Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Təhsil tariximiz: yeni bilgilər

Peterburqda oxumuş tələbələrimiz

 

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında) 

Yazardan bir neçə söz 

Rusiya və Avropa ali məktəblərində 1920-ci ilədək oxumuş soydaşlarımız haqqında "Azərbaycan müəllimi" qəzetində geniş yazılarım çıxdıqdan sonra mənə akademiya və təhsil sistemində çalışan çoxlu dostlarım, tanışlarım, sıravi aydınlarımız, adi vətəndaşlar zəng edərək, yaxud elektron poçtuma məktub göndərərək minnətdarlıq edir, bu sahədə araşdırmaları davam etdirməyi, adıçəkilən şəxslərin hər biri haqqında ayrıca bilgi verməyi arzu edirdilər. Həmin şəxslərin hamısına, özəlliklə Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasiyə rayon müəllimləri adından bildirdiyi xoş sözlər üçün təşəkkürümü bildirir, eyni zamanda onların istəyini gerçəkləşdirərək "Azərbaycan müəllimi"nin bu sayından başlayaraq dərc edilmiş siyahıda adı keçən tələbələrimiz haqqında Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin fondlarından ötən ilin sentyabrında əldə etdiyim arxiv bəlgələrini oxucuların diqqətinə çatdırıram. Bütün bu sənədlər ilk dəfə işıq üzü görür.

Yeri gəlmişkən, sevimli oxucularımızdan xahiş edirəm ki, bu silsilə yazılarda danışılacaq şəxslər haqqında əlavə bilgiləri olarsa mənimlə əlaqə saxlasınlar.

Haqqında söz açılacaq tələbələr ali məktəbdə oxuma tarixinə görə sıralanıb.  

1. Əmircanov Möhsün bəy Süleyman bəy oğlu 

(SPb. MTA, f.14, s.3, iş 21576, 1881-ci il) 

Bu başdan bildirim ki, arxiv siyahılarında soydaşlarımızın ad-soyadı bəzən elə yanlış yazılıb və sənədin özünə baxmadan onların gerçək şəklini müəyyənləşdirmək mümkün olmur. Hətta bəzən bu da kömək etmir. Məsələn, M.B.Əmircanovun adı şəxsi işindəki sənədlərdə rusca "Massum", "Mosxun", "Movsum", "Muxsun", "Muqsun" kimi yazılıb. Gəl indi düzgününü tap! Belə olduqda, məncə, bircə yol qalır - ən etibarlı sənədə güvənmək. Əmircanovun işindəki belə bir sənədi isə Sankt-Peterburq İmperator Universitetinin ona 1885-ci ildə verdiyi attestatı sayır, oradakı "Muqsun" (Möhsün) yazılışını əsas götürürük.  

Peyvənd etdirib  

Oxucumuz bu başlığı oxuduqda təəccüblənəcək - axı peyvəndin mətləbə nə dəxli var?! Var, özü də çox ciddi! Belə ki, çiçəyə görə peyvənd olunmayan abituriyent Rusiya ali məktəblərinə qəbul edilmirdi və onlardan tələb olunan ən mühüm sənədlər içərisində peyvənd haqqında arayış başda gəlirdi. Şəki şəhəri baş həkiminin 10 avqust 1881-ci ildə "Massum" bəy Əmircanova verdiyi arayışda onun çiçəyə görə peyvənd olunduğu təsdiqlənir. 

Kamal attestatı 

Şəxsi işindəki sənədlər içərisində "Mosxun" bəy Əmircanova verilmiş kamal attestatı önəmli bəlgələrdəndir. Burada göstərilir ki, Məhəmmədiyyə dinli, Gəncə vilayəti bəylərindən olan, Şəki şəhərində 2 dekabr 1859-cu ildə doğulmuş "Mosxun" bəy 4 il özəl gimnaziyada və 6 il Tiflis gimnaziyasında oxuyub. Qiymətləri o qədər də yüksək deyil - "3" və "4"-dür. 

Doğum haqqında şəhadətnamə 

Əlahəzrət İmperatorun fərmanına əsasən, bu şəhadətnaməni Gəncə Vilayəti Sünniməzhəb Ruhani Məclisi Şəki şəhərinin sakini, kollec asessoru Süleyman bəy Əmircanova o haqda verib ki, doğma oğlu "Mosxun" bəy Əmircanov qanuni nikahda olan atası Süleyman bəy Əmircanovla anası Dostuxanım xanım Hacı Məhəmmədağa qızından 2 dekabr 1859-cu ildə doğulub. 231 saylı şəhadətnamə 19 iyul 1875-ci ildə Şəki şəhərində verilib. Sənədi Məclisin sədri Hacı Cəmil Əfəndizadə öz imzası ilə təsdiqləyib.  

Süleyman bəyin qulluq siyahısı 

Tələbələrin sinfi mənşəyini, sosial durumunu müəyyənləşdirmək ali məktəb rəhbərliyi üçün çox önəmli sayılırdı. Valideynin cəmiyyətdə, yaxud dövlət həyatında tutduğu yer tələbənin ali məktəb həyatında və məktəbi bitirdikdən sonrakı dönəmində də öz izini buraxırdı. Valideynin çini və aldığı mükafatlar nə qədər böyük olardısa, tələbəyə "yuxarıdan" inam da o qədər güclü olurdu. Buna görə də ali məktəb rəhbərliyi dövlət qulluğunda bulunan valideynlərin sənədlərini tələb edirdi.

Kollec asessoru Süleyman bəy Əmircanovun xidməti haqqında 15 oktyabr 1877-ci ildə tərtib edilmiş qulluq siyahısında oxuyuruq ki, Süleyman bəy Abdulla bəy oğlu Əmircanov 51 yaşındadır (deməli, 1826-cı ildə doğulub), Məhəmmədiyyə dinindədir, xaçpərəst  olmayanlara verilən 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni alıb. Bəy rütbəsi var. Şəki şəhərində qardaşları ilə birlikdə daş evi və torpaq sahəsi var. O, müsəlman Dostuxanımla evlənib. Bu övladları var: oğulları Mövsüm - 17 yaş, Yusif - 15 yaş, Abdulla - 10 yaş və Musa - 7 yaş; qızları Sitarə - 20 yaş, Əzizə - 5 yaş. Böyük oğlu Tiflisdə tərbiyə olunur, qalanları onun yanındadır; hamısı müsəlmandır. 

İlk peşəkar şərqşünaslarımızdan biri 

"İlk Azərbaycan şərqşünasları" deyilərkən soydaşlarımız hamıdan öncə Mirzə Cəfər Topşubaşovu və Mirzə Kazım bəyi göz önünə gətirirlər. Əlbəttə, bunlar dünya şöhrətli azərbaycanlı şərqşünas professorlardır, ancaq Avropa təhsili görmüş bir çox şərqşünasımızın adını belə bilmirik. Onlardan biri də Sankt-Peterburq İmperator Universitetinin yetirməsi Möhsün bəy Süleyman bəy oğlu Əmircanovdur.

Düzdür, onun atası Şəkinin köklü bəylərindəndi, ancaq görünür, indi bilmədiyimiz hansısa maddi böhranla üzləşib və buna görə də oğlunun təhsil haqqını ödəməkdə problem yaranıb. SPb. İmperator Universiteti Şərq dilləri fakültəsi Türk-ərəb bölməsinin I kurs tələbəsi "Muqsun" bəy Əmircanov 7 oktyabr  1881-ci ildə rektora ərizə yazaraq xahiş edib ki, mühazirələri dinləmək üçün ödəməyə vəsaitim olmadığına görə məni mühazirə dinləməyə görə ödənişdən azad etmək haqqında sərəncam verəsiniz.

Möhsün bəyin gerçəkdən yoxsul durumda olduğunu Sankt-Peterburq ober-polismeyster dəftərxanasından 2 iyun 1882-ci ildə verilmiş 91679 saylı arayış da təsdiqləyir. Universitet rektoruna ünvanlanmış bu bəlgədən oxuyuruq ki, universitetin Drovyan döngəsi 9 saylı evdə yaşayan tələbəsi "Muqsun" bəy Əmircanov universitetdən təqaüd almaq üçün ona kasıblığı haqqında arayış verməyimizi xahiş edib. Polisin toplayaraq əldə etdiyi bilgilərdən görünür ki, ərizəçi 22 yaşdadır, əxlaqı və həyat tərzi yaxşıdır, durumu yoxsuldur, əynindəki paltardan başqa heç bir əşyası yoxdur, xəzinədən təqaüd və daimi heç bir yardım almır, Gəncə vilayətinin Şəki şəhərində öz evində yaşayan valideynləri var, qardaşları: Yusif - 17 yaş, Qori Müəllimlər Seminariyasında xəzinə hesabına oxuyur, Abdulla - 14 yaş, Musa - 10 yaş, bacıları: Sitarə - 20 yaş, Əzizə - 9 yaş, hamısı valideynlərinin yanındadır. Düzdür, ərizəçi valideynlərindən yardım alır, ancaq bu çox nadir hallarda, hədsiz məhdud miqdarda olur və özünü saxlamağa ehtiyac duyur.

14 may 1884-cü ildə universitet dəftərxanasının şəhər Qradonaçalniki dəftərxanasına göndərdiyi təliqədə bildirilir ki, "Muxsun" Əmircanov Şərq dilləri fakültəsinin III kurs tələbəsidir və Neva prospektindəki 88 saylı evin 66-cı mənzilində yaşayır.  

Diplomu əvəz edən attestat 

Tələbənin şəxsi işindəki son sənəd 11 sentyabr 1885-ci ildə verilmiş attestatdır. Əslində diplomu əvəz edən bu bəlgədə Sankt-Peterburq Universitetinin Şurası bəyan edir ki, 25 yaşlı, Məhəmmədiyyə dinli Möhsün bəy Əmircanov 31 avqust 1881-ci ildə universitet tələbələri sırasına qəbul edilib, Şərq dilləri fakültəsi ərəb-fars-türk-tatar bölməsi üzrə elmlərin bütün kursunu dinləyib və imtahanlarda bu nəticələri göstərib: fars dili, fars ədəbiyyatı tarixi, Osmanlı dili, Şərq tarixi, İran tarixi, Türkiyə tarixi, rus dövlət hüququ, siyasi iqtisad, fransız dili - "əla", türk-tatar dili, Türk qəbilələrinin təsviri, Şərq numizmatikası, müsəlman şəriəti, maliyyə hüququ - "yaxşı", ərəb dili, ərəb ədəbiyyatı tarixi və polis hüququ - "kafi", buna görə də Şərq dilləri fakültəsi onu həqiqi tələbə rütbəsinə layiq görüb... S.-Peterburq İmperator Universitetinin Şurası 2 sentyabr 1885-ci ildə bu rütbəni təsdiqləyib. Bu sənədlə Əmircanova Rusiya İmperiyası qanunları ilə həqiqi tələbə rütbəsinə aid edilən bütün hüquq və üstünlüklər verilir. Attestatı universitetin rektoru Andreyevski, fakültə dekanı Vasilyev imzalayıblar. 

Son söz 

Möhsün bəy Əmircanovun sonrakı taleyi haqqında əlimizdə heç bir bilgi və bəlgə yoxdur. Ancaq bildiyimiz təkcə budur ki, o, görkəmli ictimai-siyasi xadim, ilk Azərbaycan Cümhuriyyəti (1918-1920) dönəmində Parlaman üzvü olmuş, nazir vəzifəsində çalışmış Əbdüləli bəy Əmircanov (1874, Şəki-1948, Türkiyə) ilə əmiuşağıdır.   

(Ardı var) 

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin  professoru
[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov