Bakıdakı Bağça - Məktəb - Lisey Kompleksində builki
məzunlar üçün çalınan zəng onların həyatında
yaddaşlardan silinməyən iz qoydu. "Son zəng" günü təkcə
yeniyetmə və uşaqlar üçün deyil, onların valideynləri,
yaxınları üçün də çox əlamətdar idi. Çünki min bir
zəhmətlə boya-başa çatdırdıqları uşaqlar orta məktəbi
bitirərək müstəqil həyata qədəm qoyurdular. Tədbir
musiqi sədaları altında onbirincilərin məktəbin
bayramsayağı bəzədilmiş geniş həyətindəki meydançaya
daxil olması ilə başladı. Aparıcılar mərasim
iştirakçılarını salamlayıb onbirinciləri məzun olmaları
münasibəti ilə təbrik etdilər. Şagirdlərin ifasında
Dövlət himni səsləndi. Üzeyir Hacıbəylinin
"Uvertüra"sının sədaları altında şagirdlər Dövlət
bayrağını meydançanın ortasına gətirdilər.
Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı
istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan,
ümummilli liderimiz Heydər Əliyevin təhsilə, gənclərə
göstərdiyi diqqət və qayğısından danışdılar. Bildirdilər
ki, həmin siyasəti bu gün ölkə Prezidenti cənab İlham
Əliyev uğurla davam etdirir. Onun məqsədyönlü, dinamik
siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə olduğu kimi
təhsildə də dünyada tanınır.
Sonra onbirincilərə təbriklər ünvanlandı. Onbirinciləri,
birinciləri və onların valideynlərini təbrik edən təhsil
ocağının rəhbəri Qafar Hüseynov onlara ən xoş
arzularını bildirdi. Vurğuladı ki, "Son zəng" həyatda
bir dəfə olan və ömür boyu xoş duyğularla xatırlanan
hadisələrdəndir. Bu gün ailənin, məktəbin və cəmiyyətin
başlıca məramı məhz millətə, dövlətə faydalı,
intellektual, fiziki və əqli cəhətdən sağlam vətəndaş
yetişdirməkdir. Q.Hüseynov başa çatmaqda olan dərs
ilində məktəb-liseyin əldə etdiyi uğurlardan danışdı.
Qeyd etdi ki, kompleksdə təhsil alan 3118 şagirddən
287-ci bu gün məzun olur. Direktor dərs ili boyu
qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək
göstəriciləri ilə fərqlənmiş şagirdlərə və müəllimlərə
mükafatlar və diplomlar təqdim etdi.
Sonra onbirincilər hazırladıqları maraqlı proqramı
təqdim etdilər. Məzunlar adından çıxış edən XI "a"
sinfinin şagirdi Səriyyə Əsədli onların cəmiyyətə
hazırlanmasında böyük rolu olan müəllimlərinə ömür boyu
minnətdar olacaqlarını bildirdi. Birinci sinif
şagirdləri onbirinciləri şeirlər və mahnılarla təbrik
etdilər.
Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı gəlib
çatdı. Məzunlar üçün son zəng çalındı.
Rəşad ZİYADOV |