Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində
ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər
Heydər Əliyevin ideyaları işığında" mövzusunda ənənəvi
şagird-tələbə elmi konfransı keçirildi.
Konfransa Bakı məktəbliləri və tələbələrlə yanaşı,
Mingəçevir, Şəki, Beyləqan və Ağcabədi rayonlarında
məskunlaşan Laçın, Zəngilan, Cəbrayıl, Ağdam rayon
qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri cəlb
edilmişdi.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın
müxbir üzvü, professor Kamal Abdullayev universitet
alimlərinin konfransdan öncə qaçqın məktəblərində
olduqlarını, şagirdlərin elmi işlərinə rəhbərlik
etdiklərini vurğuladı. O bildirdi ki, Bakının qabaqcıl
lisey və məktəblərini təmsil edən istedadlı şagirdlərlə
yanaşı, müxtəlif bölgələrdə yerləşən qaçqın məktəbləri
şagirdlərinin konfransda iştirakı olduqca vacibdir: "Azərbaycan
təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli
məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugünkü
milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə
minnətdarıq", - deyə rektor söylədi.
Konfransın işi "Azərbaycan dili və ədəbiyyat", "İctimai
elmlər", "Təhsil və mədəniyyət", "İqtisadiyyat", "Xarici
dillər. Tərcümə" bölmələri üzrə təşkil olunmuşdu. Bakı
məktəbliləri, tələbələr, qaçqın və köçkün
məktəblərinin gənc istedadları ana dili ilə yanaşı,
xarici dillərdə də məruzələrlə çıxış etdilər.
Laçın, Zəngilan, Ağdam, Cəbrayıl rayonlarından gəlmiş
şagirdlər BSU-nun professor-müəllim heyəti,
tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası,
ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.
Konfransın sonunda BSU Məktəb-Lisey Kompleksi, BDU
nəzdində "Gənc istedadlar" liseyi, Heydər Əliyev adına
MTK, Bakı Avropa Liseyi, 190 nömrəli tam orta və s.
məktəblərin şagirdləri, universitetin tələbələri, eləcə
də qaçqın məktəblərindən olan istedadlar fərqləndikləri
üçün diplom və hədiyyələrlə mükafatlandırıldılar.
BSU-nun Mətbuat xidməti |