Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Azərbaycan qanlı, Azərbaycan canlı aydınlarımız

Azərbaycan Məcnunu - Prof. Dr. İbrahim Yıldırım

 

Yazardan bir-iki söz 

Tarixi bir kitab üzərində son həftələr gərgin işlədiyimə görə "Azərbaycan müəllimi" qəzetində çar dönəmində Sankt-Peterburqda ali təhsil almış yurddaşlarımız haqqındakı silsilə yazılarıma ara verməli oldum. Həmin yazılarla bağlı Azərbaycanın, demək olar ki, hər guşəsindən müəllimlərdən və sıravi oxuculardan mənə gələn çoxsaylı telefon zənglərindən birinin yiyəsi soruşdu: "Dünənki ziyalılarımızı bizə tanıtmağınızı alqışlayırıq, ancaq bizdə qürur hissi oyandıracaq bugünkü aydınlarımızdan niyə yazmırsınız?". Düşündüm, düşündüm və qərara gəldim ki, dünyanın hər yerində yurdlaşmış, qanı Azərbaycandan olan, canı bu Vətənə bağlı görkəmli alimlərdən də yazım. Bu alimlərin bəzilərinin babası, bəzilərinin atası, bəzilərinin də özü haçansa Azərbaycandan uzaq-uzaq ölkələrə köçüb gedib, orada məskən salaraq işləyib. Buna baxmayaraq onlar Azərbaycana müqəddəs sevgi bəsləyir, övladlarına da bu sevgini aşılayır, Azərbaycan üçün nəsə faydalı bir iş görməyə çalışırlar. Onlar haqqındakı yazılar üçün "Azərbaycan qanlı, Azərbaycan canlı aydınlarımız" rubrikasını açmağı gərəkli saydım. Bundan sonra, inşallah, oxucularımıza həm dünənin, həm də bugünün milli ziyalılarını tanıdacağıq.

Yeni rubrikadan ilk yazımız Azərbaycanın böyük dostu, dünya şöhrətli cərrah, professor İbrahim Yıldırıma həsr edilib. Onunla "Azərbaycan müəllimi"nin oxucuları artıq ötəri tanışdır. Qəzetimizin builki 30 mart tarixli sayındakı "Professor İbrahim Yıldırımdan ərməğan" yazımızda onun haqqında qısa bilgi vermişdik.  

Azərbaycandan Amasyaya... 

Çar dönəmində siyasi təqiblər və başqa amillər üzündən Azərbaycandan qardaş Türkiyəyə - o zamankı Osmanlı imperatorluğuna köçənlərin çoxu Amasyada yerləşib. Bu gün Türkiyənin ən məşhur estetik cərrahlarından olan Prof. Dr. İbrahim Yıldırımın ulu babası Sarı Qulu da eyni taleyi yaşayıb. O, 1898-ci ildə Qazax elindən gedərək bu torpağı özünə məskən seçib. Burada onun oğlu İbrahim, nəvəsi İsmayıl və nəticəsi - yazımızın qəhrəmanı İbrahim dünyaya gəliblər. Babasının adını daşıyan İbrahim 20 noyabr 1938-də Merzifonda doğulub. Merzifon bu gün Amasya ilinin (qəzasının) 7 ilçəsindən (rayonundan) biridir.

İbrahim bəy Qırıqqala və Merzifon ibtidai məktəbində, Merzifon orta məktəbində, Trabzon liseyində oxuyub.  

Tələbəlikdən professorluğa 

Orta təhsilini başa vuran gənc İbrahim ixtisas seçimində çox düşünməyib - babasının yoluyla gedərək həkim olmağı qərara alıb və İstanbul Universitetinin tibb fakültəsinə girib. Azərbaycanda da çox gözəl bilirlər ki, Türkiyədə həkim olmaq hər oğulun işi deyil. Burada öncə altı il tibb təhsili alır, sonra 6 il də ixtisas üzrə oxuyub mütəxəssis olurlar. Bunlar da imtahanlar, araşdırma çalışmaları və dissertasiya hazırlamaqla olur.

Çətin təhsil illərini geridə buraxan İbrahim 1963-də universiteti başa vurub. Sonrakı 6 ildə o, iki ixtisasa yiyələnib: 1) ümumi cərrahlıq, 2) plastik, rekonstruktiv və estetik cərrahlıq. İxtisasları üzrə Türkiyə və İngiltərədə bu ixtisas və akademik imtahanlarını verib: 1970-də Cərrahpaşa tibb fakültəsində ümumi cərrahlıq; 1976-da plastik, rekonstruktiv və estetik cərrahlıq (İngiltərə); 1979-da plastik, rekonstruktiv və estetik cərrahlıqdan yüksək ixtisas imtahanı; 1979-1980-də plastik cərrahiyyə dosenti; 1988-də plastik cərrahiyyə professoru. Cəmi bircə cümləyə sığan bu hesabat cərrah ömrünün 18 ilini əhatə edir və hər ilin özünün nə qədər çətinlikləri, problemləri olub... 

Dünyanın ən məşhur tibb mərkəzlərində 

İbrahim bəyin həkimlik fəaliyyəti də doğma İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsindən başlanır. O, burada assistent (1965-1970) və uzman (1970-1972) kimi işlədikdən sonra Əlazığ hərbi xəstəxanası və Sosial Sığortalar Kurumu xəstəxanasında ümumi cərrahlıq edib (1972-1974). Ancaq o, öz sahəsinin ən yetkin bir uzmanı olmaq üçün dünyanın ən qabaqcıl tibb mərkəzlərinin təcrübəsini öyrənməyə can atırdı. Bu məqsədlə də sonrakı illərdə St. Andrews Plastik Cərrahiyyə Mərkəzində (Billericay-Essex, İngiltərə; 1975-1977), Edinburq Plastik Cərrahiyyə və Yanıq Mərkəzində (W. Lothian, Şotlandiya; 1977-1979), Glasgow Canniesburn Plastik Cərrahiyyə Mərkəzində (Şotlandiya; 1979), St. Thomas xəstəxanasının Plastik Cərrahiyyə Mərkəzində (London, İngiltərə; 1980) cərrah olub.

Bakıda konfransda çıxış edərkən. 1994Bilgi-görgü artırma (!) üçün 1980-1981-ci illərdə o, Vyana, İnsbruk (Avstriya), Münxen, Boxum (Almaniya) plastik cərrahiyyə mərkəzlərində, Nansi, OTool (Fransa) Əl Cərrahiyyəsi Mərkəzində cərrah olaraq çalışıb. 1980-2003-cü illərdə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində plastik, rekonstruktiv və estetik cərrahlıq sahəsində akademik olaraq vəzifə tutub, minlərcə həkim yetişdirib. 

Ən nüfuzlu beynəlxalq və milli qurumların üzvü 

Prof. Dr. İbrahim Yıldırım beynəlxalq tibb qurumlarında bir sıra mühüm vəzifələr daşıyıb və indi də daşımaqdadır: Avropa Birliyi Tibb Təşkilatı Plastik Cərrahiyyə Masası EBOPRAS və UEMS-də  Türkiyə  təmsilçisi (1987-1993); "Interplast Türkiyə" Dərnəyi Başqanı (1988-1990); İstanbul Universiteti "Uluslararası Akademik İlişgilər Kurulu" Başqanı (1993-2003); "Black Sea Universities Network"da Türkiyə təmsilçisi (1998-2003); Türk Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyi Başqanı (2000-2002); YÖK (Yüksek Öğretim Kurulu) Universitetlərarası Kurul üzvü (2000-2003).

Dünya şöhrətli cərrah bu beynəlxalq elmi qurumların həqiqi üzvüdür: International  Plastic, Reconstructive & Aesthetic Surgery, International Society of Aesthetic Surgery, American Society of Plastic Surgery, American Society of Aesthetic Surgery, British  Association of Plastic & Reconstructive Surgery, Association of Hand Surgery, British Association of Burn, Interplast International. Bunlardan başqa o, Türkiyə və Kiprin də bir çox ən nüfuzlu tibb qurumlarının qurucu üzvü, yaxud həqiqi üzvüdür. Hörmətli alim Azərbaycan Cərrahlar Cəmiyyətinin fəxri üzvü (1992), Azərbaycan Tibb Universitetinin fəxri doktorudur (2001). Həkim kimi hazırlayaraq Azərbaycana göndərdiyi keçmiş tələbələrimizlə

Prof. Dr. İbrahim Yıldırım bir sıra qurumlarınsa toplum yararına görə üzvüdür: Türk Folklor Kurumu (qurucu üzv, 1964); Merzifon Eyitim, Tanıtım və Yardım Vakfı; Türk Dil Kurumu "Tibb Terminləri Sözlüyü Çalışma Qrupu";  Trabzon Liseyindən Yetişənlər Dərnəyi və b.

Oxucumuz soruşa bilər ki, cərrah hara, folklor hara? Bakıda İbrahim bəydən Amasya Türklərinin  folklorunu saatlarca dinləmiş bir adam kimi deyə bilərəm ki, o, nəinki Türkiyənin, Azərbaycanın da ağız ədəbiyyatını peşəkar folklorçu səviyyəsində gözəl bilir. Buna onun heyrətamiz yaddaşı özəl imkan yaradıb.  

İngiltərə yarışmasının qalibi  

İbrahim bəy bir cərrah olaraq öz gücünü beynəlxalq miqyasda da sınayıb. Bu baxımdan 1988-ci il onun üçün daha əlamətdardır. Həmin il o, British  Association of Plastic & Reconstructive Surgery kimi çox nüfuzlu bir cəmiyyətin keçirdiyi "Yeni Cərrahiyyə Yöntəmləri" yarışmasında dünyanın bir çox ünlü cərrahlarını geridə buraxaraq qalib olub! Təbii ki, bu hadisə onun cərrah nüfuzunu daha da artırıb. O, bir-birinin ardınca dünyanın ən qabaqcıl universitetlərinə mühazirə oxumağa dəvət edilib. Beləliklə, 1990-1995-ci illərdə ABŞ-ın Şimali Virciniya, Pittsburq, Pensilvaniya, Stanford, Almaniyanın Frankfurt, Tailandın Banqkok universitetlərində mühazirələr oxuyub. Avropa dillərinin ən önəmlilərini ana dili səviyyəsində bilməsi sayəsində onun qarşısına heç vaxt dil problemi çıxmır.İbrahim bəy (öndə sağdan I) Bakıda. 1994

O, ABŞ,  İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya, Avstriya, Polşa, Suriya, İraq, Hindistan, Çin, Güney Koreya, Tailand, Azərbaycan, Gürcüstan, Rumıniya, Kipr, Kosovo, Honduras, Sinqapur... kimi ölkələrdə dəvətlə və ya İnterplast çalışmaları çərçivəsində çox sayda konfrans verib və "workshop"da müəllimlik edib. 

İbrahim Yıldırım Azərbaycanda 

Öncə Azərbaycan sevgisi İbrahim Yıldırımda yerləşdi, sonra İbrahim Yıldırım sevgisi Azərbaycanı bürüdü. O, adını eşidib həsrətini çəkdiyi, üzünü görmədiyi Azərbaycana ilk dəfə yad torpaqlardan ayaq basmışdı...

Sovetlər Birliyi zamanıydı. SSRİ ilə Türkiyə arasında mədəniyyət anlaşmalarına əsasən Moskvaya getmişdi. Oradan 1990-ın oktyabrında Bakıya gələrək noyabrı da burada qaldı və 20-yə yaxın konfrans verdi.

27-30 oktyabr 1990-da Bakıda keçirilən I Türkiyə - Azərbaycan Cərrahiyyə Simpoziumu SSRİ-də keçirilən ilk bu səviyyəli elmi məclis oldu. İbrahim bəy onun işində yaxından iştirak edib - proqram hazırlayıcısından biri olub və simpoziumda üç məruzə oxuyub.Həyat yoldaşı - Molla Vəli Vidadinin yadigarı Füqan xanımla birlikdə

 Sonra Azərbaycana iki dəfə özünün İnterplast qrupuyla gəlib. Birinci dəfə 24 may- 5 iyun 1991-də o zamankı Semaşko (indiki Ağa Musa Nağıyev) adına xəstəxanada anadangəlmə bədən pozuntuları, yanıq və zədə çapıqlıqları olan 227 xəstə üzərində cərrahiyyə əməliyyatı aparıb. Bu əməliyyatların o ağır dönəmdə təşkili bir nağıla bənzəyir. İnşallah, yəqin ki, İbrahim bəy bu fədakarlığın şərəfli və olduqca maraqlı, macəralı tarixçəsini haçansa yazaraq gələcək nəsillərimizin malı edəcək. Mənsə hələlik bunu bildirim ki, bildiyimə görə, İbrahim Yıldırım SSRİ dövlətində cərrahiyyə əməliyyatı aparan ilk türkiyəli həkimdi.

Azərbaycanda ikinci İnterplast fəaliyyəti artıq müstəqillik dönəminə düşüb. 1994-də Novruz bayramı öncəsi - 19 martda Bakıya ayaq basan qrup 3 aprelədək Hərbi Hospitalda olub. Zaman olduqca ağırdı - cəbhədə qanlı savaşlar gedir, xəstəxana və hospitallar yaralı əsgərlərimizlə dolurdu. Qarabağ savaşında kimi çənəsini, kimi burnunu, kimi qulağını, kimi əlini, kimi ayağını... itirmişdi. Yaralanmış, yanmış, Murovda donmuş əsgərlərimizin üzərində onlarca əməliyyat və mikrocərrahi əməliyyat aparılaraq mərd oğullarımızın ilkin sağlam bədənləri onlara yenidən qaytarılıb. Bununla kifayətlənməyən İbrahim bəy Türkiyədən və beynəlxalq qurumlardan Azərbaycana pulsuz dava-dərman gətirilməsini təşkil edib, Qarabağ müharibəsində Azərbaycana yardım üçün əlindən gələn hər şeyə əl atıb...

Azərbaycan-Türkiyə Cərrahiyyə Qurultayında da İbrahim bəy yaxından iştirak edib - proqram hazırlayıcısından biri olub, bu qurultayda üç məruzə oxuyub.

Ancaq bu misilsiz cərrahın yalnız Azərbaycanda çalışdığını düşünənlər bərk yanılır - o, İnterplast çalışmaları və ya "workshop" təcrübələri çərçivəsində Çin (1 dəfə), Hindistan (5 dəfə), Honduras (1 dəfə), İraq (1 dəfə), Suriya (1 dəfə) və Rumıniyada (1 dəfə) da saysız-hesabsız cərrahiyyə əməliyyatları apararaq minlərcə insana şəfa verib. 

Azərbaycanla bağlı araşdırmalar müəllifi 

İbrahim bəy fenomenal bir cərrah olmaqla yanaşı, həm də hərtərəfli inkişaf etmiş çox dərin bilikli alimdir. Saya gəlməyəcək beynəlxalq və milli elmi qurultay və konfranslarda məruzələr, çıxışlar etmiş professorun öz ixtisası üzrə xeyli monoqrafiya və elmi məqaləsi var. Tibbə aid bir çox elmi monoqrafiyaların ən mühüm bölümlərini o yazıb. Çalışmaları və yazdıqları içərisində 450 səhifəlik monumental "Türk plastik cərrahlığı tarixi" kitabı xüsusi yer tutur.

Azərbaycan oxucuları üçün onun uzun illər boyu araşdıraraq ortaya qoyduğu "Azərbaycandan Amasyaya daşınan Türk kültürü və Şirvanlılar" əsəri, əlbəttə, daha maraqlıdır. Azərbaycanda da nəşr etdirməyi düşündüyü bu qiymətli əsərdə müəllif orta yüzillərdən üzübəri qardaş Türkiyəyə köç etmiş yurddaşlarımızın mədəni irsini ortaya qoymaqla yanaşı, qismən öz soyunun, Qaçaq Kərəmi müalicə etdiyinə görə sürgünə göndərilmiş cərrah babasının tarixçəsini də anlatmaqdadır. Elektron variantını mənə də göndərdiyi bu yazını oxuyandan sonra müəllifin Azərbaycanı sonsuz məhəbbətlə sevdiyinə bir daha inandım.

"Şirvanlılar"la kifayətlənməyən alim 13-cü yüzildən başlayaraq Azərbaycandan Anadoluya getmiş, İstanbulda yaşamış və oxumuş, Türkiyə mədəniyyətinə böyük töhfələr vermiş, Türk dünyasında öndər olmuş azərbaycanlılar haqqında bəlgələrə dayanan sanballı bir kitab üzərində də çalışmaqdadır. Bu kitabın ortaya çıxması Türkiyə - Azərbaycan qardaşlığının tarixinin araşdırılmasına ən dəyərli bir töhfə olacaqdır. 

Azərbaycan həkimlərinin gələcək nəslinin atası 

Bu ifadəmdə qətiyyən şişirtməyə yol vermirəm. O, gerçəkdən, Azərbaycandan Türkiyəyə apararaq gələcəyimizin həkimi kimi yetişdirdiyi tələbələrə doğma ata qədər qayğı göstərir.

İbrahim bəyin Azərbaycanda çoxlu məşhur qohum-əqrəbası var və onlarla qırılmaz təmasdadır. O, demək olar ki, hər yay Bakıya gəlir, ölkəmizi gəzərək onun gözəlliklərindən zövq alır. Ancaq onu Azərbaycana bağlayan təkcə qohumluq əlaqələri yox, daha çox tarixi ana yurduna fayda vermək istəyidir. Dediyimin gəlişigözəl sözlər olmadığını faktlarla ortaya qoyacağam.

1992-nin noyabr ayında Azərbaycandan 10 tibb tələbəsini İstanbula aparan İbrahim bəy onlardan 5-ini İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində və 5-ini də İstanbul Çapa tibb fakültəsində yerləşdirib. Həmin tələbələr ayrı-ayrı ixtisaslar üzrə təhsillərini bitirdikdən sonra onları Azərbaycana hazır mütəxəssis kimi göndərib. Bu həkimlər indi xalqımıza xidmət etməkdədir.

Prof. Dr. İbrahim Yıldırım 2002-də Azərbaycandan 24 tibb tələbəsi, 3 diş həkimliyi və 2 əczaçılıq fakültəsi tələbəsi apararaq fakültələrə yerləşdirib, onları təqaüdlə təmin edib. İndi həmin tələbələrin bir qismi təhsilini bitirərək uzmanlıq mərhələsindədir, bir qismi isə tələbəliyini davam etdirməkdədir. Bunlardan 2 tibb tələbəsi uzmanlıq imtahanlarında bütün Türkiyə üzrə 1-ci və 2-ci olub!

Azərbaycanın xoş gələcəyinə öz töhfəsini verməyə ürəkdən can atan Prof. Dr. İbrahim Yıldırım tək bir şəxs olaraq öz təşəbbüsüylə Azərbaycandan 2004-cü ildə 20, 2009-cu ildə 23, 2010-cu ildə 15 tibb tələbəsini (toplam: 92 tibb tələbəsi, 3 diş həkimliyi, 2 əczaçılıq tələbəsi) Türkiyəyə apararaq həmin 97 tələbəni İstanbul Universitetində yerləşdirib, onların təqaüd almasını, yataqxanalara yerləşməsini təmin edib.

Əlbəttə, Azərbaycan tərəfinin də bu işlərə xeyirxah yanaşması mühüm amildir. Görkəmli alim ölkəmizdəki uyğun dövlət qurumlarıyla, ilk növbədə, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetiylə sıx qarşılıqlı faydalı əməkdaşlıq qurmağı bacarıb. O, universitetin rektorluğu ilə tibb təhsili proqramlarının beynəlxalq normalara uyğunluğu sahəsində də birgə iş aparır.

Sevimli yurddaşımız 11-13 may 2008-də Bakıda "I Azərbaycan - Türkiyə Plastik Cərrahiyyə Günləri" adlı qurultayı gerçəkləşdirərək ona fəxri sədrlik edib. Bu qurultaya Türkiyədən 100-dən artıq plastik cərrah qatılıb, Azərbaycandan bundan da xeyli çox həkim iştirak edib. 

Son söz 

Prof. Dr. İbrahim Yıldırım indi İstanbul Universiteti Sağlıq Bilimləri İnstitutu ilə Yedditəpə Universitetində müəllimlik edərək doktorantlara dərs verir, Cərrahpaşa tibb fakültəsində yaratdığı elmi qurumlarda çalışır. O, Plastik Cərrahiyyə Dərnəyi Namizədseçmə Kurulunun başqanı olmaqla həm də özəl müayinəxanasında və özəl xəstəxanalarda çalışmalarına davam etməkdədir.

Mən onunla İnternetlə tez-tez məktublaşır, ara-sıra SKYPE-da üzbəüz söhbətləşirəm. Söhbətlərimiz bəzən çox uzun çəkir. Ancaq hədsiz ünsiyyətcil, zarafatcıl və şən olduğuna, söhbət üçün hər dəfə ən maraqlı mövzular tapdığına görə vaxtın haradan gəlib haraya getdiyini hiss etmirsən. Ancaq söhbətimiz istər iki dəqiqə çəksin, istər iki saat - qarşımda daim bir AZƏRBAYCAN MƏCNUNU görürəm!

Görürəm və düşünürəm: o, bizim üçün bacardığı hər şeyi edir, bəs biz onun üçün nəsə edirikmi?!. 

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru

[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov