Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Təhsil tariximiz: yeni bilgilər

Peterburqda oxumuş tələbələrimiz

 

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında) 

6. Səfikürdski Aslan bəy Ağalar bəy oğlu

(30.9.1881, Səfikürd k./Gəncə qəzası -15.10.1937)

(SPb. MTA, f.14, s.3, iş 40327, 1902-ci il) 

Ötəricə ön söz 

Aslan bəy Səfikürdski Azərbaycan tarixində önəmli iz buraxmış kişilərdəndir. Onun haqqında yetərincə olmasa da, müəyyən qədər araşdırma aparılıb, yazılar yazılıb. Azərbaycan Türk aydınlarının qabaqcıl nümayəndələrindən olan Aslan bəy ölkəmizin ictimai həyatında daim fəal iştirak edib, həmişə ən qaynar nöqtələrdə bulunub. Bəzən yanılmalara yol versə də, dedikləriylə etdikləri çox vaxt üst-üstə düşüb. O, çar dönəmində də, Cümhuriyyət illərində də, sovet çağında da əməlləriylə xalqına fayda verməyə çalışıb və həmişə xalqın gözü önündə olub. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin üzvü olub. Cümhuriyyət hökumətində poçt-teleqraf və əmək naziri, ədliyyə və əmək naziri, Cümhuriyyətin baş prokuroru vəzifələrində çalışıb, sovetləşmədən sonra isə Xalq Ədliyyə Komissarlığı Kollegiyasının üzvü olub. 1922-də eserlərin işi üzrə həbs edilib, buraxıldıqdan sonra "Azərneft"də hüquq məsləhətçisi işləyib və 1937-də kommunistlər hamı kimi onu da güllələyib. Bu, onun ən qısa tərcümeyi-halıdır.

Bu yazıdan məqsədimiz yalnız Aslan bəyin tələbə şəxsi işiylə tanışlıq olduğuna görə onunla bağlı başqa faktlar üzərində dayanmayacağıq.  

Bu başdan bildirək ki, Aslan bəy ali təhsilini Xarkov Universitetinin hüquq fakültəsində almağa başlayaraq (1901-1902) Peterburq Universitetinin eyni fakültəsində bitirib (1902-1907). Onun SPb. Mərkəzi Tarix Arxivindəki 40327 saylı tələbə işində bir çox maraqlı bəlgələr saxlanılmaqdadır. Bu yazıda onlardan işdəki ardıcıllığına görə yox, yazılma tarixlərinə görə danışılacaq.   

Əsil-nəcabət haqqında şəhadətnamə 

Səfikürdski Aslan bəyArtıq bildirdiyimiz kimi, çar ali məktəblərində tələbələrin ictimai mənşəyinə ciddi fikir verilir, bunu təsdiqləyən sənəd tələb olunurdu. Aslan bəyin atası dünyadan köçdüyünə görə həmin bəlgəni əmisi alaraq universitetə göndərmişdi. 11 avqust 1890-cı ildə verilmiş şəhadətnamədə oxuyuruq: "Bu, Gəncə Qəza İdarəsindən Səfikürd kəndinin sakini Həsən bəy Aslan bəy oğlu Səfikürdskiyə ona görə verilib ki, Səfikürd kəndinin 1886-cı il ailə siyahısından göründüyü kimi, onun qardaşı oğlu Aslan bəy Ağalar bəy oğlu Səfikürdski imtiyazlı təbəqədəndir və adıkeçən siyahıda öz atasının ailəsində 16-cı nömrə ilə qeyd olunub". Bu bəlgədən anlaşılır ki, Aslan bəyə babasının adı qoyulub. 

Doğum haqqında şəhadətnamə 

Şəxsi işlərdəki sənədlər yalnız tələbənin həyatını öyrənmək baxımından deyil, həm də o dönəmin rəsmi sənədlərinin bəzən təmtəraqlı, bəzən zəhlətökən dil və üslubuyla tanışlıq sarıdan da maraq doğurur. Ruscadan çevirdiyimiz aşağıdakı bəlgə də maraqlı örnəklərdəndir: "Bu şəhadətnamə Zaqafqaziya Şiə Ruhani İdarəsindən ona görə verilib ki, Gəncə vilayəti Gəncə qəzası Səfikürd kəndinin sakini Aslan bəy Ağalar bəy oğlu öz atası Ağalar bəy Səfikürdskinin qanuni arvadı Mahtəban xanım Məhəmməd ağa qızından otuz sentyabr min səkkiz yüz səksən birinci ildə doğulub. Ona görə də Ruhani İdarəsi bunu imza və xəzinə möhürü basmaqla təsdiq edir. 24 sentyabr  1890-cı  il.  Tiflis  şəhəri, 1459. Gerb rüsumu ödənilib.

Zaqafqaziya Ruhani İdarəsinin sədri, şeyxülislam: Axund Mirzə Həsən Tahirov.

Üzvlər: Axund Talıbzadə, Axund Mollazadə". 

Xarkovlu rektordan Piterli rektora məktub 

Səfikürdski Nəsrəddin bəyA.b.Səfikürdski 1901-də Xarkov Universitetinə girib. Orada bir il oxuduqdan sonra - 12 iyul 1902-ci ildə həmin universitetin rektoru Sankt-Peterburq Universitetinin rektoruna bu məzmunda bir sənəd göndərib: "Xarkov Universiteti hüquq fakültəsinin 2-ci semester tələbəsi Aslan bəy Səfikürdski mənə ərizə yazaraq siz alihəzrətin rəhbərlik etdiyi universitetin hüquq fakültəsinin üçüncü semesterinə keçirilməsini xahiş edib".

Xarkovlu rektor daha sonra öz işdaşına bu bilgiləri verir: A.b.Səfikürdski Məhəmmədiyyə dinindəndir, 30 sentyabr 1881-ci ildə doğulub, Xarkov Universitetinə Gəncə gimnaziyasından 4 iyul 1901-ci ildə aldığı 616 saylı kamal attestatı ilə girib və hüquq fakültəsinin mühazirələrini dinləyib.

O ən sonda yazır: "Səfikürdski Sankt-Peterburq Universitetinə keçməsinə səbəb olaraq Sankt-Peterburqda yaşayan və ona maddi yardım edə biləcək yeznəsi ilə birgə yaşayacağını göstərir". Bu yeznənin kimliyini biz Aslan bəyin deyil, onun qardaşı Nəsrəddin bəy Səfikürdskinin tələbə işindən (SPb. MTA, f.14, s.3, iş 43218) öyrənirik. Həmin işdəki bir qeyddə Piterdə şərab anbarı müdirinin yardımçısı işləyən Rüstəm bəy Sultanovun bu qardaşlara maddi yardım göstərdiyi bildirilir. Xatırladım ki, Rüstəm bəy Paşa bəy oğlu Sultanov (1875-1941) məşhur Xosrov bəy və Sultan bəy Sultanovların qardaşıdır. O da Peterburqda ali təhsil alıb və 1897-ci ildə Texnologiya İnstitutunu bitirib. Onun oğlu İsgəndər bəy (1897-1942) isə Cümhuriyyət hökumətinin Almaniyaya oxumağa göndərdiyi tələbələrdəndir və mühəndis diplomu alaraq 1933-də Bakıya dönüb, repressiya olunub.  

Şəhadətnamə 

Səfikürdski Ağalar bəyXarkov Universiteti rektorunun məktubundan sonra Aslan bəy Sankt-Peterburq Universitetinə keçirilərək orada oxumağa başlayıb. Ancaq çox keçmədən o, "baltanın ağzını daşa vurub". Bunun nə demək olduğunu Sankt-Peterburq Universiteti rektorunun 1 aprel 1903-də verdiyi 2086 saylı şəhadətnamə açıqlayır: "Bunu təqdim edən Aslan bəy Səfikürdski... təhsilini Gəncə gimnaziyasında kamal attestatı ilə bitirdikdən sonra 1901-ci ilin avqust ayında Xarkov İmperator Universitetinin tələbələri sırasına qəbul olunub və 1901-1902-ci tədris ilində hüquq fakültəsində mühazirələri dinləyib. 1902-ci ilin avqustunda Sankt-Peterbuq Universitetinin həmin fakültəsinə keçib və 1902-ci ilin payız yarımilində üçüncü semesterin mühazirələrini dinləyib. 1902-ci ilin yazındakı yarımkurs imtahanlarında bu qiymətləri alıb: siyasi iqtisaddan "üç", hüquq ensiklopediyasından "beş", Roma hüququ tarixindən "dörd". İndi o, 18 mart yürüşündə iştirak etdiyinə görə Sankt-Peterburq İmperator Universitetindəki professor intizam məhkəməsinin builki 26 mart tarixli qərarına əsasən başqa ali məktəblərə ümumi əsaslarla dərhal girməsi yasaqlanmadan universitetdən 15 avqust 1903-cü ilədək qovulub. Buna görə də universitetdə təhsilin tam kursunu bitirmiş tələbələrə verilən hüquqlardan istifadə edə bilməz". 

İltizam kağızı 

Deməli, Aslan bəy istəsə başqa ali məktəbə girə bilər, istəməsə 15 avqustadək gözləyib yenidən təhsilini davam etdirərdi. O, ikinci yolu seçdi. Ancaq yenidən tələbə olmaq elə də asan deyilmiş. Onu düz yarım il get-gələ saldılar. Sonda universitet rəhbərliyi ondan "adam olacağı" haqqında yazılı iltizam istədi. Daha heç bir diplomatiya işə keçmirdi. Əlacsız qalan A.b.Səfikürdski 3 fevral 1904-də dilindən bu məzmunda iltizamnamə verdi ki, universitetdə oxuduğum müddətcə nəinki heç bir gizli cəmiyyətdə iştirak etməyəcəyimə, ən yaxın rəhbərliyin icazəsi olmadan hətta qanunun icazə verdiyi cəmiyyətlərə belə qatılmayacağıma, rəhbərliyin icazə vermədiyi heç bir pul yığımında iştirak etməyəcəyimə və ümumən tələbələr üçün müəyyənləşdirilmiş bütün qaydalara əməl edəcəyimə söz verirəm, sözümü yerinə yetirməsəm qanuni cəzaya düçar olacağam.

Sultanov Rustəm bəyBundan sonra universitet rəhbərliyi heç bir əngəl törətməsə də ailə problemləri onun universitetə bərpasına mane oldu. 

Ərizə 

Aradan 10 ay keçəndən sonra - 17 dekabr 1904-də hüquq fakültəsinin keçmiş III semestr tələbəsi Aslan bəy Səfikürdski Piterdən rektora bu məzmunda bir ərizə yazıb: "Yürüşdə iştirak etdiyimə görə mən 18 mart 1903-cü ildə Sizin tabeliyinizdəki universitetdən bu ilin 15 avqustunda yenidən qəbul olunmaq hüququ ilə qovulmuşam, ancaq ailə vəziyyətimlə bağlı olaraq indiyədək bu hüququmdan yararlana bilmədiyimə görə Siz cənabi-alidən məni 1904-cü ilin yanvarından hüquq fakültəsinin IV semestr tələbələri siyahısına salmağınızı acizanə xahiş edirəm". Əslində bu, o deməkdi ki, Aslan bəyi qarşıda düz bir ilin - iki semestrin imtahanları gözləyir. Görünür, o, özünə tam arxayın olduğuna görə belə cəsarətlidir.  

Başqa bəlgələr 

Sonrakı kurslara da aid sənədlərin olması sübut edir ki, A.b.Səfikürdski nəinki 1904-cü ilin imtahanlarını uğurla verib, həm də sonrakı illərdə də bütün çətinliklərə sinə gərib. Şəxsi işindəki 1906-cı ilin zaçot kitabçası bu gerçəyi əks etdirir.

Yeri gəlmişkən, bəzi qaynaqlarda Aslan bəyin ali təhsili 1905-də başa vurduğu göstərilir. Ancaq şəxsi işindəki zaçot kitabçası və başqa bəlgələr bunu bütünlüklə inkar edir. Məsələn, 21 oktyabr 1906-da hüquq fakültəsinin tələbəsi Aslan bəyə verilmiş şəhadətnamədə onun Peterburqda yaşamaq hüququ olduğu təsdiqlənir. Onun 1907-ci ilin 1-ci yarısında universitetə girib-çıxmaq üçün bileti də vardı.

Beləliklə, A.b.Səfikürdskinin Sankt-Peterburq Universitetini 1907-də bitirməsi danılmazdır, ancaq onun diplomunun surəti, təəssüf ki, bu işdə yoxdur. 

Qardaşlar 

Yeri gəlmişkən, Aslan bəy Səfikürdskinin qardaşları da Rusiya ali məktəblərini bitirmiş yüksək ixtisaslı mütəxəssislərdir. Burada onlar haqqında ayrıca danışmaq imkanı olmasa da lap qısaca bilgi verməyi faydalı sayıram.

Ortancıl qardaşı Nəsrəddin bəy (1884-1920) 3 il onunla birgə Peterburq Universitetində oxuyub və bir mənzildə yaşayıb, ancaq o, 1904-dən fizika-riyaziyyat fakültəsinin tələbəsi olub, 1905-də hüquq fakültəsinə keçib və 1910-da 8 semestri geridə qoyaraq buraxılış şəhadətnaməsi (diplom əvəzi) almaq üçün bütün imtahanları verib və 21 yanvar 1911-də həmin şəhadətnaməni alıb. Nəsrəddin bəy 1920-də Gəncədə sovet hakimiyyəti əleyhinə qalxmış üsyanın iştirakçılarından biri kimi şəhid olub.

Kiçik qardaşı Ağalar bəy (1890-1966) isə 1917-ci ildə Moskva Universitetinin tibb fakültəsini qurtarıb və öncə Gəncədə həkim işləyib. Sovet hakimiyyəti illərində Bakıda 4 saylı xəstəxananın baş həkimi, Gəncə Şəhər Səhiyyə Şöbəsinin müdiri, Bakıda Semaşko adına xəstəxananın baş həkimi, Səhiyyə Nazirliyində idarə rəisi vəzifələrində çalışıb.  

 

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru

[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov