Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Şahmatçılarımız dünya və Avropa birinciliklərində uğurla çıxış edirlər

 

Respublikamızın məktəbli şahmatçılarının hər il Avropa və dünya çempionatlarında, eləcə də müxtəlif  səviyyəli beynəlxalq turnirlərdə qələbə qazanmaları artıq ənənə halını almışdır. 

Ümumiyyətlə, Azərbaycanda şahmatın və xüsusən də uşaq şahmatının inkişaf dövrü ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev respublikaya rəhbər təyin olunduqdan sonra başladı. Beləliklə, şahmatın inkişafı üçün hər cür şərait yaradıldı. Elə həmin dövrdən də Azərbaycanda məktəblilər arasında şahmatın inkişafı üçün məqsədyönlü işlər görülməyə başlandı.

Şahmatın daha da sürətlə inkişaf etməsi, şahmatçılarımızın müstəqil dövlətin təmsilçisi kimi  beynəlxalq səviyyədə uğurlarının artması isə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə başlandı.

Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında" 22 fevral 1998-ci il tarixli sərəncamı bu iki uşaq şahmatçısı üçün hazırlanmış xüsusi proqramın tam  şəkildə həyata keçirilməsini təmin etmişdir.

Bunun nəticəsində Teymur Rəcəbov və Vüqar Həşimov Avropa və Dünya çempionatlarında mühüm qələbələr qazanmışlar. Həmin ilin yekunlarına görə Beynəlxalq Şahmat Federasiyasının reytinq-siyahısında Teymur Rəcəbov və Vüqar Həşimovla yanaşı gənc şahmatçılarımız Qədir Hüseynov və Rauf Məmmədov da öz yaş qruplarında lider mövqelərinə yüksəlmişlər. Bu yüksək nəticələri respublikada ümumən şahmatın inkişafı yolunda mühüm mərhələ kimi nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti 18 dekabr 1998-ci il tarixdə "Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında" sərəncam imzalamışdır

Bu dövrdən başlayaraq ölkəmizdə şahmatın, xüsusən də uşaq və yeniyetmələr arasında şahmatın inkişafında yeni mərhələ başladı.  Şahmatçılarımızın uğurları və mövcud potensial şahmat idman növünün gələcək inkişafının təmin edilməsi istiqamətində görüləcək tədbirlərin həyata keçirilməsini zəruri etmişdir. Şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsini, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər mütəxəssislərin  hazırlanmasını təmin etməklə ölkənin bu sahədə rolunun artırılması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu il mayın 5-də "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" imzalamışdır.

Dövlət Proqramının həyata keçirilməsinə dair Azərbaycan Respublikası təhsil nazirinin əmrilə  Tədbirlər planı təsdiq edilmiş və uğurla yerinə yetirilməyə başlanmışdır. Bu istiqamətdə görülən işlər çərçivəsində təcrübə mübadiləsi aparmaq, seminarlarda iştirak etmək və hakimlik etmək məqsədilə şahmat məktəblərinin mütəxəssisləri mütəmadi olaraq  Avropa və dünya çempionatlarına, hakimlik və məşqçilik  seminarlarına və digər tədbirlərə ezam olunmuşlar. Bununla yanaşı, 2009-cu ildən başlayaraq şahmat məktəbləri direktorları və digər mütəxəssislərin seminar-müşavirələri keçirilir, onlara müvafiq təlimatlar verilir və yeniliklərlə tanış edilirlər. Respublika Şahmat Məktəbi və bir çox şəhər və rayon şahmat məktəbləri əsaslı surətdə təmir olunub. Sevindirici haldır ki, Naxçıvan, Neftçala, Xızı, Samux, Yevlax, Şamaxı, Cəlilabad, Mingəçevir, Ağcabədi, Ucar, Goranboy və Qazax şahmat məktəblərinin yeni binalarının açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir.

Hazırda Azərbaycanda 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 35 minə yaxın məktəbli məşğul olur. Məktəblilərimiz hər il müxtəlif respublika və beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış edirlər.

1992-ci ildən bu günədək uşaq və yeniyetmə şahmatçılarımız təkcə dünya və Avropa birincilik və çempionatlarında 203 medal qazanmışlar ki, onlardan 43-ü qızıl, 31-i gümüş, 29-u isə bürünc medallardır. 

Artıq səkkizinci ildir ki, Beynəlxaq Şahmat Federasiyasının (FİDE) qərarı ilə məktəblilər arasında 6 yaş qrupları üzrə, oğlanlar və qızlar ayrı-ayrı olmaqla dünya və Avropa çempionatları keçirilir və bu yarış uşaq və yeniyetmələr arasında ən kütləvi və əhəmiyyətli yarışlardan biridir.

Qeyd etmək lazımdır ki, respublikamızın şahmatçıları 2007-ci ildən bu yarışlarda iştirak edir və demək olar ki, müvəffəqiyyətlə çıxış ediblər. Belə ki, 2007-ci ildə Lənkəran şahmatçısı Cavidan Babazadə,  2008-ci ildə isə Masallı şahmatçısı Şücaət Orucov gümüş medal, 2009-cu ildə Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin dünya birinciliyində Bakı şahmatçıları Zaur Məmmədov qızıl, Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi Elxan Bayramov isə gümüş medal qazanmışlar. 2010-cu il məktəblilərimiz üçün daha uğurlu olmuşdur. Məktəblilərin dünya birinciliyində Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Aqil Pirverdiyev, Vüqar Əsədli və Nərmin Xələfova qızıl medal, Ucar rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi Nərmin Kazımova gümüş medal, Lənkaran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Cavidan Babazadə və Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva isə bürünc medal qazanmışlar. Komanda hesabında isə komandamız çempion olmuşdur. Həmin il Türkiyənin Kayseri şəhərində keçirilən məktəblilərin dünya çempionatında Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xanım Balacayeva qızıl medal qazanmışdır. 2011-ci ildə Polşanın Krakov şəhərində keçirilən məktəblilərin dünya çempionatında Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Fərid Aslanov və Ucar rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri  İzzət Kənan, Oğuz Abışlı gümüş medal, Aqil Pirverdiyev isə bürünc medal qazanmışlar. Komandamız yenə də çempion olmuşdur. Həmin il Türkiyənin Antalya şəhərində keçirilən məktəblilərin Avropa çempionatında Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Rəvan Əliyev, İsmayıl Mələk və Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Mətin Mürsəlli qızıl medal, Lənkaran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Cavidan Babazadə gümüş, Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Rauf Murtuzov isə bürünc medal qazanmışlar. Komandamız isə komanda hesabında 2-ci yerə layiq görülmüşdür.

2012-ci il də uğurla başlamışdır. Ötən ay Rumıniyanın Yası şəhərində keçirilən məktəblilərin 8-ci dünya çempionatında  Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirmələri, 6 nömrəli məktəbin şagirdi Günay Məmmədzadə qızıl, Nərmin Söyünlü bürünc, Respublika  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri 212 nömrəli məktəbin şagirdi Nərmin Məmmədova gümüş,  136 nömrəli məktəbin şagirdi Aytən Əmrayeva isə bürünc və Bakı şəhər  2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, 7 nömrəli məktəbin şagirdi İsmayıl Şahəliyev və Ucar rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi  Xatın Bağırova gümüş medal qazanmışlar.

Qeyd etmək yerinə düşər ki, yuxarıda adları çəkilən şahmatçılar təhsil aldıqları məktəblərdə də müvəffəqiyyətlə oxuyurlar və çoxları dərs əlaçısıdır.

İyunun 12-də Yunanıstanın Halkidiki şəhərində məktəblilərin Avropa çempionatı başlayır. Bu yarışa respublikamızdan 13 şahmatçı qatılacaqdır. Ümidvarıq ki, bu dəfə də məktəbli şahmatçılarımız bizi öz qələbələri ilə sevindirəcəklər. 

Əmin olmaq istəyirik ki,  Azərbaycan şahmat məktəblərinin yetirmələri ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin şahmatçılar qarşısında qoyduğu məqsədə - dünya şahmat tacının Azərbaycana gətirilməsinə nail olacaqlar. 

İbrahim MƏMMƏDOV,
"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini,
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi,
əməkdar məşqçi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov