Tarixin
qəhrəmanlıq səhifəsini vərəqlədikcə gözümüz önündə gözəl
bir məmləkət - Odlar yurdu Azərbaycan canlanır. Elə bir
məmləkət ki, neçə-neçə illərin, əsrlərin sınağından
iftixarla çıxıb. Neçə-neçə ərənlər, qəhrəmanlar bu
torpağın qoynunda öz əbədiyaşar adını həkk edib,
əbədiyyətə qovuşub, tarixə öz layiqli imzasını atıb.
Təsadüfi deyil ki, bu gün çalışdığım təhsil ocağı məhz
həmin qəhrəmanlardan biri - Roman Yusifovun adını
daşıyır. Məktəbimiz lisey tiplidir. Liseyin müəllim və
şagirdləri qəhrəmanın adına layiq təhsil və
fəaliyyətləri ilə nümunə göstərməyə çalışırlar.
Məktəbdə tədris olunan tarix dərsləri mütəmadi olaraq
qəhrəmanın şərəfinə təşkil olunmuş sinif-guşədə
keçirilir. Şagirdlər sinif-guşədə qəhrəmanın keçdiyi
qəhrəmanlıq və həyat yolu barədə tam məlumat əldə edir,
tariximizin şanlı səhifəsinin bir hissəsinin də
şabranlılardan ibarət olduğunu qürur hissi ilə yad
edirlər. Bu ənənə ədəbiyyat dərslərində tarixi
qəhrəmanlıq mövzulu dərslərin tədris olunduğu zaman da
təkrarlanır. Şagirdlərlə tədris prosesində tez-tez şanlı
tarixi salnaməmizdən bəhs edən inşa yazılar üzərində
işləyirik. Bu missiyanın əsas məqsədi şagirdlərdə Vətənə
olan məhəbbət və vətənpərvərlik hisslərini aşılamaqdan
ibarətdir.
Bu yaxınlarda V sinifdə Mehdi Hüseynin "Odlu qılınc"
əsərini tədris edərkən şagirdlərə "Azərbaycanın
azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlar"
mövzusunda kiçik bir inşa yazmağı tapşırdım. Hər kəs öz
inşasını bir tarixi qəhrəmana həsr etmişdi. Kimi "Kitabi-Dədə
Qorqud" dastanı qəhrəmanlarının igidliyindən, kimi xalq
qəhrəmanı Koroğlu və onun dəlilərindən, kimi Babək və
Cavanşirin, kimi Qaçaq Nəbi və Qaçaq Kərəmin dağlara
çəkilərək ağır və çətin şəraitdə xalqın azadlığı uğrunda
apardığı ləyaqətli və şərəfli mübarizəsindən söhbət
açaraq onlara bənzəmək istədiklərini, lazım gələrsə
onlar kimi Vətənin azadlıq və müstəqilliyinin qorunması
yolunda canlarından keçməyə hazır olduqlarını inamla əks
etdirmişdilər. Şagirdlər Böyük Vətən müharibəsi
qəhrəmanlarından M.Hüseynzadə, H.Əliyev, H.Aslanov kimi
qəhrəmanları da unutmamış, onların adını çəkmiş,
keçdikləri qəhrəmanlıq yolu haqqında məlumat
vermişdilər. Onlar Qarabağ münaqişəsi, 1995-ci ildə
dövlət çevrilişinə cəhdi də xüsusilə diqqətə çatdırmağa
çalışmışdılar. Mübariz İbrahimov, Fərid Əhmədov kimi
mərd, cəsur, igid, qorxmaz vətən oğullarının ermənilərə
qarşı mübarizədə canları bahasına yurdlarını müdafiə
etmələri bu kiçikyaşlı məktəblilərin qəlbini böyük
iftixar və qürur hissi ilə döyündürür.
Şagirdlərdən
birinin inşası diqqətimi xüsusilə cəlb etdi. Bu kiçik,
vətənin gələcək müdafiəçisi və əsgəri inşasını bu
sözlərlə başlamışdı: "Vətən müqəddəsdir, Vətən pakdır,
Vətən ülvidir. Vətən sevənlərin gözü tək safdır, aydan
arı, sudan durudur. Vətən ana südü qədər şirin, ana
qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir.
Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də
bizik, Vətən övladlarıyıq". Sonra o, Azərbaycan xalqının
azadlıq və müstəqillik uğrunda mücadiləsi tarixində
şanlı səhifələr açmış el qəhrəmanı Cavanşirdən bəhs
etmiş, inşasını bu sözlərlə davam etdirmişdi: "Mən
bilirəm ki, odlu qılınc olmur. Lakin həyatını xalqın
azadlığı uğrunda mübarizəyə həsr etmiş bu el igidinin
qılıncı düşmən başına enəndə od-alov kimi parlayır. Bu
rəmzi məna daşıyır. Cavanşir, Babək kimi
qəhrəmanlarımız bu gün də az deyil. Bunlardan biri
oxuduğum məktəbin adını daşıyan Roman Yusifovdur. Mən
fəxr edirəm ki, qəhrəmanın adını daşıyan məktəbdə təhsil
alıram".
R.Yusifov Şabran rayonunda anadan olub. Orta təhsilini
adını daşıdığı 2 nömrəli tam orta məktəb-liseydə alıb.
Orta məktəbi bitirdikdən sonra ordu sıralarına, həqiqi
hərbi xidmətə 1992-ci ilin ilk günlərində çağırılmışdır.
Torpaqlarımızın müdafiəsi uğrunda erməni işğalçılarına
qarşı döyüşlərdə boğazından ağır yara alan döyüşçü
Naxçıvanda hospitalda müalicə olunmuşdur. Sədərəkdən
sonra Romanın döyüş yolu az qala bütün cəbhə boyu
bölgələrdən keçmişdi: Füzuli, Tərtər, Kəlbəcər, Ağdam.
Roman igid, cəsur, vətənini göz bəbəyi kimi sevən bir
gənc idi. Onun cəsurluğu komandirlərinin gözündən
yayınmamışdı. Roman təhsil almaq üçün qısamüddətli
zabitlər kursuna göndərildi. Kursu müvəffəqiyyətlə
bitirən kiçik leytenant tağım komandiri təyin edildi.
1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərdə
qiyamçılara qarşı mübarizədə R.Yusifov müstəqilliyimizin,
dövlətçiliyimizin qorunub saxlanması yolunda
qəhrəmancasına həlak oldu. Bu gün R.Yusifovun təhsil
aldığı 2 nömrəli tam orta məktəb-lisey iftixarla onun
adını daşıyır. Milli Qəhrəmanın yaşadığı küçəyə onun adı
verilmiş, böyüyüb boya-başa çatdığı evin qarşısında
barelyefi vurulmuşdur. Məktəbin önündə büstü qoyulmuşdur.
Bu, məktəbimizin və rayonumuzun fəxri, Azərbaycanın
Milli Qəhrəmanı R.Yusifovun xatirəsinə olan hörmət və
ehtiramın bariz nümunəsidir. Qəhrəmanın xatirəsini əziz
tutan məktəblilər hər il dekabrın 28-də - doğum günündə
qəhrəmanı yad edərək onun büstü və adına təşkil olunmuş
sinif-guşədəki şəkli önünə tər çiçəklər qoyurlar.
Məktəbimizin şəhid qəhrəmanları təkcə bununla bitmir.
Daha dörd nəfər canını Vətən uğrunda fəda etmiş şəhid
bu məktəbin məzunudur: Rahib Mirzəyev, İbrahim Həsənov,
Sabit Əmiraslanov, Elman Məmmədov. Məktəb kollektivi bu
şəhidləri də yaddan çıxarmır, xatirəsini əziz tutur,
adlarına sinif-guşə təşkil edərək stendlərdə onların
keçdiyi həyat və döyüş yolu haqqında geniş və ətraflı
məlumat vermişdir.
Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında vətən uğrunda canından keçən
qəhrəmanlar heç vaxt unudulmur, yaddan çıxmır.
Qədirbilən xalqımız belə qəhrəmanları ilə fəxr edir,
onları qəlbində yaşadır, əbədi yad edir.
Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki
fənlər təmayüllü
tam orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat
müəllimi |