Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Bir ömrün izi ilə...

 

Təqvimin vərəqlərini çevirib aprel ayının rəqəmlərini sadalayırdım ki, nəzərlərim bir anlıq 13 rəqəminin üzərində dayandı, elə bil baxışlarım nəyə isə ilişdi. Sanki hansısa bir sehrli qüvvə məni özünə çəkir, nəyi isə xatırlatmaq istəyirdi. 13 rəqəminin arxasında nə gizlənirdi? Bir anda fikirlərim duruldu. Hər şey aydınlaşdı və düşüncələrimin taybatay açılmış pəncərəsindən ömrünün 90-cı baharını yola salan, az qala bir əsri haqlayan, ömrünün 10-cu onilliyinə qədəm qoyan bir insanın - müəllimlərin müəllimi, öyrədənlərin öyrədəni Səriyyə Rəşid qızı Qədimovanın ömür kitabı gözlərimin qarşısında səhifələndi. Onu vərəqləyib səhifələri çevirdikcə bir fəxarət hiss etdim, qürur duydum  bu "kitabın" sahibi ilə. 

Dahilərdən kimsə deyib ki, böyük adamlar bəşəriyyətin xoşbəxtliyi yolunda  özlərini yandıran meteorlardır. Ağ saçlarının işığını sinif otaqlarına gətirən, ovcundakı zəhməti, dizindəki qüvvəti, gözlərindəki nuru təmənnasız olaraq şagirdlərinə bəxş edən Səriyyə müəllim məhz belə insanlardandır. 90 illik ömrü, 50 illik pedaqoji fəaliyyəti olan bir insan - Səriyyə müəllim haqqında danışmaq, onun ömür yolundan söz açmaq, hamıya - xüsusilə, gənc nəslə örnək ola biləcək bir ömrün izi ilə addımlayaraq onun həyatının bəzi faktlarına diqqət çəkmək istəyirəm.

Səriyyə müəllim 1922-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan qədim Şəkidə (əvvəllər Nuxa adlanırdı) sənətkar ailəsində dünyaya göz açıb. 1929-cu ildə Nuxadakı 7 nömrəli məktəbə daxil olub. 1936-cı ildə həmin məktəbi bitirərək Nuxa pedaqoji məktəbinə daxil olub. 1939-cu ildə pedaqoji məktəbi bitirən Səriyyə müəllim qonşu rayona - Vartaşenə (indiki Oğuz) təyinat alıb və rayonun Bucaq kənd orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb.1942-1944-cü illərdə həmin məktəbdə direktor işləyib. 1944-45-ci illərdə Vartaşen (Oğuz) rayonunun Padar kənd məktəbində, 1945-1950-ci illərdə rayon mərkəzində, 1950-1951-ci illərdə Muxas kəndində müəllim işləyib. Nəhayət, 1951-ci ildən pensiya yaşına qədər - 1989-cu ilədək rayon mərkəzindəki 2 nömrəli orta məktəbdə müəllim işləyib. Səriyyə müəllim bu illəri çox yaxşı xatırlayır.

"1939-1942-ci illərdə Bucaq kəndində müəllim kimi fəaliyyət göstərdim. Məsuliyyət böyük idi. Ağır illər idi o illər. Müharibə vahiməsi işimizi çətinləşdirirdi. Uşaqları məktəbə cəlb etmək, geyindirmək, dərs ləvazimatı tapmaq çox çətin idi. Elə müəllim də tapılmırdı. Hansı kənddə ehtiyac olurdu, məni ora göndərirdilər. Heç bir bəhanə gətirə bilməzdik. Maarif müdiri çağırıb hansı kəndə göndərsə idi, getməli idik. Artıq buna alışmışdıq. Həmişə hazır idik".

1946-cı il Səriyyə müəllimin şəxsi həyatının ən yaddaqalan anıdır. Bu tarixdə o, Həbib Naxçıvanski ilə ailə qurur. Qalan bütün illərdə onlar həyat yollarında birgə addımlayırlar. Tanınmış maarif işçisi, respublikanın əməkdar müəllimi olan Həbib müəllim birgə ömürlərinin bütün anlarında Səriyyə müəllimə gözəl ömür-gün yoldaşı, etibarlı dost, yaxşı məsləhətçi, həmkar olur. (Bəlkə bu gün də Səriyyə müəllimin həyatında çatışmayan nə isə varsa, o da yalnız Həbib müəllimin cismani yoxluğudur).

Oxucularım bəlkə də bu arada ardıcıllığa riayət etmədiyimi düşünə bilərlər. Amma heç də belə deyil. Mən məhz burada içimdən gəldi deyəm ki, Səriyyə müəllimin şəxsi həyatı özü də bir nümunədir. Həm də necə bir nümunə. Yaxşı mənada qibtə ediləcək qədər həyati, doğru, dürüst, boyasız, bəzəksiz, mübaliğəsiz bir nümunə. Bu günün gənclərinə əyani göstərilə biləcək bir nümunə.

Səriyyə müəllimin ömür kitabını vərəqlədikcə onun gözəl simasından qəlbimə nur süzülür sanki. Düşünürəm ki, ulu Tanrının seçdiyi insandır Səriyyə müəllim. Sağlığında qiymətini aldığı üçün xoşbəxtdir o. Həm maddi, həm də mənəvi.

Müəllim kimi fəaliyyət göstərdiyi müddətdə qabaqcıllığı, işgüzarlığı, ictimai işlərdə fəallığı ilə seçildiyinə görə Səriyyə müəllim dövrünün bir sıra fəxri adlarını almış, medal, diplomlarla mükafatlandırılmışdır. 1948-ci ildə "1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı, 1953-cü ildə  "Əməkdə fərqlənməyə görə" medalı, 1958-ci ildə  "Analıq" medalı, 1975-ci ildə  "Əmək veteranı"  medalı, Böyük Vətən müharibəsində qələbənin 20, 30, 40, 50, 60 illiyi ilə əlaqədar yubiley medalları ilə təltif edilmişdir.

Səriyyə müəllim həmçinin 1977-ci ildə  "Qabaqcıl maarif xadimi", 1983-cü ildə  "Baş müəllim" kimi fəxri adlara layiq görülmüşdür.

Yaşadığı rayonun ictimai həyatında da yaxından iştirak edən Səriyyə müəllim dəfələrlə seçkili orqanlara deputat seçilmişdir.

Bu sadaladıqlarım bir müəllim ömrünün izləri, bir müəllim əməyinin qiymət meyarlarıdır, maddi stimullarıdır. Mənəvi stimul isə onun yetişdirmələridir.

Səriyyə müəllimin ən böyük mənəvi mükafatı onun yetişdirdiyi yüzlərlə şagirdinin müəlliminə olan dərin məhəbbəti, bu məhəbbəti ifadə edən baxışlardan süzülüb gələn minnətdarlıq hissləri, xeyirxahlıq yolunda ağaran saçların sahibi qarşısında heç olmasa, ən azı səcdə etmək istəyidir.

Bu gün müəllimi haqqında söz demək istəyən saysızdır. Axı Səriyyə müəllimin müəllim ömrü yaşayır dərs dediyi hər bir şagirdinin ömründə.

Ömrün verər şagirdinə,

Şərik olar hər dərdinə,

Bilinməz dərdi, qəmi nə?

Müəllim ömrü.

Öz ömrü özünün deyil.

Say şagirdlərini bir-bir.

Bir yox, on yox, yüzlərdədir,

Müəllim ömrü. 

Söhbətimin bu yerində bütün şagirdlərinin fikir və arzularını ifadə edə biləcək iki qeydi Səriyyə müəllimin ömür salnaməsinə bir epiqraf  kimi yazmaq keçir könlümdən.

Rəna Süleymanova (Oğuz rayonu, Xaçmaz kənd orta məktəbinin biologiya müəllimi):

- Səriyyə müəllim mənim əsl anamdır. Yadımdadır, mən I sinfə tez getmişdim. Yaşım çatmırdı, amma məktəbə getmək istəyirdim. Özü də məhz Səriyyə müəllimin sinfinə. Anam da  müəllim idi. Bu onun da arzusu idi. Səriyyə müəllim həmişə olduğu kimi cəsarətli bir addım atdı. Məni sinfə qəbul etdi. Yadımdadır ki, sinif dolmuşdu, parta çatmırdı. Səriyyə müəllim bir ana şəfqəti ilə mənim əlimdən tutub birinci partaya əyləşdirdi. Uzun müddət biz üç nəfər oturduq. Müəllimin öz qızı Hatavan da elə o vaxtdan mənim həm parta yoldaşım, həm də dostum oldu. Biz əla oxuyurduq. Səriyyə müəllim bizə təkcə bilik öyrətmirdi. O, həm də bizim ehtiyaclarımızı öyrənir, saçlarımızı qaydaya salır, bantlarımızı bağlayır, çantasına qoyduğu ətirli şirin çörəklərə bizi qonaq edirdi. O, hamının qayğısına qalırdı. Mən 90 yaşlı müəllimimə daha bir cəsarətli addım atıb 100-ü adlamağı arzu edirəm.

Gülnarə Hüseynova (Bakı şəhəri, fizika müəllimi):

- İnsan həyatda çox şeyi unudur. Çox insanlar yaddan çıxır. Amma ilk müəllim heç vaxt yaddan çıxmır, heç vaxt unudulmur. Səriyyə müəllim bir məktəbdir. Mən fikir vermişəm, bəzən onun dərs demədiyi şagirdlər belə özlərini Səriyyə müəllimin şagirdi hesab edirlər. Müəllim üçün bundan böyük xoşbəxtlik ola bilərmi ki, səni hamı sevsin. Mən Səriyyə müəllimi ən xoşbəxt insan bilmişəm həmişə. Elə bilirdim ki, müəllimimin heç bir problemi yoxdur. Üzünün ifadəsi həmişə aydın olurdu hamımıza. Ən çətin anımızda belə əhvalımızı yüksəldirdi. Heç vaxt gileylənmirdi, çətinliklərini heç zaman şagirdlərinə bildirmirdi, kimə isə əziyyət verməyi sevmirdi. Olduqca məğrur, əməksevər bir insan idi mənim müəllimim. Mən inanıram ki, bu gün 90 yaşında belə o, öz işini heç kəsə etibar etməz. Təki canı sağ olsun. Onu da deyim ki, Səriyyə müəllimin həyətində həmişə qeyri-adi güllər, çiçəklər olardı. Öz əli ilə qulluq edərdi bu gül bağçasına. Necə vaxt tapırdı buna? Bəlkə də gözəlliyə, gülə, çiçəyə olan fitri eşqindən doğurdu bu vaxt imkanı. Bəlkə  uzunömürlülüyünün sirri də elə bundadır. Bilmirəm. Bircə onu bilirəm ki, mənə və mənim kimi yüzlərlə insana yol göstərən, xeyirxahlıqların, yaxşılıqların olduğunu göstərən ideal bir varlıq var. O, mənim çox sevdiyim ilk qələm müəllimim - Səriyyə müəllimdir. Harada oluruqsa olaq, daxilimizdə əbədi olaraq yaşatdığımız bir insan var - mənəvi anamız, o zaman uşaqların dediyi kimi məktəb anamız Səriyyə müəllim var.

Səriyyə müəllim həm də gözəl anadır. Onun beş övladı var. Hər biri də cəmiyyətdə özünə layiq yer tutub. Səriyyə müəllimin ilk övladı Mahir Oğuz Rayon Təhsil İdarəsinin metodistidir.

Qızı Aqiyə xanım Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatıdır. İkinci oğlu Yusif Qğuz Rayon İcra Hakimiyyətinin məsul işçisidir. İkinci qızı Adilə Oğuz şəhər 2 nömrəli orta məktəbdə müəllim işləyir. Üçüncü qızı Natavan isə AMİ-nun metodist-müəllimidir.

Bax beləcə bir müəllimdən bəhs etdim sizlərə. Ömrünün zirvəsində duran, 90-cı baharını yola salan Səriyyə müəllimdən. Bilmirəm, ürəyimdəkiləri necə ifadə etdim. Amma bu bir həqiqətdir ki, Səriyyə müəllim üçün varlığı müddətində heç bir ehtişam, əzəmət, qüdrət, san-şöhrət meyar olmayıb. Çünki o, həyatın simfoniyasını, dastanların nəğməsini yaradan şairlərin, möhtəşəm binaları ucaldan, gözəl parklar salan memarların, insanlara həyat bəxş edən həkimlərin, elm, bilik işığı yayan müəllimlərin müəllimi, öyrədənlərin öyrədənidir.  90 yaşın mübarək, əziz müəllimimiz. Yaz çiçəklərinin ətrinə bürünmüş Oğuz elinin hər bir övladı sizinlə fəxr edir. 

Dilguşə SÜLEYMANOVA,
Bakı şəhəri, M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin
direktor müavini, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov