Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Beynəlxalq təhsil xəbərləri

 

Kembric Universitetindən həyəcan təbili

Kembric Universitetinin professorları həyəcan təbili qaldırıb. Universitetin müəllimləri hesab edir ki, test sistemi tələbələrdə düşünmə qabiliyyətini tərgidir, onları robotlara çevirir.  Məktəblərdə yalnız test imtahanı vermiş tələbələr şablonlarla düşünür və özlərinə məxsus heç bir ideya irəli sürə  bilmirlər. Universitetin tarix professorları Robert Tombs və Devid Abulafiya hesab edirlər ki, uzun illər ərzində  tələbələr qeyri-standart düşünməyi və öz ideyalarını ifadə etməyi unudublar.  Onların qənaətincə, "əla"çıların  indiki səhvlərini əvvəllər heç ən zəif oxuyan tələbələr belə, buraxmayıblar. "Tələbələr müəyyən konkret nəticələrə hədəfləniblər, onlara düşünmək, sadəcə, gərək deyil",-deyə universitetin müəllimləri qeyd edirlər.    Londondakı Natiqlik Məktəbinin keçmiş direktoru və hökumət təmsilçisi Con Makintoş hesab edir ki, bütün bunlara səbəb təhsilin test sistemidir. Bu sistem müəllimləri və şagirdləri, sözün tam mənasında, robota çevirib.  Onun sözlərinə görə, hətta Kembricdə təhsil alan tələbələr belə, essenin necə yazıldığını bilmirlər, lakin onlar istənilən testi səhvsiz yerinə yetirə bilirlər, bu isə onları heç də təhsilli etmir. "Telegraph" qəzetinin yazdığına görə, Böyük Britaniyanın ən iri  imtahan mərkəzinə (Edexcel ) rəhbərlik etmiş Cerri Carvis  təhsildə qiymətləndirmə sisteminin köklü surətdə  yenidən qurulması vacibliyini bildirib. Onun qənaətincə, test sistemində "5"lər heç nəyi ifadə etmir.

 

Rusiyada səmərəsiz ali məktəblər bağlanacaq

Rusiyada  qeyri-effektiv fəaliyyət göstərən bütün ali məktəblər bağlanacaq. Bu barədə Rusiyanın baş naziri Vladimir Putin bildirib. Onun sözlərinə görə, bu iş ictimaiyyət və rektorlar şurasının iştirakı ilə birlikdə aparılacaq. Ölkənin bir sıra ali məktəblərində müəllimlərin sayı tələbələrin sayından artıqdır. Xüsusən də M.V. Lomonosov adına Moskva Dövlət Universitetində hər 1 müəllimə 10 tələbə əvəzinə, 4 tələbə düşür.  Bundan əlavə, MDU-da professor-müəllim heyəti və idarə heyəti arasında nisbət də 50:50-dir ki, bu da optimal deyildir.

V.Putin ali məktəblərin professor-müəllim heyətinin əməkhaqlarının cari ilin sentyabrına qədər orta iqtisadi səviyyəyə çatdırılması zəruriliyini bildirib. 2018-ci ildə isə əməkhaqlarının həcmi  orta iqtisadi səviyyədən 2 dəfə artıq olmalıdır. Baş nazir qeyd edib ki, əməkhaqları ali məktəb şəbəkəsinin optimallaşdırılmasına paralel olaraq artmalıdır.

 

Böyük Britaniyada icbari ev tapşırıqları ləğv olunub

Böyük Britaniyada ibtidai sinif şagirdləri üçün icbari  ev tapşırıqları ləğv olunub. Buna səbəb valideynlərin ev tapşırıqları ilə bağlı çoxsaylı şikayətləri olub. Valideynlər qeyd edir ki, ailənin bütün istirahət günü ev tapşırıqlarının həllinə sərf olunur. Onlar bütün vaxtlarını ev tapşırıqlarının həllinə sərf etdiklərindən şikayətləniblər. Böyük Britaniyanın qüvvədə olan qanunvericiliyinə əsasən, 7-11 yaşlı uşaqlar üçün ev tapşırıqları gün ərzində yarım saatdan artıq olmamalıdır. 

Təhsil naziri Maykl Qouv bəyan edib ki, bundan sonra ibtidai sinif şagirdləri üçün ev standartları ləğv olunur və məktəblər özləri tədris normalarını tətbiq edə və ya ləğv edə bilərlər. Yenilik orta və yuxarı siniflərə şamil olunmayacaq.  The Daily Telegraph qəzetinin yazdığına görə, valideynlərin çoxu qeyd edirlər ki, hər gün ev tapşırıqlarının həll olunması zərurəti kiçikyaşlı uşaqlarda stres yaradır. "Uşaqlar heç də kiçikyaşlı böyüklər  deyil, onlardan eyni dözümlülük tələb etmək olmaz. Uşaqlar gündə 6 saat məktəbdə olur və günün sonunda yorulurlar. Ev tapşırıqları minimuma endirilməli və asan olmalıdır", - deyə müəllimlər bildirirlər.

 

Çinə xarici tələbə axını güclənir

Çində təhsil alan xarici tələbələrin sayı durmadan artır. Ölkənin Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, ötən il Çində 194 ölkədən  292,6 min xarici tələbə  təhsil alıb. Bu isə 2010-cu illə müqayisədə 10 faiz artıqdır. Nazirliyin hesabatına əsasən, xarici tələbələr 600 kollecdə, akademik təhsil  müəssisələrində və digər təhsil ocaqlarında oxuyublar. 25 mindən artıq xarici tələbə Çin hökumətinin təqaüdünü alıb, bu isə ötən illərlə müqayisədə 14 faiz artıqdır.

Ötən il oxumağa gələn xarici tələbələrin 64 faizi Asiya ölkələrindən olub. Avropalı tələbələrin sayı 15 faiz təşkil edib. Daha çox Cənubi Koreya, Tailand, Yaponiyadan tələbə axını var. Nazirliyin hesabatında qeyd olunur ki, 2020-ci ilə kimi Çin xaricdən 500 min tələbə cəlb etməyi nəzərdə tutub. Bundan ötrü hökumət təhsilin keyfiyyətini yüksəltməyi, ingilis dilində tədris proqramlarının sayını artırmağı, viza məhdudiyyətlərini azaltmağı və s. nəzərdə tutub.

 

İsveçrə xarici tələbələrin sayını azaldır

İsveçrənin aparıcı universitetləri xarici ölkələrdən tələbə qəbuluna sərt kvota tətbiq edir. Sant-Hallen Universiteti artıq xaricdən tələbə qəbulunu 20 faizə qədər azaldıb.    İsveçrə universitetlərinin rektorları hesab edir ki, xarici tələbə sayının məhdudlaşdırılması hər hansı beynəlxalq qanunlarla ziddiyyət təşkil etmir. 

"Kvotanın tətbiqinin əsas şərtlərindən biri tələbə yerlərinin azlığıdır. Buna görə də xarici tələbələr isveçrəli tələbələrdən fərqli olaraq daha çox pul ödəməlidirlər, ödənilən təhsil haqları real məsrəflərdən olduqca azdır",-deyə Lüsern Universitetinin rektoru Paul Rixli bildirib.  Bununla belə, İsveçrədə təhsil almaq istəyən tələbə axınının tam kəsilməməsi üçün kvotaların həcmi o qədər də məhdudlaşdırılmamalıdır. Rektorlar belə bir ümumi mövqedən çıxış edirlər ki, digər ölkələrdən olan tələbələr üçün maneələrin yaradılması ayrı-ayrı tədris proqramları çərçivəsində mümkündür.

 

Özbəkistanda məktəb yaxınlığında dönər satışı qadağan olundu

Özbəkistanda bilavasitə orta ümumtəhsil məktəbləri yaxınlığında yerləşən  kafe və yeməkxanalardan dönər satışı qadağan olunub.  Bu barədə qərar respublikanın baş dövlət sanitar həkimi tərəfindən qəbul olunub. Özbəkistanlı həkimlərin rəyinə görə,   məktəb yaşında dönər və digər ayaqüstü yeməklərdən (fast-fud) sui-istifadə uşaqların inkişafdan qalması,   əsəb sisteminin pozulması, immun sisteminin zəifləməsi kimi xəstəliklərə yol aça bilər. Həkimlər xəbərdarlıq edirlər ki, "küçə" yeməklərindən müntəzəm surətdə istifadə olunması xolesterinin miqdarının artması təhlükəsi yaradır, bu isə mədə-bağırsaq və ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.

Xarici mətbuat materialları əsasında hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov