Aprelin 27-də Azərbaycan Müəllimlər İnstitutunda
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunan Tələbə Elmi Cəmiyyətinin VI
konfransı keçirilib.
Konfransı institutun rektoru, Milli Məclisin deputatı
Aqiyə Naxçıvanlı açaraq qeyd edib ki, Azərbaycanın
çoxminli təhsil işçiləri və gənc tədqiqatçıları üçün
Heydər Əliyev ideyalarını dərindən tədqiq etmək,
mənimsəmək, onları daim təbliğ etmək bu günün və gələcək
onilliklərin ən mühüm vəzifələrindən biridir. Rektor bu
sahədə yeni səylərin göstəriləcəyinə, daha mühüm
addımların atılacağına əminliyini ifadə edib.
Plenar iclasda institutun elmi işlər üzrə prorektoru
Xatirə Hüseynova "Davamlı sosial-iqtisadi inkişafda elm
və təhsilin rolu" mövzusunda çıxış edərək Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa etdikdən
sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin
rəhbərliyi altında aparılan siyasətin ölkəmizin siyasi-iqtisadi
böhrandan xilas olmasına imkan verdiyini bildirib. Qeyd
olunub ki, dahi şəxsiyyətin siyasi kursunun layiqli
davamçısı, ölkə başçısı cənab İlham Əliyevin bilavasitə
təşəbbüsü və rəhbərliyi altında sosial-iqtisadi və digər
sahələrdə əhəmiyyətli işlər görülmüş, qanunvericilik
islahatları aparılmışdır. Ölkə rəhbəri cənab İlham
Əliyev tərəfindən təhsilimizin inkişafına daim diqqət və
qayğı göstərilir.
Tələbələrdən Bahar Məmmədrzayeva "Heydər Əliyev
hərtərəfli və dinamik inkişaf yolunda olan yeni
Azərbaycanın banisi və qurucusudur", Aytən Nərimanlı "Etnososial
mühit və adqoyma problemləri" mövzularında çıxış ediblər.
Konfransa təqdim olunan məruzələr bölmə iclaslarında
dinlənilib və sonda qaliblər mükafatlandırılıb.
Samirə KƏRİMOVA |