Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

"İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya"

 

İyunun 20-də Qafqaz Universiteti özünün 20 illik fəaliyyəti dövründə 15-ci buraxılışını qeyd etdi. Bu münasibətlə universitetin geniş həyətində "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında "Məzun-2012" gecəsi təşkil olunmuşdu.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Hulusi Kılıç, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Milli Məclisin deputatları, tanınmış iş adamları, Türkiyənin və ölkəmizin ali təhsil müəssisələrindən nümayəndələr, ziyalılar, valideynlər və b. iştirak edirdilər.

Gecə ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, hər iki ölkənin azadlığı uğrunda mücadilələrdə həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanla Türkiyənin dövlət himnlərinin ifası ilə başlandı.

Sonra tədbirin aparıcıları rəmzi diplomlarını almaq üçün məzunları səhnəyə dəvət etdilər. Qeyd olundu ki, bu il universitetin mühəndislik fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, pedaqoji fakültəsindən 146, magistratura pilləsindən isə 100 tələbə olmaqla bütövlükdə 427 tələbə məzun olur. Fakültə dekanları məzunlara fəxri diplomları təqdim etdikdən sonra universitetin rektoru, professor Ahmet Saniç təbrik nitqi söylədi.

Rektor bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. O uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına dəstək vermişdir. Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 47 fərqli ölkədə işləyən və təhsil alan məzunları ilə qürur duyduğunu dilə gətirdi, onların sırasına qoşulan builki məzunları təbrik etdi. Sonra valideynlərə, müəllimlərə, məzunlara ürək sözlərini söyləyən rektor minbir zəhmətlə böyüdüb boya-başa çatdırdıqları övladlarını beş il öncə Qafqaz ailəsinə təslim edən valideynlərə oğul və qızlarının yüksək bilik, bacarıq və vətən sevgisi ilə həyata atılmaları münasibəti ilə gözaydınlığı verdi. Çəkdikləri zəhmətin bəhrəsini görən müəllim heyətinə minnətdarlığını ifadə etdi. Tədbirin səbəbkarları olan məzunlara isə rektor Azərbaycan xalqına ləyaqətlə xidmət etməyi, bitirdikləri universitetin şərəfini qorumağı, elmi biliklərini birləşdirib daha böyük nailiyyətlər əldə etməyi tövsiyə və arzu etdi.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov məzunlara təbriklərini çatdırdı, onların məzun olmasını xoşbəxt gələcəyə doğru atdıqları addımın başlanğıcı kimi dəyərləndirdi.

Nazir müavini məzun verdiyi 15 il ərzində Qafqaz Universitetinin on illiklər boyu tarixi və ənənələri olan ali məktəblər sırasında özünü təsdiq etməyi, əmək bazarında yerini tapmağı və cəmiyyətdə özünə müsbət imic qazanmağı bacardığını vurğulayaraq, Qafqaz Universitetinin məzunlarının səsinin dünyanın ən aparıcı universitetlərindən, məşhur şirkətlərindən gəldiyini, Azərbaycanda iqtisadi quruculuğa öz töhfələrini verdiyini diqqətə çatdırdı, bu gün məzun olanların da onların yolu ilə gedəcəyinə şübhə etmədiyini söylədi. Qulu Novruzov məzunların müəllimlərini, valideynlərini də təbrik edib onlara ən xoş sözlərini çatdırdı, növbəti pillələrdə təhsillərini davam etdirəcək məzunlara uğurlar arzuladı.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, "Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən təbrik çıxışlarında bu günü tarixi gün adlandırıb, Qafqaz Universitetinin etimada sədaqət yolunda daha bir uğuru kimi dəyərləndirdilər. Məzunları təbrik edən natiqlər "Çağ" Öyrətim Şirkətinin, Qafqaz Universitetinin ölkəmizdəki  uğurlu fəaliyyətindən, şirkətin təhsil müəssisələri şagirdlərinin və Qafqaz Universiteti tələbələrinin qazandıqları uğurlardan söz açdılar, keçirdikləri tədbirlərə toxundular. Xüsusən də bu ilin may ayında Türkiyədə keçirilmiş ənənəvi Türk dili olimpiadasında azərbaycanlı məktəblilərin uğurlu çıxışları və qazandıqları qələbələr qeyd olundu. Çıxış edənlər universitetin məzunlarını təbrik edib onlara tövsiyə və arzularını bildirdilər.

Sonra 2011-2012-ci tədris ilində beynəlxalq və respublika fənn olimpiadalarında, müxtəlif bilik və layihə yarışlarında fərqlənmiş tələbələrə, şagirdlərə, universitetdə qrup, bölmə, fakültə, universitet birincisi olmuş tələbə və məzunlara xatirə hədiyyələri verildi. Xatirə hədiyyələrini təqdim edən iş adamları, millət vəkilləri məzunlara həyatda uğurlar arzuladılar.

Məzun gecəsi tələbələrin ifasında bədii proqramla başa çatdı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov