Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Karate üzrə Azərbaycan çempionu

 

Rüfət Adil oğlu Abbasov  idmanın kikboksinq və uşu-sanda  karate növü üzrə 30 kq çəki dərəcəsində Azərbaycan çempionudur. O,  1999-cu ildə Bakıda anadan olub.  Kiçik yaşlarından  idmana böyük sevgisi olan  Rüfət Bakının Sabunçu rayonundakı  Rixard  Zorge adına 90 nömrəli  tam orta məktəbin  VI  sinif şagirdidir. Karate ilə doqquz  yaşından məşğul olur. Altıqat dünya və üçqat Avropa çempionu olan təcrübəli məşqçilər Aqil Qasımov və Müşviq Hüseynovun  yetirməsidir.   

- Rüfət, səndə idmanın bu növünə həvəs haradan yarandı?

- Ailəmiz də mənim kimi idmanı çox sevir. Onlar məni güclü idmançı kimi görmək istəyir.  Balaca vaxtı gücsüz və zəif idim. Həmişə istəyirdim ki, mən də güclü olum. Elə məndə idmana həvəs də belə yarandı. Qohumlarımızda idmanla məşğul olanlar çoxdur. Uşaq yaşlarımda çox vaxt  onların yanına gedirdim. Məşqlərə həvəslə baxırdım. Valideynlərim mənim idmanı çox sevdiyimi görüb "Lokomotiv" klubunun kikboksinq idman  növünə üzv yazdırırlar.

- Uğurların barədə bizə nə deyə bilərsən və yarış zamanı hansı hissləri keçirirsən?

- Tatamiyə çıxanda ancaq qələbə qazanmaq haqqında düşünürəm. Rəqibi ilk anda məğlub etmək istəyirəm. Qarşımda duran önəmli vəzifələrdən biri Avropa və dünya çempionu olmaqdır. Qazandığım bütün uğurlarıma görə müəllimlərimə  borcluyam. Müəllimsiz heç kim  təcrübəli idmançı  ola bilməz. Yaxşı bilirəm ki, perspektivli bir idmançı olmaq, böyük uğurlar qazanmaq üçün zəhmət çəkmək lazımdır. Müəllimlərim mənə bu idman növünün bütün sirlərini dərindən öyrədir. Bunun nəticəsidir ki, mən respublikada keçirilən birinciliklərdə  və Azərbaycan çempionatlarında dəfələrlə fərqlənmişəm. Belə ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sərhədçi Olimpiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən kunq-fu sanda idman növləri üzrə yarışlarda I yerə çıxmışam. Ümummilli lider Heydər Əliyevin anadan olmasının  87-ci ildönümünə həsr olunmuş yarışda I yerə layiq görülmüşəm. Salyan rayonunda keçirilən şəhid, gizir Rafiq İsayevin xatirəsinə həsr olunmuş yarışda və Milli Dirçəliş Günü münasibəti ilə təşkil olunmuş çempionatda fəxri kürsüdə yerimi qorumuşam. Azərbaycan Respublikası Silahlı Qüvvələr və Həmrəylik gününə,  Xocalı soyqırımına, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş birinciliklərdə də mübarizə əzmimi nümayiş etdirərək qələbələrimin sayını artırmışam. 2011-ci ildə Bakıda 13-14 yaşlı idmançılar arasında keçirilən çempionatda I yerə çıxaraq hər birimizə müqəddəs olan üçrəngli dövlət bayrağımızı zirvələrə qaldırmışam. Həmin ildə Gürcüstanda keçirilən Zaqafqaziya çempionatında erməni idmançısını məğlub edərək I yerə layiq görülmüşəm. Ukraynanın Kiyev şəhərində keçirilən dünya çempionatında da iştirak edərək II yeri tutmuşam. Ən böyük arzum istənilən beynəlxalq yarışlarda bayrağımızı zirvələrə qaldırmaq və himnimizi səsləndirməkdir.

Bakıdakı 90 nömrəli tam orta məktəbin direktoru Qurbantac Qazıbəyova:

- Sevindirici haldır ki, Azərbaycan bu gün beynəlxalq idman aləmində idman ölkəsi kimi tanınır.  İdmançılarımız çempion olanda, üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında zirvələrə qalxanda hər bir Azərbaycan övladı kimi mən də qürur hissi keçirirəm.

Bu gün Rüfət kimi yetirmələrimiz Azərbaycanın idman şərəfini qoruyaraq ölkəmizi Avropa və dünya çempionatlarında layiqli təmsil edirlər. Rüfət haqqında onu da deyə bilərəm ki, o, təlim və tərbiyəsi ilə seçilən nümunəvi şagirddir. Məktəbdə keçirilən tədbirlərdə həmişə fəallığı  ilə fərqlənir. O, idman yarışlarında və hərbi spartakiadalarda xüsusi  fəallıq göstərir. Rüfət müəllimlərinin məsləhətlərinə qulaq asan, tapşırıqlara əməl edən bir şagird kimi özünü həmişə doğruldur. Ona gələcək işlərində uğurlar arzulayırıq.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov