Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Bülbül - 115

Azərbaycan musiqisinin Bülbülü

 

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, professor, ictimai xadim Bülbül böyük və gərgin yaradıcılıq yolu keçib. Bülbül dünya vokal təcrübəsində təkraredilməz fenomen sayılır. Spesifik Şərq oxu tərzindən Avropa oxu məktəbinə keçmiş ilk azərbaycanlı vokalçı Bülbüldür. O, Azərbaycan milli oxuma sənətinin ən layiqli üsullarını rus və Avropa məktəbi ilə birləşdirərək Azərbaycanda yeni vokal məktəbi yaradıb. Bu məktəb nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında, həmçinin Yaxın və Orta Şərq ölkələrində də vokal sənəti sahəsində öz mühüm təsirini göstərib. Azərbaycan musiqi incəsənətinin inkişafı tarixində Bülbül yaradıcılığı ayrıca bir səhifədir. O, nəhəng diapazonlu səsə, nadir istedada malik əvəzsiz bir sənətkardı. Bülbül milli musiqi incəsənətimizdəki bütün mütərəqqi yeniliklərin ilk təşəbbüsçüsü və yorulmaz təbliğatçısı olub.

"İlk" sözü onun bütün yaradıcılığından qırmızı xətlə keçir.  I Ümumittifaq vokalçıların Moskvada keçirilən müsabiqəsinin ilk azərbaycanlı  laureatı Bülbül olub. O, bütün müsəlman aləmindən İtaliyada təhsil almağa gedən ilk azərbaycanlı tələbədir. Bülbülün müasirləri olan rus vokal incəsənətinin tanınmış nümayəndələri Sobinov və Kozlovskinin Fiqner, Şalyapin kimi sələfləri olduğu halda, onun klassik opera ənənələri əsasında azərbaycanlı sələfləri olmayıb. O, Azərbaycan vokal sənətində heç kimin getmədiyi naməlum bir yolda yeni cığır açmışdır. O cığırla bu gün Azərbaycanın bütöv vokalçılar ordusu irəliləyir. Azərbaycanın vokal sənəti öz nadir, təkraredilməz korifeyini Bülbülün şəxsində tapmışdı. 

...Mən Bülbüləm... 

Murtuza Məşədi Rza oğlu Məmmədov 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, Xan bağı deyilən məhəllədə dünyaya göz açıb. Hələ kiçik ikən öz məlahətli səsi, zəngulələri ilə hamıdan seçilən, bülbülləri yamsılayıb onlar kimi cəh-cəh vuran Murtuzanı el içində "Bülbül" adlandırıblar. Sonralar elə bu adla məşhurlaşan sənətkarın əsl adı unudularaq, onu yalnız körpəlikdən tanıyanların yaddaşında qalıb.

Bülbülün doğulduğu Şuşa şəhəri Azərbaycanın bir çox tanınmış şair və musiqiçilərinin, Şərq üslubunda avazı və özünəməxsus oxuma tərzi ilə muğam tariximizdə iz qoyan məşhur xanəndələrin beşiyi olub. Bülbülün atası Məşədi Rzanın da çox ürəyəyatımlı səsi olub. Məhz belə bir mühitdə böyüyən Bülbül 8 yaşına çatanda öz təkrarsız səsi ilə artıq xanəndə kimi tanınıb.

...1907-ci ildə atası Bülbülü Şuşa mollaxanasına göndərir. O zaman mollaxanada dini mərasimlərdə oxumaq məqsədilə, yəni mərsiyə demək və şəbih çıxarmaq üçün xüsusi xanəndələr hazırlanırdı. Fikri dərsdən yayınan şagirdləri molla əlində tutduğu nazik çubuqla cəzalandırardı...

Şuşanın tanınmış xanəndələri ilə daim ünsiyyətdə olan, onlardan musiqini, təsnif və muğamları öyrənən Bülbül artıq yeniyetmə yaşlarında nəinki Zaqafqaziyada, hətta Orta Asiyada da tanınır, sevilirdi.

Bülbülün qeyri-adi səsinin sorağını Gəncədə məşhur qarmonçalan Müseyib də almışdı.

O, iki dəfə məxsusi Bülbülə görə Şuşaya gəlir və onu yola gətirməyə çalışır ki, Gəncəyə gedib "Şamaxı" mehmanxanasında birlikdə çıxış etsinlər. Bülbül mollaxanada təhsilini buraxmaq istəmədiyi üçün Müseyibə "yox" cavabı verir. Müseyibin axırıncı gəlişindən sonra Bülbül onun təklifini elə hey götür-qoy edir və fikri dərs zamanı yayınır. Mollanın nazik çubuğu əlini göynədəndə o, özünə gəlir. Mollanın onu vurmasını qüruruna sığışdırmır. Etiraz əlaməti kimi sinfi icazəsiz tərk edir və bir daha mollaxanaya qayıtmır. 

Hardasa bir yol var, məni gözləyir... 

1909-cu ildə Gəncəyə köçən Bülbülün səsinin sorağı çox keçməmiş hər yerə çatır.

1911-ci ildə Bülbülü Gürcüstana -Tiflisə dəvət edirlər. Orada Bülbül ictimai yığıncaqlar keçirilən yay binasında çıxışlar edir, məşhur gürcü müğənnisi Vano Saracşvili ilə də Tiflis səfəri zamanı tanış olur.

Sonralar daha tez-tez Tiflisə dəvət alan Bülbül orada müxtəlif konsert və tamaşalara, gürcü operalarına baxır, Tiflisdə qastrolda olan italyan müğənnilərinin ifasında operalara tamaşa edir. Bütün bunlar Bülbülün dünyagörüşündə böyük dəyişikliklərə səbəb olur. Ürəyində opera sənətinə meyil oyanan gənc Bülbül İtaliyanı görmək, orada təhsil almaq fikrinə düşür.

1912-ci ildə görkəmli şair Abbas Səhhətlə tanışlıq Bülbülün həyatında önəmli rol oynayır. Abbas Səhhət Bülbülə savadını artırmaqda kömək edir, ədəbiyyat və incəsənətə daha dərindən bələd olmaqda ona istiqamət verir. Şair Bülbülə rus dilini öyrətməklə yanaşı, həm də özünün Puşkindən, Lermontovdan etdiyi tərcümələri oxuyur,  rus ədəbiyyatından Bülbülə mükəmməl bilgi verir.

Gəncədə yaşayan Məşədi Cəmil Əmirov isimli bir musiqişünasın (bəstəkar Fikrət Əmirovun atası) yazdığı "Seyfəlmülk" operası 1916-cı ildə tamaşaya qoyulanda Bülbül ilk dəfə həmin operada çıxış edir. Bu, Bülbülün böyük səhnədə ilk addımı idi.

Bülbül Gəncədə yaşadığı illərdə xanəndə və musiqiçilərdən ibarət xor yaratmış, Gəncə və onun qəzalarında musiqi-teatr işinin təşkilatçısı olmuşdu.

 Bakı - arzular şəhəri 

1920-ci ildə Bülbülü Bakıya - opera teatrına dəvət edirlər. O, həmişəlik Bakıya köçür. Elə həmin ildən Bülbül Birləşmiş Dövlət Teatrı opera truppasının (həmin teatr 1924-cü ildən Azərbaycan Opera və Balet Teatrı adlandırıldı) solisti kimi fəaliyyətə başlayır. O, Üzeyir Hacıbəyovun muğam operası olan "Əsli və Kərəm"də baş rola dəvət alır. Muğamın bütün incəliklərinə bələd olan Bülbül Qurban Primovun çaldığı tarın müşayiəti ilə heç bir çətinlik çəkmədən iki-iki yarım oktavalı diapazonda baş rolu ifa edir.

Opera səhnəsində Bülbülün ilk yaradıcılıq uğuru Kərəm obrazı olub. Bülbülün səhnə müvəffəqiyyətinin sirri nədə idi? Musiqi folklorunu dərindən bilməsində, aşıqların, xanəndələrin, el sənətkarlarının məişətinə, adət-ənənələrinə yaxından bələd olmasında, gözəl səsinin sehrində, oxuduğu sözləri açıq və aydın tələffüz etməsində, tamaşaçı, dinləyici diqqətini özünə cəlb edə bilməsində...

1921-ci ildə Bülbül təşkilində özünün də iştirak etdiyi konservatoriyanın tələbəsi olur.

O dövrdə Xalq Maarifi Komissarlığında xalq konservatoriyası təşkil etmək məqsədilə komissiya işləyirdi. Bülbül özü də bu komissiyanın üzvü idi. Professional musiqi təhsili almağa can atan Bülbül həmin illərdə professor A.Drozdo-Polyayevin və  professor N.Speranskinin sinfində dərs alırdı. Bununla yanaşı, o, fikrində İtaliyada təhsil almaq arzusunu da yaşadırdı. 

Xoş gördük, Milan! 

1924-cü ilin yayında Bülbül İtaliyaya getdi və bu səfərində o, İtaliyada təhsilini artırmaq fikrini qətiləşdirdi.

1927-ci ildə Bülbül konservatoriyanı bitirdi. Azərbaycan hökuməti onu İtaliyaya, Milan şəhərinə, biliyini təkmilləşdirmək üçün dördillik ezamiyyətə göndərdi.

1927-ci ilin noyabrından 1931-ci ilin oktyabrına kimi Bülbül Milanda yaşadı, Delliponti və R.Qranidən dərs aldı. Dörd il mükəmməl təhsil alan Bülbül iki fərqli məktəbin sintezini - dünya musiqisinin və milli musiqimizin ən yaxşı cəhətlərinin üzvi birləşməsini öz ecazkar səsində böyük auditoriyaya təqdim etdi. 

Azərbaycan musiqisində vokal tarixindən 

Bülbül 1931-ci ilin oktyabrında İtaliyadan vətənə döndü. Onun konservatoriyada ilk məruzəsi və Xalq Maarifi Komissarlığında keçirilən müşavirədəki çıxışı ilə Azərbaycan musiqi sənətinin inkişafında yeni dövr başlandı.

Beləliklə, Bülbülün Azərbaycan musiqi sənəti sahəsindəki çoxşaxəli və gərgin zəhmət tələb edən fəaliyyəti yeni mərhələyə qədəm qoydu.

1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən, 1940-cı ildən isə həmin təhsil ocağının professoru olan Bülbül Azərbaycan vokal sənətinin inkişafında əvəzsiz xidmət göstərib. Bülbülün geniş səs imkanlarına malik ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələri üzvi şəkildə birləşib.

Bülbül Azərbaycan milli vokal məktəbi ənənələrinin tədqiqinə, bu ənənələrin rus və Avropa opera mədəniyyəti ilə sintezinə və s. məsələlərə aid bir neçə əsərin müəllifidir.

1932-ci ildə Bülbülün təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradıldı.

Bülbül Qarabağa - ilk elmi ekspedisiyaya həmin kabinetdə işləməyə dəvət etdiyi  Azərbaycan romanslarının bəstəçisi Asəf Zeynallı ilə birlikdə getdi. Onların topladıqları çox zəngin material musiqi kabinetinin fəaliyyətinin əsasını qoydu.

Bülbül təşkil etdiyi musiqi kabineti ilə əməkdaşlığa Ü.Hacıbəyovu, S.Rüstəmovu, Q.Qarayevi, C.Hacıyevi, F.Əmirovu, Niyazini, Z.Bağırovu, S.İsmayılovu da dəvət etmişdi. Azərbaycanın musiqi tarixində hər birinin imzası olan bu xadimlər xalq musiqisinin inkişafına öz töhfələrini veriblər.

Kabinetin fəaliyyəti nəticəsində Bülbülün redaktəsi ilə "50 Azərbaycan el mahnısı" (1938), "Azərbaycan xalq mahnıları" (1956, təkrar nəşri 1958) topluları çap edildi (sonralar, 1945-ci ildə elmi-tədqiqat musiqi kabinetinin bazası əsasında Azərbaycan EA İncəsənət və Memarlıq İnstitutu yarandı).

1933-cü ildə Bülbül I Ümumittifaq Moskva Müsabiqəsinin laureatı oldu. Mükafat aldı, konservatoriyanın böyük zalında, İttifaqlar evinin sütunlu salonunda, Moskva Alimlər Evində çıxışlar etdi, paytaxt tamaşaçılarına Azərbaycanı tanıtdı.

Bülbülün SSRİ məkanında bütün ölkə  boyu və xarici ölkələrə qastrol səfərinə çıxmağının əsası elə həmin ildən, yəni 1933-cü ildən qoyuldu. 

Opera səhnəsinin batmayan Günəşi 

Gözəl və məlahətli, axıcı və geniş diapazonlu səsə malik Bülbülün aktyorluq istedadı Tanrı vergisiydi. O, yaratdığı obrazların daxili aləmlərini, hiss və həyəcanlarını səsinin verdiyi imkanlarla hərtərəfli aça bilirdi. Bülbülün yaratdığı bütün obrazlar həmişə ən yüksək zirvədə dayanıb.

Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" operasında Kərəm, "Arşın mal alan" operettasında Əsgər, "Koroğlu" operasında Koroğlu, Müslüm Maqomayevin "Nərgiz" operasında Əlyar, Niyazinin "Xosrov və Şirin" operasında Fərhad, Əfrasiyab Bədəlbəylinin "Nizami" operasında Nizami, R.M.Qliyerin "Şahsənəm" operasında Qərib,  Qara Qarayev və Gövdət Hacıyevin "Vətən" operasında Aslan obrazları Bülbülün Azərbaycanın musiqili teatr tarixində açdığı yeni bir səhifədir. Milli operalarımızla yanaşı, Bülbül Qərbi Avropa və rus klassiklərinin də operalarında müvəffəqiyyətlə çıxış etmişdir. İ.Bizenin "Karmen", C.Verdinin "Riqoletto", İ.Massnenin "Verter", C.Puççininin "Toska", N.A.Rimski-Korsakovun "May gecəsi", S.Raxmaninovun "Aleko", R.M.Qliyerin "Şahsənəm", Çileanın "Arlezianka" operalarında canlandırdığı obrazlar Bülbülün repertuarında geniş yer tuturdu. 

Azərbaycan musiqi tarixində Bülbül dövrü 

Xalq mahnılarımızı böyük ustalıqla ifa edən Bülbül "Süsən sünbül", "Qara gözlər", "Yaxan düymələ", "Çal oyna", "Segah təsnifləri" sırasından olan bir çox mahnılara yeni nəfəs gətirib.

Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin populyarlaşmasında Bülbülün müstəsna xidmətləri var. Asəf Zeynallının "Ölkəm", Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarının da ilk ifaçısı Bülbül olub.

Bülbülün istər yaradıcılıq, istər ifaçılıq, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti həmişə zirvədə olub. O, hansı işi başlayıbsa, onu ən yüksək səviyyədə başa çatdırıb. Sənətdə yaratdığı obrazlar həmişə seçilib, yadda qalıb.

Bülbül o dövrdə bütün ümumittifaq müsabiqələrdə münsiflər heyətinin üzvü, bütün vokal konfranslarının və müsabiqələrinin iştirakçısı və məruzəçisi olub. 

Bülbülün səsinin özü bir məktəb idi 

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə Bülbülü sədr seçmişdilər. Bu festivalda iştirak edən Misir, İndoneziya, Koreya, Çin nümayəndələrinə  Bülbül vokal sənətinin inkişaf yollarını necə axtarıb tapmaqdan danışır, öz zəngin təcrübəsini qonaqlarla bölüşürdü.

Bülbülün bütün əmək fəaliyyəti vətəninə, xalqına, milli musiqi sənətinə fədakarlıqla xidmət etməyin ən bariz nümunəsidir. O, öz ifasında Şərq və Qərbin musiqi mədəniyyətinin qovuşdurulmasına nail olmuşdu.

Bülbül Azərbaycanın vokal sənətində inqilab edən, Azərbaycanın musiqi sənətinin inkişafı naminə bütün ömrünü sərf edən bir şəxsiyyətdir. Bakıda vaxtilə özünün yaşadığı küçə bu gün Bülbül prospekti adlanır. Bülbülün adına Orta İxtisas Musiqi Məktəbi fəaliyyət göstərir.

Bülbül I-V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, iki dəfə Lenin ordeni, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni, həmçinin müxtəlif medallarla təltif edilmişdir.

Bülbülün yaradıcılığı hərtərəfli inkişaf etmiş bir xəzinədir. Bülbül peşəkar xanəndə, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisidir.

1938-ci ildə SSRİ xalq artisti adına layiq görülən Bülbül 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.

Böyük sənətkar 1961-ci il sentyabr ayının 26-da Bakıda öz evində ürək tutmasından vəfat etmişdir.

1982-ci il iyunun 10-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bülbülün Memorial Muzeyinin təntənəli açılışı olub. Açılışda Heydər Əliyev özü və bütün hökumət nümayəndələri, o cümlədən, SSRİ Böyük Teatrının şöhrətli truppası da iştirak edib. Bu gün muzeydə Bülbülün yaradıcılığını, elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyətini əks etdirən 9000-ə yaxın sənəd toplanıb qorunur. 

"Mən Bülbüldən sonra ömrümü bu muzeyə həsr eləmişəm" 

Bu materialı hazırlayarkən Bülbül Memorial Muzeyinə baş çəkdim. Bülbülün həyat yoldaşı və muzeyin direktoru Adelya xanımla görüşdük. Çöhrəsindən nur yağan 90 yaşlı bu ağsaçlı qadının təqdim etdiyi materiallar mənə Bülbül haqqında xeyli bilgi verdi. Adelya xanımın Bülbüllə bağlı xatirələrinin də oxucular üçün maraqlı olacağını zənn edirəm.

- Biz Bülbüllə 1938-ci ilin əvvəllərində ailə qurduq. Mən 22 avqust 1922-ci ildənəm. Özüm Tiflisdə doğulmuşam. Anam gürcüydü, knyaz qızıydı - Ketevanna Vezirişvili, atam da Rza Qasımov İrəvanın ən böyük, ən məşhur tacirinin oğluydu. Mən uşaq olanda ailəmiz Bakıda yaşayırdı. Atam Bülbüllə dostluq edirdi. Sonra da atam getdi çıxdı İrana, bizsə yenidən köçdük Tiflisə. Bülbül həmişə Tiflisə qastrola gələndə, bizə də baş çəkərdi...

Xülasə, 16 yaşım vardı ailə həyatı quranda. Sonralar hüquq təhsili alsam da, heç vaxt o sahədə işləmədim, çünki Bülbül razı olmadı.

Bülbüllə 25 il yaş fərqimiz olsa da, çox yaxşı anlaşırdıq. Heç vaxt xətrimə dəyməz, səsini ucaltmazdı. Həmişə mənə deyərdi ki, uşaqlar danışanda qoy danışsınlar, hərdən uşaqlar çox ağıllı sözlər danışırlar.

İlk oğlumuz Çingiz 1938-ci ildə dünyaya gəldi. 1945-ci ildə isə Polad doğuldu. İndi Çingizdən iki, Poladdan üç nəvəm var. Poladın özünün də artıq iki qız nəvəsi var.

...Bülbülgil ailədə 6 qardaş olublar. Bülbüldən başqa hamısı uşaq vaxtı rəhmətə gedib. Bülbül körpə olanda anası da dünyasını dəyişib. Sonra atası başqa qadınla ailə qurub. O qadının öz övladı olmayıb, amma Bülbülü köynəyindən keçirib, ona əsl ana olub. Bülbülün atasının sənəti dabbaq olsa da, çox şirin oxuması varmış. Deyilənə görə, Bülbül çox ağıllı, sakit uşaq olub. 12 yaşından Zaqafqaziyaya, Orta Asiyaya sorağı çatan uşaq möcüzə deyil, bəs nədir?

Azərbaycan musiqi tarixindən Bülbülsüz danışmaq olmaz. O tarixə hansı yöndən nəzər salsaq, orada Bülbül görünəcək.

Bülbül həmişə öz üzərində çalışırdı, rusca, türkcə, italyanca, farsca sərbəst danışa bilirdi.

Bülbül oxuduğu partiyaları evdə çox məşq edərdi.

Ən yaxın dostu, yazıçı Mirzə İbrahimov idi.

1961-ci il sentyabrın 26-da rəhmətə getdi Bülbül. "Təcili yardım" gəldi, baxdı... Bülbül gözünü açıb dedi ki, daha hər şey gecdi, mən ölürəm... 10 dəqiqənin içində Bülbül bizi tərk elədi...

Onda Çingizin 23, Poladın 16 yaşı vardı. Bülbül deyərdi ki, iki məqamda valideyn uşağın işinə qarışmamalıdır. Bir ailə quranda, bir də sənət seçəndə. Hələ Bülbülün sağlığında uşaqlarıma başa salmışdım ki, elə hərəkət edin ki, ata heç vaxt sizə görə  qızarmasın. Şükür Allaha, uşaqlarım elə böyüdü ki, bizi narazı salacaq hərəkətləri olmadı.

Mən Bülbüldən sonra ömrümü bu muzeyə həsr eləmişəm. Hər il Bülbülün doğum, ölüm gününü qeyd edirik.

 

Bu gün Bülbülün doğum günüdür. Düz yüz on beş il əvvəl Azərbaycanın Şuşa şəhərində Murtuza adında bir körpə dünyaya göz açmışdı...  İndi, nə Şuşaya səsimiz çatır, nə o körpəyə... Arada böyük bir zaman dayanıb: 115 il! Yerin behişt olsun, Bülbül! 

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov