İyunun
22-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təşkilatçılığı ilə Azərbaycanın bir sıra aparıcı
universitetləri ilə Türkiyənin Hacəttəpə Universiteti
arasında elmi əməkdaşlıq və mübadilə protokollarının
imzalanması mərasimi keçirildi.
Təhsil Nazirliyində təşkil olunmuş imzalanma mərasimində
təhsil nazirinin müavini Qulu Novruzov, Hacəttəpə
Universitetinin rektoru, professor Murat Tuncerin
rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Azərbaycanın
bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri
iştirak edirdilər.
Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin
müavini Qulu Novruzov Azərbaycanın 20 illik müstəqillik
tarixində ilk dəfə qardaş Türkiyənin bir ali məktəbi ilə
Azərbaycanın aparıcı universitetləri arasında müvafiq
protokolların eyni vaxtda imzalandığını bildirdi.
İmzalanacaq sənədləri yüksək qiymətləndirən nazir
müavini onların 20 il ərzində Türkiyə ilə təhsil
sahəsində yaradılmış əməkdaşlığa yeni təkan verəcəyinə
əmin olduğunu söylədi.
Q.Novruzov təhsil naziri Misir Mərdanovun salamlarını
qonaqlara çatdıraraq Azərbaycanda həyata keçirilən
təhsil islahatlarından söz açdı, ali təhsil sahəsinin
inkişafı istiqamətində görülmüş işlərə toxundu.
Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan
sonra ali təhsildə islahatların uğurla aparılması,
xüsusən də ali təhsildə keyfiyyətin yüksəldilməsi,
tələbələrin biliyinin qiymətləndirilməsi, yeni ali
təhsil standartlarının yaradılması üçün xarici ölkələrlə
əməkdaşlığa ciddi ehtiyac yarandığını deyən nazir
müavini bu ehtiyacı nəzərə alan ölkəmizin ali təhsil
müəssisələrinin Avropa İttifaqı çərçivəsində bir sıra
xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq
əlaqələri qurduqlarını, çoxsaylı müqavilələr
imzaladıqlarını diqqətə çatdırdı.
Nazir müavini ali təhsilin müasir tələblər səviyyəsinə
qaldırılması üçün dünyanın qabaqcıl universitetləri ilə
yanaşı, Türkiyə ali məktəblərinin də təcrübəsindən
faydalanmağa ehtiyac olduğunu bildirib,
universitetlərarası əlaqələrin genişləndirilməsinin
əhəmiyyətini xüsusi qeyd etdi.
Son illər Azərbaycanda vüsətlə aparılan iqtisadi
islahatlar nəticəsində ciddi iqtisadi inkişaf əldə
olunduğuna diqqət çəkən Qulu Novruzov iqtisadi inkişafın
davamlılığını, dayanıqlılığını təmin etmək üçün dünyanın
ən qabaqcıl texnologiyaları ilə davrana bilən yüksək
ixtisaslı, rəqabətqabiliyyətli mütəxəssis kadrların
hazırlanmasına hazırda ölkəmizdə böyük önəm verildiyini,
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının
təşəbbüsü və tapşırığı ilə ölkədə neft gəlirlərini
insan kapitalına çevirmək üçün strategiya
reallaşdırıldığını, bu strategiya çərçivəsində təhsilə,
o cümlədən də ali təhsilə ciddi investisiyalar
yatırıldığını, dünyanın ən qabaqcıl universitetlərində
kadr hazırlığının həyata keçirilməsinə başlandığını
söylədi. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə bu məqsədlə təsdiq olunmuş
xaricdə təhsil üzrə Dövlət Proqramının uğurla həyata
keçirildiyini bildirən nazir müavini proqram
çərçivəsində 5 min azərbaycanlı tələbənin dünyanın
nüfuzlu universitetlərinə göndəriləcəyini və indiyədək
1200 nəfərin göndərildiyini nəzərə çatdırdı. Artıq
azərbaycanlı gənclərin dünyanın ən nüfuzlu
universitetlərində oxumaq imkanlarının daha da
genişləndiyini söyləyən Q.Novruzov bununla bərabər,
ölkəmizdə qardaş Türkiyənin ali məktəblərinə də kifayət
qədər maraq olduğunu vurğuladı.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Hacəttəpə
Universitetinin rektoru, professor Murat Tuncer
ölkələrimiz arasındakı münasibətlərin təhsil sahəsindəki
əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etdi.
Azərbaycanın bir sıra aparıcı universitetləri ilə
Hacəttəpə Universiteti arasında imzalanacaq elmi
əməkdaşlıq və mübadilə protokollarını yüksək
dəyərləndirən rektor bu əməkdaşlığın hər iki tərəf üçün
faydalı olacağına inandığını söylədi. Professor Murat
Tuncer rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında
məlumat verərək bildirdi ki, 6 kampusu olan Hacəttəpə
Universitetində hazırda 36 min nəfərdən çox tələbə
təhsil alır. Universitetin 3485 nəfərlik professor-müəllim
heyəti vardır. Burada təhsil alan tələbələrin 791
nəfərini əcnəbi tələbələr təşkil edir ki, onlardan da
101-i Azərbaycandan gələnlərdir. Universitetdə 13
fakültə, 14 institut, 6 məslək yüksək okulu, 2 yüksək
okul, 41 araşdırma və tədqiqat mərkəzi və Hacəttəpə
Universitet Xəstəxanası fəaliyyət göstərməkdədir.
Rektor çıxışının sonunda əməkdaşlığın gələcək inkişafına
hərtərəfli dəstək göstərəcəklərini diqqətə çatdırdı.
Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, təhsil
müəssisələrinin qarşılıqlı əlaqələrindən söz açan Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
və Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa
Həbibbəyli ölkələrimizin ümumi mənafeyi naminə təhsil
sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini
qeyd etdilər.
Mərasimin sonunda Hacəttəpə Universiteti ilə Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası,
Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq
və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan
Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Bakı
Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyası arasında elmi əməkdaşlıq və
mübadilə protokolları imzalandı.
Yusif ƏLİYEV |