Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Elə yaşamısan ki...

 

Yanvarın 23-ü, həftənin 1-ci günü idi. İş həftəsinin birinci günü həmişə ağır olur, deyirlər. Bəlkə də bu baxımdan özümü narahat hiss edir, jurnalın növbəti nömrəsinə məqalə hazırlamalı olsam da, əlimə qələm götürüb bir sətir belə yaza bilmirdim. Bir gün bundan qabaq gördüyüm yuxunun təsiri altında idim. Yuxuda Şamxəlil müəllimi görmüşdüm. Onunla redaksiyanın dəhlizində qarşılaşmışdıq... Ağ köynək, qara kostyum geyinib, qara qalstuk bağlamışdı. Qaməti şux, sifəti nurlu idi. Gülə-gülə mənə yaxınlaşdı, qucaqlaşıb öpüşdük. O qədər şad və xürrəm görünürdü ki, sanki dünyanın əzab-əziyyətindən, ağrı-acıdan qurtulub rahatlığa qovuşurdu. Uzun illər idi ki, şəkər xəstəliyindən əziyyət çəkir, ürək ağrısından, ayaqlarının şişməsindən gileylənirdi. 2011-ci ilin yazından isə qarın nahiyəsindən, mədə ağrısından gileylənmişdi. Bir neçə ay bundan qabaq mədəsindən əməliyyat olunmaq üçün onu həmişə görmək arzusunda olduğu Təbrizə yola salmışdıq.  

Oradan qayıdandan sonra sağalıb sonra işə çıxacağını gözləyirdik. Əməliyyat olunandan sonra günü-gündən yaxşılaşmaqdansa, əksinə, geri gedir, arıqlayır, vəziyyəti daha da ağırlaşırdı. Elə buna görə də onu belə gümrah görəndə gözlərimə inanmadım.

- Şamxəlil, sən axı hələ müalicə olunacağını, işə tam sağalandan sonra çıxacağını deyirdin, göz dəyməsin, həyatın nübarını təzə dadmağa başlayan cavan oğlana oxşayırsan, - deyə təəccübümü gizlətmədim.

- Hə, qardaş, indi yaxşıyam, ağrılarım yoxdu, ancaq dünyanın işini bilmək olmaz. Gəldim ki, dostları, yoldaşları görüm. Doğma kollektivimə mənə həyan olduğuna görə ürəkdən bir sağ ol deyim. Yaxşılığı isə unutmazlar. Hərənin bir cür var-dövləti var. Mənim də var-dövlətim ailəm, övladlarım, bir də sizin kimi dost-tanışlarımdır. Ani fikrə getdi.

- Bilirsən, Mirzəyev, bu, mənim bura son gəlişimdir. Bu günün sabahını bilmək olmur, ölüm qaşla-göz arasındadır. Gəlmişəm ki, hamınızla görüşüb, halallığınızı alam, sonra rahat gedəm...

...Yuxudan ayıldım. Şamxəlilin vəziyyətini öyrənmək üçün evlərinə zəng etdim. Həyat yoldaşı Maya xanım bir az bundan qabaq Şamxəlilə sistem köçürüldüyünü, hazırda huşa getdiyini, danışmağa heyi olmadığını dedi. Belə vəziyyətdə yanına gedib ona əziyyət vermək istəmədik. Günaşırı yoldaşlarla zəng edib halını soruşur, yanına getmək üçün yaxşılaşmasını gözləyirdik. "Sən saydığını say, gör fələk nə sayır". Sən demə...

Bu fikirlər içində üzüldüyüm zaman telefon zəngi məni ağrılı düşüncələrimdən ayırdı. Dəstəyi qaldırıb Elman müəllimin kədərli səsini eşitdim.

- Nizami müəllim, Şamxəlil müəllim dünyasını dəyişdi, gözlərini əbədi yumdu. Hamımız onu əbədiyyətə yola salmağa gedirik, - dedi. Bu acı xəbərdən keyləşdim, dodaqlarım qapandı, ürəyim şiddətlə vurmağa başladı, nə deyəcəyimi, nə danışacağımı kəsdirə bilmirdim, qəhər məni boğurdu.

"Təhsil" jurnalının artıq çapa göndərilmiş yanvar nömrəsində Avtandil Ağbabanın Şamxəlil Məmmədov haqqında yazdığı "Qoşa qanad kimi" məqaləsi verilmişdi. Malik müəllimlə nəşriyyatın rəhbərliyi ilə əlaqə saxlayıb çapı dayandırdıq. Şamxəlil müəllim haqqında verilmiş həmin məqalənin altında onun dünyasını dəyişdiyini qeyd etdikdən sonra yas yerinə - mərhumla son vidaya getdik. "Azərbaycan müəllimi" qəzeti redaksiyasının bütün əməkdaşları vida mərasiminə toplaşmışdı. Hamının çöhrəsində hüznlü bir kədər vardı. Hava da sanki bu gəldi-gedər dünyanın acı-ağrısını çəkirmiş kimi qara buludlara bürünmüşdü. Dünən axşamdan acı göz yaşları kimi yağan sulu qar və yağış kəssə də hava sazaqlı idi. Soyuq olmasına baxmayaraq heç kim getməyə tələsmirdi, hamı mərhumun son mənzilə yola salma anını gözləyirdi. Yoldaşlar Şamxəlil müəllim haqqında qısa xatirələrini danışır, savadlı alim, peşəkar jurnalist, ən başlıcası gözəl insan olmasından söz açırdılar. Onun xeyirxahlığını, kiməsə kömək etməsindən zövq aldığını, başqalarına əziyyət vermək istəmədiyini qeyd edirdilər. Həmin gün Şamxəlil müəllim dostları tərəfindən hörmət və ehtiramla son mənzilinə tapşırıldı, ruhuna dualar oxundu.

Dəfndən bir həftə sonra Şamxəlilin həyat yoldaşı Maya xanım mənə zəng edib elədiklərinə görə redaksiya işçilərinə təşəkkürünü bildirdi. Təbrizdə olarkən Şamxəlil müəllimin küçələri, evləri, geniş xiyabanları məhəbbətlə seyr etməsindən, təmasda olduğu hər bir insanla səmimi ünsiyyət qurub yaşayışları, həyat tərzləri ilə maraqlanmasından, mehriban davranışına görə həkimlərin ona qayğı ilə yanaşmasından, geri qayıdarkən yol boyu çoxlu bayatılar deməsindən danışdı. Onu da bildirdi ki, həkim əməliyyat zamanı xərçəngin tam şaxələndiyini görüb, yaranı bağlamış və buna əlacın olmadığını, xəstənin az yaşayacağını onlara deyibmiş. Ailə üzvləri də Şamxəlilin heç kimə əziyyət vermək istəmədiyini nəzərə alıb onun son günlərini yaşadığını dostlarına bildirməyiblər.

Bəli, Şamxəlil müəllim belə ürək sahibi idi. Maya xanım, həmçinin Şamxəlilin son aylarda yazdığı gündəliyini və vəsiyyətini qızı Aytənə verərək - sonra oxuyarsız, - deməsindən söz açdı. Öləcəyini bilirmiş kimi nə etmək lazım olacağını qabaqcadan vəsiyyətində qeyd edibmiş Şamxəlil.

Fevralın 7-də Şamxəlil müəllimin 63 yaşı tamam olacaqdı. Əgər yaşasaydı!

Məmmədov Şamxəlil Hətəm oğlu 1949-cu ildə fevralın 7-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyənli kəndində ziyalı ailəsində anadan olub. 1966-cı ildə Qızılkilsə kənd orta məktəbini, 1970-ci ildə isə  Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. Bakıdakı 9, 19, 54, 181 və 216 nömrəli orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edib. 1972-ci ildən ömrünün sonuna kimi "Azərbaycan müəllimi" qəzetində kiçik ədəbi işçi, ədəbi işçi, müxbir, xüsusi müxbir, elm və təhsil şöbəsinin redaktoru vəzifələrində işləyib. Bir sıra ali məktəblərdə dərs deyib. Müxtəlif mətbuat orqanlarında məqalələri, oçerkləri, publisist yazıları dərc edilib. 15 elmi, publisist kitabın müəllifi, 17 kitabın həmmüəllifi, 20 kitabın isə redaktoru olub. Pedaqoji elmlər namizədi, folklorşünaslıq üzrə alim idi. "Azərbaycan maarif əlaçısı", "SSRİ maarif əlaçısı" döş nişanları, Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub. 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb.

Arzuları yarıda qırılsa da əməlləri ilə ölümündən sonra həyatda yaşayacaq silinməz iz qoyub getdi Şamxəlil müəllim. Həmişə deyərdi: Bilirsən qardaş, ailə özlüyündə bir dövlətdir, dövlət içindən pozulsa ömrü uzun olmaz, tez dağılar.  Ailə də belədir. Şükür yaradana, ailəmdən çox razıyam, Maya müəllim (həyat yoldaşı) həmişə mənim bütün tündməcazlığıma və ərköyünlüyümə dözüb, nə qədər mənim nazımı çəkib. Böyük qızım Aynuru baş-göz eləmişəm. Kürəkənim Bəhruz da maşallah, yaxşı oğuldur, mənə kürəkənlik deyil, oğulluq edir. Allah onu xoşbəxt eləsin. Arzum nəvə görmək idi, onu da gördüm, adını da Salatın qoymuşuq. Bircə arzum qalıb ürəyimdə, kiçik qızım Aytənin də toyunu görsəydim heç dərdim olmazdı. Böyük qızım sakit və fağırdır. Kiçik qızım kaş oğlan doğulaydı. Elə oğlan kimi sözü üzə deyən, qorxmaz, çəkinməzdir. Ondan da çox razıyam, ona görə ki, kinsiz, küdurətsiz, qəlbi təmiz, əməlləri safdır.

Arada deyinməyi vardı Şamxəlilin. Haqsızlığı qəbul edə bilmirdi, hər şeyi düz görmək istəyirdi.

Bir gün, "ay Şamxəlil, dünyanın dərdi sənəmi qalıb, hamının çatışmazlığını ürəyinə salıb niyə deyinirsən", - dedim. Üzümə baxıb gülümsədi, qulaq as dedi, gör nə deyəcəyəm:

- Su gələr lillənər,

Bağ-bağça güllənər.

Dərdlidə günah yox,

Dərd özü dillənər.

Ötən günlərin birində Sarvan, Yusif, Ədalət, Elman, Şakir, Tahir, Niyazi, Oruc, Rəşad, mən və başqaları yenə redaksiyada bir yerə yığışıb Şamxəlil müəllimi yad edir, xatirələrini çözələyir, ibrətamiz söhbətlərindən söz açırdıq. Hamı keçmiş iş yoldaşları haqqında deyil, sanki əziz dostları haqqında, özü də kədərlə danışırdı. Onu tanıyanların qəlbində silinməz iz qoymuş Şamxəlil müəllim, sağlığında əməlləri ilə yaddaşlarda özünə heykəl qurub gedib bu dünyadan. Elə bir heykəl ki, qəlblərdə yaşayacaq, xatirələrdə həmişə anılacaq.

Günlər ildırım sürəti ilə keçsə də, adama elə gəlir ki, Şamxəlil dünyasını dünən dəyişib. Ancaq bir neçə gündən sonra, martın 2-də ölümünün 40-cı günü qeyd ediləcək, Şamxəlilli günlər yenidən yaşanacaq. Lakin Şamxəlilsiz.  Olub keçənləri xəyal süzgəcimdən keçirdim. Hansısa müdrikin "Elə yaşama ki, sağlığında unudulasan, elə yaşa ki, öləndən sonra da yaşayasan" kəlamını xatırladım. Və qəlbimdən bir nida keçdi: "Şamxəlil müəllim! Elə yaşamısan ki, bundan sonra da yaşayacaqsan". Bunlardan təskinlik tapıb, Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun, deyirəm. 

Nizami MİRZƏ,
"Təhsil" jurnalının baş redaktor müavini

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov