Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Ali təhsilə dair yeni jurnal nəşrə başlayıb

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Ali təhsil və cəmiyyət" adlı yeni elmi-metodik jurnal təsis edib. Jurnalın nəşrində məqsəd ali təhsildə aparılan islahatların, bu sahədə baş verən yeniliklərin cəmiyyətə daha dolğun şəkildə çatdırılmasıdır.

Məlum olduğu kimi, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusən də ali təhsil mühüm rol oynayır. Hər bir ölkənin tərəqqisi, ilk növbədə, həmin ölkədə təhsilin inkişafı ilə bağlıdır. Məhz təhsil prosesində insan yeni bilik və bacarıqlar əldə edir, iqtisadiyyatın məhsuldar qüvvəsinə - insan kapitalına çevrilir. Tədqiqatlar sübut edir ki, təhsilə əsaslanan insan kapitalı ölkə üçün ən qiymətli resurs olmaqla təbii sərvətlər və maliyyə resurslarından daha əhəmiyyətlidir. İqtisadiyyatın beynəlxalq rəqabətqabiliyyətliliyini təmin edən insan kapitalının formalaşdırılması isə milli təhsil sisteminin, o cümlədən bu sistemin aparıcı həlqəsi olan ali təhsilin əsaslı şəkildə modernləşdirilməsini tələb edir. Ona görə də ali təhsilin modernləşdirilməsi, bu sahədə həyata keçirilən islahatların daha da sürətləndirilməsi hazırda ölkə qarşısında duran mühüm vəzifələrdən biri hesab olunur.

Diqqətəlayiq haldır ki, son illər ali təhsilin daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmaqda, bir sıra dövlət proqramları və layihələr həyata keçirilməkdədir. Ölkəmiz 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa təhsil məkanına inteqrasiya sürətlənmişdir. Azərbaycan öz ali təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa təhsil məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirmişdir. Hazırda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir.

Ali təhsil sahəsində dünyada özünü göstərən inkişaf tendensiyalarının, islahat təcrübələrinin, ölkəmizdə ali təhsilin modernləşdirilməsi istiqamətində atılan addımların ictimaiyyətə vaxtında və daha dolğun şəkildə çatdırılması yeni jurnalın nəşrini zəruri etmişdir.

İlk nömrəsi bu günlərdə çapdan çıxmış "Ali təhsil və cəmiyyət" jurnalında ali təhsil problemlərinə, onun cəmiyyətdəki roluna həsr olunmuş fundamental və tətbiqi araşdırmaları, pedaqoji, psixoloji, metodik məsələləri əhatə edən, ali təhsilin inkişafına xidmət göstərən elmi-metodik məqalələrin dərci nəzərdə tutulmuşdur.

Jurnalda ali təhsil sahəsində aparılan islahatların gedişinə, bu sahədə mütəxəssis və müəllimlərin iş təcrübəsinə, elmi tədqiqatların nəticələrinin təhsil prosesinə tətbiqinə, Boloniya prosesi çərçivəsində ali təhsilin Avropa məkanına inteqrasiyası ilə bağlı yeni məlumatlara, yerli və beynəlxalq təcrübə haqqında son materiallara geniş yer ayrılacaq, ali təhsil sahəsində dünyanın tanınmış mütəxəssislərinin yazıları dərc ediləcəkdir.

Oxucular jurnalın səhifələrində habelə yeni dərslik və dərs vəsaitləri, ali təhsil sahəsində aparılan eksperimentlərin təşkili, gedişi və nəticələri, ali təhsil problemlərinə həsr olunmuş "dəyirmi masa"lar, müzakirə və treninqlər, tələbə elmi cəmiyyətləri, gənclər təşkilatlarının fəaliyyəti, konfrans  və seminarlar, ali təhsilin informasiyalaşdırılması, kompüterləşdirilməsi və pedaqoji innovasiyalar haqqında dəqiq və ətraflı məlumat ala biləcəklər.

Ali təhsillə bağlı oxucuları maraqlandıran suallara cavab vermək üçün jurnalda "hüquqi xidmət" rubrikasının açılması planlaşdırılıb.

İldə 4 dəfə oxucularla görüşə gələcək jurnalda məqalələr Azərbaycan, ingilis və rus dillərindən birində qəbul və dərc olunacaq, yazıldığı dildən asılı olmayaraq hər birinin 3 dildə qısa annotasiyası veriləcəkdir.

Jurnalın baş redaktoru Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Misir Mərdanovdur. Yeni nəşrin redaksiya heyətinə Təhsil Nazirliyinin və TQDK-nin rəhbər işçiləri, ali məktəb rektorları, tanınmış alimlər və təhsil təşkilatçıları, bir sıra xarici ölkə universitetlərinin təmsilçiləri, ali təhsil ekspertləri daxildir.

Qeyd etdiyimiz kimi, jurnalın ilk nömrəsi artıq oxucuların ixtiyarına verilmişdir. Nömrə ümummilli liderimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin təhsilin əhəmiyyəti barədə dedikləri sözlərlə açılır. İlk səhifələrdə həm də baş redaktorun oxuculara müraciəti çap olunmuşdur.

Jurnal aparıcı rubrikası olan "Ali təhsilin müasir prioritetləri" rubrikası altında təhsil naziri cənab Misir Mərdanovun "Cəmiyyətin formalaşmasında ali təhsilin rolu", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun "Davamlı inkişafdan ekoloji sivilizasiyaya: ali təhsil və əmək bazarı", Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun "Cəmiyyətin elitası ali məktəbdə formalaşır", Azərbaycan Dövlət Pedaqoji Universiteti  kompüter mərkəzinin direktoru İlham Əhmədovun "Ali təhsildə qlobal tendensiyalar, dəyişən paradiqmalar" məqalələrini və bir sıra digər yazıları oxuculara təqdim etmişdir.

Jurnalın daimi rubrikalarından biri kimi nəzərdə tutulan "Ali təhsil: elm və iqtisadiyyat" rubrikasında isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Akif Musayevin dövlətin innovasiya sisteminin inkişafı məqsədi ilə dövlət, elm və biznesin qarşılıqlı əlaqəsinə, Dünya Bankının ali təhsil üzrə koordinatoru, "Ali təhsil və cəmiyyət" jurnalının redaksiya heyətinin üzvü Cəmil Səlminin cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan gənclərin ali təhsil almaq imkanları üzrə aparılmış təhlilin nəticələrinə, BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə  prorektoru İradə Əliyevanın müstəqillik illərində ali məktəb elminin inkişafı və elmi-pedaqoji kadrların hazırlanmasına həsr olunmuş məqalələri dərc edilmişdir.

İlk nömrədə habelə "Ali təhsildə keyfiyyət", "Ali təhsildə pedaqoji problemlər", "Ali məktəb həyatından" rubrikaları altında da oxuculara maraqlı məqalələr təqdim olunmuşdur.

Üzərinə ali təhsildə gedən islahatlara və ali məktəblərdə görülən işlərə ayna tutmaq, müsbət təcrübələri təbliğ etmək və maarifləndirmə işləri görmək kimi şərəfli bir missiya götürmüş "Ali təhsil və cəmiyyət" jurnalının nəşrə başlaması münasibəti ilə təhsil ictimaiyyətimizi təbrik edir, jurnalın yaradıcı kollektivinə uğurlar arzulayırıq. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov