Bakı
Dövlət Universitetində Xocalı faciəsinin 20-ci
ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko
Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar"
kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus
dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin
rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız
terror hadisələrindən biri olan Xocalı soyqırımı
haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200
ildən artıq müddətdə erməni millətçiləri tərəfindən
xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı
siyasətinin qanlı səhifəsidir. Rektor qeyd edib ki,
ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə
hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və
parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni
millətçilərinin azərbaycanlılara qarşı törətdiyi
cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə,
parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar.
Bu gün bu siyasət Prezident İlham Əliyev, Heydər Əliyev
Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata
keçirilir. Aparıcı dövlətlərin ikili standartlarından
söhbət açan, Fransa Senatının antidemokratik qərarını
xatırladan rektor alman alimi Heiko Krügerin "Dağlıq
Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabına da
toxunub. Deyib ki, xarici alimlər öz siyasətçilərindən
fərqli olaraq, tarixi hadisələrə daha obyektiv
yanaşırlar. Təqdimatı keçirilən kitab buna nümunədir.
Sonra
tarix fakültəsinin dosenti Boran Əzizin "Xocalı - XX
əsrin faciəsi", hüquq fakültəsinin dekanı, professor
Əmir Əliyevin "Heiko Krüger və onun Dağlıq Qarabağ
münaqişəsi haqqında hüquqi araşdırmaları" mövzusunda
məruzələri dinlənilib.
Tədbirin sonunda Türkiyənin ölkəmizdəki səfirliyinin
nümayəndəsi Halis Koyuncuoğlu və millət vəkili Gülər
Əhmədova çıxış ediblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |