Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Hüseyn Çəndirli - 85

İstedadlı alim, böyük müəllim, xeyirxah insan

 

Biz keçmişimizi xatırlamasaq, gənclərimizə yaxşı nümunə olmarıq, üstəlik bizi də xatırlamazlar 

Həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə bağlı məlumatları hörmətli oxucularımızla paylaşdığımız fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn  İsgəndər oğlu Çəndirlinin anadan olmasının 85 ili tamam olur. Əslində, 85 rəqəmi yuvarlaq bir rəqəm olmadığından, bir qayda olaraq, dünyasını dəyişən insanlar üçün yubiley kimi qeyd olunmur. Lakin Hüseyn müəllimin yaşamış olduğu həyatı və elmi-pedaqoji fəaliyyətini fikrimdə canlandırdığımda, bu məqalənin yazılıb, geniş oxucu kütləsinə, xüsusilə də elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənclərimizə bir nümunə olaraq çatdırılmasına böyük ehtiyac olduğu qənaətinə gəldim.

Kimdir Hüseyn müəllim və onun nümunə olacaq məziyyətləri nədir suallarının, onu Dilarə bacıdan (Hüseyn müəllimin ömür-gün yoldaşı) sonra ən yaxşı tanıyanların bəlkə də birincisi kimi, çünki uşaqlığımdan Hüseyn müəllimi yaxından tanımamla bərabər, 1962-ci ildə aspiranturaya daxil olduğumdan 1995-ci ildə Türkiyəyə çalışmağa dəvət olunana qədər təxminən bizim görüşmədiyimiz, eləcə də müxtəlif xarakterli məsələlər barəsində fikir mübadiləsi etmədiyimiz həftələr olmamışdır - deyə bilərəm. Üstəlik qeyd etdiyiniz illər arasında Sovetlərin müxtəlif elm mərkəzlərindəki çoxsaylı toplantılarda (Moskva, Leninqrad, Novosibirsk, Tiflis, Aşqabad, Nalçik və s.) Hüseyn müəllimlə birlikdə iştirak etmiş, eyni mehmanxanada və ya yataqxanada, evdə  qalmış və hər zaman bir-birimizdən qardaş münasibəti görmüşdük. Burada yazılanlar ya şəxsən gördüklərim, ya da birbaşa Hüseyn müəllimin mənə danışdıqları şəkildə açıqlanmaqdadır.  

Hüseyn  İsgəndər oğlu Çəndirli 20 mart 1927-ci ildə, Qazax mahalında ana Kürün sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti, kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət, eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və böyük alim),  Hüseyn Hacıyev (II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş edən qədim Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir.

Yeddiillik təhsilini Qıraq Kəsəmən kənd orta məktəbində tamamlayan kiçik Hüseyn Qazax Pedaqoji Texnikumuna daxil olmuş və buranı qırmızı diplomla bitirdikdən sonra doğma məktəbinə riyaziyyat müəllimi olaraq təyin olunmuşdur (1944). Əslində o, ibtidai sinif müəllimi peşəsinə yiyələnmişdi. Ancaq onun fitri istedadını  və ehtiyacı nəzərə alan Ağstafa Rayon Maarif  Şöbəsi yuxarı sinif riyaziyyatını ona etibar etmişdi. Əsgərlik yaşında olan kişi müəllimlər müharibədə olduğundan, gənc və qabiliyyətli Hüseyn müəllim məktəbimizin göz bəbəyinə və yol göstərici qüvvəsinə çevrilmişdi. Bu qəbildən bir haşiyə. Birdən sinfimizdəki (I sinif, 1945) qızlardan biri "pulumu oğurlayıblar" deyərək, yüksək səslə ağlamağa başladı. Bunu görən rəhmətlik sinif müəllimimiz Gülbarı müəllim əsəbiləşərək işə qarışdı və uşaqlara "pulu götürən qaytarmasa, çantalarınızı və ciblərinizi axtaracam", - deyə xəbərdarlıq etdi. Amma pulu qaytaran olmadı. Bu arada sinifdə bir az səs-küy də yüksəlmişdi. Birdən qapı açıldı və Hüseyn müəllim içəri girdi. Əhvalatı öyrənib, özünəməxsus təmkinlə: - "Uşaqlar, baxın indi ciblərinizi və çantalarınızı axtarıb, pulu tapacam, ancaq pulu götürən özünə bir "oğru" ləqəbi almış olacaq və məktəbdə, eləcə də kəndimizdə pis vəziyyətə düşəcək. Gəlin belə edək. Ortaya yığışıb, bir-birinizi sıxışdıraraq rəqs edin və pulu götürən, onu gizlicə yerə atsın", - dedi. Belə də etdik. Bir də baxdıq ki, pul yerdədir. Beləcə, gənc müəllimin "pedaqoji tapıntısı" sayəsində pul da tapıldı, ən önəmlisi isə uşağın qüruru qırılmaqdan qurtarıldı. (Bu sətirləri yazarkən ağlıma Maykl Monteynin 1580-ci ildə yazmış olduğu "Dənəmələr" əsərində deyildiyi "cəza dərman kimi olmalıdır" fikri gəlir. Gənc bir kənd müəllimində bu cür ustalığın, ancaq onun fitri istedadından irəli gəldiyi düşünülə bilir. Yoxsa o, Monteyni oxumuşdu, deyə bilmərik). 

Hüseyn müəllimin riyazi istedadı qısa müddətdə rayona yayılmışdı. Qonşu kəndlərin bəzi riyaziyyat müəllimləri həll edə bilmədikləri məsələləri Hüseyn müəllimə gətirirdilər. Aydındır ki, istedadlı bir gənc natamam ali təhsillə kifayətlənə bilməzdi. Bu fikir onu o zaman mövcud olan Azərbaycan Qiyabi Pedagoji İnstitutuna gətirir. Qırmızı diplomuna görə imtahansız qəbul olunur və bir il oxuyur. Lakin təhsilin səviyyəsi riyaziyyat elminə bağlı böyük fikirləri olan gənc Hüseyni təmin etmir. Bu da onu, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə (əyani) girməyə sövq edir. Ancaq buna gənc Hüseynin nə maddi durumu, nə də rusca bilməməsi imkan vermirdi (o zamanlar qəbul imtahanlarında rus dilindən yazılı və şifahi olmaqla çox ciddi iki imtahan var idi). Universiteti hədəfləyən gənc Hüseyn son bir il maaşından qənaət edərək pul toplamış və 1949-cu ilin sentyabr ayının əvvəlində universitetin prorektoru işləyən, gözəl müəllim, xeyirxah insan və istedadlı riyaziyyatcı alim Maqsud Cavadovun (sonralar AMEA-nın müxbir üzvü, 1902-1972) qəbuluna getmiş, təhsil durumunu və rus dilindən imtahandan keçməyə gümanı olmadığını anlatdıqdan sonra, heç bir hüququ olmadan yanvar ayına qədər dərslərə davam etməyə və birinci semestr imtahanlarına buraxılması xahişini etmiş və əgər imtahanları yüksək qiymətlərlə verərsə, universitetə qəbul olunması istəyini də bildirmişdir. Maqsud müəllim bir az düşünüb, hər şeyi gözə alaraq buna razılıq vermiş. Xoşbəxtlikdən Maqsud müəllim birinci kursda analitik həndəsə dərsi keçirmiş. İlk iki həftədə dərsin əvvəlində tələbə olmaq istəyən Hüseyndən keçən dərsi soruşan Maqsud müəllim, aldığı ağıllı və dolğun cavablardan o qədər razı qalmış ki, təxminən sentyabr ayının 20-də onun universitetə qəbul olunması, təqaüdlə təmin olunması və sinif nümayəndəsi təyin olunması barədə sərəncam imzalamışdır (vəzifə sahibində insanlığa və yaxşı mənada özünə güvənə bax!). Bu etimadı şərəflə doğruldan Hüseyn, İ.V.Stalin adına təqaüd və qırmızı diplomla universiteti bitirdikdən (1954) sonra görkəmli alim-Azərbaycanda o zamanki adı ilə hesablama riyaziyyatının, yəni tətbiqi riyaziyyatın bünövrəsinin atılmasında və inkişaf etməsində əvəzsiz xidmətləri olan, böyük maarifçi və qayğıkeş insan (bu qayğıkeşliyinə görə tələbələr və aspirantlar onu sevəcənliklə "Papulya" deyə adlandırırdılar) akademik Əşrəf Hüseynovun (1907-1980) elmi rəhbərliyində aspiranturaya daxil olmuşdur. Aspirantura dönəmində uzun axtarış və araşdırmalardan sonra Hüseyn müəllim özünə araşdırma sahəsi olaraq "Qeyri-xətti məsələlərin Furye metodu ilə araşdırılması" sahəsini seçmiş və bu sahədə bir növ Fərhad kimi təkbaşına külüng çalmışdır. Belə ki, bu sahə Əşrəf müəllimin məşğul olmadığı bir sahə idi (bu, Əşrəf müəllimin böyüklüyünə və elmi səviyyəsinə xələl gətirmir), üstəlik riyaziyyatcılar arasında "qeyri-xətti məsələlərə Furye metodu tətbiq oluna bilməz" deyə bir fikir formalaşmışdı (məşhur rus alimi S.K.Qodunov "Uravneniya matematiçeskoy fiziki" kitabında yazır: Təəssüflər olsun ki, diferensial tənliklərin həllində çox yayğın olan Furye metodu universal deyil, sadəcə bir sıra xüsusi şəkli olan xətti məsələlərin həllinə tətbiq oluna bilir. Yəni qeyri-xətti məsələlərin həllinə tətbiq oluna bilmir. Bu fikrin əksinə olaraq, Hüseyn Çəndirli riyaziyyat tarixində ilk olaraq Furye metodunun  qeyri-xətti məsələlərin həllinə tətbiq oluna bildiyini, həllin təqribi olaraq tapılması və buraxılan xətanın qiymətləndirilməsi yollarını göstərmişdir. Bu sahədə "Furye metodunun  bəzi qeyri-xətti məsələlərin həllinə tətbiqi" mövzusunda namizədlik (1958, Bakı) və "Kvazi-xətti hiperbolik tip tənliklər üçün qarışıq məsələ" mövzusunda doktorluq (1970, Tiflis) dissertasiyalarını müdafiə etmişdir. Hüseyn müəllimin elmi çalışmaları hər zaman elmi ictimaiyyət tərəfindən, o cümlədən dünya şöhrətli akademiklər - A.N.Tixonov və V.A.İlyin (Moskva) tərəfindən çox yüksək qiymətləndirilmişdir. Bu gəbildən bir haşiyə. Bir gün Hüseyn müəllim mənə dedi ki, namizədlik müdafiəsindən sonra Maqsud müəllimə, mənim bu günə gəlməyimdə onun böyük köməyinin olduğunu deyərək təşəkkür etmək istədiyimdə, "Elə, demə Hüseyn, bizə ediblər, biz etmişik, sizlər də etməlisiniz" dedi (bu bir insanlıq dərsi idi və əlində imkan olan hər kəs üçün nümunədir).

Hüseyn müəllimin namizədlik müdafiəsindən sonra bilavasitə və ya bilvasitə onun təsiri və ya rəhbərliyi ilə qeyri-xətti məsələlərin həllinə Furye metodunun  tətbiqi ilə əlaqədar çox sayda  dissertasiyalar müdafiə olunmuş və olunmaqdadır. Bu sahədə Hüseyn müəllim Azərbaycanda bir növ məktəb yaratdı, deyə bilərik (diqqətinizə təqdim edilən yazı geniş oxucu kütləsi üçün nəzərdə tutulduğundan, Hüseyn müəllimin bütün elmi araşdırmaları, bilavasitə və ya bilvasitə onun yetişdirmiş olduğu tələbələr, eləcə də onların araşdırmaları  üzərində ayrıca dayanmağı ehtiyac görmədik. Bu, ayrı bir araşdırma mövzusudur). Hüseyn müəllim Özbəkistan Respublikası üçün də çox sayda elmlər namizədi yetişdirmişdir. Onun açdığı cığırı genişləndirərək gedən və müxtəlif ölkələrdə yaşayıb yaradan tələbələrinin (Azərbaycan, Özbəkistan, Türkiyə, Rusiya və sair) araşdırmaları dünyanın sayılan riyaziyyat jurnallarında çap olunmuş və olunmaqdadır.   

Hüseyn müəllimin çox güclü hafizəsinin olması ilə bərabər, həm də çox güclü riyazi duyum və ümumiləşdirmə qabiliyyəti var idi. Bu da onun müxtəlif riyazi toplantılarda söylənən hər hansı bir riyazi fikrin və ya yeni tərif edilən bir riyazi anlayışın ideyasının haradan qaynaqlandığını və nəticəsinin təxmini olaraq nə ola biləcəyini hiss etməsinə səbəb olurdu. Bu, fikrimcə, Hüseyn müəllimin fitri istedadı ilə bərabər, həm də onun çox kitab oxuması, xüsusilə də riyazi analiz, analitik həndəsə, xətti cəbr və funksional analizi  klassikləşmiş kitablardan  vaxtında çox gözəl öyrənmiş olması ilə əlaqədar idi. Hüseyn müəllim öz yetişdirmələrinin də hərtərəfli hazırlıqlı olmasını istəyirdi. Bunda elmi seminarların rolunun çox böyük olduğunu nəzərə alaraq öz elmi seminarını müntəzəm olaraq, hər həftənin üçüncü günü axşam saat altıda davam etdirirdi (vaxtaşırı seminar iştirakçılarımız üçün birlikdə gəzintilər və qonaqlıqlar da təşkil edirdik. Bu tədbirlərdə həm dincəlirdik, həm də lazım gəldiyində elmi söhbətləri davam etdirirdik. Üstəlik, hər zaman Hüseyn müəllim özünü bizlərdən biri kimi aparırdı). Hüseyn müəllim eyni zamanda çalışdığı sahədə tələbələrinə çox sayda ümumiləşdirmələr və ideyalar söyləyib, onların gerçəkləşdirilməsi üzərində çalışmalarını istəyirdi. Təəssüflər olsun ki, biz tələbələri onun istədiklərinin yalnız bir hissəsini həyata keçirə bildik.

Hüseyn müəllim, sözün əsl mənasında müəllim idi. Belə ki, istər tələbələrlə, istərsə də tabeliyində olan insanlarla (Hüseyn müəllim universitetin Hesablama Mərkəzinin direktoru və uzun müddət kafedra müdiri vəzifələrini də icra etmişdir) iş prinsipini qorxu deyil, qarşılıqlı hörmət və bir-birini anlamaq əsasında qurar, kimsəyə səsini yüksəltməzdi. Tələbələr və Hüseyn müəllimin tabeliyində çalışanlar onun tələblərini qorxudan deyil, utanmamaq, yəni onu üzməmək üçün məsuliyyətlə yerinə yetirərdilər. Hüseyn müəllim ən çətin məsələləri və mürəkkəb ideyaları belə, onu dinləyənlərin anlaya biləcəyi çox sadə bir şəkildə izah edə  bilirdi. Hüseyn müəllim cavanları və onlarla işləməyi çox sevirdi. Həmişə onların irəli getməsinə və ya irəli çəkilməsinə çalışırdı. Bu sevginin nəticəsi idi ki, 1969-cu ildə özünün qurmuş olduğu kafedranın rəhbərliyini könüllü olaraq gənclərə həvalə etmişdi (1994).   

Bir insan olaraq Hüseyn müəllim həmişə öz yerini bilmiş və ləyaqətini qorumuşdur. Bu səbəbdən də həmişə hər cür dedi-qodudan uzaq durmuş, o zamanlar mövcud olan müxtəlif növ qruplaşmalara və çəkişmələrə heç qoşulmamışdır. O, öz ləyaqətini bilən adamlara da çox hörmətlə yanaşırdı. Bu qəbildən bir haşiyə. Azərbaycanın ilk riyaziyyat professorlarından biri olan böyük maarifçi Məmməd bəy Əfəndiyevi (1887-1977) Hüseyn müəllim çox sevirdi. Bir dəfə Hüseyn müəllimdən soruşdum ki, niyə Məmməd bəy təqaüdə çıxıb məsləhətçi işləyir, axı onun sağlığı yerindədir və özü istəməsə kimsə onu təqaüdə göndərməzdi. Bununla maraqlandınızmı? Cavabında Hüseyn müəllim dedi ki, maraqlandım və soruşdum. Öz istəyi ilə çıxıb, səbəbini də belə izah etdi: Bir dəfə dərs anlatdığım zaman "diferensial" sözü yadıma düşmədi. Bunu xatırlayana qədər xeyli vaxt keçdi. Düşündüm və təqaüdə çıxmaq qərarına gəldim. Mən tələbələrin yanında öz ləyaqətimi aşağı sala bilməzdim ki (bu, eyni zamanda Məmməd bəyin bir bəylik-öz ləyaqətini yüksək tutmaq nümunəsi idi). Burada Məmməd bəyin bu alicənab hərəkətini diqqətə alıb, bir məsələ üzərində durmağın faydalı olacağı düşüncəsindəyəm. Fikrimcə, vəzifəsini layiqincə yerinə yetirə bilən bir insanı yaşına görə işindən ayırmaq doğru deyil. Bu məsələdə yaş deyil, sağlıq çox önəmlidir. Buna da sağlıq mütəxəssisləri qərar verməlidir (bu barədə yuxarıda adıçəkilən kitabında Monteyn belə yazır: - İnsanı yaşına görə kənara atmağı doğru saymıram. Məncə, insan işinə, gücünə layiqincə davam edə bildiyi qədər davam etməlidir. Bundan başqa, XVII əsr osmanlı şairi S.Əhməd yazır:

Sadəcə yaş ilə insan baş olmaz,

Kişidən iş sorular, yaş sorulmaz).

Hüseyn müəllimin sözlüyündə ancaq yaxşı sözlər var idi, pis sözlərə və pis fikirlərə isə yer yox idi. Hətta mən şahidi olmuşam ki, yetişməsində Hüseyn müəllimin də əməyi olan biri, onun elmi işləri barəsində ədalətsiz şeylər söyləmiş, lakin Hüseyn müəllim ona cavab verməyi belə uyğun görməmiş və "sonra anlar" demişdir.

Hüseyn müəllim həm də bir el-oba sevdalısı və təbiət vurğunu idi. O, doğulduğu Qıraq Kəsəmən kəndini, eləcə də Dilarə bacının doğulduğu Buzovna qəsəbəsini çox sevirdi. İşdən kənar vaxtlarını Buzovnadaki evində keçirməyi üstün tuturdu (bir az vaxt tapan kimi Qıraq Kəsəmənə də getməyi unutmurdu). Çox vaxt ikimiz aramızdaki hər cür fikir alış-verişini Xəzərin Buzovna sahilində gəzişərək edirdik və bu ikimizi də təmin edirdi.

Hüseyn müəllimin ailəsi bir "riyaziyyatçılar" ailəsidir. Belə ki, onun ömür-gün yoldaşı və dörd övladının hamısı BDU-nun mexanika-riyaziyyat fakültəsinin məzunlarıdırlar.

Anadan olmasının 85 illiyi ilə əlaqədar olaraq bu istedadlı alim, böyük müəllim və xeyirxah insanı hörmət və məhəbbətlə anır, uca Tanrıdan rəhmət diləyir və nur içində yatmasını arzu edirik. 

Hüseyn XƏLİLOV,
Rizə Universitetinin professoru, Türkiyə
[email protected]

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov