Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Şagird-müəllim fəaliyyətini təmin edən xüsusi şərait və nailiyyətlər

 

Gələcəyimiz olan uşaqları daim inkişaf edən cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırmaq, sülh və əməkdaşlıq şəraitində yaşayıb  fəaliyyət göstərə bilməsini təmin etmək üçün onların təlim-tərbiyəsi ilə məşğul olan şəxslərin qarşısında icrası böyük zəhmət tələb edən vəzifələr durur.  Bəşəriyyətin aydın sabahını təmin edə bilmək üçün biz bu gün gələcəyimizi əmanət edəcəyimiz uşaqların sağlamlığına,  təlim-tərbiyəsinə düzgün yanaşmalı, onlara dərin və hərtərəfli biliklər aşılamalı, onlarda həyati bacarıq və vərdişlər yaradıb inkişaf etdirməli, onları yüksək mədəniyyətə, geniş dünyagörüşünə malik şəxsiyyət  kimi yetişdirməliyik. 

Bu vəzifələrin öhdəsindən gələ bilmək üçün  biz öz işimizi, dərslərimizi günün tələblərinə uyğun qurmalıyıq.  

Arzuolunan nəticəyə çatmaq üçün lazım olan əsas kriteriyalardan biri şagirdlərin hisslərində, emosiyalarında,  düşüncəsində müsbət dəyişikliklərin baş verməsinə nail olmaq, onlar üçün  özlərini rahat hiss edə biləcəkləri öyrədici mühit təşkil etməkdir. Bunun üçün müəllim yeni təlim paradiqmasında şagird-müəllim fəaliyyətini təmin edən xüsusi bir şərait yaradır.  Bu şəraiti yaratdıqda müəllim aşağıdakılara nail olur:

* dərs prosesində yaşanan yeknəsəqlik, dinləməyə məcburetmə, yaxud edilmə,  tənbəllik halları  şagirdin hər hansı bir məsələnin, problemin həllində qarşısına çıxan çətinliyin öhdəsindən gəldiyinə və sərbəst nəticə çıxara bildiyinə görə yaranan  sevinc və özünəinam ("mən bacarıram") hissi ilə əvəz olunur;

* müəllim şagirdi subyektiv kəşflərə yönəldir, onun axtarış - tədqiqat fəaliyyətini idarə edir, istiqamət verir və təbii ki, şagird öyrəndiyini nə vaxtsa unutmaq, imtahanda və ya yoxlama işində uğursuzluq qorxusundan azad olur. Çünki o, öyrəndiyinin "mərkəzində durur" və hər şey "onun ətrafında baş verir".

Ənənəvi təlim yaddaşa, diqqətə, təfəkkürün inkişaf səviyyəsinə uygun olan nəticələrlə kifayətlənir. Müasir təlim isə yaddaşı, diqqəti, təfəkkürü inkişaf etdirərək şagirdin bacarıqlarından səmərəli istifadə etməklə,  onları düzgün istiqamətləndirməklə nəticələrin əldə olunmasını və şagirddə çətinliklərin öhdəsindən gələ bilmək inamını və əminliyini yaradır (şəxsiyyətyönlülük).

Ənənəvi təlimdə müəllimin qarşısına qoyduğu məqsəd bacarıq və vərdişlərin formalaşdırılmasıdır və şagirdin fəaliyyəti burada passiv dinləmə və öyrəndiklərini təqlid etməkdən ibarətdir. Nəticədə şagirdin yaddaşı zənginləşir və inkişaf edir. Yəni dərs prosesi yaddaşa xidmət edir. Müasir təlimdə isə müəllimin məqsədi şəxsiyyətin inkişaf etdirilməsidir və o, şagirdin axtarış fəaliyyətini təmin edən öyrədici mühit yaradır və nəticədə şagirdin dərsdə öyrəndiyindən kənar, qeyri-standart  situasiyalarda fəaliyyət göstərə bilmək, nəticə çıxara bilmək bacarığı inkişaf edir.

Deməli, təlim prosesi inkişafetdirici olmalıdır. Bunun üçün:

* şagirdə motiv vermək, təlim və tərbiyə fəaliyyətinə şəxsi maraq oyatmaq;

* təlim prosesində şagirdin özünü psixoloji cəhətdən rahat hiss edə bilməsi, onun özünün həqiqətən "uğur qazandım" qənaətinə gələ bilməsi üçün şərait yaratmaq;

* şagirdin düşünüb mülahizə yürütmək bacarığının  inkişafı üçün şərait yaratmaq;

* dərs prosesinin qrup formalarından istifadə etmək və subyekt-subyekt qarşılıqlı münasibətini yaratmaq;

* şagirdin dərsdə axtarış fəaliyyətini və produktivliyi təmin etmək lazımdır.

Başqa sözlə desək, təlim şagirdlər üçün çətinlik zonası yaratmalı və bu çətinliyin öhdəsindən gəldiklərinə görə onlara sevinc hissi bəxş etməlidir.

Təlim prosesində elə problem situasiyalar yaradıla bilər ki, bu zaman şagirdlər düşünməli, kollektiv şəkildə müzakirə etməli, mülahizə yürütməli və onu yoxlamalı, əlavə ədəbiyyata müraciət etməli və müəllimin məsləhətindən istifadə etməlidirər.

Bu prosesdə hər bir şagirdin inkişafı üçün onun kiçik olsa belə şəxsən nailiyyət qazandığını hiss etməsi, özünün və yoldaşlarının nəzərində özünə əminlik hissinin yaranması vacibdir. Nailiyyətlərin qiymətləndirilməsində şagirdlər bir-biri ilə deyil, onların bugünkü fəaliyyətinin nəticəsi dünənki nailiyyətləri ilə müqayisə olunur.

Uzun illər istifadə etdiyimiz, yararlandığımız ənənəvi təlim forması bu günün tələblərinə cavab verə bilmir, çünki elmin, texnikanın sürətlə inkişaf etdiyinin şahidi olan və informasiya bolluğu ilə əhatə olunan şagird üçün sakitcə oturub hər hansı bir məlumatı dinləmək və deyilənləri təqlid etməklə kifayətlənmək olduqca cansıxıcı görünür. Doğrudur,  bu təlim üsulunun heç bir səmərə vermədiyini də demək olmaz, amma şagirdlərin bacarıqlarından istifadə etməklə dərsdə  interaktivliyi təmin etmək və onu şagirdlərin böyük həvəs və maraq göstərdiyi  İKT ilə rəngarəngləşdirməklə dərsin təşkilində onlara sərbəstlik verməklə biz daha çox şey əldə etmiş oluruq:  şagirdlər öz fikirlərini formalaşdırmağı, öz təcrübələrindən və düşündüklərindən məntiqi nəticə çıxarmağı, fikirlərini aydın ifadə etməyi, bir-birlərinin fikirlərindən yararlanmağı, İKT-dən məqsədəuyğun istifadə etməyi öyrənir, onlarda özünəinam hissi yaranır.   

Gülnarə AŞUROVA,
Quba şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov