Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Təhsil tariximiz: yeni bilgilər

Peterburqda  oxumuş  tələbələrimiz

 

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında) 

9. İsrafilov Əbumüslüm Cəbrayıl bəy oğlu

(15.4.1885, Dərbənd şəhəri -?)

(SPb. MTA, f.14, s.3, iş 59691, 1911-ci il) 

Doğum şəhadətnaməsi 

Anamız Azərbaycanın 5 min ildən artıq yaşı olan ən qədim şəhərlərindən biri Dərbəndin yetirmələri də Piter ali məktəblərində ən müxtəlif ixtisaslara yiyələnərək vətənə qayıdır, xalqını maarifləndirməyə, ona fayda verməyə çalışırdılar. Sankt-Peterburq Mərkəzi Tarix Arxivində araşdırdığımız növbəti iş həmin dərbəndli balalarından birinindir. Kimliyini öyrənməkçün öncə doğum şəhadətnaməsini gözdən keçirirəm. Oxuyuram: bu sənəd 1 fevral 1897-ci ildə Dərbənd ruhani məhkəməsindən Dərbənd sakini Əbumüslüm bəyə o haqda verilib ki, o, kollej asessoru Mirzə Cəbrayıl bəy İsrafilovun qanuni arvadı Sona xanım Göbək qızından 15 aprel 1888-ci ildə doğulmuş qanuni oğludur. Şəhadətnaməni Dərbənd ruhani məhkəməsinin qazısı Hacı Molla Məhəmmədsadıq Pişnamaz təsdiqləyib.

Tarixi gerçəkliyi düzgün göstərməkçün burada əksini tapmış bir məqama münasibət bildirməyə borcluyam. Kollej asessoru mülki çini çar Rusiyasında dərəcələr haqqındakı cədvəldə VIII dərəcəli məmurlara verilirdi və o, hərbidəki mayor rütbəsinə bərabərdi. Bu çini alanlara şəxsi zadəganlıq (bəylik) adı və imtiyazları verilir, ancaq bu imtiyazlar onun övladlarına keçmirdi. Buna görə də Əbumüslümün rəsmi sənəddə "bəy" adlandırılması hüquqi baxımdan doğru deyildi - bu adı yalnız onun atası daşıya bilərdi.   

Teymurxanşura məktəbinin yetirməsi 

Dərbənddə yaşayanların çoxu orta təhsilini əsasən ya Bakıda, ya da Teymurxanşurada (bu Türk şəhərinin adını 1922-dən Buynaksk ediblər) alırdı. Əbumüslüm İsrafilov da Teymurxanşuranı seçənlərdəndi. Onun arxivdəki şəxsi işində Teymurxanşura real məktəbini bitirməsi haqqında iki şəhadətnamə var.

24 iyun 1909 tarixli şəhadətnamədə bildirilir ki, Əbumüslüm İsrafilov Teymurxanşura real məktəbində 1 sentyabr 1897-ci ildən 9 iyun 1904-cü ilədək oxuyaraq 6 sinfin tam kursunu bitirib və onun attestatının əsli həmin məktəbin dəftərxanasında saxlanılır. 9 iyun 1905 tarixli şəhadətnamədə isə Ə.İsrafilovun adıkeçən məktəbdə əlavə - 7-ci  sinfi bitirdiyi də qeyd olunub.  

Şərqşünas olmaq istəyi 

Artıq real məktəbi başa vurmuş Ə.İsrafilov 24 sentyabr 1905-ci ildə Xalq Təhsili Nazirliyinə yazdığı ərizədə SPb. İmperator Universiteti şərqşünaslıq fakültəsinin ərəb-fars-Türk-tatar bölməsinə qəbul olunmasını xahiş edir, çünki bu dillərin hamısıyla tanışdır və bir neçə Dağıstan ləhcəsini də bilir. Bu ərizədən az sonra o, həmin fakültəyə sərbəst dinləyici kimi götürülüb. 

Sərbəst dinləyicidən pektora ərizələr 

Əbumüslüm İsrafilovun 7 sentyabr 1906-da SPb. Universitetinin rektoruna yazdığı ərizədə 1905-də real məktəbi qurtardıqdan sonra sərbəst dinləyici kimi qəbul edilərək mühazirələri dinlədiyi şərqşünaslıq fakültəsində yenidən oxumağa ona icazə verilməsini xahiş edib. Deməli, bu müddətdə onun oxumasında fasilə yaranıbmış.

16 sentyabr 1909-da rektora ünvanladığı ikinci diləkçəsində 4 semestr oxuduğunu, ancaq yalnız 1-ci semestrin pulunu ödədiyini bildirir, 5-ci semestrə keçmək istədiyini deyərək 3 semestr üçün yalnız universitetin pulunu keçirməsinə, müəllimlərin qonorarını isə təhsil ili boyunca ödəməsinə icazə verilməsini xahiş edir. Rektora 10 avqust 1910-da yazdığı üçüncü ərizədən aydınlaşır ki, ona bu icazə verilməyib. Oradan bilinir ki, o, şərqşünaslıq fakültəsində 4 semestr sərbəst dinləyici olub və özündən asılı olmayan səbəblər üzündən (təhsilhaqqını ödəyə bilmədiyinə görə) təhsilini yarımçıq qoymalı olub; indi isə oxumağa imkanı var və hüquq fakültəsinə keçirilməsini xahiş edir (əlbəttə, yenə sərbəst dinləyici kimi). Xatırladım ki, onun gerçək tələbə olmasına əngəl törədən həlledici amil latın dilindən imtahan verməməsiydi. 

Latın dilindən imtahan 

Rusiya ali məktəblərinin tələbəsi olmaq üçün 7 sinfi bitirmək yetərli deyildi - əlavə bir il də oxumaq və hökmən latın dilindən imtahan vermək də gərəkdi, çünki dərsliklərin və elmi əsərlərin xeyli hissəsi bu dildəydi. 17 yanvar 1911 tarixli şəhadətnamədən görünür ki, kollej asessorunun oğlu, 15 aprel 1888 doğumlu, müsəlman Əbumüslüm İsrafilov S.-Peterburq Təhsil Dairəsindəki Sınaq Komitəsində kişi gimnaziyasının səkkiz sinfi həcmində imtahan verərək kafi qiymətlər alıb. Başqa sözlə, o, latın dilindən də imtahan verib. 

Sərbəst dinləyicilikdən tələbəliyə 

Əbumüslüm İsrafilov SPb. İmperator Universitetinin rektoruna yeni ərizə yazaraq özünü hüquq fakültəsinin tələbələri sırasında görmək istədiyini bildirib. İş burasındadır ki, o, indiyədək universitetdə yalnız sərbəst dinləyiciydi. Latın dilindən imtahan verməsisə artıq tələbəlik qapılarını onun üzünə açırdı. 12 noyabr 1911-də onun arzusu çin oldu - gerçək tələbələr sırasına qəbul edildi və 25 manat təhsilhaqqı da ödədi. 

Təhsilhaqqını tam ödəyib 

Universitetdən verilmiş bir arayış Ə.İsrafilovun təhsilhaqqını ödəməsiylə bağlıdır. 31 may 1914 tarixli həmin bəlgədə tələbə Əbumüslüm İsrafilovun 1906-cı ilin payızından 1914-cü ilin yazınadək olan müddət üçün universitetə təhsilhaqqını keçirdiyi təsdiqlənir. 

Buraxılış şəhadətnaməsi 

26 iyun 1914-də verilmiş, diplomu əvəz edən buraxılış şəhadətnaməsində qeyd olunub ki, Ə.İsrafilov SPb. Universitetinin hüquq fakültəsində 8 yarımilin (deməli, 4 ilin) proqramını yerinə yetirib. Təhsili bu səviyyədə başa vurmaq ona Rusiyanın dövlət idarə və müəssisələrində işləmək hüququ verdiyinə görə bu sənəd onu tam təmin edirdi.  

Boyəhmədli kəndinin sakini 

İsrafilovun şəxsi işindəki ən maraqlı bəlgələrdən biri SPb. Universiteti dəftərxanasından 1 iyul 1914-cü ildə verilmiş 9461 saylı məktubdur. Həmin sənəddən aydın olur ki, keçmiş tələbə Ə.İsrafilov Zaqafqaziya dəmiryolunun Goran stansiyasında, Gəncə vilayətinin Boyəhmədli kəndində yaşayır. Görünür, ona universitetdəki sənədləri gərək olub və onları oradan istəyib. Universitet dəftərxanası həmin sənədləri siyahı üzrə Gəncə vilayətinin rəhbərliyinə göndərərək xahiş edib ki, bu sənədlər Ə.İsrafilova qol çəkdirilməklə təhvil verilsin və onlara ehtiyac qalmadığı andan lazımi qaydada yenidən dəftərxanaya qaytarılsın.

Buradan ciddi güman edə bilərik ki, Ə.İsrafilovun ilk iş yeri görkəmli maarifçi və dövlət xadimi Əsgər ağa Adıgözəlov Goraninin (1857-1910) ana yurdu Boyəhmədli kəndi olub. 

Bakı Dairə Məhkəməsi sistemində 

Bütün Qafqazın tarixini öyrənməkdə əvəzsiz qaynaqlardan biri sayılan "Kavkazski kalendar"ın 1917-ci il üçün buraxılışından (səh. 654) Əbumüslüm İsrafilovun 1916-cı ildə Bakı Dairə Məhkəməsi sistemində Məhəmmədyusif Cəfərov, Rüstəm xan Xoyski, Əli xan Kantemirov, Qasım Qasımov, Həmid bəy Şahtaxtinski kimi görkəmli hüquqşünaslarla birgə vəkil köməkçisi işlədiyini öyrənirik. 

Dərbənddə partiya qurucusu

 

Həm dost-tanışları arasında, həm də bir çox sənədlərdə ad-soyadı "Müslüm İsrafilov" kimi də çəkilən gənc hüquqşünas siyasətlə də ciddi maraqlanır, bir Türk oğlu olaraq millətinin rifahı və xoş gələcəyi üçün çalışmağı özünə vətəndaşlıq borcu sayırdı. O, əqidəcə sosial-demokratdı. Dağıstanda ictimai-siyasi fikir tarixini araşdıran tarix yazarları Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının [RSDF(b)P-nin] Dərbənd təşkilatını Müslüm İsrafilovun görkəmli siyasətçi və dövlət xadimi İbrahim bəy Heydərov (1879-1949) və başqaları ilə birgə yaratdığını göstərirlər.  

Azərbaycan Milli Şurasında 

Qafqazdakı Türk sosial-demokratlarının həlledici qismi müəyyən vaxtdan sonra bu ideyadan uzaqlaşdı, çünki onlar birgə çalışdıqları rus sosial-demokratlarının qeyri-rus xalqların mənafeyini nəzərə almadığına, onların dini və milli duyğularına sayğısızlıq göstərdiyinə əmin oldular. Milli duyğuları onların əksərini Azərbaycanın millətçi-vətənpərvər qüvvələriylə birləşdirdi. Əbumüslüm İsrafilov da onların arasındaydı. Məhəmmədəmin Rəsulzadənin redaktorluğu altında nəşr edilən "Açıq söz" qəzetinin 7 sentyabr 1917 tarixli 561-ci sayındakı bir yazıdan (səh. 3) onun Azərbaycan Milli Şurasının 5 avqust 1917-də keçirilən iclasında iki katibdən biri seçildiyini öyrənirik. Bu fakt Ə.İsrafilovun həyat yolu və mübarizə istiqaməti haqqında ötəri də olsa təsəvvür yaratmağa yetərlidir.

Təəssüf ki, Ə.İsrafilovun sonrakı yaşamı haqqında əlimizdə heç bir bilgi yoxdur. Ancaq onu araşdırıb öyrənməyə dəyər!  

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov