Aprelin
16-da Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında ölkəmizdə səfərdə olan
Avropa Parlamentinin üzvü Vitautas Landsberqeslə görüş
olmuşdur.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru,
akademik U.Ələkbərov qeyd etmişdir ki, Azərbaycan və
Avropa Parlamenti arasında əməkdaşlıqda, Litva və
Azərbaycan xalqları arasında dostluq münasibətlərinin
möhkəmləndirilməsi və inkişafı, humanitar sahədə
əməkdaşlığın dərinləşməsində göstərdiyi xidmətlərinə
görə İdarəçilik Akademiyasının Elmi Şurası 6 aprel
2012-ci il tarixli iclasında Avropa Parlamentinin üzvü
cənab Vitautas Landsberqesə Dövlət İdarəçilik
Akademiyasının "Fəxri Doktoru" adının verilməsi barədə
qərar qəbul edib. Bildirilib ki, bəşəri dəyərləri təbliğ
edən əsərləri ilə Azərbaycan xalqına doğma olan, 30-dan
artıq kitabın müəllifi cənab Landsberqesin siyasi
publisistikasında "Azərbaycanın faciəsi" adlı
məqaləsinin müstəqillik tariximizin qanlı səhifəsinə
həsr olunması onun şəxsiyyətini bizə daha da
doğmalaşdırır. Sonra cənab V.Landsberqesə "Fəxri Doktor"
diplomu, xatirə medalı, mantiya və hədiyyələr təqdim
olunub.
V.Landsberqes ona yüksək "Fəxri Doktor" adının
verilməsinə görə ali məktəbin rəhbərliyinə, onun
professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını
bildirib və Dövlət İdarəçilik Akademiyasının ilk "Fəxri
Doktor"u olmasından məmnun olduğunu dedi. O,
Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu,
beynəlxalq arenada artan nüfuzunu, Avropa Parlamenti ilə
əməkdaşlığını xüsusi qeyd edib. Tədbirin sonunda qonaq
sualları cavablandırıb. Görüşdə müxtəlif dövlət
qurumlarının, səfirliklərin nümayəndələri, bir çox
universitetlərin rektorları iştirak ediblər. |