Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Sabahın alimləri" adlı respublika müsabiqəsi

 

Fevralın 23-də  "Park İNN" otelinin "Dan ulduzu" zalında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd-Azərbaycan" təşkilatının təşkilatçılığı ilə keçirilən "Sabahın alimləri" adlı respublika müsabiqəsinin açılışı oldu. Açılış mərasimində təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Intel-in MDB-də korporativ məsələlər üzrə direktoru Tatyana Nanayeva, "Mədəd-Azərbaycan" təşkilatının icraçı direktoru Vüsal Xanlarov, respublikanın tanınmış alimləri, pedaqoqları, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq keçirilən müsabiqənin əhəmiyyətindən söz açdı. Ölkəmizdə ilk dəfə təşkil olunan bu müsabiqənin əsas məqsədinin yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onlardan 5 nəfərini seçib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə - Intel ISEF-ə göndərmək olduğunu söyləyən nazir belə bir mötəbər yarışda azərbaycanlı şagirdlərin uğurla iştirak edəcəyinə ümidvar olduğunu bildirdi. Qeyd olundu ki, "Sabahın alimləri" adlı  müsabiqə dünyada ən nüfuzlu müsabiqələrdən biri olan Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin əsas sponsorlarından biri də Intel korporasiyasıdır.     Hər bir ölkənin inkişafının həmin ölkədə elmin və təhsilin inkişafından asılı olduğunu bildirən təhsil naziri Azərbaycanda güclü elmi potensialın mövcudluğunu qeyd etdi. Ölkəmizdə elm və təhsilin inkişafının, gənclər siyasətinin dövlətin  prioritet istiqamətlərindən olduğunu söyləyən nazir Misir Mərdanov respublika Prezidenti cənab İlham Əliyev tərəfindən bu məsələlərin hər zaman diqqətdə saxlanıldığını xüsusi vurğuladı. Nazir Intel ISEF müsabiqəsinin dünyada nüfuzlu bir müsabiqə olduğunu deyərək bu haqda ətraflı danışdı. Bildirildi ki, Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin, eyni zamanda ölkələrin də sayı artmışdır. 2011-ci ildə bu  ölkələrin sayı 65-ə çatmışdır. Nazir belə bir mötəbər müsabiqənin dünyanın bütün ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi kimi, Azərbaycan üçün də aktual və gərəkli olduğunu qeyd etdi. Nazir Misir Mərdanov respublikamızda təhsil sahəsində aparılan islahatların, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumların yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldildiyini, şagirdlərin tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi üçün hərtərəfli imkanların yaradıldığını söylədi. Qeyd olundu ki, bir sıra orta ümumi təhsil müəssisələrində fəaliyyət göstərən Kiçik Akademiyalar şagirdləri məktəb illərindən elmi tədqiqatlara cəlb edərək onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq edir.

Azərbaycanda ilk dəfə keçirilən "Sabahın alimləri" müsabiqəsi barədə ətraflı məlumat verən təhsil naziri onun 2012-ci ildə keçiriləcək Intel ISEF müsabiqəsinə seçim turu olduğunu bildirdi. Müsabiqəyə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələri təqdim olunub. Müsabiqəyə elmi dəstək verən Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti gələcəyin alimləri üçün elmi ünsiyyət mühitinin formalaşmasına xüsusi diqqət yetiriblər. Bu ali təhsil  müəssisələrinin laboratoriyaları öz qapılarını şagirdlərin üzünə açaraq onlara müasir avadanlıqlardan istifadə etmək və elmi rəhbərləri ilə birgə tədqiqatlar aparmaq imkanı yaradıb.

Nazir daha sonra qeyd etdi ki, müsabiqədə 47 elmi layihənin müəllifləri olan şagirdlər iştirak edir. Həmin layihələrdən 18-i kollektiv, 29-u isə fərdi şəkildə hazırlanıb. Şagirdlərin elmi layihələri riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri kateqoriyaları üzrə qiymətləndiriləcəkdir. Müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib. Müsabiqənin final mərhələsinə Elmi Ekspertiza Komitəsi tərəfindən baxış keçirilən və annotasiyaları təsdiq edilən layihələr buraxılıb.

Təhsil naziri layihələrin qiymətləndirilməsi üçün respublikamızın tanınmış alimlərindən ibarət münsiflər heyətinin yaradıldığını deyərək tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi. Nazir Misir Mərdanov Gənclər və İdman Nazirliyi, "Mədəd-Azərbaycan" təşkilatı, Intel korporasiyası ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək Azərbaycanın istedadlı şagirdlərinin dünyanın belə bir nüfuzlu müsabiqəsinə qatılmalarını təqdirəlayiq hal kimi qiymətləndirdi  və onların ölkəmizi layiqincə təmsil etmələrini arzuladı.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov müsabiqənin əsas məramının ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərinin nümayişinə şəraitin yaradılması ilə yanaşı, həmçinin onların elm və texnika sahəsində öz yaradıcılıq potensialını yüksəltmələrini təmin etmək olduğunu bildirdi. Nazir Azad Rəhimov Azərbaycanda ilk dəfə keçirilən bu müsabiqənin iştirakçılarına uğurlar dilədi.

"Mədəd-Azərbaycan" təşkilatının icraçı direktoru Vüsal Xanlarov çıxış edərək təmsil etdiyi qurumun gördüyü işlərdən danışdı. Keçirilən müsabiqənin azərbaycanlı şagirdlərin dünya miqyasında  öz bilik və bacarıqlarını nümayiş etdirməyə imkan yaratdığını söylədi.

Intel-in MDB-də korporativ məsələlər üzrə direktoru Tatyana Nanayeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, Intel ISEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisi ilə bağlı məruzə-təqdimatla çıxış etdi. Təqdimatda adıçəkilən müsabiqədə iştirak edən ölkələr, həmin ölkələrin şagirdlərinin əldə etdiyi nəticələr və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi. Tatyana Nanayeva sonda bu il Azərbaycanın  müsabiqədə iştirak etməsindən məmnun olduğunu dedi və şagirdlərə müvəffəqiyyətlər arzu etdi.

Onu da qeyd edək ki, 24 fevral tarixində keçiriləcək mükafatlandırılma mərasimində müsabiqənin qaliblərinə pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird cari ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək Intel ISEF müsabiqəsində iştirak etmək hüququ qazanacaq. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov