Təbiətin mühafizəsi məsələsi çoxsahəli, öyrədilməsi
yolları isə müxtəlifdir.
Son illərdə kimya və ekologiyanın qarşılıqlı münasibəti
məsələsi həm təbii-elmi, həm də sosial-texniki planda
elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.
Müasir dövrdə ekoloji vəziyyətin həm regional, həm də
qlobal miqyasda kəskinləşməsi bilavasitə kimyanın, kimya
texnologiyasının birtərəfli inkişafı və ətraf mühitdə
süni elementlərin miqyasının mümkün nəticələri haqqında
kifayət qədər biliyin olmaması ilə əlaqədardır.
Təbiəti qorumağın əxlaqi-etik aspekti bütün fənlər üzrə
tədris materiallarında öz əksini tapır. Çünki təbiəti
qorumaqla insan özünü qoruyur. İnsanlar təbiətlə
ahəngdarlıq təşkil edirlər.
Ekoloji tərbiyə nəticəsində məktəblilər doğma torpaq,
doğma yurd, Vətən haqqında, onun flora və faunası barədə
məlumatlar alır, onları qorumağın müqəddəs vəzifə
olduğunu dərk edirlər. Bəzi hallarda insanın təbiətə
laqeyd münasibəti sayəsində respublikanın bir çox
ərazisi, torpaqları yararsız hala düşmüşdür. Ətraf
mühitə fasiləsiz olaraq atılan sənaye tullantıları
atmosferi, suyu, torpağı çirkləndirir, havanı
zəhərləyir. Bunlar isə insanları çıxılmaz vəziyyətə
salır, sağalmaz xəstəliklərə düçar edir.
Kimya və ekologiyanın qarşılıqlı təsirinin təhlili
kimyanın həqiqi statusunu, onun təbiətin nəzəri və
praktiki mənimsənilməsində perspektivləri ilə
əlaqədardır. Təbiət tsiklinə əlavə süni maddələri tətbiq
etməklə mühitin tərkibi dəyişilir. Bu isə insanın
keyfiyyətcə yeni kimyəvi əhatəsini yaradır. Biosferin
kimyasına texnogen təsirin güclənməsi ilə əlaqədar
kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə keçir.
Ekoloji dünyagörüşün tərbiyə olunmasının məqsədi gənc
nəsildə təbiətə, onun sərvətlərinə məhəbbət, qayğılı
münasibət, onları qorumaq və çoxaltmaq, ekoloji şüur,
əqidə və davranış normalarını formalaşdırmaqdır.
Kənd təsərrüfatının kimyalaşdırılmasının mühüm
istiqamətlərindən biri də bitkilərin qida maddəsinə olan
tələbatının gübrələr vasitəsilə təmin edilməsidir. Bu
səbəbdən kənd təsərrüfatında gübrələr geniş tətbiq
olunur. Lakin yalnız onlardan düzgün istifadə etməklə
yüksək məhsuldarlıq əldə etmək olar.
Orta məktəbi bitirib kənd təsərrüfatında işləməyə gedən
bir gəncin mineral gübrələrlə davranmağı bacarması üçün
kimyadan "Mineral gübrələr" mövzusunu tədris etdikdə
gübrələrin faydalı xassələri ilə yanaşı, onlardan düzgün
istifadə edilmədikdə baş verən mənfi nəticələrlə də
şagirdləri tanış etmək böyük təlim və tərbiyəvi
əhəmiyyətə malikdir.
Ədəbiyyatda gübrələrin əhəmiyyəti haqqında material
verilir, lakin onların ətraf mühiti çirkləndirilməsi və
çirkləndirilmənin aradan qaldırılması barədə heç bir
qeyd yoxdur. Odur ki, biz müəllimlər şagirdlərə ətraf
mühitin çirklənməsi barədə geniş məlumat verməliyik. Bu
baxımdan mineral gübrələrin növləri və onların bitkilər
üçün əhəmiyyətini, mineral gübrələrin torpaqda nə
dərəcədə udulmasını şagirdlərə öyrətmək lazımdır. Eyni
zamanda onlara mineral gübrələri hansı şəraitdə
saxlamağı, mineral gübrələrin artıq verilməsinin
gələcəkdə hansı fəsadlar törədəcəyi də şagirdlərə izah
edilməlidir.
Bütün bunlar şagirdlərin ekoloji tərbiyəsində mühüm
əhəmiyyət kəsb edən şərtlərdir. Şagirdlərə təbiətə
məhəbbət tərbiyəsində ekskursiyalar xüsusi əhəmiyyət
kəsb edir. Ekskursiyalar zamanı şagirdlər müasir
istehsalatla yaxından tanış olur, təbii sərvətləri əyani
olaraq müşahidə edir, ətraf mühitin mühafizəsi sahəsində
görülən işlərə yaxşı bələd olurlar. Bu növ ekskursiyalar
şagirdlərin istehsalatla yaxından tanış olmalarına da
əsaslı şərait yaradır.
Ətrabə ƏLİYEVA,
18 nömrəli Bakı Peşə Liseyinin müəllimi |