş, Milli Məclisin üzvü olmuşdu. Akademiyadakı kabinetinin qapıları heç vaxt heç kimin üzünə bağlı olmazdı.

Ziya ölümdən qorxmurdu: "Ölümdən qorxmaq yox, onu yaşamaq lazımdır", - deyərdi. Ölümün Ziyanı həyatdan silməyə gücü çatmadı.

Azərbaycan Prezidenti Heydər Əliyevin Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna akademik Ziya Musa oğlu Bünyadovun adının verilməsi barədə fərmanı Ziyanı akademiya əməkdaşları sırasında əbədi saxladı.

Ölümündən sonra təltif  olunduğu dövlətin ən yüksək mükafatı - "İstiqlal" ordenini Azərbaycan Prezidenti Heydər Əliyev mənə təqdim edərkən, hörmətli Prezidentin söylədiyi xoş sözlər mənə böyük təsəlli oldu: "Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərdən və tarixi həqiqəti bugünkü nəsillərə və dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir".

Ziya, sənin adın sönməz bir ulduzun ziyası kimi həmişə insanların qəlbini və təfəkkürünü nurlandıracaq. Fəxr edirəm ki, sənin kimi məğrur, heç kəsə əyilməyən azad düşüncəli, qorxmaz, saf və istedadlı bir alim, əsl kişi mənim həyat yoldaşım olub. Vətəninə və insanlığa məhəbbətinlə Ziya Bünyadov adına hər yerdə, hər zaman qəhrəman şərəfi qazandırmısan. 

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov