Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

Beynəlxalq təhsil xəbərləri

 

Rusiyada universitetlər birləşdiriləcək 

Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi hesab edir ki, ölkədə təhsilin keyfiyyətini yüksəltmək üçün ali məktəblərin birləşməsi və onların sayının azaldılması işi davam etdirilməlidir. Onun sözlərinə görə, Rusiyada 3,5 min ali məktəb və onların filialları var. "Rusiyada müəllimlərin bu ali məktəblərdə və onların filiallarında arzuolunan səviyyədə dərs deməsi üçün kifayət qədər potensial yoxdur. Buna görə də şübhəsiz ki, ali məktəblərin sayının azaldılması davam etdirilməlidir, lakin bu proses yeni qəbul olunmuş tələbələrə şamil olunmamalıdır", - deyə rektor bildirib. O hesab edir ki, universitetlərin birləşməsi zamanı tələbələri daha güclü ali məktəblərə köçürmək lazımdır. V.Sadovniçi ali məktəblərin birləşməsi və ixtisarı prosesinin tədricən və ölçülüb-biçilmiş şəkildə davam etdirilməsi zəruriliyini qeyd edib.  

Almaniya xarici ölkə diplomlarının tanınması prosedurunu sadələşdirir 

Aprelin 1-dən Almaniyada xarici ölkələrdə alınmış peşəkar ixtisasların müəyyən olunması və tanınmasının sadələşdirilməsi barədə qanun qüvvəyə minib. Mütəxəssislər yeniliyi, ilk növbədə, demoqrafik problemlərlə izah edirlər. Qeyd olunur ki, demoqrafik dəyişikliklər bir sıra sahələrdə ixtisaslı mütəxəssislər çatışmazlığı yaradacaq, hökumətin əsas vəzifəsi isə Almaniyanı yüksəkixtisaslı miqrantlar üçün daha  cəlbedici etməkdir.  Xarici diplomların tanınmasına dair əvvəlki qaydalar kifayət qədər vahid şəklə salınmamışdı. 2008-ci ilin statistikasına əsasən  2,8 milyon miqrantdan 300000 nəfərin  ixtisas üzrə işləmək imkanı olub. Beləliklə, diplomların tanınmasının unifikasiyası baş verir. Bununla da ölkədə iş tapmaq hüququ sadələşir. Qanunun təsir dairəsinə 350-dən artıq ixtisas aiddir. Diplomların tanınması proseduru bütün ölkə ərazisində  həm Avropa Birliyi vətəndaşları, eləcə də digər ölkələrdən olan miqrantlar üçün eynidir.  Diplomların tanınması barədə qərar bu barədə ərizəçinin müraciətindən sonra 3 ay ərzində qəbul olunacaq.   

Tələbələr üçün yeni immiqrasiya qaydaları 

Böyük Britaniyada təhsil alan tələbələrə də şamil olunacaq yeni immiqrasiya qaydaları qüvvəyə minir. İlk növbədə, ənənəvi Post-study work sxemi ləğv olunur. Bu sxem Böyük Britaniyada təhsil alan xarici tələbələrə təhsillərini başa vurduqdan sonra 2 il müddətində Birləşmiş Krallıqda işləməyə imkan verirdi. Ölkənin immiqrasiya naziri Demian Qrinin sözlərinə görə, bundan sonra belə bir hüquq - "Tier 1" və yaxud "Tier 2" kateqoriyalı işçi vizaları yalnız ən yaxşı və istedadlı tələbələrə veriləcək.  Yeni qaydalara görə, universitetlərin məzunları müvafiq ixtisas üzrə etibarlı işəgötürənlərdən ən azı 20 min funt-sterlinq əməkhaqqı təmin olunmaqla iş təklifinə malik olmalıdırlar.  Nazir qeyd edib ki, apreldən başlayaraq yeni növ viza -  Graduate Entrepreneur qüvvəyə minəcək.  Bu viza "Tier 1" növlü vizanın şamil olunmadığı, lakin dünya innovasiya layihələri üzərində işləyən,  ölkədə qalmaq və öz fəaliyyətini davam etdirmək arzusunda olan tələbələr üçün 1000 yer təqdim edəcək.  Bundan əlavə, gənc iş adamları və xırda firmaların rəhbərləri şəxsi biznesin inkişaf etdirilməsi üçün sərəncamlarında ən azı 50 min funt-sterlinq olduğu təqdirdə təhsillərini başa vurduqdan sonra Böyük Britaniyada qalmaq imkanı qazanırlar. 2008-ci ildən sonra ilk dəfə tələbələr və işləyən miqrantların maliyyə müstəqilliklərinin təsdiq olunması üçün tələb olunan pul vəsaitlərinin həcmi artırılır.

Qeyd edək ki, xarici tələbələrə də şamil olunan immiqrasiya islahatlarının qlobal məqsədi tələbə vizalarından Böyük Britaniyaya daimi yaşamağa köçmək üçün istifadə olunması cəhdlərinin qarşısının alınmasıdır. 

Gürcüstanda gənclər peşə təhsilinə həvəsləndirilir

Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin Tbilisidəki informasiya mərkəzinə gələrək peşə təhsili almaq istəyən gənclərə 1000 larilik (550 ABŞ dolları) vauçer təqdim edib. Vauçerlərin təqdim olunmasına martın 20-dən başlanılıb. Bu məqsədlə dövlət tərəfindən 7 milyon lari vəsait ayrılıb. Bu vəsait  7 min ölkə vətəndaşına peşə təhsili almağa və işlə təmin olunmağa kömək edəcək.  Peşə təhsili almaq arzusunda olanların qeydiyyatı aprelin 20-dək davam edəcək. Vauçerlər peşə təhsili almaq arzusunda olan sosial cəhətdən aztəminatlı tələbələr, eləcə də IX və XII sinifləri bitirmiş şagirdlərə təqdim olunur. Digər kateqoriyadan olanlar 75 faiz maliyyə vəsaitləri alacaq. 1000 larilik vauçer almaq istəyənlər apreldə bacarıqlar üzrə imtahan verməlidirlər.     

Qırğızıstanda 63876 uşaq məktəbəqədər təhsilə cəlb olunmayıb 

Qırğızıstanda kənd yerlərində uşaqların yalnız 5 faizi məktəbəqədər təhsillə əhatə olunub. Bu barədə Qırğızıstanın təhsil nazirinin müavini Muxtar Orozbekov martın 26-da parlament dinləmələrində bildirib. Nazir müavini narahatlıqla qeyd edib ki, hazırda respublikada 63876 uşaq məktəbəqədər təhsilə cəlb olunmayıb. "Onlardan 49 faizi qızlar, 51 faizi oğlanlardır. Yalnız 14 faiz məktəbyaşlı uşaq təhsilə cəlb olunub" - deyə M.Orozbekov bildirib. Ölkənin baş naziri Omurbek Babanov qeyd edib ki, məktəbəqədər təhsilin inkişafı hökumətin fəaliyyətində prioritet istiqamətdir.    O, çoxlu şagirdləri olan və tədrisi yaxşı quran müəllimlərin əməkhaqlarının artırılması vacibliyini bildirib.   

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov