Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Dilimiz mənəvi sərvətimizdir"

 

Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin! 

(Şah İsmayıl Xətai)

Ana dili! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə!

Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini sənə o dildə bəyan edir.

1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun baş konfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilmişdir.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

Artıq neçə ildir ki, 21 fevral Beynəlxalq Ana Dili Günü məktəbimizdə qeyd olunur. Bu il həmin münasibətlə keçirilən "Ana dilim şirindir" adlı ədəbi-bədii kompozisiyada da şagirdlər xalq şairləri B.Vahabzadənin, Nəbi Xəzrinin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun şeirlərindən nümunələr söylədilər. Əvvəlcə aparıcılar - VII "a" sinif şagirdləri Ülkər Hacıyeva və Loğman Babaşov dil haqqında müdriklərimizin hikmətli sözlərindən, görkəmli şəxsiyyətlərin aforizmlərindən nümunələr söyləyərək, dilin bəşəriyyət tarixində insanların əldə etdiyi ən böyük nailiyyət, hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü bir vasitə olduğunu qeyd etdilər.

Sonra tarın müşayiəti ilə şeirlər söylənildi. 

Füzuli zirvəli, Vaqif vüqarlı

Mənim Qorqud dilim, Ələsgər dilim.

Ömrümün naxışı, bəxtimin xalı

Dadda, şirinlikdə bal, şəkər dilim! 

Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil sevinc də gətirir, təəssüf də... Zərifdir, incədir, ecazkardır, Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı dilim...

Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur.

7-ci sinif şagirdi Qılman Mikayılov İKT vasitəsi ilə Azərbaycan dilinin tarixi haqqında qısa, yığcam və dəqiq məlumatları verdi.

Azərbaycan dilinin formalaşma tarixi VII-IX əsrlərə təsadüf edir. Hələ qədimdən, orta əsrlərdən insanlar "Doğma vətəndən gözəl, doğma dildən şirin dünyada heç nə yoxdur" sözləri ilə döyüşə qalxmışlar.  XVIII əsrdən başlayaraq Azərbaycan dili zənginləşdi, inkişaf etdi və yaşadı.

Dilimiz zaman-zaman qol-qanad açdı, elm dili, sənət dili kimi daha da inkişaf etdi. Səfəvi hökmdarı Şah İsmayıl Xətai Azərbaycan-türk dilinin dövlət dili səviyyəsində istifadə edilməsini ilk dəfə olaraq həyata keçirdi.

Xətai taxtında sən fərman oldun,

Dillərə hökm edən qəhrəman oldun.

İkinci dəfə 1918-1920-ci illər arasında Azərbaycan Demokratik Respublkası bərqərar olduğu dövrdə "Türk dili" adı ilə dilimiz Dövlət dili hüququ aldı. İlk dəfə Dövlət himni yarandı. Cümhuriyyətin ömrü uzun olmadığı kimi, dil haqqında tədbirlər də milli əsaslarla davam edə bilmədi.

Bununla belə Azərbaycan dilinin inkişafı dayanmadı. O, əsrlərin sınaqlarından keçib, bu günümüzə gəlib çatmışdır. 

Tarixin yolunu keçdin uğurlu

Sənə batammadı bir qolu zorlu. 

Nəhayət,  ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında dilimizə yenidən Dövlət dili statusu verildi. 1992-1993-cü illərdə dilimizin adı yenidən Milli Məclisin qərarı ilə "Türk dili" adlandırıldı. Və nəhayət, 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil respublikamızın Konstitusiyasının 21-ci maddəsi ilə Azərbaycan dili Azərbaycan Respublikasında Dövlət dili kimi təsbit olundu. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. 

Yox, dil əsrlərin tale səsidir

Azərbaycan dili-büllur bir bulaq

Dil-xalqın adıdır, xalqın özüdür

Dilin ixtiyarı xalqdadır ancaq! 

"Ananın südündə, vətənimin havasında, çörəyində, suyunda səni duymuşam. Torpağımda, daşımda, çölümdə, çəmənimdə, Kürümdə, Arazımda, qəlbimin aynasında səni görmüşəm...".

"Elimdə-günümdə, dərsimdə-kitabımda səni görmüşəm, səni sevmişəm, a mənim tarixin eniş-yoxuşlarında, xalqımızın göz bəbəyi kimi qoruduğu dilim - Azərbaycan dilim, Azərbaycan dilim!".

VII "a" sinif şagirdlərindən Səkinə Cavadzadə, Sevil Şahbəndəyeva, Nərgiz Şıxəliyevanın ifasında səslənilən bu mənsur şeir parçası tarın müşayiəti ilə daha da gözəl və təsirli idi.

Daha sonra şagirdlərin ifasında "Biz kimik?" adlı ikinci kompozisiya dinlənildi.

Biz kimik?

Biz-Oğuz türklərinin balalarıyıq!

Biz-Müsəlmanıq!

Biz-Dünyanın ən qədim və ən mədəni xalqlarından biriyik!

VII "a" sinif şagirdlərindən Mələkxanım Behbudova, Fatimə Balakişiyeva, Zivər Hüseynova, Fidan Cəfərova, Əli Məmmədzadə, Loğman Babaşovun ifasında Səməd Vurğunun "Azərbaycan" şeiri özbək, qazax, qırğız, türkmən dillərində səsləndi. Sonda şagirdlərimiz "Azərbaycan" mahnısının sədaları altında kompozisiyanı yekunlaşdırdılar.

Tədbirdə iştirak edən qonaqlar Beynəlxalq Ana Dili Gününün qeyd olunmasını şagirdlərin doğma dilimizə olan bağlılığının, sonsuz məhəbbətinin babalarımızın bizə miras qoyduğu qiymətli xəzinəmiz olan dilimizin qorunub gələcək nəsillərə çatdırılması işində böyük əhəmiyyətə malik olmasını vurğuladılar. Məktəb rəhbərliyi tədbirin hazırlanmasında əməyi olan müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.

Bu dil əcdadımızın bizə miras qoyduğu qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub, nəsillərə biz də hədiyyə verək. 

Nəzakət CƏFƏROVA,
Bakıdakı Azər Məmmədov adına 115 nömrəli orta məktəbin
 Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov