Aprelin
5-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ən çox
sevdiyim idman növü" mövzusunda ümumtəhsil məktəblərinin
sagirdləri arasında təşkil olunmuş Respublika rəsm
müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi
keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu
Novruzov, gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa
İbrahimov və digər şəxslər iştirak edirdilər. Qeyd edək
ki, müsabiqə təhsil nazirinin müvafiq əmrinə əsasən
məktəb, rayon (şəhər) və respublika mərhələsi üzrə 8-12
yaşlı şagirdlər arasında keçirilib. Müsabiqənin
respublika mərhələsinə 200-dən çox rəsm işi təqdim
edilib. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər
heyəti tərəfindən seçim aparılaraq müəyyənləşdirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini
Qulu Novruzov bildirdi ki, müsabiqənin keçirilməsində
əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, yaradıcılıq
həvəsini artırmaqdır. Müsabiqənin idman mövzusunda
keçirilməsinin şagirdlərdə əlavə stimul yaratdığını
bildirən Qulu Novruzov gənc nəslin sağlam ruhda tərbiyə
olunmasının vacibliyini qeyd etdi. Ölkə Prezidenti cənab
İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan söz
açan nazir müavini Azərbaycanda bu sahənin son illər
sürətlə inkişaf etdiyini bildirdi. Müsabiqədə iştirak
edən şagirdlərin əksəriyyətinin bölgələrdən olmasını
sevindirici hal sayan Qulu Novruzov belə tədbirlərin
keçirilməsinin şagirdlərdə xoş ovqat yaratdığını,
onların istər idmançı, istərsə də incəsənət xadimi kimi
gələcəkdə uğur qazanmalarına müsbət təsir edəcəyinə
ümidvar olduğunu söylədi. Qalibləri təbrik edən
Q.Novruzov onlara xoş arzularını bildirdi.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini
İsmayıl İsmayılov və başqaları son illər idman sahəsində
görülən işlərdən və qazanılan uğurlardan söz açaraq
şagirdlər arasında keçirilən rəsm müsabiqəsini
təqdirəlayiq hal kimi qiymətləndirdilər.
Müsabiqənin respublika mərhələsində I, II və III yerləri
tutan şagirdlər Təhsil Nazirliyinin diplom və
hədiyyələri ilə mükafatlandırıldı, qaliblərlə xatirə
şəkli çəkdirildi.
Niyazi RƏHİMOV |