Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Uşaqlar və müharibə" mövzusunda respublika rəsm sərgisi keçirilib

 

Fevralın 22-də "Gülüstan" sarayında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm sərgisi keçirildi.

Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə təşkil etdiyi sərgiyə 1200-dən artıq rəsm işi təqdim olunmuşdu.

Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ictimaiyyəti və ziyalıların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirdilər.

Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına və Prezident Administrasiyasının təsdiq etdiyi tədbirlər planına əsasən bu günlər Azərbaycanın hər yerində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir. Həmin tədbirlərdən biri olan məktəblilərin rəsm əsərlərindən ibarət sərgi Azərbaycanda bir çox möhtəşəm layihələrin təşkilatçısı Heydər Əliyev Fondunun, xüsusən də Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunmuşdur. Sərginin keçirilməsində məqsəd öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə Vətənə sədaqət və məhəbbət hissini gücləndirməkdir.

Nazir dedi ki, Xocalı qətliamı hər il bütün təhsil müəssisələrində qeyd olunur və yüz minlərlə məktəbli bu tədbirlərdə iştirak edir.

Təhsil Nazirliyinin 19 yanvar 2012-ci il tarixli, 65 nömrəli əmrinə və tədbirlər planına müvafiq olaraq ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında bir neçə mərhələdə keçirilmiş "Uşaqlar və müharibə" mövzusunda rəsm müsabiqəsinin nəticələri əsasında respublikanın rayon və şəhərlərində Xocalı soyqırımına həsr olunmuş 10 mindən çox rəsm işindən ibarət sərgilər təşkil edilmişdir. Sərginin respublika mərhələsinə 60-dan artıq rayon və şəhərin ümumi təhsil məktəbləri və peşə liseylərinin şagirdlərinin çəkdikləri 1200-dən çox rəsm işi təqdim olunmuşdur. Bu göstərici son illər Təhsil Nazirliyi tərəfindən keçirilən rəsm müsabiqələrinin yekun mərhələsinə təqdim olunan rəsmlərin ümumi sayından bir neçə dəfə artıqdır.

 Sərginin respublika mərhələsində qalib adına layiq görülən 100 rəsm işi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fevralın 27-28-də Moskvada Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı keçiriləcək sərgidə nümayiş etdiriləcəkdir.

Misir Mərdanov bildirdi ki, rəsm müsabiqəsi 6-10, 11-14 və 15-18 yaş qrupları üzrə keçirilmişdir. Bu uşaqlar faciədən sonra doğulsalar da, onların təxəyyülündə Xocalı ilə bağlı geniş məlumatlar vardır və onlar hərəsi öz düşüncəsini təqdim etdikləri rəsmlərdə əks etdirmişlər.

Xocalı faciəsinin dəhşətlərindən söz açan təhsil naziri qeyd etdi ki, bu qətliam XX əsrin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri tərəfindən Xocalıda misli görünməmiş, xüsusi amansızlıqla törədilmiş faciə nəticəsində 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca işgəncələrlə məhv edilmiş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Belə bir vandalizm indiki zamanda dünyanın heç bir yerində olmayıb və yəqin ki, bundan sonra da olmayacaq. 1275 uşaq, qadın və qoca girov götürülərək ağlasığmaz zülmə məruz qalmışdır. Sonradan əsir götürülənlərin yalnız 1165 nəfərini geri almaq mümkün olub. Bu qətliam zamanı səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 20 uşağın taleyi hələ də məlum deyil.

Misir Mərdanov xüsusi vurğuladı ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Məhz ulu öndərin səyi nəticəsində Milli Məclisin 1994-cü il fevralın 24-də keçirilmiş iclasında "Xocalı soyqırımı (genosidi) günü" haqqında qərar qəbul edilmişdir.

Tarixdə misli görünməmiş Xocalı faciəsinin  dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində  son illər görülmüş işlərə diqqəti cəlb edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin,  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxsaylı tədbirlər nəticəsində nəhayət dünyanın əksər ölkələrində bu hadisə ilə bağlı məlumatların olduğunu söylədi və qətliamın olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırılacağına əminliyini ifadə etdi. Nazir eyni zamanda bütün bu hadisələrin böyüməkdə olan nəslə çatdırılmasını, məktəblərdə istər dərslərdə, istərsə də dərsdənkənar tədbirlərdə bu istiqamətdə ardıcıl iş aparılmasını vacib saydı.

Bütün dəhşətlərinə baxmayaraq Xocalı faciəsinin, eləcə də 20 yanvar hadisələrinin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, onu azadlıq yolundan döndərə bilmədiyini, ulu öndər Heydər Əliyevin, onun  layiqli siyasi varisi, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında xalqımızın bu sınaqdan mətanətlə çıxdığını vurğulayan nazir müstəqilliyimizin 20 ili ərzində qazandığımız nailiyyətlərin bunu sübut etdiyini söylədi. Bildirdi ki, son 20 il ərzində Azərbaycan 100 ilə bərabər uğurlar əldə edib. Əgər bu gün ölkəmizin adı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri sırasındadırsa, dünyanın 155 ölkəsi Azərbaycanı dəstəkləyirsə, Azərbaycan dünyanın ən böyük və qüdrətli 20 ölkəsinin sammitinə rəsmi dəvət alırsa, bu, xalqımızın böyük qələbəsidir. Biz bu uğurlarla fəxr etməli və daha yaxşı çalışıb dövlətimizin başçısının ətrafında birləşərək xalqımızı daha yüksək sürətlə irəliyə doğru aparmalıyıq.

Çıxışının sonunda Misir Mərdanov bu hadisənin möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi sərəncamları ilə hər il ardıcıl olaraq həm ölkəmizdə, həm də xarici ölkələrdə qeyd olunduğunu deyərək,  işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə azad olunacağına, Xocalı soyqırımını törədənlərin öz layiqli cəzalarını alacaqlarına inandığını bildirdi.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tədbirdə çıxış edərək, bu qanlı faciənin xalqımız tərəfindən daim yad olunduğunu vurğuladı. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Xocalı faciəsinin iyirminci ildönümü təkcə ölkəmizdə deyil, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri və diasporu tərəfindən hər yerdə qeyd olunacaqdır.

Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlərdən danışan icra başçısı onlarca faciə iştirakçısını, şəhid ailələrini xarici ölkələrə göndərdiklərini, uşaqların bu hadisələrə həsr olunmuş rəsm əsərlərinin və əl işlərinin xarici ölkədə sərgilənməsi üçün aparıldığını bildirdi və sərgidə Xocalı məktəblilərinin də rəsmlərinin nümayiş olunduğu diqqətə çatdırdı.

Şahmar Usubov çıxışında Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunin xidmətlərini, xüsusən də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində aparılan işləri yüksək qiymətləndirərək Fondun bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirdiyini, bu il Xocalı faciəsi ilə bağlı üç film çəkildiyini söylədi.

Sərginin təşkili üçün Təhsil Nazirliyinə, Heydər Əliyev Fonduna minnətdarlığını çatdıran Ş.Usubov belə tədbirlərin faciənin böyüməkdə olan nəslə çatdırılması, eləcə də Xocalı şəhidlərinin ruhuna ehtiram baxımından mühüm əhəmiyyət daşıdığını söylədi.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev çıxış edərək sərginin müstəqilliyə gedən yolda Azərbaycan xalqının verdiyi mücadilələrə həsr olunduğunu söylədi. Bildirdi ki, müharibələrin, soyqırımların ilk qurbanları uşaqlar, qocalar, qadınlar, bütövlükdə dinc əhali olur. Ona görə də dinc əhaliyə qarşı keçirilən soyqırımlara dünya ictimaiyyəti tərəfindən qiymət verilməlidir. Çünki əgər belə hadisələrə qiymət verilməzsə, onda gələcəkdə onlar təkrarlana bilər. B.Əliyev bu baxımdan bu il Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində mühüm işlərin görüldüyünü bildirdi. O, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində lazımi addımlar atıldığını, bir çox ölkələrdə faciənin ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini qeyd etdi.

Xocalı faciəsi ilə bağlı tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini söyləyən millət vəkili belə tədbirlərin böyüməkdə olan nəslin vətənpərvərlik hissinin, vətəndaşlıq borcunun formalaşmasına güclü təsir göstərdiyini bildirdi.

Bəşəriyyətə qara ləkə olan faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğu, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulandı.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. 

Yusif  ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov