Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Xocalı soyqırımı qurbanları yad edildi

 

Azərbaycan Dövlət Pedaqoji Kollecində  Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Xocalı - qan yaddaşımız" adlı ədəbi-bədii gecə  keçirildi. Əvvəlcə kollecin tələbələri Dövlət himnini söylədilər.  Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan gecənin aparıcıları Xocalı faciəsi haqqında geniş məruzə ilə çıxış etdilər. Qeyd olundu ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün Xocalını təsadüfən seçməmiş, bu şəhərin mühüm strateji əhəmiyyətə malik olmasını, bölgədə yeganə aeroportun burada yerləşməsini nəzərə almışdır.

 Kollecin direktoru, əməkdar müəllim Nurlana Əliyeva  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımından danışdı. Bildirdi ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni qəsbkarlarının və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin müdrik və sülhsevər siyasəti sayəsində atəşkəsə nail olunmuş, 1994-cü ildə bu dəhşətli faciəyə siyasi qiymət verilmişdir. Dünya ictimaiyyəti bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.

Vurğulandı ki, Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir. Bu faciənin dünyada tanınması üçün xarici ölkələrdəki diasporlarımızın fəaliyyətinin önəmli olduğunu söyləyən Nurlana Əliyeva Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi.

Tədbirdə iştirak edən qonaqlar  çıxışlarında azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törədilən vəhşi hərəkətlərdən ürəkağrısı ilə söz açdılar. Bildirildi ki,  Xocalı faciəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaq.

Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımı, erməni daşnaklarının vəhşiliklərini, amansızlıqlarını əks etdirən videogörüntülər göstərildi.

Sonda kollecin tələbələri  müdhiş gecəyə aid "Xocalı harayı" adlı  ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. 

*** 

Bu günlərdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Xocalı faciəsinin fəlakətindən canlarını qurtaran və girovluqdan azad olunan Xocalı sakinləri Pərvanə Novruzova və Teymur Musayevlə Bakı Qida Sənayesi Kollecində müəllim və tələbələrin  görüşü olmuşdur.

Görüşü kollecin direktoru Mikayıl Məhərrəmov açaraq faciənin dəhşətlərindən, dinc əhaliyə qarşı erməni yaraqlılarının törətdikləri vəhşiliklərdən danışıb. Kollecin müəllimlərindən Xatirə Məmmədova "Xocalı soyqırımının hüquqi əsasları" və Dəmir Yusifov "Beynəlxalq cinayətlərdən biri də Xocalı soyqırımıdır" mövzularında çıxış edərək Xocalı faciəsinin tarixindən və faciənin dünya ölkələrinə çatdırılmasından söz açıblar. Sonra Xocalı sakinləri P.Novruzova və T.Musayev o faciənin necə törədilməsi və girov düşmələrindən danışdılar.

Axırda Xocalı faciəsində şəhid olmuş xocalıların xatirəsinə ehsan süfrəsi açılmışdır. 

*** 

 Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş Xocalı soyqırımının 20-ci ildönümü Naxçıvan Dövlət Universitetində qeyd olunub. Ali məktəbin pedaqoji fakültəsində keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdhiş qətliamın tarixinə nəzər salan YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov Xocalı soyqırımının erməni millətçi-şovinistlərinin 200 il ərzində davamlı olaraq Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətinin sübutu olduğunu deyib, belə tədbirlərin gənclərin milli mənəvi, vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolundan  danışıb.

Universitet Gənclər Təşkilatının sədri Arzu Abdullayev "Xocalı soyqırımı beynəlxalq cinayət kimi" adlı məruzəsində bəşər tarixində analoqu olmayan faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş tədbirlərdən danışıb, Xocalı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə gücləri birləşdirməyə səsləyib.

Tədbirdə həmçinin ibtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Məsmə Nağıyevanın "Xocalı faciəsi qan yaddaşımızdır"  və bədən tərbiyəsi və idman ixtisası üzrə I kurs tələbəsi Həcər Məmmədovanın "Xocalı soyqırımı XX əsrin faciəsidir" adlı məruzələri dinlənilib.  

Konfransda Xocalı hadisələrini əks etdirən slayd nümayiş olunub. 

*** 

"...Xocalıda ağaclarımız çiçəkləyibmi görən? İnanmırıq çiçəkləyə.  Axı o güllər də yaxşı bilir ki, açsa, onları düşmən qoxulayacaq..." Bu sözlər Bakının Sabunçu rayonundakı 80 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı keçirilən "Qaysaq bağlamayan yaram - Xocalı" adlı tədbirdə səsləndi.Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Hüseynovanın rəhbərliyi ilə VIII "q" sinfinin şagirdləri hazırlamışdı. Mərasimdə əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi, sonra Xocalı faciəsi haqqında 20 il əvvəl dünya mətbuatında gedən məlumatlar səsləndi. Şagird aktyorlar - Xocalı sakinləri başlarına gətirilən müsibətləri danışır, erməni vəhşiliyini bir daha göz önünə gətirirdilər. Məktəblilər insanları birliyə çağıran şeirlər və mahnılar söylədilər. Burada səslənən "Qalx ayağa igid oğullar, mərd oğullar Vətəni! Qalx ayağa Nizamilər, Xətailər, Füzulilər yurdu! Qalx ki, sənin bu möhtəşəmliyin qarşısında düşmənlərimiz lal olsun!" sözləri salonda əyləşən hər bir şagirdi vətən, torpaq uğrunda səfərbər olmağa çağırdı.

Tədbirdə məktəbin direktoru Əlislam Abasquliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Fərman Abdullayev  çıxış edərək Xocalı faciəsinin iyirminci ildönümü ilə bağlı keçirilən bu tədbirin şadirdlərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malik olduğunu vurğuladılar. 

*** 

2 nömrəli Bakı Peşə Liseyində Xocalı  soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

Tədbiri giriş sözü ilə açan liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Paşa Əyyubov Xocalı faciəsi  haqqında  ümumi məlumat verərək  soyqırımının acı nəticələri və dəhşətlərindən danışıb. Liseyin tarix müəllimi Hürü Rüstəmova "Xocalı faciəsinin günahkarları layiqli cəzalarını alacaqlar" mövzusunda məruzə ilə çıxış edib. Sonra liseydə istehsalat təlimi ustası işləyən və  əslən Xocalı sakini olan Nəzakət Məmmədova  yaşadığı ərazinin düşmən tərəfindən işğal olunmasının, yaxınlarının   faciəli şəkildə  erməni azğınları tərəfindən  vəhşicəsinə  öldürülməsindən, liseyin istehsalat təlimi ustası   Gülnarə İsmayılova   isə ermənilərin törətdikləri  bu cinayətlərə görə  cəzasız qalmayacaqlarından ürəkağrısı  ilə  söz açıblar.

Tədbirdə liseyin şagirdləri Xocalı soyqırımına  aid şeir  söyləyib və ədəbi-bədii kompozisiya   nümayiş  etdiriblər. 

*** 

 Xocalı faciəsinin 20-ci ildönümü Bakı Humanitar Kollecində anım mərasimi ilə qeyd olundu.  Əvvəlcə kollecin  tələbələrinin hazırladığı soyqırımı ilə bağlı rəsm sərgisi nümayiş olundu. "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiyada  Dövlət himninin oxunmasından sonra tədbir iştirakçıları torpaqlarımızın suverenliyi, azadlığı, müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 

Tədbirin aparıcıları Xocalı faciəsinin Azərbaycanın tarixində qanlı bir səhifə, insanlığa qarşı törədilmiş misli görünməmiş terror hadisəsi olduğunu qeyd etdilər. Onlar Xocalının işğal edilməsi ilə bağlı tarixi faktları xatırlatdılar. 

Kollecin teatr şöbəsinin tələbələri ssenari müəllifi və rejissoru kollecin müəllimi İmran Vahabova məxsus "Xocalı harayı" adlı kompozisiyanı nümayiş etdirdilər. Tədbirin sonunda kollecin tələbələri Xocalı hadisələrinə, həmin qırğın zamanı düşmən əli ilə faciəli şəkildə həlak olmuş yüzlərlə insanın acı taleyinə həsr olunmuş şeirlər  və bayatılar söylədilər. 

*** 

Bakının  Müşfiq qəsəbəsindəki 274 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının   anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Xocalıda şəhid olanların xatirəsinə həsr olunmuş şagirdlərin çəkdikləri  rəsm sərgisi ilə tanış oldular. Dövlət himni ifa olundu. Üçrəngli Dövlət bayrağı Koroğlu uvertürasının sədaları altında səhnəyə gətirildi.  Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Atakişi Cəfərov Xocalının işğal edilməsi ilə bağlı bəzi tarixi faktları xatırlatdı. O dövrdə hakimiyyətdə olanların xalqımızın başına gətirilən müsibətlərə çox laqeyd münasibət  bəslədiyini təəssüf hissi ilə xatırladan Atakişi Cəfərov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail oldu.

Tədbirin aparıcıları Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə məktəbdə görülən işlər barədə iştirakçılara məlumat verdilər.  Bu məqsədlə məktəb kollektivi bədii qiraət saatları, inşa yazı müsabiqələri keçirmişdir. Əsir düşmüş, faciənin canlı şahidləri olan Xocalı sakinləri ilə görüşlər keçirilmiş, uşaqları maraqlandıran suallar cavablandırılmışdır.

Məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərildi. Tədbirin sonunda əsrin faciəsini əks etdirən film nümayiş etdirildi.  

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov